380x80 400x80

Barış Manço əfsanəsi - Araşdırma

İncəsənət

01.02.2018 | 17:25 Oxunub: 136


O, türk rok musiqisinin ən sevilən və məşhur müğənnisi idi. Ölümündən sonra belə sevilir, musiqiləri dinlənilir və unudulmur. 

Parafraz əfsanəvi Barış Mançonun anım günündə haqqındakı araşdırmanı təqdim edir.

Uşaqlığı

Rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdarda dünyaya göz açıb. Riqqət Yanık və İsmayıl Haqqı Manço cütlüyünün dörd uşağından ikincisidir. O, doğulanda ölkəsi İkinci Dünya Müharibəsi dövründə olduğu üçün ailəsi ona Məhməd Barış adını qoyur. Anadolu rok və pop musiqisinin qurucularından sayılan, uşaq yaşlarından musiqi təhsili ilə böyüyən Mançonun anası Riqqət xanım, Türk Sənət Musiqisinin sənətkarlarından biri idi. O, hətta Zəki Mürənin də müəllimi olub. 

Manço üç yaşına çatanda ailəsində problemlər yaranmağa başlayır. Atası ilə anasının ayrılığından sonra Barış atası ilə yaşamağa başlayır. Atası ilə birgə bir neçə dəfə yer dəyişən Manço qısa müddət Ankarada da yaşayır. Ailədən gələn musiqi təhsili ilə məktəb həyatı boyunca həmişə hobbi olaraq bu işlə məşğul olur və öz-özünə gitara çalmağı öyrənir. İstedadlı Barış anasından da piano dərsləri alır.

Karyerası

Barış mahnı bəstələməyə ilk dəfə “Qalatasaray Liseyi”ndə oxuyan zaman başlayıb. İki həvəskar qrup yaradan Manço, onları elə ilk dəfə “Qalatasaray Liseyi”ndə səhnəyə çıxarır. Qurduğu qruplardan birinin adı “Kafadarlar”, digəri isə “Harmoniler” adlanırdı. O, 1959-cu ildə atasının vəfatından sonra “Qalatasaray Liseyi”ndən ayrılaraq “Şişli Tərəqqi Liseyi”nə keçir. Liseyi burada tamamlayan Manço, daha sonra Belçikada universitet təhsili alır. Buranı birinciliklə bitirən Manço medal da qazanır.

Daha sonra Almaniyada fransız komediyaçı Henri Salvadorla tanış olsa da, onunla razılığa gələ bilmir. Almaniyada böyük qardaşı Savaş Manço ilə yaşamağa başlayan Barış bir müddət avtomobil gözətçisi və ofisiant işləyir. Bu arada mahnı bəsətələməyə davam edirdi. Almaniyada belçikalı şair Andrea Soulacla tanış olduqdan sonra, o, Mançonun sözsüz bəstələrinə söz yazır. 

1964-cü ildəki bəstələrindən sonra tanınan Manço, Türkiyəyə gələndə buradakı radio işçiləri onun fransız olduğunu güman edirdi. 1967-ci ildə Barış, Fuad Gülər və Mazhar Alanson ilə birgə “Kaygısızlar” qrupunu yaradır. Amma 1970-ci ildə qrup üzvləri yollarını ayırır. Elə həmin il o, Fransada yeni adsız qrup yaradır. Bu qrupla birgə uzun turneyə çıxaraq 52 konsert verir. Turne zamanı Antalyada konsert verən Manço qrupundakı xarici əsilli musiqiçiyə görə həbs edilir. Ertəsi gün məhkəməyə çıxarılan Manço sərbəst buraxılır və qrupu ilə birgə Belçikaya dönməli olur.

1972-ci ildə “Kurtalan Ekspress”i qurduqdan sonra “Gamzedeyim” və “Ölüm Allahın əmri” mahnılarının yer aldığı ilk valını çıxarır. İlk valını çıxardıqdan sonra isə o, əsgərliyə gedir. Əsgərlikdən gəldikdən sonra işlərinə daha da sürətlə davam edən sənətçi 1974-cü ildə “Hey” jurnalı tərəfindən “İlin kişi sənətçisi” seçilir.

1979-cu ildə çıxdığı Anadolu turnesinin bütün gəlirini kar və lal uşaqların müalicə və təhsilinə xərcləyir.

1988-ci ildən Manço aparıcılıq karyerasına da start verir. 8 oktyabrdan etibarən “7-dən 77-yə” proqramı ilə ilk efir günü başlayır. Ailə, uşaq və əyləncə proqramı olan “7-dən 77-yə” yalnız bazar günlər efirdə olurdu. Uzun müddət nümayiş olunan veriliş 378 proqramdan sonra 6 dekabr 1998-ci ildə sona çatır. Proqramın məşhur şüarı isə “Adam olacaq uşaq” idi.

Barış 1990-ci ildə türk-yapon dostluğu fəaliyyətləri üçün Yaponiyaya gedir və orada ilk konsertini verir. O, 5 Fevral 1992-ci ildə anası Riqqət xanımı itirdikdən sonra çox kədərli dövr yaşayır. Ancaq həmin il zirvəyə çatan pop musiqi bazarında Barış da, “Mega Manço” albomu ilə böyük uğur qazanır.

1994-cü ildə Barış Manço o dövrdə Türkiyənin ilk qadın baş naziri olan Tansu Çillərin “Doğru Yol Partiyası”ndan Kadıköy Bələdiyyə Başçılığına namizəd olur. Amma səhhətindəki problemlərə görə namizədliyini geri çəkməli olur. Bir il sonra sənətçi “Müsaadenizle Çocuklar” albomunu çıxarır. Konsert təklifi gəldikdən sonra 1995-ci ildə Barış Yaponiyaya çox uğurlu turneye çıxır. 1996-cı ildə konsert albomu “Live in Japan”da nəşr olunur.

Musiqiləri ilə yanaşı televiziyada da uğura imza Barışın “7-dən 77-yə” verilişdən başqa "Ekvatordan qütblərə" adlı proqramı da sevildi. Öz qrupu ilə birlikdə beş qitədə 100-dən çox müxtəlif bölgəyə gedən Barış ümumilikdə 600.000 km-ə yaxın yol qət edib.

200-dən çox mahnı bəstələyən Barış Manço ingilis və fransız dillərini də mükəmməl bilib. Həyatı boyunca 300-dən çox mükafata layiq görülən sənətkar Azərbaycanı da ürəkdən sevib və dəfələrlə ölkəmizdə konsert verib.

Onun mahnılarının bəziləri yunan, çex, ərəb, fars, kürt, yəhudi, ingilis, fransız və s. dillərə çevrilərək başqa sənətçilər tərəfindən də səsləndirilib.
 
Şəxsi həyatı

Barış Mançonun ilk evliliyi uzun illərdən sonra ortaya çıxıb. 1970-ci il 31 yanvar günü Belçikanın Lyej şəhərində maraqlı nikah mərasimi keçirilib. Nikahda Barış Mançonun əynində babasından qalan üzəri gümüş işləməli, bənövşəyi rəngli 175 illik tarixi olan köynək var idi. Gəlin, belçikalı fotomodel Mariye Klaude isə ağ gəlinlik əvəzinə qara rəngli geyimdə olub.

Ancaq bu evliliyin ömrü 40 günlük oldu desək yanılmarıq. Nikahdan 40 gün keçmiş Barış Manço həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edir və bunu belə açıqlayır: “Bir-birimizi anlaya bilmədik. Düşünürəm ki, ayrılmağımız ikimiz üçün də daha yaxşı olacaq”.

Ayrılığın əsl səbəbi isə o zaman “Kayqısızlar” qrupu ilə çalışan Barış Mançonu gitarada müşayiət edən dostu Fikrət Kızılok ilə Mariye Klaudenin bir-birinə aşiq olması idi. Mariye hələ evli ikən Fikrət Kızılokla birlikdə olmağa başlamışdı. Bu vəziyyəti öyrənən Barış Manço da evliliyə heç bir şey demədən sakitcə nöqtə qoymuşdu.

Barış Mançonun ikinci evliliyi isə 1975-ci ildə tanış olduğu Lale Çağlar ilə olub. Cütlük 1978-ci ildə ailə həyatı qurub. Onların Doğukan və Batıkan adlı iki oğlu var.

Barış Mançonun vəfatından sonra ölümünə viaqranın səbəb olduğu ilə bağlı fikirlər yayıldı. Şayiələrə görə, Barış Manço adı eşq dedi-qodularına qarışdığı Sevil Demir ilə birlikdəykən viaqra istifadə etdiyi üçün vəfat edib. Viaqranın ürək xəstələrində ölüm riskini artırması məlumatı isə, onun ani vəfatında daha çox şübhə yaratdı. Ancaq bu söz-söhbət şayiə olaraq qalıb və sənətçinin xəstəxana qeydlərinə görə, onun ölüm səbəbi yüksək təzyiq olub.

Bu xəbərə ayrı yaşadıqları iddia olunan həyat yoldaşı Lalə Manço da münasibət bildirib: “Barış təzyiq xəstəsi idi. Viaqra qəbul edəcək qədər şüursuz insan deyildi. Barış belə bir şeyi əsla istifadə etməzdi. Bu dedi-qoduları əsla qəbul etmirəm. Ayrılacağımıza dair söz-söhbətlər yalandı. Uşaqlarım və evdə çalışanlar da şahiddir. İnsanlar bunu eşitmək istəmir, amma biz həqiqətən də xoşbəxt idik və ayrılmaq fikrimiz yox idi”.

Barış Mançonun ölümündən 6 il sonra, sənətçinin 19 il menecerliyini edən Tamer Şahin, Barış Manço ilə bağlı “Hələ yazıb çəkəcək bir neçə satira qaldı” adlı kitabını nəşr etdirib. Kitabın ön sözünü isə Barış Mançonun həyat yoldaşı Lalə Manço yazıb. Tamer Şahin kitabında Barış Mançonun viaqradan ölməyini qətiyyətlə inkar edir. Onun iddialarına görə, Mançonun ölümünə onun şəriki Sülhü Aksüt və böyük qardaşı Savaş səbəbindən yaşadığı stress olub.

Tamer Şahin bildirib ki, böyük qardaşı Savaş Manço ondan xəbərsiz pullarını öz borclarına ödəyib. Bu məlumatı öyrəndikdən sonra Barış çox stress yaşayır. Kitabda Mançonun Sülhü Aksüt ilə şərik olmaqdan da çox peşman olduğu bildirilir. Xəsisliyi ilə seçilən müğənninin şəriklik səbəbindən xeyli pulunu itirməsi də onun stress keçirməsinə səbəb olub.

O, Barış Mançonun xəsisliyi ilə bağlı da maraqlı fikirlər səsləndirib: “Barış Abi heç vaxt özü ilə pul götürməzdi. Harasa gedəndə də ödənişi yanındakılar edirdi. Bir dəfə Mersində konsert üçün getdiyimiz 5 ulduzlu otelin mağazasından aldığı çimərlik geyiminə ödədiyi pula çox heyfslənirdi. Hovuza girib çıxdı, baxdım ki, çimərlik geyiminin etiketi hələ də üzərindədir. Bunu ona deyəndə mənə cavabı bu oldu: “O qədər pul vermişəm, bir az qalsın etiket. Bir çimərlik geyiminə o qədər pul ödədim, gözlə mənə xəsis deyən hamı görsün”. 

Barış Mançonun həyatı ilə bağlı digər maraqlı xəbər isə Cem Karaca ilə qardaş olması idi. Anadolu rokunun iki nəhəng və sevimli sənətkarı Cem Karaca ilə Barış Mançonun ata bir, ana ayrı qardaş olduğu deyilirdi. Sənətçilərin qardaş olması xəbəri Almaniyada Cem Karacanı öz evində saxlayan yaxın dostu İbrahim Hızlının 2007-ci il fevralın 15-də Köln şəhərindən göndərdiyi 6 səhifəlik məktubla ortaya çıxıb. O, iddia edir ki, Cem Karacanın özündən 2 yaş böyük bir qardaşı var idi və onu bütün Türkiyə tanıyırdı. "Habertürk" qəzetinin müxbiri Cem Karacanın həyat yoldaşı İlkim Karacayla söhbətləşib və Cemin böyük qardaşının Barış Manço olduğunu bildirib. Bu sirri Cemin anası Toto Karaca da bilirmiş. Hətta Məhməd Karaca ölüm ayağında həyat yoldaşına Barış Mançonu görmək istədiyini bildirib. Amma bu son istəyi gerçəkləşdirmək mümkün olmayıb.

Ölümü 

Barış Mançonun ürəyində ilk problem 1983-cü ildə yaranmışdı. O, 1999-cu il yanvarın 31-də gecə saat 23:30-da İstanbulun Moda səmtindəki evində infarkt keçirir və xəstəxanaya aparılır. Ancaq həmin gecə aparıldığı Siyami Ersek Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında gecə saat 01:30-da vəfat etdi. 1991-ci ildə dövlət sənətçisi ünvanı alan sənətkarın cənazəsi üçün dövlət mərasim təşkil etdi. Bu mərasimi Türkiyənin bir çox kanalı canlı yayımladı. 3 fevral 1999-cu ildə Türkiyə və Qalatasaray bayraqlarına sarılı tabutu Atatürk Mədəniyyət Mərkəzinə gətirilərək vida mərasimi keçirildi. Sonra isə Ləvənt Məscidində cənazə namazı qılındı, Kanlıcadakı Mihrimah Sultan qəbiristanlığında torpağa tapşırıldı. Məzarına "Gesi Bağları" mahnısına görə, Kayserinin Gesi diyarından gətirilən torpaq da qoyuldu. Barış Mançonun ölümü ilə əlaqədar prezident Süleyman Dəmirəl başda olmaqla bir çox siyasətçilər də başsağlığı verdi.

Ölümündən sonra sənətkarın 18 il ailəsi birgə Moda küçəsində yaşadığı ev muzeyə çevrilib.

Günay MƏRYƏM
Kulis.az



İncəsənət

23.02.2018 | 21:52

Teatrımıza böyük xidmətlər göstərmiş sənətkar - Şəmsi Bədəlbəyli

23.02.2018 | 17:46“Babam və oğlum” filmi Bakıda nümayiş etdiriləcək
23.02.2018 | 15:51

Güləhmədin bəyliyi - Qan Turalı yayımdan qaldırılan filmdən yazır

22.02.2018 | 22:44

“KVN-şik”lərin bu filmi Mirzə Cəlili təhqir edir - Mirmehdi Ağaoğlu

22.02.2018 | 09:43“Brit Awards”ın sahibləri məlum oldu
21.02.2018 | 14:45Qadağan olunmuş Azərbaycan filminin təqdimatı olacaq
19.02.2018 | 19:20

Nar ağacının fəryadı - Şəhid xanəndə Şahmalı Kürdoğlunun xatirəsinə

16.02.2018 | 09:52Emin Sabitoğlu haqqında kitab nəşr olundu
15.02.2018 | 09:49

Bir də gördüm atam özünü vurdu… - Qan Turalı yazır

13.02.2018 | 20:50

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

13.02.2018 | 19:52“ƏSA” Teatrından növbəti tamaşa
12.02.2018 | 21:30Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində oynanılacaq
10.02.2018 | 19:33

Motsart haqqında 5 əfsanə - Maraqlı

09.02.2018 | 16:49Nuriyyə Əhmədova yad edildi
09.02.2018 | 12:48Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum
08.02.2018 | 17:48Bəstəkar Cavanşir Quliyevin kitabı çap olundu
08.02.2018 | 15:26Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət
07.02.2018 | 10:43

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - Fotolar

06.02.2018 | 09:54Qara Qarayevin 100 illiyi qeyd edildi
05.02.2018 | 20:47Qara Qarayev 100 yaşında
05.02.2018 | 09:53ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başladı
04.02.2018 | 19:54

Evlilik haqqında ən yaxşı 10 film - Siyahı

01.02.2018 | 17:25

Barış Manço əfsanəsi - Araşdırma

01.02.2018 | 14:57Azərbaycanlı rəssam BMT-nin xüsusi mükafatına layiq görüldü
31.01.2018 | 19:47

Qiraət müsabiqəsi elan edildi - “Nəsimi poeziyası”

30.01.2018 | 22:51

Çaplinin heyranı olan rus rejissor - Fotolar

29.01.2018 | 21:55

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

29.01.2018 | 18:57Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
28.01.2018 | 17:46

2017-ci ilin ən çox bəyənilən 22 film replikası - Fotolar

27.01.2018 | 17:53

Səhnədə Cənnət yaradanda... - Şahanə Müşfiq