380x80 400x80

6 nömrəli palata - Çexovun hekayəsi

"Gecə oxusu" rubrikası

Ədəbiyyat

11.02.2018 | 00:40 Oxunub: 58


Parafraz "Gecə oxusu" rubrikasında görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun “6 nömrəli palata” hekayəsini təqdim edir:

(Əvvəli burada)

Andrey Yefimıç beş yüz manat sayıb dinməz-söyləməz dostuna verdi. Mixail Averyanıçın rəngi hələ də utandığından və qəzəbindən qırmızı idi, ağızucu mənasız bir and içərək, şapkasını geydi və bayıra çıxdı. İki saatdan sonra qayıdıb kresloya sərildi və ucadan bir ah çəkib dedi:

– Namus xilas edildi! Gedək, dostum, daha bu mənhus şəhərdə bir dəqiqə belə qalmaq istəmirəm. Burada dələduzlar, Avstriya casusları doludur!

Dostlar öz şəhərlərinə qayıtdıqda artıq noyabr ayı idi, küçələri qalın qar örtmüşdü. Andrey Yefimıçın yerini doktor Xobotov tutmuşdu, o hələ köhnə mənzilində olurdu, Andrey Yefimıçın gəlib xəstəxanadakı mənzilini boşaldacağını gözləyirdi. Aşpaz qadın adlandırdığı kifir qadın fligellərin birində yaşayırdı.

Şəhərə yeni bir xəstəxana dedi-qodusu yayılmışdı. Deyirdilər ki, həmin kifir qadın nəzarətçi ilə savaşmışdır və nəzarətçi onun qabağında diz çökərək üzr istəyir.

Andrey Yefimıç gələn kimi özünə yeni mənzil axtarmalı oldu.

Poçt müdiri ona qorxaqcasına dedi:

– Bağışlayın, soruşmağa cəsarət eləyirəm, dostum, vəsaitdən-zaddan nəyiniz var?

Andrey Yefimıç dinməz-söyləməz pullarını sayıb dedi:

– Səksən altı manat.

Mixail Averyanıç doktoru anlamayaraq pərt halda dedi:

– Mən o barədə soruşmuram. Mən bilmək istəyirəm ki, ümumiyyətlə nə kimi bir vəsaitə maliksiniz?

– Mən də sizə cavab verdim ki, səksən altı manat!.. Bundan başqa heç nəyim yoxdur.

Mixail Averyanıç doktoru namuslu və nəcabətli bir adam hesab edirdi, bununla belə onun heç olmasa iyirmi minə qədər pulu güman edirdi. İndi isə Andrey Yefimıçın çox yoxsul olduğu və yaşamağa heç mümkünü olmasığını bilib, nədənsə, birdən-birə ağladı və dostunu qucaqladı.

XV

Andrey Yefimıç meşşanın Belovanın üçpəncərəli evində yaşayırdı. Evin mətbəxdən başqa üçcə otağı vardı, küçəyə pəncərəsi olan iki otağı doktor tutmuşdu, üçüncü otaqda və mətbəxdə isə Daryuşka və üç uşağı ilə bərabər Belova olurdu. Bəzən ev sahibəsinin yanına oynaşı gəlirdi, bu, sərxoş bir mujik idi, gecələr səs-küy salır,uşaqları və Daryuşkanı qorxudurdu. Bu mujik gələndə mətbəxdə oturub araq istəyir və hamının yerini dar edirdi, ona görə doktor ağlayan uşaqlara yazığı gəlib, onları öz yanına alır və döşəmə üstə yatırdırdı, bu hal ona böyük zövq verirdi.

Doktor qabaqkı kimi saat səkkizdə durur və çay içəndən sonra öz köhnə kitab və jurnallarını oxuyurdu. Təzələrini almağa mümkün yox idi. Kitablar köhnə olduğundanmı və ya bəlkə şərait dəyişdiyindənmi, mütaliə əvvəlki kimi onu cəlb etmir və yorurdu. Vaxtı boş keçməsin deyə, kitabları üçün müfəssəl kataloq düzəltmişdi, onların kötüklərinə nömrə yapışdırardı, bu mexaniki və zəhmətli iş ona mütaliədən maraqlı gəlirdi. Yeknəsəq və zəhmətli iş onun fikirlərini anlaşılmaz bir surətdə oxşayırdı, o heç bir şeyin fikrini çəkmirdi, vaxt da sürətlə gəlib keçirdi.Hətta mətbəxdə oturub Daryuşka ilə kartof soymaq və ya darı arırmaq ona maraqlı gəlirdi. Şənbə və bazar günləri kilsəyə gedirdi. Divar dibində durub gözlərini süzür, nəğməyə qulaq asır və atası, ailəsi, universitet, din haqqında düşünürdü; özünü sakit, kədərli hiss edirdi, sonra kilsədən gedərkən ibadətin belə tez qurtardığına heyifsilənirdi.

O, söhbət etmək üçün iki dəfə xəstəxanaya, İvan Dmitriçin yanına getmişdi. Lakin İvan Dmitriç hər dəfə onu çox həyəcanlı və qəzəbli qarşılamışdı; Andrey Yefimıçdan ona rahat buraxmasını xahiş etmişdi, çünki boçboğazlıq çoxdan bəri onun zəhləsini tökmüşdü, o deyirdi ki, çəkdiyi olmazın əziyyətlər qarşısında bu əclaf və alçaq adamlardan yalnız bircə mükafat istəyir – onu təkbaşına dama salsınlar. Olmaya bunu da ona çox gördülər? Andrey Yefimıç hər iki dəfə onunla xudahafizləşərkən gecəniz xeyrə qalsın deyəndə, o, donquldanıb demişdi:

– İzalə ol başımdan!

İndi Andrey Yefimıç iki yol arasında qalmışdı; bilmirdi ki, bir də onun yanına getsin, ya yox? Getməyi arzu edirdi.

Əvvəllər Andrey Yefimıç nahardan sonra otaqları gəzib düşünürdü, indi isə nahar zamanından axşam çayınadək divanda üzü divara uzanaraq xırda-xuruş fikirlərə dalırdı və bu fikirlərə heç cür qalib gələ bilmirdi. İyirmi ildən artıq xidmət qarşısında ona nə bir təqaüd, nədə birdəfəlik maddi yardım göstərmədikləri ona bərk təsir etmişdi. Əlbəttə, o, namusla işləməmişdi, lakin təqaüdü, namuslu oldu-olmadı, hər bir qulluqçu alır. Müasir ədalət məhz bundan ibarətdir ki, rütbə ilə, ordenlə və təqaüdlə insanın əxlaqi keyfiyyəti və qabiliyyəti deyil, ümumiyyətlə hər cür xidmət təltif edilir. Bəs nə üçün təkcə o, istisna təşkil etsin? Pulu heç yox idi. Dükanın qabağından keçməyə və ev sahibəsinin gözünə görünməyə utanırdı. Pivə üçün artıq otuz iki manat borc yığılmışdı. Meşşan Belovaya da borclu idilər. Daryuşka köhnə paltarlardan və kitablardan satır və ev sahibəsinə yalan söyləyirdi ki, guya doktor bu yaxınlarda böyük pul alacaqdır.

Yığmış olduğu min manatı səyahətə xərclədiyinə heyifsilənirdi. Bu min manat belə gündə onun üçün böyük iş görərdi! Adamlar onu dinc qoymurdular. Xobotov öz xəstə iş yoldaşını hərdənbir yoluxmağı özünə borc bilirdi. Andrey Yefimıç onun hər şeyindən: tox sifətindən, pis, təvazökar danışığından, “iş yoldaşı” deməsindən, uzunboğaz çəkmələrindən zəhləsi gedirdi, ən iyrənc şey də o idi ki, o Andrey Yefimıçi müalicə etməyi özünə borc bilirdi və doğrudan da onu sağaltmaqda olduğunu güman edirdi. Hər dəfə gələndə özü ilə bir şüşə bromlu kalium və ravənd həbi gətirirdi.

Mixail Averyanıç da öz dostunu yoluxmağı və onu əyləndirməyi özünə borc bilirdi. Hər dəfə Andrey Yefimıçın yanına gələndə saxta açıq-saçıqlıqla danışır, zorla qəhqəhə çəkir və doktoru inandırmağa başlayırdı ki, şükür Allaha, bu gün rəngi durudur, bundan sonra halı daha yaxşı olacaq. Bundan belə nəticə çıxarmaq olardı ki, o öz dostunun halını ümidsiz hesab edir. Varşavada aldığı borcu hələ qaytarmadığı üçün bərk xəcalət çəkirdi, ona görə də özünü o yerə qoymayaraq, daha ucadan qəhqəhə çəkir və gülməli söhbətlər edirdi. Danışdığı lətifələr və hekayələr istər Andrey Yefimıça, istərsə də özünə indi tükənməz və darıxdırıcı görünürdü.

Andrey Yefimıç həmişə onun hüzurunda divana uzanıb üzünü divara çevirir cə canını dişinə tutub dostunun boşboğazlığını dinləyirdi, qəlbi acıqla dolurdu və hər dəfə dostu gedəndən sonra bu acıq getdikcə artır və sanki boğazını tıxayırdı.

Xırda fikirləri başından qovmaq üçün tez düşünməyə başlayırdı ki, o özü də, Xobotov da, Mixail Averyanıç da gec-tez məhv olub gedəcək və özlərindən sonra heç bir iz-əsər buraxmayacaqlar. – Əgər milyon il bundan sonra fəzada yer kürəsi yanından bir ruh uçub keçsə, ehtimal ki, yerdə gil və çılpaq qayalarından başqa heç bir şey görməyəcəkdir. Hər şey – mədəniyyət də, əxlaq qanunu da – məhv olub gedəcək və hətta yerində alaq otları da bitməyəcəkdir. Daha dükançıdan xəcalət çəkmək, vecsiz Xobotovla, Mixail Averyanıçla dostluq etmək nə deməkdir? Bütün bunlar boş və mənasız şeylərdir.

Lakin bu cür mühakimələr daha kömək etmirdi. Yer kürəsinin milyon il sonrakı halını təsəvvürünə gətirən kimi, çılpaq qayalığın arxasından uzunboğaz çəkməli Xobotov və ya gərgin bir surətdə qəhqəhə çəkən Mixail Averyanıç görünür və hətta onun xəcalətli pıçıltısı da eşidilirdi: “Varşavada aldığım borcu, əzizim, bu yaxında verəcəyəm… Arxayın ol”.

XVI

Bir dəfə Mixail Averyanıç nahardan sonra dostunun yanına gəldi; Andrey Yefimıç divanda uzanmışdı. Elə bu zaman Xobotov da təsadüfən gəldi, özü ilə bromlu kalium gətirmişdi. Andrey Yefimıç yerində ağır-ağır dikəldi və əllərini divana dayayaraq oturdu.

Mixail Averyanıç sözə başladı:

– Bu gün, dostum, rəngin dünənkinə nisbətən xeyli durulmuşdur. Qoçaq adamsınız! Vallah, qoçaqsınız!

Xobotov əsnəyə-əsnəyə dedi:

– Əlbəttə, sağalmaq lazımdır. Söz yox ki, bu üzüntü sizi təngə gətiribdir.

Mixail Averyanıç nəşə ilə dedi:

– Sağalmağınıza söz ola bilməz. Hələ yüz il də yaşayacağıq! Bəs nə!

– Yüz il olmasa da, heç olmasa iyirmi il yaşayarıq, – deyə Xobotov təsəlli verdi. – Eybi yoxdur, əzizim, ruhdan düşməyin… Bu qədər qüssə çəkdiniz, yetər.

Mixail Averyanıç:

– Biz hələ özümüzü göstərəcəyik – deyə qəhqəhə çəkdi. – Hələ özümüzü göstərəcəyik! Gələn il, Allah qoysa, Qafqaza gedərik və oranı başdan-başa at belində gəzərik – hop-hop! Hop! Qafqazdan qayıdanda da, ölməsək, sağ qalsaq, toy elərik. – Mixail Averyanıç hiyləgərcəsinə göz vurdu. – Sizi, bizim əziz dostumuz, evləndirərik… Bəli evləndirərik…

Andrey Yefimıç birdən səbr kasasının dolduğunu hiss etdi; ürəyi bərk-bərk döyünməyə başladı. Cəld yerindən durub pəncərəyə yanaşdı və:

– Bu bayağılıqdır! – dedi. – Məgər bayağı danışdığınızı anlamırsınız?

O, yumşaq və nəzakətlə danışmaq istəyirdi, lakin iradəsinə zidd olaraq yumruqlarını düyünlədi və başından yuxarı qaldırıb rəşəli bir səslə bağırdı:

– Məni rahat buraxın! – Rəngi pul kimi qızarmışdı, bütün bədəni əsirdi. – Rədd olun Buradan! İkiniz də rədd olun!

Mixail Averyanıç və Xobotov ayağa qalxdılar və əvvəlcə ona heyrətlə, sonra isə qorxu ilə baxmağa başladılar. Andrey Yefimıç yenə bağırırdı:

– Hər ikiniz rədd olun! Kütün biri kütlər! Mənə sənin nə dostluğun lazımdır, nə də dərmanın, kütün biri küt! Nə qədər bayağılıq! Nə qədər rəzillik!

Xobotov və Mixail Averyanıç karıxmış halda bir-birinə baxdılar, dal-dalı çəkilib dəhlizə çıxdılar. Andrey Yefimıç bromlu kalium şüşəsini qapıb onların dalınca tulladı, şüşə cingilti ilə kandara dəyib qırıldı. Sonra omların dallarınca yüyürüb ağlar səslə bağırdı:

– Rədd olun buradan! Cəhənnəm olun başımdan!

Qonaqlar çıxıb gedəndən sonra Andrey Yefimıç titrətmə-qızdırmalı adam kimi əsərək, divana uzandı və uzun zaman:

– Küt adamlar! Axmaqlar! – deyə təkrar etdi

Hirsi soyuyandan sonra  ilk əvvəl başına belə bir fikir gəldi ki, zavallı Mixail Averyanıç indi yəqin bərk inciyib və ürəyi sınıbdır, nə qədər dəhşətli bir hal! Əvvəllər heç vaxt belə şey olmazdı. Bəs mənim ağlım və mərifətim hanı? Mənim idrakım və fəlsəfi laqeydliyim hanı?

Doktor xəcalətindən və təəssüfündən bütün gecə yata bilmədi, səhəri isə saat ona yaxın poçt idarəsinə gedib müdirdən üzr istədi.

Bundan mütəəssir olmuş Mixail Averyanıç içini çəkərək:

– Gəlin, dünənki əhvalatı heç yada salmayaq, – dedi və onun əlini bərk sıxdı. – Keçmişi yada salanın gözü çıxsın. Lyubovkin! – deyə ucadan elə bağırdı ki, bütün poçtalyonlar və camaat diksindi. – Stul ver görək. Sən gözlə! – deyə barmaqlıq arasından ona sifarişli məktub uzadan qadının üstünə qışqırdı. – Görürsən ki, başım qarışıqdır! – Sonra üzünü Andrey Yefimıça tutubnəzakətlə dedi: – Keçmişi yada salmasaq yaxşıdır. Oturun, əzizim, xahiş edirəm.

O bir dəqiqəliyə dizlərini sığalladıqdan sonra dedi:

– Sizdən incimək heç mənim fikrimə belə gəlməzdi. Xəstəliklə zarafat olmaz, dostum. Sizin dünənki tutmanız doktorla məni qorxutdu, sonra uzun-uzadı sizin haqqınızda danışdıq. Əziz dostum, niyə siz öz xəstəliyinizlə ciddi məşğul olmursunuz? Heç bu yarayan işdir? Dostluğumuza ərk eləyib açıq danışmağıma sizdən üzr istəyirəm, – deyə Mixail Averyanıç pıçıldadı, – sizin yaşayışınız olduqca pis şəraitdə keçir: darısqallıq, natəmizlik, qulluq edəniniz yox, müalicə üçün vəsaitiniz yox… Əziz dostum, doktorla bərabər sizdə bir xahişimiz var, məsləhətimizə əməl edin: xəstəxanada yatıb özünüzü müalicə etdirin! Orada yemək də, qulluq da, müalicə də var. Söz yanınızda qalsın, Yevgeni Fyodorıç ətiacı adam olsa da, məlumatlıdır, ona tamamilə bel bağlamaq olar. Mənə söz verib ki, sizinlə məşğul olar.

Andrey Yefimıç poçt müdirinin səmimiliyindən və birdən-birə yanaqlarında işıldayan göz yaşlarından mütəəssir olub, əlini döşünə qoydu və:

– Hörmətli dostum, buna inanmayın! – deyə pıçıldadı. – Onların sözünə inanmayın! Yalan danışırlar! Mənim xəstəliyim yalnız bundan ibarətdir ki, iyirmi il ərzində bu şəhərdə yalnız bircə ağıllı adam tapmışam, ancaq o da dəlidir. Məndə heç bir xəstəlik yoxdur, ancaq mən çıxış yolu olmayan bir tilsimə düşmüşəm. Fərqi yoxdur, mən hər bir şeyə hazıram.

– Xəstəxanada yatmağınız məsləhətdir, əziz dostum.

– Məndən ötrü heç fərqi yoxdur, istər lap qəbir olsun.

– Ancaq, dostum, xahişim budur, söz verəsiniz ki, Yevgeni Fyodorıçın dediklərinə qulaq asacaqsınız.

– Söz verirəm. Ancaq təkrar edirəm, hörmətli dostum, mən tilsimə düşmüşəm. İndi hər şey, hətta dostlarımın səmimi müdaxiləsi belə, bircə şeyə – mənim məhv olmağıma sövq edilibdir. Mən məhv oluram və bunu mətanətlə etiraf edirəm.

– Fikir etməyin əzizim, sağalarsınız.

Andrey Yefimıç əsəbi halda dedi:

– Bu sözlərdən nə çıxar? Ömrünün axırında, mənim indi keçirdiyim haləti keçirməyə adam tək-tək tapılar. Sizə desələr ki, məsələn, böyrəkləriniz xarabdır və ürəyiniz şişibdir, özünüzü müalicə etdirməyə başlarsınız və ya sizə dəli, yaxud da cani desələr, xülasə, adamların diqqəti sizə cəlb olunsa, – bilin ki, çıxılmaz bir tilsimə düşmüsünüz. Bu tilsimdən çıxmağa can atdıqda, yolunuzda daha da azacaqsınız. Bu cür vəziyyətdə təslim olmaq lazımdır, çünki heç bir insan qüvvəsi sizi bu fəlakətdən qurtara bilməyəcəkdir. Məncə belədir.

Barmaqlığın dalındakı adamlar getdikcə artırdı. Andrey Yefimıç müdirin işinə mane olmasın deyə, ayağa qalxıb xudahafizləşməyə başladı. Mixail Averyanıç, xəstəxanada yatacağına dair ondan bir daha söz aldı və onu bayır qapıya qədər ötürdü.

Həmin gün axşama yaxın Xobotov gözlənilmədən Andrey Yefimıçın yanına gəldi, əynində yarımkürk, ayağında da uzunboğaz çəkmə vardı, o elə bir əda ilə danışmağa başladı ki, guya dünən heç bir şey olmayıbmış.

– Sizin yanınıza bir iş üçün gəlmişəm, dostum. Sizi dəvət etmək istəyirəm: mənimlə konsiliuma gəlmək istərsinizmi?

Andrey Yefimıç Xobotovun onu gəzinti ilə əyləndirmək və ya ona doğrudan da pul qazanmaq üçün imkan vermək niyyətində olduğunu güman edib, tez geyindi və onunla bərabər küçəyə çıxdı. O, dünənki taqsırını ört-basdır etməyə və barışmağa can atırdı, dünənki əhvalat haqqında dilinə bir kəlmə belə söz gətirməyən və ehtimal ki, ona yazığı gələn Xobotova ürəkdən təşəkkür edirdi.

Andrey Yefimıç soruşdu:

– Xəstəniz haradadır?

– Mənim xəstəxanamda. Mən çoxdan bəri onu sizə göstərmək istəyirdim… Çox maraqlı bir xəstəlikdir.

Xəstəxana həyətinə girdilər, baş korpusu ötüb, ruhi xəstələrin olduğu fligelə yollandılar. Nədənsə buraya gələnəcən heç danışmadılar. Nikita adəti üzrə yerindən sıçrayıb, ayaq üstə dik durdu.

Xobotov Andrey Yefimıçla palataya girərkən asta səslə dedi:

– Burada bir xəstənin ciyərində ağırlaşma əmələ gəlmişdir. Siz burada gözləyin, mən bu saat gəlirəm. Stetoskop gətirəcəyəm.

Xobotov bayıra çıxdı.

(Ardı var)

Anton ÇEXOV



Ədəbiyyat

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə

14.02.2018 | 22:29

Sevgisizlik - Ceylan Mumoğlu yazır

14.02.2018 | 20:56İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu
14.02.2018 | 19:45

“Sən zəriflik tanrısı, qadının ötəsisən...” - 20 ən gözəl sevgi şeiri

14.02.2018 | 18:53

“Zülmətdə bir Alatoran” - Rasim Qaracadan yeni kitab

14.02.2018 | 16:55

Cəfər Cabbarlının narahat qızı - İradə Tuncay yazır

14.02.2018 | 15:50

Çəhrayı çarx - Sərdar Amin yazır

14.02.2018 | 14:36Beynəlxalq kitab bağışlama günüdür
14.02.2018 | 11:43

Nabokovun məhəbbət məktubları - Maraqlı

13.02.2018 | 16:30"Azərbaycan-Türkiyə ədəbi əlaqələri" çərçivəsində silsilə tədbirlər
12.02.2018 | 19:23Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olundu
12.02.2018 | 18:22Müşfiq Xan kitabının çapı üçün kampaniyaya başladı
12.02.2018 | 17:30

İlahi, bu nə ömürdü?.. - Kəramət Böyükçöl

12.02.2018 | 10:26

Sədası dünyanı tutan “Cücələrim” - Şahanə Müşfiq

11.02.2018 | 19:54

... Əgər payız axşamı bir dul gəlin... - Seyfəddin Hüseynli

11.02.2018 | 17:51

10 ən yaxşı postmodern roman - Siyahı

11.02.2018 | 09:53

Böyük məhəbbət və bədbəxtlik - Silviya Plat

11.02.2018 | 00:40

6 nömrəli palata - Çexovun hekayəsi

09.02.2018 | 22:54

Edam cəzasından son anda qurtulan yazıçı - Dostoyevski

09.02.2018 | 15:34

Buninin məhəbbət üçbucağı - Azər Qismət