380x80 400x80

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

"Qadına yaxın" rubrikası

İncəsənət

29.01.2018 | 21:55 Oxunub: 89


Parafraz Nuranə Abbasovanın təqdimatında "Qadına yaxın" rubrikasını təqdim edir.

Hər həftənin ilk günü dünya tarixində iz qoymuş bir qadının həyat hekayəsi ilə tanış olacaq, özünüzü ona az da olsa, yaxın hiss edəcəksiniz.

Bugünkü araşdırmada yazıçı və psixoanalist Lu Salomeyə yaxın olmağa çalışacağıq.


Nitsşe, Rilke, Freyd... Lu Salomeyə kim aşiq olmamışdı ki? Onu gözəl adlandırmaq olmazdı, ancaq tez-tez sevgi təklifləri alırdı. Hər dəfə də bu təklifləri rədd edirdi. Xristian nikahı ona görə axmaqlıq idi. Dahilər bu qadında nə tapmışdılar? 

Peterburqdan Romaya 

Luiza Andreas Salome əslən rusdur. 1861-ci ildə Sankt-Peterburqda almanəsilli Qustav fon Salomenin ailəsində anadan olub. Özünü rus hesab edir? Lyolya adlandırırdı. İlk sevgilisi, Peterburqda mühazirə oxuyan holland pastoru Qiyo adını “Lu” deyə qısaldır. Sonradan Luiza məhz bu adla məşhurlaşır. Qiyonun təhriki ilə Lyolya ciddi şəkildə fəlsəfə, dinin tarixi, dillərlə maraqlanmağa başlayır. Qiyoya Tanrı kimi sitayiş edirdi. 1879-cu ildə pastor Luya evlilik təklifi edir. Lu bu münasibətin ola biləcəyi fikrinə görə çox təəccüblənmişdi – çünki bu, özlüyündə mənəvi böhran demək idi. Yaxın 10 il ərzində isə seksual yaxınlıq haqqında, ümumiyyətlə, düşünmürdü. 

Qiyonun bu tələsik addımı uzun müddət Lu ilə mənəvi yaxınlıqdan məmnun, qadın bədəninin ümidsiz soyuqluğundan heyran qalmış kişilərin əzab çəkməsinə səbəb olacaqdı. 

Related image

Lyolya fon Salome Rusiyada 20 il yaşayıb – burada xarakteri formalaşıb. Qarşıda onu Avropada böyük şan-şöhrət, vətənində isə tanınmamaq gözləyirdi. Lu 1880-ci ildə anasının ölümündən sonra (atası 1878-ci ildə dünyasını dəyişmişdi) İsveçrəyə gedir, fəlsəfə üzrə universitet mühazirələrini dinləyir. 

Bir qədər sonra səhhətində yaranan problem səbəbindən İtaliyanın paytaxtı Romaya yola düşür. Burada azad qadınlar üçün nəzərdə tutulmuş kurslara gedirdi. Lu, ümumiyyətlə, asi qadınlara pərəstiş edirdi. Misal üçün, terrorçu Vera Zasuliçin portretini ömrünün sonuna kimi özündə saxlayıb. Ancaq Lyolya hələlik inqilabçı, yaxud feminist olmağa can atmırdı. 

Lu Romada Qaribaldi, Vaqner, Nitsşe kimi tanınmışların rəfiqəsi, Hertsenin qızlarının tərbiyəçisi Malvida fon Mayzenburqun əhatəsinə düşür. Lunun müəllimlərindən biri də fon Mayzenburqla yaxın idi. Bu, Nitsşenin yaxın dostu Paul Reyö idi. 32 yaşlı Reyö Luizanı sevir, evlilik təklifinə hazırlaşırdı. Lakin Lu bu təklifə də etiraz edir. Reyöyə təhsilini davam etdirmək istəyən hər iki cinsin nümayəndələrinin yaşaya biləcəyi ümumi yaşayış evlərinin yaradılması ideyasını əsas tutan layihələr işləməyi təklif edir. Elə bir ev olsun ki, hər kəsin ayrıca otağı, ümumi qonaq otağı orada yerləşsin. Reyö bu təkliflərdən razı qalsa da, fikri Lu ilə evlənmək idi. Lu isə etiraz edərək dost qalmaq istədiyini bildirir. Birlikdə səyahətə çıxır, Parisi, Berlini gəzirlər. 

Nitsşe ilə münasibət

1882-ci ildə Reyö Salomeni hələ o vaxtlar filosof kimi tanınmayan dostu Nitsşe ilə tanış edir. Salomenin intellekti, gözəlliyi qarşısında məftun olan Nitsşe deyirdi ki, heç vaxt onun kimi ağıllı qadınla rastlaşmayıb. Nitsşe Luya ona ərə gəlməyi təklif edir. Ancaq Lu bu dəfə də təklifi qəbul etmir, Nitsşeni onunla və Paulla birlikdə yaşamağa dəvət edir. 

Beləliklə, intellektual söhbətlər aparıb, yazılar yazan, səyahətlərə çıxan dostluq “üçlüy”ü yaranır. Nitsşe hər dəfə bu səyahətlərdə Lunun əlini tutmağı xahiş etsə də, rədd cavabı alırdı. Bu üçlük arasındakı seksual münasibətlər haqqında suallar isə birmənalı deyildi. Məsələn, bu vaxtlar 21 yaşlı Salome Reyö və Nitsşe ilə birlikdə arabaya qoşulmuş iki atı qamçılayan qadın fonunda şəkil çəkdirirdi. 

Nitsşe onun haqqında yazırdı: “20 yaşı olsa da, qartal kimi sürətli, şir kimi güclüdür, bununla belə qadınsayağı uşaqlığı var. Son dərəcə valehedici, düşüncə tərzimə uyğun qadındır. Bundan başqa, çox çətin xarakteri var: dəqiq bilir ki, nə istəyir – heç kimdən məsləhət almır, ictimai düşüncəyə əhəmiyyət vermir”. 

Nitsşe özü Paulla birlikdə dahi rus tərəfindən “sürüldükləri” həmin fotonun müəllifi idi. Nitsşe qısqanclıqdan dəli olurdu. Lunu həm “xeyirxah dahi”, həm də “şərin düz özü” adlandıraraq ona qarşı hörmətlə nifrət arasında tərəddüd edirdi. Bir çox bioqraflar iddia edir ki, onun Zərdüştünün prototipi məhz Lu Salome olub.

Image result for lou andreas salomé y nietzsche

Lu Salome Nitsşedən ayrıldıqdan sonra yoluna davam etdi. Əsasən, Avropanın məşhur filosofları, şərqşünasları, təbiətşünasları cəmləşən intellektual dairələrdə tez-tez görünürdü. Özünə təlqin edirdi ki, onu ötən yüzilliyin işgüzar, ayıq ruhu qıcıqlandırır, Kant və Hegelin idealizm fəlsəfəsindən ötrü açıq-aydın darıxırdı. 1894-cü ildə Lu Salome “Fridrix Nitsşe öz əsərlərində” adlı ciddi əsərini ortaya qoyur.

İnanmaq çətin idi ki, bu kitabı hansısa qadın yaza bilər – hər şey o qədər, aydın, obyektiv yazılmışdı ki... Bu kitabın çapından sonra hər kəs Salomeyə ciddi yanaşaraq birə-beş hörmət etməyə başladı. Tezliklə təkcə fəlsəfi yazılarını deyil, bədii nəsrini də Avropanın prestijli jurnalları çap etməyə başladı. “Ruf”, “Feniçka”, “İnsanlığın uşaqları”, “Keçid yaş dövrü”  hekayələr kitabları, “Ma” romanı işıq üzü gördü. Georq Brandes, Albreht Zyörqel və ya Pol Burje kimi moda tənqidçiləri istedadını müzakirə etməyə başladılar. 

Ailə qurması 


1886-cı ildə Salome Şərq dilləri (türk və fars) ilə məşğul olan Fridrix Karl Andreasla tanış olur. Fridrix Karl ondan 15 yaş böyük idi, Lu ilə ailə qurmağı çox istəyirdi. Hətta niyyətinin ciddi olduğunu göstərmək üçün Lunun gözləri qarşısında intihara cəhd edərək bıçağı sinəsinə soxmuşdu. 

Image result for lou andreas salomé freud

Uzun müddət fikirləşdikdən sonra Lu Fridrixə ərə getməyə razılıq verir: ancaq bircə şərtlə: heç vaxt seksual əlaqədə olmayacaqlar. Bioqraflar, onların gündəliklərini, şəxsi yazışmalarını araşdıran alimlər təsdiq ediblər ki, 43 il ərzində həqiqətən Lu ilə ərinin arasında heç bir cinsi yaxınlıq olmayıb. Bununla belə, həm Fridrixin, həm də Lunun gənc sevgililəri olub. Hətta qulluqçu qadın Luizanın ərindən uşaq da dünyaya gətirib. 1901-ci ildə Paul Reyö dağlarda həlak olur. Lakin Paulun ölümünə şahidlər olmadığına görə, intihar etdiyi, yaxud bədbəxt hadisə nəticəsində öldüyü bilinmir. 

Lu yazıçılıqla da məşğul olur, romanlarında feminizm ideyalarını dəstəkləyir, qadınların da kişilər kimi həyat yollarını seçməyə məcbur edilməməli olduqlarını müdafiə edirdi. Seks və sevgini ayrırırdı: birincini mütləq şəkildə ikinci ilə əlaqəli hesab edirdi. Nəhayət, bir gün Lu özü bunu praktikasında istifadə etməli olur. 

Lunun açıq-aşkar eşq yaşadığı ilk məşuqu 1892-ci ildə tanış olduğu, Almaniyada sosial-demokrat partiyasının, marksist “Forvarts” qəzetinin banilərindən biri, reyxstaqın gələcək üzvü Georq Ledebur olur. Marksist ideyaları Georqa gözəl, ehtiraslı qadınları sevməyə mane olmurdu. Lunun sirrini üzə çıxarmışdı: “Siz qadın yox, hələ də qız uşağısınız”. Lunun cavab verməsinə imkan verməyərək onu özünə tərəf çəkir və öpür. Bununla da Lu kimi alınmaz qala fəth edilmiş olur. Lakin Ledebur da Lunu onunla evlənməyə məcbur edirdi. Bunu eşidən Andreas növbəti dəfə bıçaqla özünə xəsarət yetirir. Ancaq qalmaqallardan, ərindən (tez-tez özünə qəsd etməyə çalışırdı), sevgilisindən bezən Lu 1894-cü ildə onların hər ikisini tərk edib, Parisə yollanır. Orada yazıçı Frank Vedekindlə sevgili olur. Bütün sevgi münasibətlərinə baxmayaraq Lu heç vaxt boşanmaq haqqında düşünmür, üstəlik, kişiləri birinci özü tərk edirdi.  

Rilke ilə münasibət 

Image result for rilke lou andreas salome

Lu Salome həm moda salonlarında, həm elmi kafedralarda tez-tez görünməyə başlayır. İldən-ilə Lunun cavanlaşdığını görənlər onu “cadugər Lulu”ya bənzədirdilər. 1897-ci ildə 36 yaşlı Salome yaradıcılığa yeni başlayan 21 yaşlı şair Rilke ilə tanış olur. 2 dəfə (1899, 1900) Rilkeni Rusiyaya səyahətə aparır, ona rus dilini öyrədir, Dostoyevski ilə Tolstoyun psixologizmi ilə tanış edir. Rilke ilə tanış olarkən Lu yazırdı: “Yalnız indi özümü 18 yaşlı gənc qız kimi hiss edirəm”. Rilkenin sevgisini “bülbül sevgisi” adlandırırdı. Digər şairlər kimi o da Lunun fikirləri, emosiyaları ilə az maraqlanır, əslində onu yox, ona olan hisslərini sevirdi. Rilke Lunun digər sevgililəri kimi onunla, Andreasla birlikdə onların evində yaşayırdı. Rilke Luya şeirlər həsr edir, onun təsirilə “qadınsayağı” Rene adını daha sərt səslənən “Rayner”ə dəyişir. Rilke hətta xəttini də Lunun maneralarına uyğun dəyişdirir. Lunu kaprizləri, qısqanclıqları ilə bezdirirdi. 4 il sonra Lu şairi tərk edir. Rilke də Salomenin digər sevgililəri kimi ərindən boşanmasını arzulayırdı, ancaq bu dəfə də alınmır. “Bu qadın olmadan heç vaxt həyat yolumu tapa bilmərəm” – Rilke deyirdi. Bütün həyatları boyunca dost olaraq qaldılar. 1926-cı ildə Rilkenin ölümünədək sevgililər məktublaşırdılar. 

Lu həmin dövrdə məşhur həkim Fridrix Pinelslə eşqə başlayır. Hətta ondan uşağa qalır. Ancaq elə bunu öyrənən kimi həkimi rəssam Klar Vesthofa dəyişir. Analıq sevincini yaşaya bilmir, körpəsini itirir. Bundan sonra da Lu tez-tez həyatındakı kişiləri dəyişməyə başladı. Onun “Don Juan” siyahısına kimlər daxil deyildi ki  - yazıçılar Şnitsler, Qauptman, Quqo fon Qofmanstl, filosof Ebbinqhauz, rejissor Maks Reynhardt...

1910-cu ildə Lu “Erotika” adlı kitabını nəşr etdirir. O yazırdı: “Sevgi bir-birinə xəstəcəsinə adaptasiya olaraq sürtünməkdən başqa şey deyil. Ancaq iki adamın hissləri getdikcə daha da böyüdükcə, dərinləşdikcə bu sürtünmə pis nəticələrə gətirib çıxarır: bir nəfər sevən insan bunu digərinə aşılayır, onun da yoluxmasına səbəb olur, busa xüsusi zəngin dünyaya dərin köklər salaraq başqalarına təsir göstərir. Sevgi tərəflərdən biri digərinə zorla, iradəsiz “calaq edilərsə” məhv olur. O zaman qarşısındakına verməyə nəsə çatışmır”. “Erotika” Avropada beş dəfə təkrar nəşr olunub. 

Freydlə münasibət 

Image result for lu salome qiyo

Lu Salome psixoanalizlə maraqlanır, özü də onu təcrübədən keçirərək bir neçə xəstə ilə işləyirdi. 1911-ci ildə Lu Veymarda Beynəlxalq Psixoanalitik Konqressdə iştirak edir. Orada Ziqmund Freydlə tanış olur. Həmin vaxt Lu artıq 50 yaşında idi. Lu ilə Freyd dostlaşmağa başlayır. Freyd Lunu “öz yaxın çevrəsinə” buraxır, dostları ilə tanış edir, qarşılığında Ludan heç nə tələb etmirdi. Freyd Luya onun digər kişilərdə xəyal qırıqlığına uğradığı “şəxsi mülkiyyəti” kimi baxmırdı. Freyd hətta onu öz məşhur “Freyd taxtı”nda uzadaraq şüuraltında gizlənən sirləri öyrənməkdən belə, imtina edir. Lu artıq onunla seminarlara qatılır, məqalələr yazır, Freydin əhatəsində “psixoanalizmin anası” kimi tanınırdı. “Qoy belə olsun – heç olmasa, nəyinsə anası olum” – Lu deyirdi. Luda analıq hissləri baş qaldırmağa başlamışdı. Yenidən ana olmaq istəməsə də, uşaqlarla məşğul olur, Freydin qızı Anna Freydlə birlikdə 1914-cü ildə uşaq psixologiyasına aid kitab yazır. 1914-cü ildən elmi əsərlər (139 elmi məqalə yazıb) buraxaraq xəstələrlə işləməyə başlayır. 

Lu gənc aşiqləri ilə eşq yaşamağa davam edirdi. Xorvatiyalı tələbə Viktor Tausk Lunu o qədər çox sevirdi ki, ondan ayrıldıqdan sonra özünü öldürmüşdü. Viktorun ölümündən sonra Lu işinə daha bərk sarılır, həyat yoldaşıyla Qöttinqendə məskunlaşaraq psixoterapevtik mərkəz açır. Gündə 10 saat klinikada xəstələri qəbul edirdi. 

Nasistlər 

Lu bütün həyatı boyu siyasətdən uzaq durmağa çalışsa da, 1933-cü ildə Hitlerin hakimiyyətə gəlişindən sonra ətrafda baş verənlərə biganə qala bilmirdi: alman şəhərlərində gənc nasistlərin peyda olması, mitinqlər, “Hayl Hitler!” qışqırıqları, ari irqinin üstünlüyü haqda çıxışlar, antisemitizmin artan gücü...

Bir gün Qertrud Boymer adlı tanışı tövşüyərək Lu Salomenin yanına qaçır və deyir: “Bu qaralar (nasistləri nəzərdə tutur – red.) psixiatriya xəstəxanalarını gəzib, bütün şizofrenləri yenidən siyahya alırlar, onların hamısını öldürəcəklər”.  Salome buna inanmır, Qöttinqen klinikasının baş həkimindən soruşur. Həkim deyilənləri təsdiqləyir – həkimlər qorxu və risk hissilə nasistlərdən xəstələrin məlumatlarını gizlətməyə çalışırlar. Üçüncü reyxin gələcək əsgərlərini yetişdirməyi qarşısına məqsəd qoyan Hitler açıq-aydın deyirdi: “Mənim ağır pedaqogikam var – zəiflər məhv olmalıdır!” Tezliklə bu, rejimin rəsmi siyasətinə çevrilir: bütün şizofrenlər fiziki olaraq məhv edilməlidir. 

Related image

Psixoanalizmə də hücum başladı. Almaniyada Freydin kitabları yandırıldı, ona, dostlarına, ümumiyyətlə, psixoanalitiklərə qarşı təhlükə yarandı. Artıq 60 yaşı olan Lu Salomeyə dostları nə qədər ki, gec deyil, ölkədən getməyi məsləhət görürlər. Tezliklə daha bir həyəcanlı xəbər gəldi: Nitsşenin bacısı, nasist Fersterlə ailə quran Elizabet Ferster-Nitsşe Lu Salome haqqında danos yazır ki, o, “fin yəhudisidir”, ikincisi isə guya hakimiyyətə faşizmin mənəvi atası kimi təqdim etməyə çalışdığı qardaşının mirasını ələ keçirib. Elizabetlə Lu Salomenin bir-birinə olan nifrəti bu illər ərzində azalmayıbmış. 

Ancaq Andreas-Salome heç nədən qorxmur – Almaniyanı tərk etmək təklifini qəbul eləmir. “Bura mənim ölkəmdir. Qoy bu ölkəni quldurları ilə birlikdə bu axmaq fürer (Hitler – red.) tərk etsin” deyirdi. 

Lu 70 yaşı olanda da həyata marağını itirməmişdi. Hətta həmin vaxt gənc naşir Ernst Prayffer kimi pərəstişkarı peyda olmuşdu. “Hələ hər şeylə maraqlanıram – o deyirdi, - axı, həyatın möcüzəvi çənbərindən hələ çox şey öyrənmək olar, həm də bəzən səmadan sürprizlər gələ bilər”. 

Lu 1937-ci il fevralın 5-də 76 yaşında dünyasını dəyişib. Ölümündən iki il əvvəl Luda şiş aşkarlanmış, əməliyyat olunmuşdu. Dəhşətli ağrılarını gizlicə yaşayırdı, hər zaman yanında olan Pfayfferə zəifliyini göstərmək istəmirdi. “Həyat nə qədər ağrı və acı yaşatmayıb ki, - ölümündən qabaq Lu yazırdı, - əvvəl-axır o ağrıları qəbul etməliyik. Günəş və Ay, gecə və gündüz, qaranlıq və işıq, sevgi və ölüm – insan hər zaman bunların arasındadır. Kim əzab çəkməkdən qorxursa, həmin adam xoşbəxt olmaqdan da qorxur”. 

Bu Lyolya Salomenin bütün həyatı boyunca özünə öyrətdiyi qaydaları idi. Bunu ona aşiq olan kişilərə də öyrətməyə cəhd edirdi... 



İncəsənət

23.02.2018 | 15:51

Güləhmədin bəyliyi - Qan Turalı yayımdan qaldırılan filmdən yazır

22.02.2018 | 22:44

“KVN-şik”lərin bu filmi Mirzə Cəlili təhqir edir - Mirmehdi Ağaoğlu

22.02.2018 | 09:43“Brit Awards”ın sahibləri məlum oldu
21.02.2018 | 14:45Qadağan olunmuş Azərbaycan filminin təqdimatı olacaq
19.02.2018 | 19:20

Nar ağacının fəryadı - Şəhid xanəndə Şahmalı Kürdoğlunun xatirəsinə

16.02.2018 | 09:52Emin Sabitoğlu haqqında kitab nəşr olundu
15.02.2018 | 09:49

Bir də gördüm atam özünü vurdu… - Qan Turalı yazır

13.02.2018 | 20:50

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

13.02.2018 | 19:52“ƏSA” Teatrından növbəti tamaşa
12.02.2018 | 21:30Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində oynanılacaq
10.02.2018 | 19:33

Motsart haqqında 5 əfsanə - Maraqlı

09.02.2018 | 16:49Nuriyyə Əhmədova yad edildi
09.02.2018 | 12:48Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum
08.02.2018 | 17:48Bəstəkar Cavanşir Quliyevin kitabı çap olundu
08.02.2018 | 15:26Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət
07.02.2018 | 10:43

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - Fotolar

06.02.2018 | 09:54Qara Qarayevin 100 illiyi qeyd edildi
05.02.2018 | 20:47Qara Qarayev 100 yaşında
05.02.2018 | 09:53ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başladı
04.02.2018 | 19:54

Evlilik haqqında ən yaxşı 10 film - Siyahı

01.02.2018 | 17:25

Barış Manço əfsanəsi - Araşdırma

01.02.2018 | 14:57Azərbaycanlı rəssam BMT-nin xüsusi mükafatına layiq görüldü
31.01.2018 | 19:47

Qiraət müsabiqəsi elan edildi - “Nəsimi poeziyası”

30.01.2018 | 22:51

Çaplinin heyranı olan rus rejissor - Fotolar

29.01.2018 | 21:55

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

29.01.2018 | 18:57Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
28.01.2018 | 17:46

2017-ci ilin ən çox bəyənilən 22 film replikası - Fotolar

27.01.2018 | 17:53

Səhnədə Cənnət yaradanda... - Şahanə Müşfiq

26.01.2018 | 18:26

Azərbaycan tamaşaçısına xas 14 ədəbsizlik - Siyahı

23.01.2018 | 18:55

“Oskar”a namizədlər açıqlandı - Siyahı