380x80 400x80

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

Müsahibə

22.01.2018 | 19:30 Oxunub: 183


Parafraz “Dr Səid. Bir milyonluq xəyanət” romanının müəllifi, İsveçrədə yaşayan həkim-yazıçı Vüsal Aydınla müsahibəni təqdim edir:

- Vüsal bəy, ədəbiyyata marağınız necə yarandı?

- Maraq uşaqlıqdan olub, ancaq atam həkim olmağımı istəyir, tibb sahəsinə yönəldirdi. Buna baxmayaraq şeirlə başlayıb, sonradan kiçik poemalar, qısa hekayələr yazırdım. Universitet illərində mütaliəmi davam etdirdim. Oxuduqca, araşdırdıqca yazmaq marağım da artdı. Ancaq şeirdən uzaqlaşdım. Şeirin məsuliyyəti, məncə çox ağırdır. Çünki poeziyada kifayət qədər sanballı imzalarımız var, onların qabağında şair olmaq... Qəliz məsələdir (gülür).

- Ümumiyyətlə, dövri mətbuatda çap olunmusunuz?

- Xeyr, çap olunmamışam. 

- İsveçrədə yaşayırsınız. Orda ədəbiyyatla məşğul olmaq, yazıçı kimi özünü təsdiqləmək, kitab çapı, tərcüməsi kimi planınız varmı?

- Xəyalım var, deyək. İstək, plan vəziyyətinə gəlməsi üçün müəyyən nəticələr olmalıdır. Yaşadığımız bölgədə istifadə olunan dil fransızcadır, xoşbəxtlikdən fransız dili müəllimim yazıçıdır. Yazıçı olduğuna, mənim də ədəbiyyatla maraqlandığıma görə, münasibətəmiz daha səmimidir. Kitabı müəyyən postlara, redaktorlara göstərməyi təklif edir. Bu baxımdan nəsə ola bilər. Görək (gülür)...

- Bəs bizdə kitaba olan marağı necə dəyərləndirirsiniz?

Azərbaycanda kitaba maraq qonşu ölkələrdən, hətta Türkiyədən daha çoxdur. Xüsusən, son illərdə bu maraq artmaqdadır. Sadəcə əhalinin sayı azdır. Avropada isə vəziyyət bir az fərqlidir, hər zaman kitabxanada oxucular olur. Avropada kitabların qiyməti də bizdən dəfələrlə bahadır. Kapitalist ölkələrdə kitabların qiyməti bahadırsa, deməli, tələbat da çoxdur. 

- Necə oldu, İsveçrəyə getdiniz?

- İsveçrəyə getməyim həm təhsil, həm də işlə əlaqədardır. Şans yarandı və ailəmlə dəyərləndirdik. Bu əvvəlcə həyat yoldaşımın işi ilə əlaqədar idi, sonra mən də təhsilimi orada davam etməyə qərar verdim. Hələlik müqavilə əsasında yaşayırıq, yəni müvəqqəti xarakter daşıyır. Ümumiyyətlə, İsveçrə əcnəbilərə, demək olar, vətəndaşlıq vermir.

- Həyat yoldaşınız yazmağınıza necə yanaşır? 

- İlham qaynağım, eyni zamanda, ən tələbkar, ən çox tənqid edən oxucumdur. Tənqidlərə daha çox həyat yoldaşım tərəfindən məruz qalıram (gülür). İş prosesində də çox dəstək olur. Rahat, sərbəst yazmağım üçün hər şəraiti yaradır.

- Dediniz, atanız sizi ədəbiyyat sahəsindən uzaqlaşdırmağa çalışırdı. İndi münasibəti necədir?

- İndi yaxşıdır. Xüsusən “Dr. Səid”dən sonra yazmağıma münasibəti müsbətə doğru xeyli dəyişib (gülür). Təbii ki, atadır, övladının ən xırda işini də müsbət dəyərləndirir. Məncə, valideynin verdiyi qiymət tam obyektiv sayıla bilməz, burada müsbət mənada “qərəz”, tərəfkeşlik var. Heç bir valideyn “övladım yaxşı həkim və yaxud müəllim deyil” demədiyi kimi, “oğlumun yazdıqları bir şey deyil” deyən ata da çətin tapılar. İndi atam danışır ki, ədəbiyyatın çətinliklərinə görə istəmirdim, əziyyət çəkəsən, ancaq yaz, yaxşı alınır. 

- Özünüzü həkim, yoxsa yazıçı kimi görürsünüz?

Yazıçılıq peşəm deyil, ixtisasca həkiməm. Əgər desəm ki, həkimliyi atıb, ədəbiyyatla məşğul olmaq istəyirəm, o zaman ixtisasıma xəyanət etmiş olaram.

Yazıçılıq marağım, istəyimdir, gəlirlərimi bununla təmin etmirəm, Azərbaycan mühitində heç mümkün də deyil. Ancaq bu məni yazmaqdan saxlamır, kitablarımdan biri də satılmasa belə, yazmağa davam edəcəm, ancaq xəstəm olmasa, həkimlik edəcəmmi?!. 

- İsveçrə və Azərbaycan səhiyyəsini müqayisə etsək, ortaya hansı mənzərə çıxar?

- Zənnimcə, müqayisə etmək düzgün deyil. Əvvəla, struktur, sistem fərqi var. İsveçrə artıq əsrlərdir müstəqil, bitərəf, iqtisadi çətinliyi olmayan, inkişaf etmiş ölkədir. Sözün bütün mənalarında dünyanın pulu İsveçrədədir və heç bir qonşu dövlətlə problemi, ədavəti yoxdur. Belə ölkənin səhiyyəsində problemin olmasını düşünmək, yəqin sadəlövlük olar. Eyni zamanda, Azərbaycanda iqtisadi çətinlik yaşandığı, qonşu dövlətlərin təzyiqi olduğu vaxtda səhiyyənin tam şəkildə inkişafını gözləmək də düzgün deyil.

- Ədəbiyyata qayıdaq, kimləri oxuyursunuz, kimlərdən təsirlənirsiniz? Deyirlər, məni ədəbiyyata filan yazıçı, bəhmən əsər gətirdi. Məsələn, Markes Kafkanı özünə müəllim hesab edirdi. Hətta “lənətə gələsən, Kafka!” ifadəsi zərbi-məsələ çevrilib.

- Düzü, birbaşa çəkəcəyim ad yoxdur, yəni ədəbiyyata məni kimsə gətirməyib, heç özümü ədəbiyyata gəlmiş də hesab etmirəm. Bəyəndiyim, oxuduğum yazıçılar kimi Dostoyevski, Tolstoy, Çexov, Sartr, Markes, Hüqo, Balzak, Kronin, özümüzünkülərdən İsa Hüseynov, Əbdürrəhim bəy Haqverdiyev, Əkrəm Əylislinin adlarını çəkə bilərəm. Ən ürəyimə yatan müəllifsə, Milan Kunderadır.

- Detektivdən başlamısınız. Əksəriyyət detektivi bulvar ədəbiyyatı hesab edir. 

- Hə, bəzən detektiv janrında yazılan əsərləri qeyri-ciddi sayanlar tapılır. Məncə, bu yanaşmanın özü qeyri-ciddidir. Çünki bu halda oxucuları təhqir eləmiş olarıq. Detektiv əsər mütləq qeyri-ciddi olmalıdır deyə, hökm çıxarmaq düzgün deyil. Dostoyevskinin “ Cinayət və cəza”sında da detektiv motivlər var. Bu baxımdan üslubu yox, hansısa əsəri qeyri-ciddi adlandırmaq olar. Tibdə Hippokratın günümüzədək dəyişməyən qanunu var: “Xəstəliyi yox, xəstəni müailcə etmək lazımdır”. Bunu ədəbiyyata da şamil etmək olar. Janrda deyil, bu janrda yazılmış əsərdə axtarmaq lazımdır problemi. Söhbət məhz “Dr. Səid”dən gedirsə, bu kitabın ciddiliyi və ya qeyri-ciddiliyini gələcək göstərəcək. Bütün hallarda əsərin necəliyinə oxucu qərar verir.

- Necə oldu, detektiv roman yazmağa qərar verdiniz?

- Bu qərarı mən verməmişəm. Belə qərardan söhbət gedə bilməz. Əsər bir sualdan meydana gəldi: intiharlar araşdırılsaydı, nə olardı? Xeyli intihara cəhd və intihar edən insanlar tanıyıram, heç biri layiqincə araşdırılmayıb. Kitabda Doktor Səid bu sual ətrafında araşdırma aparır. Yazdıqca da oxucu kimi əsərin detektiv janrında inkişaf etdiyini gördüm, yəni planlı yazmamışam.

- Doktor Səid obrazı maksimalizmi təbliğ etmir? Çox ağıllı, hər şeyi bacaran...

- Müəllif kimi çıxış etsəm, qəhrəmanıma haqq qazandırmış olacam (gülür). Oxucu kimi deyə bilərəm ki, belə deyil. Doktor Səidin kifayət qədər səhvi var. Açıqlasam, kitabdan ipucu vermiş olaram. Nə çox ağıllı, nə də çox səmimidir. Sadəcə hər şeyə daha diqqətli, intihara qarşı isə xüsusi həssaslıqla yanaşır, heç detektiv adını da üzərinə götürmür. 

- Sizcə, kitabın dili ədəbiyyatdan çox, publisistikaya daha yaxın deyil?

- Ola bilər.

- Kitabın trilogiya olacağını demişdiniz...

- Elədir. Hazırda ikinci hissəni yazıram. Ümumilikdə üç hissə olacaq.

- “Dr Səid. Bir milyonluq xəyanət” adı çox klassik yanaşma deyil?

- Bu birinci hissənin adıdır. Belə deyək, üçhissəli romandır. Romanın ümumi adı “Dr. Səid”dir. Birinci hissə, hazırda çapdan çıxan hissənin adı “Bir milyonluq xəyanət”dir. 

- Trilogiyadan sonra yenə detektiv janrında yazmağı fikirləşirsiniz?

Xeyr, beynimdəki məsələləri, məni düşündürən problemləri yazacam, görək, nə alınır. Daha bu detektiv, yoxsa romantika olacaq, onu mən də bilmirəm.

Cavid QƏDİR
Foto: Kəmalə RÖVŞƏN







Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk