380x80 400x80

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

Müsahibə

01.02.2018 | 09:49 Oxunub: 56


- Timuçin müəllim, heç kəsə sirr deyil ki, uzun zaman ərzində rektorluq etdiyiniz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (əvvəllər Azərbaycan Dövlət İncəsənət İnstitutu) III kateqoriyalı kiçik bir ali təhsil müəssisəsindən böyük bir universitetə çevirdiniz. Söhbətimizi bundan başlamaq istəyərdim: bunu necə bacardınız?

- Bu suala bir qədər geniş cavab verməli olacam. Mən rektor təyin olunanda respublikamızda cəmi 17 ali təhsil müəssisəsi var idi və rektorlar arasında ən gənci mən idim. Doğru qeyd etdiniz ki, Azərbaycan Dövlət İncəsənət İnstitutu III kateqoriyalı (sovet dövründə ali təhsil müəssisələri kateqoriyalara bölünürdü), 4-5 ixtisası olan kiçik bir ali təhsil ocağı idi. Çox acınacaqlı maddi-texniki bazası, müəllim heyətində cəmi bir elmlər doktoru, 4-5 elmlər namizədi var idi.

Qısa müddət ərzində İnstitutun fəaliyyətinə ölkənin görkəmli sənət xadimləri və alimləri cəlb olundu, respublikada böyük ehtiyac duyulan bir sıra yeni ixtisaslar (kino, televiziya rejissoru və operatoru, dizayn, teatr dekoru və digər rəssamlıq ixtisasları, estrada rejissoru, xoreoqrafiya sənəti, ədəbi iş və ekran dramaturgiyası, kinoşünaslıq, aşıq sənəti, həmçinin özündə bir çox ixtisasları əhatə edən musiqi fakültəsi) açılmasına nail olduq. Müstəqilliyimiz dövründə bu ixtisasların bir çoxunun nə qədər böyük əhəmiyyəti olduğu öz təsdiqini tapdı. Artıq respublikamızın özündə istər kino, istər xoreoqrafiya sənəti, istərsə də digər sahələr üzrə yüksək ixtisaslı yerli kadrların hazırlanması başlandı (bu dövrə kimi qeyd olunan ixtisaslar üzrə kadrlar Rusiyada, Ukraynada hazırlanırdı).

Həmçinin ali məktəbin elmi potensialı qüvvətləndirildi, 30-dan artıq professor, elmlər doktoru, 80-nə yaxın dosent, elmlər namizədi institutun fəaliyyətinə cəlb olundu. Bir çox istisaslar üzrə müdafiə şuralarının fəaliyyəti Ali Attestasiya Komissiyası tərəfindən təsdiqləndi. İki elmi-nəzəri jurnal çap edilməyə başlandı, onlarla dərs vəsaitləri, monoqrafiyalar və s. nəşr olundu. Ulu Öndərimizin qayğısı nəticəsində hal-hazırda istifadədə olan möhtəşəm bina institutun istifadəsinə verildi. Əlamətdar haldır ki, Bakı Dövlət Universitetindən sonra respublikada universitet adı məhz İncəsənət İnstitutuna verilərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adlandırıldı. Təsadüfi deyil ki, Universitetin 90 illik yubileyində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fərmanı ilə universitetin 30-a yaxın əməkdaşı yüksək fəxri adlara və dövlət mükafatlarına layiq görüldülər.

- Hazırda həmin universitet ilə əlaqəniz necədir?

- Kollektiv mənim doğma kollektivimdir, 40 il orada çalışmışam. Əlbəttə, əlaqəm var, bayramlarda zəng edib təbrik edirlər. Hal-hazırda rektoru olduğum Akademiyaya gəlib gedirlər. Universitetin hazırkı rektoru Fərəh xanımla münasibətimiz çox yaxşıdır, gözəl ziyalı ailənin nümayəndəsidir.

- Universitet xatirələrindən ən yadda qalanı hansıdır?

- Xatirələrim çoxdur, ələlxüsus, Rza Təhmasib, Mehdi Məmmədov, Mikayıl Abdullayev, Həsənağa Turabov, Tofiq İsmayılov, Lətif Kərimov, Böyükağa Mirzəzadə və bir çox başqa görkəmli adamlarla xatirələrimi yazıram, bəzilərini artıq çap etdirmişəm. Lakin ən çox yadımda qalan anı, əlbəttə ki, qeyd etmək istəyərdim. Sabiq təhsil naziri Mikayıl Cabbarov Universitetə yeni rektoru təqdim edib mənə də təşəkkür bildirdikdən sonra, mən kollektivdən ayrılıb gedərkən bütün kollektiv universitetin qarşısında olan yeraltı keçidə kimi məni ötürdülər və bir çox qadın müəllimələr isə kövrəldilər. Bu, mənim xatirəmdən heç vaxt silinməyəcək.

- 30 ildən çoxdur ki, ali təhsil müəssisələrinin rektoru kimi fəaliyyət göstərirsiniz. Sizcə, rektor olmaq üçün əsas şərtlər nədir?

- Bilirsinizmi, əsl rektor olmaq çətin və çətin olduğu qədər də şərəflidir. Əsas şərtlər isə yüksək təşkilatçılıq bacarığı, dərin savadın və intellektual səviyyənin olması, insanlarla (xüsusilə də sənət adamları ilə) dil tapmaq bacarığının olması və sadəlikdir.

- Timuçin müəllim, Sizi eyni zamanda romantizmə aid, Hüseyn Cavid, Cəfər Cabbarlı, incəsənətin inkişaf mərhələləri haqqında fundamental elmi-tədqiqat işlərinin müəllifi kimi tanıyırıq. Bakı Xoreoqrafiya Akademiyasına rektorluq elmi fəaliyyətinizə mane olmur ki?

- (gülümsəyir) Əlbəttə ki, bir qədər mane olur, amma yazı-pozuya vaxt tapıram. Hazırda "Teatr və müasirlik" mövzusunda elmi əsərin üzərində işləyir, həmçinin, müəyyən xatirələrimi nəzərdən keçirir, rəhbəri olduğum doktorantlara məsləhətlər verirəm. Artıq iyirmidən çox aspirant və dissertantım uğurla müdafiə edərək elmi dərəcələr alıblar.

- Bakı Xoreoqrafiya Akademiyasının yeni ali təhsil müəssisəsi kimi 3 il ərzində nə kimi nailiyyətləri var?

- Bildiyiniz kimi Bakı Xoreoqrafiya Akademiyası (Təhsil kompleksi) Respublika Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə yaradılmış və həmin il də möhtərəm Prezidentimizin Sərəncamı ilə akademiyaya rektoru təyin olunmuşam. Burada işləri sıfırdan başlamışam. Akademiyanın maddi-texniki bazası yeniləndi, peşəkar professor-müəllim heyəti akademiyanın fəaliyyətinə cəlb olundu. Akademiyada ali təhsil pilləsinin bütün səviyyələri (bakalavriatura, magistratura, doktorantura) ilə yanaşı həm tam orta məktəb, həm kollec fəaliyyət göstərir ki, bu da onun unikallığına dəlalət edir. Akademiyanın təsis etdiyi "Sənət Akademiyası" elmi-nəzəri jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına əlavə olunub.

Fəaliyyət dövrü ərzində Akademiya "Xoreoqrafiya sənətinin aktual problemləri" mövzusunda respublika elmi-praktik, "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda respublika elmi-nəzəri, "Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət" mövzusunda respublika elmi-praktiki, "Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu" mövzusunda elmi konfranslar keçirib.     

Bakı Xoreoqrafiya Akademiyası qarşısında duran ümdə vəzifələrdən biri də xoreoqrafiya sənəti ilə yanaşı, xoreoqrafiya təhsilinin bütün istiqamətləri üzrə məqsədyönlü fəaliyyət göstərmək, ardıcıl tədbirlər, layihələr həyata keçirmək və bütün bu fəaliyyətlərin əsasını təşkil edən dərs vəsaitləri, tədris proqramları və dərsliklərin tərtib olunub nəşr etdirilməsidir ki, bu sahədə artıq önəmli tədbirlər görülmüş, yalnız xoreoqrafiya sənəti deyil, instrumental ifa, səhnəqrafiya tarixi və digər sahələr üzrə də dərs vəsaitləri, fənn proqramları, monoqrafiyalar nəşr olunub.

Akademiyanın üç ilik fəaliyyəti dövründə xoreoqrafiya sənəti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün 10-dan artıq peşəkar mütəxəssilərin ustad dərsləri təşkil olunub. Onların arasında Rusiya Federasiyasının xalq artistləri Vladimir Vasilyevin, Nikolay Tsiskaridzenin, əməkdar artistlər Sergey Moxnaç, Vitaliy Axundovun və digərlərin səfərini xüsusilə qeyd etmək istəyərdim. Akademiyanın tələbələrinin gücü ilə Tofiq Bakıxanovun "Şərq poeması", Çaykovskinin "Şelkunçik", Qara  Qarayevin "Yeddi gözəl" baletləri, eyni zamanda, milli rəqs tədris tamaşaları ölkənin qabaqcıl səhnələrində tamaşaya qoyulub. Ötən ilin dekabr ayında akademiyanın instrumental ifaçılıq ixtisası üzrə təhsil alan magistr tələbələri Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə klassik fortepiano konsertləri ilə çıxış ediblər. Hal-hazırda Minkusun "Don Kixot" baletinin və Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının musiqisi əsasında rəqs tamaşanın səhnələşdirilməsi sahəsində işlər görülür. 

Akademiyanın tələbələri böyük uğurla beynəlxalq müsabiqə və festivallarda iştirak edir, birinci dərəcəli laureat və diplomant adlarını qazanırlar.

Əlbəttə ki, yalnız akademiyanın deyil, mən deyərdim ki, Azərbaycan incəsənət tarixinin ən əlamətdar hadisələrindən biri isə ilk dəfə olaraq Qəmər Almaszadə adına I Beynəlxalq rəqs müsabiqəsinin akademiya tərəfindən təsis olunmasıdır. İlk müsabiqədə ABŞ, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Litva kimi 10-dan artıq ölkənin nümayəndələri iştirak edib. Böyük müvəffəqiyyətlə keçən müsabiqənin hər iki ildən bir keçirilməsi qərar alınıb. 

Bu, akademiyanın uğurlarının bir  hissəsidir, lakin biz bu uğurlarla kifayətlənmirik. Fəaliyyətimiz yüksələn xətt üzrə davam etməkdədir və artıq bu ilin iyun ayının 25-27-də Bakı şəhərində Qəmər Almaszadə adına II Beynəlxalq rəqs müsabiqəsinin keçirilməsinə hazırlaşırıq. Qarşıda daha böyük layihələr, daha böyük işlər var.

- Akademiyanın beynəlxalq əlaqələri hansı səviyyədədir?

- Bakı Xoreoqrafiya Akademiyası xarici ölkələrin təhsil, elm və mədəniyyət müəssisələri ilə, habelə Beynəlxalq təşkilatlarla, səfirliklər və diplomatik nümayəndəliklərlə birbaşa əlaqələrin yaradılması, inkişaf etdirilməsi və həyata keçirilməsi sahəsində geniş işlər aparır. Beynəlxalq əməkdaşlıq yolu ilə professional təhsilin nəzəri və praktiki keyfiyyətinin yüksəldilməsi, pedaqoji təcrübənin və tədqiqat işlərinin aparılması, ustad dərslərin, müəllim, tələbə və mütəxəssis mübadiləsinin həyata keçirilməsi məqsədi ilə Moskva Dövlət Xoreoqrafiya Akademiyası, A.Y.Vaqanova adına "Rus baleti" Akademiyası, Moskva Dövlət Mədəniyyət Universiteti, Pekin Rəqs Akademiyası, Qazaxstan Milli Xoreoqrafiya Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, T.Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası və digər təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanıb. Akademiya Avropa İncəsənət İnstitutları Liqasının (ELİA) üzvü seçilib.

Ali təhsil müəssisələri arasında əlverişli və səmərəli əməkdaşlığın qurulması və həyata keçirilməsi, yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırılması, gələcək planlar haqqında fikir mübadiləsi aparmaq məqsədi ilə 2016-cı ildə Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin dəvəti ilə Minsk şəhərinə rəsmi səfər etmiş, universitetin Elmi Şurası, professor-müəllim heyəti və kollektivi ilə yaxından tanış olmuşam. Eyni zamanda, 2017-ci ilin noyabrında mədəniyyət və incəsənət xadimlərinin bir araya gəldiyi geniş diskussiya, fikir və təcrübə mübadiləsi meydanlarından biri olan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişəm.

Bir müddət öncə Yaponiyanın Tokio Balet Akademiyasının Beynəlxalq əlaqələr departamentinin müdiri, balet artisti və xoreoqraf Andrey Orlov, A.Y.Vaqanova adına "Rus baleti" Akademiyasının rektoru, Rusiya Federasiyasının Xalq artisti Nikolay Tsiskaridze Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldular. Səfər zamanı cənab N.Tsiskaridzeyə Elmi Şuranın qərarı ilə Bakı Xoreoqrafiya Akademiyasının fəxri professoru adı verildi.

- Atanız, böyük yazıçı və dramaturq idi. Yəqin ki, evinizə tez-tez görkəmli yazıçılar və yaradıcı şəxslər yığışardı. Bu zaman nə kimi söhbətlər olurdu?

- Mən Bakının Hüsü Hacıyev küçəsindəki məşhur "Yazıçılar evi"ndə böyümüşəm. Hər gün təmasda olduğumuz görkəmli şair və yazıçılardan Bəxtiyar Vahabzadə, Qabil, İsa Muğanna, Əhməd Cəmil, Hüseyn Abbaszadə, Əliağa Kürçaylı və başqaları haqqında olan xatirələri saatlarla danışmaq olar. Əlbəttə, evimizdə yalnız yazıçılar yox, həmçinin atamın dostları olan görkəmli bəstəkarlarımız Soltan Hacıbəyov, Səid Rüstəmov, rejissorlar Tofiq Kazımov, Mərahim Fərzəlibəyov, alimlər Cəfər Cəfərov, Məmməd Cəfər, Kamal Talıbzadə, riyaziyyatçı alim Əmir Həbibzadə, rəssamlar Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və digərləri qonağımız olardı. Təbii ki, söhbət ədəbiyyatdan, teatrdan, ümumilikdə mədəniyyət və incəsənətdən olardı. Bəzən mübahisələr də olurdu. Mənim bir insan, bir ziyalı və alim kimi formalaşmağımda bu söhbətlərin və atamın kitabxanasının böyük rolu olub.

- İlyas Əfəndiyev haqqında az adamın bildiyi başqa nə söyləyə bilərsiniz?

- İlyas Əfəndiyev böyük yazıçı və dramaturq olmaqla yanaşı əvəzolunmaz bir ata idi. Mən və qardaşım Elçin uşaq olarkən anamız dünyasını dəyişmişdi, atam onun da əvəzindən bizi böyük qayğı ilə əhatə etmişdi. Atam çox savadlı və alicənab insan, dünya ədəbiyyatının gözəl bilicisi, bir sözlə, ədəbiyyat, teatrla yaşayan insan idi. Əlindən ancaq xeyirxahlıq və yaxşılıq gəlirdi. Yaltaqlıqdan, ikiüzlülükdən zəhləsi gedirdi. İnsanlara inanardı. Kimsə yalan desə belə, özünün məşhur "yox əşi" sözünü söyləyərdi. Qara rəngi, ümumiyyətlə, iniltili, pessimist söhbətləri sevməzdi. Gözəl hafizəsi var idi, keçmişdə olmuş maraqlı hadisələri tez-tez danışardı. Özü də olduqca sadə insan idi.

- Ta uşaqlıqdan ədəbi mühitin, söz adamlarının içərisində böyümüsünüz. İndiki ədəbi mühitlə o dövrki ədəbi mühiti müqayisə etdikdə hansı mənzərə ortaya çıxır? 

- Müqayisəyə gəlməyən şeyi necə müqayisə etmək olar? Ədəbi mühitin birinci göstəricisi böyük istedad sahibi olan yazıçılar, şairlər, tənqidçilər, ədəbiyyatşünasların ümumi bir amala, ədəbiyyata xidməti deməkdir. Təəssüflə deyim ki, belə amala xidmət edən böyük istedad sahiblərimizi indi barmaqla saymaq olar. Müəyyən cılızlaşma prosesi nəzərə çarpır.

- Xaraktercə çox sərt insan təsiri bağışlayırsınız.

- Sizə elə gəlir. Mən bütün məsələlərin həllində ziyalılığımı, humanistliyimi qorumağa çalışıram. Lakin bəzən sərtlik də ola bilər.

- Timuçin müəllim, sizcə, dünya yaxşıya doğru gedir, yoxsa əksinə?

- Dünyanın hara getdiyini demək çətindir. Lakin ekoloji problemlər get-gedə kəskinləşir. Texniki tərəqqinin fantastik şəkildə inkişafı sanki təbiətlə cəmiyyət arasında gözə görünməyən qarşıdurma təsiri bağışlayır. Və bunun axırının nə ilə bitəcəyini zaman göstərəcək. Hər halda pessimist olmaq lazım deyil.

- Bu müsahibəni Sizin tələbələriniz də oxuyacaq. Onlara məsləhətiniz nə olardı?

- Tək onlara deyil, bütün gənclərə məsləhətim budur ki, milli mənsubiyyətləri ilə fəxr etsinlər, Vətəni sevsinlər və onu ləyaqətlə təmsil etsinlər. Bütün bunlar üçün isə mükəmməl savad, seçdikləri ixtisası dərindən öyrənmək, millətinin tarixini, tarixi şəxsiyyətləri düzgün qiymətləndirmək bacarığına yiyələnməli, milli adət-ənənələri qorumalıdırlar.   

Şahanə MÜŞFİQ

"525-ci qəzet"



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk