380x80 400x80

6 nömrəli palata - Çexovun hekayəsi

"Gecə oxusu" rubrikası

Ədəbiyyat

07.02.2018 | 00:55 Oxunub: 89


Parafraz "Gecə oxusu" rubrikasında görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun “6 nömrəli palata” hekayəsini təqdim edir:

(Əvvəli burada)

Palata artıq qaranlıqdır. Doktor ayağa qalxıb, xarici ölkələrdə və Rusiya mətbuatında nələr yazıldığını və ictimai fikrin hansı istiqamətə doğru yönəldiyini nağıl etməyə başladı. İvan Dmitriç diqqətlə qulaq asır və suallar verirdi, lakin birdən dəhşətli bir şey xatırlayan adam kimi əlləri ilə başını qucaqladı və arxası doktora olaraq yatağa uzandı.     

Andrey Yefimıç soruşdu:     

– Sizə nə oldu?     

– Bundan sonra siz məndən bir söz də eşitməyəcəksiniz! – deyə İvan Dmitriç kobud cavab verdi: – Məni tək buraxın!     

– Axı nə üçün?     

Andrey Yefimıç çiyinlərini dartdı, köksünü ötürüb bayıra çıxdı. Dəhlizdən keçərkən dedi:     

– Nikita, buranı sil-süpür eləsəydin, nə yaxşı olardı… Havası çox ağırdır!     

– Baş üstə, zati-aliləri.     

Andrey Yefimıç öz mənzilinə gedərkən düşünürdü: “Nə xoş gəncdir! Burada yaşadığım müddət ərzində bu, gərək ki, söhbət eləməyə layiq olan birinci adamdır. O, mühakimə yürütməyi bacarır və məhz lazımlı şeylərlə maraqlanır”.     

O, mütaliə edərkən və yatağında uzandığı zaman hey İvan Dmitriç haqqında düşünürdü, səhər tezdən yuxudan oyandıqda isə dünən ağıllı və maraqlı bir adamla tanış olduğunu xatırladı və mümkün olan kimi onun yanına getməyi qərara aldı.                                                    

X     

İvan Dmitriç dünənki vəziyyətdə uzanmış, başını əlləri arasına almış və qıçlarını altına yığmışdı. Üzü görünmürdü.     

– Xoş gördük, dostum, – deyə Andrey Yefimıç onunla salamlaşdı. – Yatmayıbsınız ki?..     

İvan Dmitriç üzünü yastıqdan ayırmayaraq dedi:     

– Əvvələn, mən sizə dost deyiləm, ikincisi, nahaq yerə zəhmət çəkirsiniz: məndən bir kəlmə də söz ala bilməyəcəksiniz.     

Andrey Yefimıç pərt olub mızıldandı:     

– Qəribə işdir… Dünən sizinlə mehribancasına söhbət edirdik, amma nədənsə birdən-birə inciyib söhbəti qırdınız… Bəlkə mən söhbətimdə kobud bir söz işlətmişəm, ya da bəlkə, sizin əqidənizə zidd bir fikir söyləmişəm…     

İvan Dmitriç yerində dikələrək istehza və təşvişlə doktora baxdı. Gözləri qızarmışdı.     

– Hə, siz dediniz; mən də inandım! – dedi. – Casusluq etmək və işgəncə vermək üçün başqa yerə getməniz məsləhətdir, buradan sizə bir iş çıxmaz. Mən sizin buraya nə üçün gəldiyinizi hələ dünən duymuşdum.     

Doktor gülümsəyib dedi:     

– Qəribə bir fantaziya! Demək, sizin zənninizcə, mən casusam?     

– Bəli, mən belə güman edirəm… Yanına sınanmaq üçün qoyulduğum adam casusdur, yoxsa doktor bunun məndən ötrü fərqi yoxdur.     

– Amma, məni bağışlayın… Siz qəribə adamsınız!     

Doktor, yatağın yanındakı kürsüdə əyləşib başını məzəmmətlə yırğaladı.     

– Yaxşı, tutaq ki, siz haqlısınız, – dedi. – Fərz edək ki, mən sizi polisin əlinə vermək üçün sizdən söz alıram. Bunun nəticəsində sizi həbs edib məhkəməyə verirlər. Lakin məhkəmədə və ya həbsxanada gününüz buradakından pismi keçəcək? Sizi sürgün etsələr və hətta katorqaya göndərsələr, bu fligeldə oturmaqdan pismi olar? Zənnimizcə, pis olmaz… Bəs nədən qorxursunuz?     

Bu sözlər, deyəsən, İvan Dmitriçə təsir etdi. O, sakitcə yatağa oturdu.     

Axşam saat beşə işləyirdi. Andrey Yefimıç adətən bu vaxtlar öz otaqlarında gəzinər və Daryuşka, pivə içmək vaxtı deyilmi, deyə ondan soruşardı. Hava sakit və aydın idi.     

Doktor:     

– Nahardan sonra bir az gəzmək üçün evdən çıxmışam və gördüyünüz kimi, sizin yanınıza gəlmişəm, – dedi. – Bayırda bahar havası var.     

İvan Dmitriç soruşdu:     

– İndi hansı aydır? Martdırmı?     

– Bəli, martın axırıdır.    

– Bayır palçıqdır?     

– Xeyr, bir qədər yox. Bağda artıq cığırlar açılıbdır.     

İvan Dmitriç yuxudan təzəcə durmuş adam kimi, qızarmış gözlərini silərək dedi:     

– Belə gündə adam faytona minib şəhər kənarına seyrə çıxaydı, sonra da evə, ilıq havalı rahat kabinetə qayıdaydı… və başının ağrısını qabiliyyətli bir həkimə müalicə etdirəydi… Çoxdan bəridir ki, mən insana layiq bir həyat keçirmirəm. Bura isə çox murdar yerdir! Dözülməz dərəcədə murdardır!     

O dünənki həyəcanından sonra yorğun və əzgindi, həvəssiz danışırdı. Barmaqları titrəyirdi, üzündən başının bərk ağrıdığı bəlli olurdu.     

Andrey Yefimıç dedi:     

– İlıq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir.     

– Necə yəni?     

– Adi bir adam yaxşı və ya pis bir şeyi xaricdən, yəni fayton və kabinetdən gözləyir, zəkalı bir adam isə bunu özündə görür.     

– Bu fəlsəfəni təbliğ etmək üçün Yunanıstana getməyiniz məsləhətdir, ora ilıqdır və havası narınc qoxusu verir, bu fəlsəfə buranın iqliminə uyğun gəlməz. Diogen haqqında mən kiminlə danışırdım? Sizinləmi?     

– Bəli, dünən mənimlə danışırdınız.     

– Diogenin kabinetə və isti otağa ehtiyacı yox idi; ora onsuz da istidir. Çəlləyin içində otur, zeytun və portağal yeyib ləzzət çək! Amma Rusiyada yaşamaq ona qismət olsaydı, nəinki dekabrda, hətta may ayında da evdən bayıra çıxmazdı. Soyuq ona bir toy tutardı ki…     

– Xeyr. Soyuğu və ümumiyyətlə, hər bir ağrını hiss etməmək olar. Mark Avreli deyib ki, “ağrı – ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə – ağrı öz-özünə yox olar”. Bu, doğru fikirdir. Filosof və ya sadəcə təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir.     

– Demək, mən əzab çəkdiyim, narazı olduğum və insan rəzalətinə heyrət etdiyim üçün axmağam.     

– Siz nahaq belə danışırsınız. Əgər siz dərindən düşünsəniz, bizi həyəcana gətirən bütün xarici aləmin nə qədər boş, əhəmiyyətsiz olduğunu duyarsınız. Həyatı dərk etməyə çalışmaq lazımdır. Həqiqi nemət də məhz bu dərk etməkdir.     

İvan Dmitriç üz-gözünü turşudub dedi:     

– Dərk etmək… Xarici, daxili… Bağışlayın, mən bunları başa düşmürəm. – O, ayağa qalxaraq acıqla doktora baxdı və: – Mən ancaq onu bilirəm ki, Allah məni isti qandan və əsəblərdən ibarət olaraq yaratmışdır! – dedi. – Üzvi toxuma isə, yaşamaq qabiliyyətinə malik olduqda, hər bir qıcıqlanmadan hərəkətə gəlməlidir. Mən özüm də hərəkətə gəlirəm! Ağrıya çığırtı ilə və göz yaşı tökməklə, alçaqlığa – qəzəblə, rəzilliyə – nifrətlə cavab verirəm. Məncə, bunun özü elə həyat deməkdir. Orqanizm nə qədər alçaq olursa, o qədər az həssas olur və qıcıqlanmaya daha zəif cavab verir; əksinə, orqanizm nə qədər yüksək olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı münasibətini daha qəti göstərir. Bunu bilməmək olarmı? Özünüz doktorsunuz, amma belə boş şeylərdən xəbəriniz yoxdur! Əzab və əziyyətə nifrət etmək, həmişə razı qalmaq və heç bir şeyə təəccüb etməmək üçün, bax, bu dərəcəyə çatmaq lazımdır, – deyə İvan Dmitriç piy bağlamış kök mujikə işarə etdi, – və ya gərək şiddətli iztirablara dözərək özünü elə möhkəmlədəsən ki, hər cür həssaslığı itirəsən, yəni başqa sözlə, yaşamaqdan əl çəkəsən. Bağışlayın, mən nə aliməm, nə filosof, – deyə İvan Dmitriç əsəbi halda sözünə davam etdi, – və bunlardan heç başım çıxmır. Mühakimə etməyə halım yoxdur.     

– Əksinə, çox gözəl mühakimə edirsiniz.     

– Özünüzü bənzətdiyiniz stoistlər çox gözəl adamlardır, ancaq onların nəzəriyyəsi hələ iki min il bundan qabaq donub qaldı, bir qarış belə irəliləmədi və irəliləməyəcəkdir də, çünki bu nəzəriyyə əməli və həyati deyildir. Bu, yalnız öz həyatını hər cür nəzəriyyələri təhlil və təshih etməklə keçirən azlıq arasında müvəffəqiyyət qazana bildi, əksəriyyət isə bunu anlamırdı. Sərvətə və həyat rahatlığına laqeydlik, iztirablara və ölümə nifrət təbliğ edən nəzəriyyə isə böyük əksəriyyət üçün tamamilə anlaşılmazdır, çünki bu əksəriyyət heç vaxt var-dövlət, həyat rahatlığı görməmişdir; bu əksəriyyət üçün iztiraba nifrət etmək, həyatın özünə nifrət etmək deməkdir, çünki insanın bütün varlığı aclığı, soyuğu, həqarəti, itkini və ölüm qarşısında Hamlet qorxusunu hiss etməkdən ibarətdir. Bütün həyat da bu hadisələr üzərində qurulmuşdur: həyatdan usanmaq olar, ona nifrət etmək olar, lakin ona həqarətlə baxmaq yaramaz. Bəli, təkrar edirəm ki, stoist təliminin heç vaxt gələcəyi ola bilməz, halbuki, gördüyünüz kimi, mübarizə, ağrıya qarşı həssaslıq və qıcıqlanmaya cavab vermək qabiliyyəti əzəl vaxtdan indiyədək tərəqqi etməkdədir.     

İvan Dmitriç birdən fikrinin izini itirib dayandı və təəssüflə alnının tərini sildi. Sonra:     

– Mühüm bir şey deyəcəkdim, heyif ki, unutdum, – dedi. – Nə deyəcəkdim? Aha, yadıma düşdü: stoistlərdən biri yaxın bir dostunu azad etdirmək üçün, özünü bir qul kimi satmışdı. Görürsünüzmü, demək, stoist də qıcıqlanmaya cavab verirmiş, çünki yaxın dostunun yolunda canından keçmək kimi alicənab bir hərəkət üçün qəzəblənmiş rəhmli bir qəlb lazımdır. Mən öyrəndiklərimin hamısını bu həbsxanada unutmuşam, yoxsa yenə də bir şey xatırlardım. Həzrət İsanı götürək. İsa həqiqi varlığa ağlamaq, gülümsəmək, kədərlənmək, acıqlanmaq, hətta qüssələnməklə cavab verirdi; o, iztirabları təbəssümlə qarşılamır və ölümə nifrət bəsləmir, o, bu fəlakətdən yaxa qurtarmaq üçün Gefsiman bağında ibadət eləyirdi.     

İvan Dmitriç gülüb oturdu.     

– Tutaq ki, insanın rahatlığı və firavan dolanması xarici mühitdən deyil, onun daxilindən asılıdır, – dedi. – Tutaq ki, iztiraba nifrət bəsləmək və heç bir şeyə heyrət etməmək lazımdır. Lakin siz bunu nəyə əsasən təbliğ edirsiniz? Siz alimsiniz? Filosofsunuz?     

– Xeyr, mən filosof deyiləm, lakin bunu ağıllı fikir olduğu üçün hər kəs təbliğ etməlidir.     

– Yox, mən bilmək istəyirəm ki, niyə siz dərk etmək, iztiraba nifrət bəsləmək və sairədə özünüzü səlahiyyətli hesab edirsiniz? Məgər siz ömrünüzdə iztirab çəkməmisiniz? İztirabın nə olduğunu bilirsiniz? Bağışlayın, sizi heç uşaqlıqda qamçı ilə döyüblər?     

– Xeyr, mənim ata-anam fiziki cəzaya nifrət edirdilər.     

– Məni isə atam rəhmsizcəsinə döyərdi. Atam yorğun, əzgin və sərt xasiyyətli bir məmur idi, burnu uzun, boynu sarı idi. Lakin gəlin sizin barənizdə danışaq. Bütün ömrümüz boyu sizə heç kəs barmağının ucu ilə belə toxunmamış, heç kəs sizi qorxutmamış, döyməmişdir, siz öküz kimi sağlamsınız, atanızın qanadı altında böyümüş və onun hesabına oxumuşsunuz, sonra birdən-birə işi az, maaşı çox olan qulluğa girmisiniz. İyirmi ildən artıq yanacağı, işığı, qulluqçusu olan havayı mənzildə yaşamısınız və istədiyiniz kimi, istədiyiniz qədər işləmək, hətta heç işləməmək hüququna malik olmusunuz. Siz təbiətcə tənbəl, lırt bir adamsınız, ona görə də həyatınızı elə qurmağa çalışıbsınız ki, sizi heç bir şey narahat eləməsin və yerinizdən dəbərtməsin. İşlərinizi feldşerə və ya başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit bir yerdə oturmusunuz, vaxtınızı pul toplamaqla, kitab oxumaqla, cürbəcür yüksək mənasızlıqları düşünməklə və (İvan Dmitriç doktorun qırmızı burnuna baxdı) sərxoşluq sərxoşluq etməklə keçirmisiniz. Xülasə, həyatı görməmisiniz, onu əsla tanımırsınız, həqiqətlə isə yalnız nəzəri cəhətdən tanış olmusunuz. İztiraba nifrət bəsləməyinizin və heç bir şeyə heyrətlənməmənizin səbəbi isə olduqca sadədir: mənasız fikirlər və qayğılar, həyata, iztirablara və ölümə xaricən və daxilən nifrət bəsləmək, həyatın mahiyyətini dərk etmək cəhdləri, həqiqi nemət – bütün bu fəlsəfə Rusiya tənbəlləri üçün ən əlverişli bir şeydir.
 
Məsələn, siz bu mujikin öz arvadını döydüyünü görürsünüz. Niyə müdaxilə edəsiniz? Qoy döysün, onsuz da hər ikisi gec-tez öləcəkdir; həm də döyən adam öz şapalaqları ilə, döydüyü adamı yox, özünü təhqir edir. Sərxoşluq etmək axmaq, ədəbsiz bir hərəkətdir, lakin içsən də öləcəksən, içməsən də. Görürsən, bir arvad gəlib diş ağrısından şikayət edir… Nə olsun ki? Ağrı, ağrını təsəvvür etməkdir və bir də dünyada xəstəliksiz yaşamaq olmaz, hamımız öləcəyik, ona görə də arvadı başından rədd elə, o sənin düşünməyinə və araq içməyinə mane olur. Gənc bir oğlan nə eləmək, nə cür yaşamağı öyrənmək üçün yanınıza məsləhətə gəlir; başqası cavab verməzdən əvvəl bir az düşünərdi, sizin isə cavabınız hazırdır: həyatı dərk etməyə və ya həqiqi neməti əldə etməyə çalış. Əcəba, bu fantastik “həqiqi nemət nə olan şeydir? Əlbəttə, buna cavab yoxdur. Bizi burada barmaqlıq arxasında saxlayır, canımızı çürüdür, bizə əzab verirlərsə, bu çox gözəl və ağıllı işdir, çünki bu palata ilə isti, rahat kabinet arasında heç bir fərq yoxdur. Əlverişli fəlsəfədir; görüləcəkbir iş yox, vicdanın təmiz, özünü də bir alim kimi hiss edirsən… Xeyr, cənab, buna fəlsəfə, təfəkkür, geniş baxış demək olmaz, bu tənbəllik, sehrbazlıq, sayıqlamadır. Bəli!- deyə İvan Dmitriç yenə acıqlandı. – İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar!     

Andrey Yefimıç həlimcəsinə gülümsəyərək dedi:     

– Bəlkə bağırmaram…     

– Bəli, inandıq. Məsələn, sizi iflic vursa, ya, tutaq ki, axmaq və alçaq bir adam, öz mövqeyindən və rütbəsindən istifadə edərək, sizi camaat qarşısında təhqir etsə və siz ona cəza verilməyəcəyini bilsəniz, adamları başından eləyib həyati idraka və həqiqi nemətə doğru yönəltmənin nə olduğunu anlarsınız.

Andrey Yefimıç zövqündən güldü və əllərini ovuşduraraq dedi:     

– Bu çox maraqlıdır. Sizin ümumiləşdirməyə olan meyliniz məni heyrətə salır, mənə indicə verdiyiniz xarakteristika misilsizdir. Etiraf etməliyəm ki, sizinlə apardığım söhbət mənə böyük zövq verir. Mən sizi dinlədim, indi də xahiş edirəm məni dinləyəsiniz.

(Ardı var)

Anton ÇEXOV



Ədəbiyyat

23.02.2018 | 19:47

Anası ölən uşaqdan niyə utanırdım? - Mirmehdi Ağaoğlunun yazısı

23.02.2018 | 16:53Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək
23.02.2018 | 00:33

Kişmiş oyunu - Cəlil Məmmədquluzadə

22.02.2018 | 23:15

Səyahət - Stefan Sveyqin hekayəsi

22.02.2018 | 21:47

Mirzə Cəlilin Axundov haqqındakı məqaləsi - Mətn

22.02.2018 | 20:27

Vampirin essesi - Şəfa Vəlinin hekayəsi

22.02.2018 | 19:53

Sağ qalan varmı?!.. - Emin Pirinin müharibə şeirləri

22.02.2018 | 12:45Tomas Vulfun əsərləri Azərbaycan dilində
21.02.2018 | 22:49

Bəsrəli kimyagərin nağılı - Əli Babazadə yazır

21.02.2018 | 11:56

Mənə niyə inanmırdınız? - Kəramət Böyükçöl

21.02.2018 | 10:54

NKVD agenti olan məşhur şairimiz - Araşdırma

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə