380x80 400x80

6 nömrəli palata - Çexovun hekayəsi

"Gecə oxusu" rubrikası

Ədəbiyyat

08.02.2018 | 00:52 Oxunub: 45


Parafraz "Gecə oxusu" rubrikasında görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun “6 nömrəli palata” hekayəsini təqdim edir:

(Əvvəli burada)

XI
     
Bu söhbət təqribən bir saat daha davam etdi və görünür, Andrey Yefimıça dərin təsir bağışladı. Bundan sonra o hər gün fligelə gəlməyə başladı. Oraya səhərlər və nahardan sonra gəlirdi və çox vaxt İvan Dmitriçlə söhbəti qaranlıq düşənədək davam edirdi. İvan Dmitriç əvvəllər ondan qaçır, onun gizli bir niyyətdə olduğundan şübhələnir və ondan zəhləsi getdiyini açıq bildirirdi, sonra isə ona öyrəşib öz qaba rəftarını təvazökar - kinayəli bir əlaqəyə çevirdi.
     
Bir azdan sonra bütün xəstəxanaya şayiə yayıldı ki, doktor Andrey Yefimıç 6 №- li palataya gəlib- getməyə başlayıb. Heç kəs- nə feldşer, nə Nikita, nə də xəstə baxıcıları doktorun oraya nə üçün getdiyini, nə üçün orada saatlarla oturduğunu, nə barədə danışdığını və nə üçün resept yazmadığını heç cür başa düşmürdü. Doktorun hərəkətləri adama qəribə gəlirdi. Mixail Averyanıç çox vaxt onu evdə tapmırdı, halbuki qabaqlar heç belə ittifaq düşməzdi. Daryuşkanın da ovqatı təlx idi; çünki dostları pivəni daha vaxtında içmir və bəzən hətta nahara da gecikirdi.
     
Bir dəfə iyunun axırlarında, doktor Xobotov bir iş üçün Andrey Yefimıçın yanına gəlmişdi; onu evdə tapmadı, həyətə çıxıb axtarmağa başladı; həyətdəkilər dedilər ki, doktor ruhi xəstələrin yanına gedib Xobotov fligelə girib dəhlizdə durdu və belə bir söhbət eşitdi.
     
– Bizim əqidəmiz müxtəlifdir, siz məni öz məsləkinizə sarı cəlb edə bilməzsiniz, – deyə İvan Dmitriç əsəbi halda danışırdı. – Siz həyatla bilmərrə tanış deyilsiniz və ömrünüz uzunu heç vaxt iztirab çəkməmisiniz, mən isə anadan olduğum gündən indiyədək arasıkəsilməz əzab çəkmişəm, ona görə də açıq deyirəm: mən özümü sizdən yüksək və hər bir cəhətcə məlumatlı hesab edirəm. Mənim başıma ağıl qoymayın.
     
Andrey Yefimıç dediklərinin anlaşılmadığını təəssüf edərək sakitcə dedi:
     
– Mən sizi heç də öz etiqadıma cəlb etmək iddiasında deyiləm. İş bunda deyil, dostum. Məsələ onda deyil ki, siz iztirab çəkmisiniz, mən yox. İztirab və sevinc keçicidir. Bunlardan əl çəkək. İş ondadır ki, siz və mən fikirləşirik, bir-birimizdə düşünmək və mühakimə etmək qabiliyyəti olduğunu görürük; bu hal, əqidələrimiz nə qədər müxtəlif olursa-olsun, bizi həmrəy edir. Bilsəniz, dostum, ümumi səfihlik, korazehinlik, kütlük zəhləmi nə qədər tökübdür və hər dəfə sizinlə söhbət eləməkdən nə qədər xoşlanıram! Siz ağıllı adamsınız, mən sizdən zövq alıram.
     
Xobotov qapını bir verşok qədər aralayıb palataya baxdı; başında kalpak olan İvan Dmitriçlə doktor Andrey Yefimıç yataqda yan-yana oturmuşdular. Dəli üz-gözünü qırışdırır, diksinir və ya rəşə ilə xalatına bürünürdü, doktor isə, başını aşağı dikib, sakitcə oturmuşdu, üzü qırmızı, qüssəli idi, onda bir acizlik ifadəsi vardı. Xobotov çiyinlərini qısıb gülümsündü və Nikitanın üzünə baxdı. Nikita da çiyinlərini çəkdi.
     
Ertəsi gün Xobotov feldşerlə birlikdə fligelə gəldi. Hər ikisi dəhlizdə durub içəridə gedən söhbəti dinləməyə başladı.
     
Xobotov fligeldən çıxarkən dedi:
     
– Bizim qoca, deyəsən, çox qorxub.
     
Sergey Sergeiç təmiz silinmiş çəkmələrin bulamasın deyə, gölməçələrin kənarı ilə üsulluca keçərək:
     
– Pərvərdigara, biz günahkar bəndələrinin günahından keç! – deyə ah çəkdi. – Sözün düzü, hörmətli Yevgeni Fyodorıç, mən bunu çoxdan gözləyirdim.  
                                         
XII
     
Bu əhvalatdan sonra Andrey Yefimıç hər tərəfində əsrarəngiz şeylər müşahidə etməyə başladı. Mujiklər, xəstə baxıcıları və xəstələrona rast gəldikdə sualedici nəzərlə ona baxır və sonra pıçıldaşırdı. Nəzarətçinin qızı Maşaya xəstəxana həyətində rast gəlməyi sevən doktor, indi də, qızın başını sığallamaq üçün təbəssümlə ona yaxınlaşdıqda, nədənsə qız ondan qaçırdı. Poçt müdiri Mixail Avreyanıç dinlərkən əvvəlki kimi “Tamamilə doğrudur demir, anlaşılmaz bir pərtliklə “hə-hə” deyə mızıldayır, dalğın-dalğın və kədərlə ona baxırdı, nədənsə o öz dostuna araq və pivəni tərgitməyi məsləhət görməyə başlamışdı, lakin mərifətli adam olduğundan, o bunu açıq söyləmirdi, eyhamla deyirdi: gah misilsiz adam olan bir nəfər batalyon komandirindən, gah da yaxşı bir polk keşişindən danışırdı, bunlar çox içməkdən xəstələnmişdilər, lakin içkini tərgidən kimi tamamilə sağalmışdılar. İş yoldaşı Xobotov iki-üç dəfə Andrey Yefimıçın yanına gəlmişdi; o da spirtli içkiləri tərgitməyi məsləhət görürdü və heç bir bəhanə olmadan bromlu kalium içməyi məsləhət görürdü.
     
Avqust ayında Andrey Yefimıç bələdiyyə rəisindən bir məktub aldı. Rəis çox mühüm bir məsələ üçün onun gəlməsini xahiş edirdi. Andrey Yefimıç təyin olunmuş vaxtda bələdiyyə idarəsinə, orada qoşun rəisini, qəza məktəbinin ştat nəzarətçisini, bələdiyyə idarəsi üzvünü, Xobotovu və kök, sarışın bir cənab gördü, bu axırıncını Andrey Yefimıça həkim sifətilə təqdim etdilər. Polyak familiyası çətin tələffüz edilən bu həkim şəhərin otuz verstliyində olan at zavodunda yaşayırdı, indi yolüstü şəhərə gəlmişdi.
     
– Burada sizin işinizə dair bir ərizə var, – deyə hamı bir-birilə görüşüb stol başına oturduqdan sonra bələdiyyə idarəsinin rəisi, Andrey Yefimıça müraciət etdi. – Yevgeni Fyodoriç deyir ki, baş korpusda aptekin yeri darısqaldır, onu fligellərdən birinə köçürmək lazımdır. Əlbəttə, bu, düzələn şeydir, ancaq əsas odur ki, fligeli təmir etmək lazım gələcəkdir.
     
Andrey Yefimıç bir az düşündükdən sonra dedi:
      
– Bəli, təmirsiz keçinmək mümkün olmayacaq. Məsələn, apteki küncdəki fligelə köçürtsək, buna, məncə, azı beş yüz manat pul sərf etmək lazımdır. Bu, səmərəsiz xərcdir.
     
Bir az susdular.
     
Andrey Yefimıç sakit səslə sözünə davam etdi:
     
– Mən hələ on il əvvəl rəsmi məlumat vermişdim ki, bu xəstəxana hazırkı halında, şəhərin vəsaitini nəzərə aldıqda, onun üçün bəzəkdən başqa bir şey deyil. Xəstəxana qırxıncı illərdə tikilmişdir, lakin o vaxtlar vəsait imkanı bambaşqa idi. Şəhərimiz lazımsız tikililərə və artıq vəzifələrə çox böyük məbləğlər sərf edir. Mənim zənnimcə, başqa qayda olsaydı, bu pullara iki nümunəvi xəstəxana saxlamaq olardı.
     
Bələdiyyə idarəsinin rəisi cəld dedi:
     
– Nə olar, gəlin təzə qayda qoyaq!
     
– Bu xüsusda öz rəyini demək şərəfi mənə artıq nəsib olmuşdur: tibb işlərinin zemstvo ixtiyarına verilməsini məsləhət görmüşəm.
     
Sarışın həkim:
     
– Bəli, bəd olmaz, pulları zemstvoya verin o da oğurlasın, – deyə güldü.
     
Bələdiyyə idarəsinin üzvü də gülərək:
     
– O daha ümumi qaydadır, – deyə onunla razılaşdı.
     
Andrey Yefimıç əzgin və tutqun bir baxışla sarışın həkimə baxıb dedi:
     
– Ədalətli olmaq lazımdır.
     
Yenə susdular. Çay gəldi. Nədənsə bərk pərtləşmiş qoşun rəisi əlini stolun üstündən Andrey Yefimıçın əlinə yavaşca toxundurub dedi:
     
– Bizi lap yaddan çıxarmısınız ha, doktor. Amma orası var ki, siz rahibsiniz; kart oynamırsınız, qadınları xoşlamırsınız. Bizimlə oynamaq sizi darıxdırır.
     
Hamı qanacaqlı bir adam üçün bu şəhərdə yaşamağın nə qədər qüssəli olduğundan danışmağa başladı. Nə ağıllı-başlı teatr var, nə musiqi var, bir neçə gün bundan əvvəl klubda düzəldilmiş rəqs gecəsində iyirmi nəfər xanım olduğu halda, yalnız ikicə kavaler vardı. Gənclər rəqs etmir, ya bufetin ətrafında hərlənir, ya da kart oynayırdılar. Andrey Yefimıç yavaşca, heç kəsə baxmadan, danışmağa başladı ki, təəssüf olsun, şəhərlilər öz həyat energiyasını, öz qəlbini və ağlını kart oynamağa və dedi-qoduya sərf edirlər, vaxtlarını maraqlı söhbətlə və mütaliə ilə keçirtməyi bacarmır, ağlın verdiyi zövqdən istifadə etmək istəmirlər. Yalnız ağıl maraqlı və gözəldir, qalan nə varsa xırda, əhəmiyyətsiz və alçaq şeylərdir. Xobotov öz iş yoldaşlarına diqqətlə qulaq asırdı. Birdən o soruşdu:
     
– Andrey Yefimıç, bu gün ayın neçəsidir?
     
Cavab aldıqdan sonra, o sarışın həkim, öz bacarıqsızlığını duya-duya imtahan edən adamlar kimi, Andrey Yefimıçdan bu günün adını , ildə neçə gün olduğunu və 6 №-li palatada doğrudanmı qəribə bir peyğəmbər yaşadığını soruşmağa başladı.
     
Sonuncu suala cavab verərkən Andrey Yefimıç qızarıb dedi:
     
– Bəli, o, xəstədir, ancaq çox maraqlı gəncdir.
     
Ona daha heç bir sual vermədilər.
     
Andrey Yefimıç dəhlizdə paltosunu geyərkən, qoşun rəisi əlini onun çiyninə qoydu və köksünü ötürərək dedi:
     
– Biz qocaların istirahət etmək vaxtı çatıbdır.
    
Andrey Yefimıç bələdiyyə idarəsindən çıxarkən, bu adamların onun əqli qabiliyyətini yoxlamaq üçün təyin edilmiş bir komissiya olduğunu anladı. Ona verilən sualları xatırlayıb qızardı və nədənsə, ömründə ilk dəfə təbabət elminə bərk yazığı gəldi. Həkimlərin indicə onu tədqiq etdiklərini xatırlayıb düşündü: “Pərvərdigara, bunlar ki, hələ bu yaxında psixiatriyanı keçib imtahan veriblər. Bəs bu cəhət, nadanlıq haradandır? Bunlar ki, psixiatriyadan heç bir şey başa düşmürlər!”
     
O, ömründə ilk dəfə özünü təhqir olunmuş hesab etdi və acığı tutdu.
     
Mixail Averyanıç həmən günün axşamı onun yanına gəldi. Poçt müdiri salamlaşmadan ona yanaşıb əllərindən tutdu və həyəcanlı bir səslə dedi:
     
– Əziz dostum, mənim sizə bəslədiyim səmimi hörmətə inandığınızı və məni dost saydığınızı sübut edin… – O, Andrey Yefimıçın danışmasına mane olaraq həyəcanla davam etdi: – Dostum! Mən sizi mərifətli və alicənab olduğunuza görə sevirəm. Məni dinləyin, əzizim. Elmin qaydaları həkimləri məcbur edir ki, həqiqət sizdən gizlətsinlər, lakin mən həqiqi bir əsgər kimi açıq-aşkar deyirəm: siz xəstəsiniz. Məni bağışlayın, dostum, amma bu həqiqətdir, bunu ətrafdakıların hamısı artıq çoxdan müşahidə ediblər. Bu saat doktor Yevgeni Fyodorıç mənə dedi ki, Andrey Yefimıç, öz sağlamlığını qorumaq üçün istirahət etmək və əylənmək lazımdır. Tamamilə doğrudur! Gözəl təklifdir! Bu günlərdə mən məzuniyyət alıb, havanı dəyişmək üçün başqa yerə gedəcəyəm. Mənimlə dost olduğunuzu sübut edin, bir yerdə gedək! Keçmişləri, cavanlığımızı yada salaq.
     
Andrey Yefimıç düşünərək dedi:
     
– Mən özümü tamamilə sağlam hesab edirəm. Gedə bilməyəcəyəm. İzin verin, dostluğumu sizə başqa yolla sübut edim.
     
Bir səbəb olmadan, kitabsız, Daryuşkasız, pivəsiz başqa bir yerə getmək iyirmi il ərzində qurulmuş bir qaydanı birdən-birə pozmaq, – belə bir ideya ilk dəqiqədə ona vəhşi və fantastik göründü. Lakin bələdiyyə idarəsindəki söhbəti və oradan evə qayıdarkən əhvalının pozulduğunu xatırladı və axmaq adamların onu dəli hesab etdikləri bir şəhərdən az bir müddətə başqa bir yerə getmək fikri xoşuna gəldi.
     
– Siz axı hara getmək fikrindəsiniz? – deyə soruşdu.
     
– Moskvaya, Peterburqa, Varşavaya… Varşavada mən beş il yaşamışam. Həyatımın ən xoşbəxt illərini orada keçirmişəm. Nə gözəl şəhərdir! Gedək mənimlə, əzizim!                                                   

XIII
     
Bir həftədən sonra Andrey Yefimıça təklif etdilər ki, istirahətə getsin, yəni istefa versin. Bu təklif ona çox da, təsir etmədi. Bir həftə də keçdikdən sonra o, Mixail Averyanıçla bərabər poçt tarantasına minib ən yaxında olan dəmiryol stansiyasına getdi. Günlər sərin və aydın keçirdi, göy üzü mavi, üfüqlər şəffaf idi. Stansiyayadək iki yüz verstlik yolu iki günə getdilər və yolda iki dəfə gecələdilər. Poçt stansiyalarında pis yuyulmuş stəkanlarda çay verdikdə və ya atları gec qoşduqda, Mixail Averyanıç hirsindən qızarır, bütün vücudu ilə əsir və “Sus! Çox danışma!” deyə bağırırdı. Tarantasda oturarkən isə, bir dəqiqə belə susmaq bilmədən, öz Qafqaz və Polşa səyahətindən nağıl edirdi. Nə qədər başına macəralar gəlmiş, nə qədər xoş təsadüflər olmuşdu! O, ucadan danışır və danışarkən gözlərində elə bir heyrət ifadəsi əmələ gəlirdi ki, adam onun yalan danışdığını zənn edirdi. Bundan başqa, o, nağıl edərkən, nəfəsini Andrey Yefimıçın üzünə verir və qəhqəhə ilə güləndə ağzını onun qulağına tuturdu. Bu, doktorun xoşuna gəlmir, onun düşünməyinə və fikrini toplamağa mane olurdu.
     
Dəmir yolu ilə, qənaət üçün, üçüncü klasda, papiros çəkməyənlərə məxsus vaqonda gedirdilər. Sərnişinlərin yarısı yuxarı təbəqədən olan adamlar idi. Mixail Averyanıç çox çəkmədən sərnişinlərin hamısı ilə tanış oldu. O, skamyadan-skamyaya keçərək, belə biabırçı yollarla getməyə dəyməz, – deyə ucadan danışırdı. – Hər yerdə dələduzlar yuva salıblar! At belində getmək bundan min dəfə yaxşıdır: bir gündə yüz verst yol getdikdən sonra özünü sağlam və gümrah hiss edirsən. Qıtlığa gələndə, qıylığın səbəbi odur ki, Pinsk bataqlıqlarını qurudublar. Ümumiyyətlə, qayda-qanunsuzluq həddini aşıbdır. O özündən çıxır, ucadan danışır və başqalarını danışmağa qoymurdu. Bu tükənməz boşboğazlıq, uca qəhqəhələr və ifadəli hərəkətlər Andrey Yefimıçı yorurdu. “Hansımız dəliyik?” – deyə təəssüflə düşünürdü. – Heç bir şeylə sərnişinləri narahat etməməyə çalışan mənmi, yoxsa özünü buradakıların hamısından ağıllı və yaraşıqlı sayan və buna görə də heç kəsə dinclik verməyən bu xudpəsəndmi?
     
Moskvada Mixail Averyanıç paqonsuz zabit sürkutu və qırmızı qaytanlı şalvar geydi. O, küçədə hərbi furajkada və şineldə gəzdiyi üçün soldatlar ona təzim edirdilər. Andrey Yefimıça indi elə gəlirdi ki, bu, vaxtilə malik olduğu ağalıq sifətlərindən yaxşılarını bilmərrə unutmuş və xarabalarını mühafizə etmiş bir adamdır. O, heç lazım olmadığı halda belə, ona xidmət göstərilməsini sevirdi. Kibrit qutusu stol üstə olduğu halda, o özünü görməməzliyə vurub, lakeyə bağırır, kibrit gətirilməsini əmr edirdi, qulluqçu qızın qabağında köynək-tumanda gəzməkdən utanmırdı, lakeylərin hamısını, qocaları belə “sən” deyə çağırır, acıqlananda onları axmaq və səfeh adlandırırdı. Bu cür rəftar Andrey Yefimıça ağayana, lakin iyrənc görünürdü.
    
Mixail Averyanıç öz dostunu əvvəlcə İverski kilsəsinə apardı. O, ürəkdən dua edir, gözlərindən yaş axıdaraq səcdəyə düşürdü, duanı oxuyub qurtardıqdan sonra isə dərin bir ah çəkib dedi:
     
– Adamın etiqadı olmasa da, dua eləyəndən sonra, nədənsə, təskinlik tapır. Siz də dua eləyin, əzizim.
     
Andrey Yefimıç pərt oldu və əyilib təsviri öpdü. Mixail Averyanıç isə dodaqlarını şişirtdi və başını yırğalayaraq, pıçıltı ilə dua oxudu, gözləri yenə yaşardı. Sonra Kremlə gedib tras-puşkaya və tsar-kolokola tamaşa etdilər və hətta əlləri ilə də onlara toxundular. Zamoskvoreçyenin mənzərəsini seyr etdilər. Spasitel kilsəsini və Rumyantsev muzeyini ziyarət etdilər.
     
Naharı Testovun restoranında elədilər. Mixail Averyanıç saqqalını tumarlayaraq xörəklərin adlarına xeyli baxdı və restoranlarda özünü öz evindəki kimi sərbəst hiss edən bir qarınqulu kimi dedi:
     
– Görək bu gün bizi nəyə qonaq edəcəksiniz, mələk!
                                                   
XIV
    
Doktor gəzir, baxır, yeyir, içir, lakin bircə şey hiss edirdi: Mixail Averyanıçın hərəkətləri onun zəhləsini tökmüşdü. Öz dostundan qaçmaq, gizlənmək istəyirdi, dostu isə onu gözdən qoymamağa və mümkün qədər çox əylənməyə çalışırdı. Tamaşa ediləcək bir şey olmayanda onu öz söhbətləri ilə əyləndirirdi. Andrey Yefimıç iki gün dözdü, üçüncü gün xəstə olduğunu və buna görə də bütün günü evdə qalacağını bildirdi. Dostu da onun xatiri üçün evdə qalacağını söylədi. Doğrudan da dincəlmək lazımdır, yoxsa bu qədər gəzməyə ayaq davam gətirməz. Andrey Yefimıç divana uzanıb üzünü divanın söykənəcəyinə çevirdi və canını dişinə tutub dostunun boşboğazlığını dinləməyə başladı; dostu qızğın-qızğın danışaraq inandırırdı ki, Fransa gec-tez Almaniyanı darmadağın eləyəcək, Moskvada dələduz adamlar çoxdur və atın zahirindən onun yaxşı-yamanlığını təyin etmək olmaz. Doktorun qulaqları səs salırdı, ürəyi şiddətlə döyünməyə başlamışdı, bununla belə ədəb gözləyərək dostunun çıxıb getməsini və ya susmasını xahiş edə bilmirdi. Xoşbəxtlikdən Mixail Averyanıç nömrədə oturmaqdan darıxdı və nahardan sonra gəzməyə çıxdı.
      
Andrey Yefimıç tək qalıb istirahət hissinə daldı. Divanda qımıldanmadan uzanmaq və otaqda tək-tənha olduğunu düşünmək nə qədər xoşdur! Tənhalıq olmadan həqiqi səadət mümkün deyil. İblis, yəqin, başqa mələklərin bilmədiyi təkliyi arzuladığı üçün, Allaha xəyanət etmişdir. Andrey Yefimıçın son günlər ərzində gördüklərini və eşitdiklərini düşünmək istəyirdi, lakin Mixail Averyanıç heç cür onun başından çıxmırdı.

“Axı o, dostluğundan, alicənablığından məzuniyyət götürüb buraya gəlmişdir, – deyə doktor təəssüflə düşünürdü. – Bu dostluq qəyyumluğundan daha pis şey yoxdur. Bunca xoşdil, səxavətli, nəşəli olduğu halda yenə darıxdırıcı adamdır. Dözülməz dərəcədə cansıxıcıdır. Həmişə ağıllı və gözəl sözlər danışan bunun kimi adamlara yaxından baxdıqda küt olduqları anlaşılır”.
     
Bundan sonrakı günlərdə Andrey Yefimıç özünü xəstəliyə vurub, nömrədən bayıra çıxmırdı. Dostu onu öz söhbəti ilə əyləndirməyə başlayanda o, üzünü divanın söykənəcəyinə tutub darıxırdı, dostu olmayanda isə bu vəziyyətdə uzanıb istirahət edirdi. Buraya gəldiyi üçün özünə və gündən-günə daha boşboğaz və şitəngi olan dostuna acığı tuturdu, öz fikirlərini ciddi, yüksək bir tonda qurmağa heç cür nail ola bilmirdi, o öz xırdaçılığına acıqlanaraq düşünürdü: “Məni, İvan Dmitriç deyən kimi, həqiqət əlinə alır. Ancaq bu boş şeydir… Evə qayıdaram, yenə hər şey köhnə qayda ilə gedər…”.
     
Peterburqda da eyni vəziyyət oldu: o, bütün günü nömrədən bayıra çıxmayıb divanda uzanırdı, yalnız pivə içmək istəyəndə ayağa dururdu.
     
Mixail Averyanıç hey onu Varşavaya getməyə tələsdirirdi.
     
Andrey Yefimıç yalvarıcı bir səslə deyirdi:
     
– Əziz dostum, mənim orada nə işim var? Siz tək gedin, mənə isə, izn verin evə gedim! Xahiş edirəm!
     
Mixail Averyanıç etiraz edərək dedi:
    
– Heç cür əl çəkən deyiləm! Varşava misilsiz bir şəhərdir. Orada mən beş il bəxtiyar həyat keçirmişəm.
     
Andrey Yefimıç dediyinə israr etmək iradəsi çatmadığından, canını dişinə tutub Varşavaya getdi. Burada da nömrədən bayıra çıxmır, divanda uzanır və özünə, dostuna və rusca başa düşmək istəyən lakeylərə acığı tuturdu. Mixail Averyanıç isə, həmişəki kimi sağlam, gümrah və nəşəli olub səhərdən axşama qədər şəhəri gəzir və köhnə tanışlarını axtarırdı. Bir neçə dəfə o, hətta evdə də yatmamışdı. Bir dəfə gecəni harada isə keçirdikdən sonra, səhər tezdən çox həyəcanlı bir halda evə qayıtdı, rəngi bərk qızarmışdı, saçları dağınıqdı. Uzun zaman otağı o küncdən-bu küncə gəzdi, nə isə dodaqaltı mızıldadı, sonra birdən-birə dayanıb dedi:
    
– Namus hər şeydən vacibdir!     

Bir qədər də gəzdikdən sonra ikiəlli başını qucaqladı və faciəli bir səslə dedi:

– Bəli, namus hər şeydən vacibdir! Bu Babil şəhərinə gəlmək fikrinə düşdüyüm dəqiqəyə lənətlər olsun! Əziz dostum, – deyə doktora müraciət etdi, – mənə nifrət edin! Pullarımın hamısını qumara qoymuşam! Xahiş edirəm, mənə beş yüz manat borc verin!

(Ardı var)

Anton ÇEXOV



Ədəbiyyat

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə

14.02.2018 | 22:29

Sevgisizlik - Ceylan Mumoğlu yazır

14.02.2018 | 20:56İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu
14.02.2018 | 19:45

“Sən zəriflik tanrısı, qadının ötəsisən...” - 20 ən gözəl sevgi şeiri

14.02.2018 | 18:53

“Zülmətdə bir Alatoran” - Rasim Qaracadan yeni kitab

14.02.2018 | 16:55

Cəfər Cabbarlının narahat qızı - İradə Tuncay yazır

14.02.2018 | 15:50

Çəhrayı çarx - Sərdar Amin yazır

14.02.2018 | 14:36Beynəlxalq kitab bağışlama günüdür
14.02.2018 | 11:43

Nabokovun məhəbbət məktubları - Maraqlı

13.02.2018 | 16:30"Azərbaycan-Türkiyə ədəbi əlaqələri" çərçivəsində silsilə tədbirlər
12.02.2018 | 19:23Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olundu
12.02.2018 | 18:22Müşfiq Xan kitabının çapı üçün kampaniyaya başladı
12.02.2018 | 17:30

İlahi, bu nə ömürdü?.. - Kəramət Böyükçöl

12.02.2018 | 10:26

Sədası dünyanı tutan “Cücələrim” - Şahanə Müşfiq

11.02.2018 | 19:54

... Əgər payız axşamı bir dul gəlin... - Seyfəddin Hüseynli

11.02.2018 | 17:51

10 ən yaxşı postmodern roman - Siyahı

11.02.2018 | 09:53

Böyük məhəbbət və bədbəxtlik - Silviya Plat

11.02.2018 | 00:40

6 nömrəli palata - Çexovun hekayəsi

09.02.2018 | 22:54

Edam cəzasından son anda qurtulan yazıçı - Dostoyevski

09.02.2018 | 15:34

Buninin məhəbbət üçbucağı - Azər Qismət