380x80 400x80

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

09.01.2018 | 01:04 Oxunub: 248


Parafraz Fariz Bayramovun tərcüməsində "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının martda çap olunacaq Əziz Nesinin hekayələrindən ibarət nəşrindən bir hekayəni təqdim edir: 

Bu əhvalat böyük bir şəhərdə baş verib. Şəhərin böyük vağzalı vardı. Vağzalda bir neçə dəmiryolu birləşirdi. Daynmadan qatarlar gəlib-gedirdi. 

Vağzal dəniz sahilinə yaxın idi. Sahildə gəmi limanı vardı.

Vağzalla liman arasındakı geniş ərazidə avtobusların, trolleybusların, tramvayların, avtomobillərin, yük maşınlarının ayrı-ayrı dayanacaqları vardı. Demək olar ki, hər cür nəqliyyat və minik vasitəsi var idi. Yaxın olduqları üçün tanış idilər. Söhbətləşirdilər. Dayanacağa gələn avtobuslarla qarajdakı avtomobillər çox yaxın dost idilər. 

Bir gün avtobuslardan biri avtomobilə dedi:

- Bu qatarların işi necə də asandır. Həm asandır, həm rahat. Təkərləri relslərin üstündə sürüşüb hərlənir. Hey eyni yolda gedib-gəlirlər. Heç vaxt yollarını dəyişmirlər. Həyatları rahat keçir. Hələ yola çıxmamış, hansı yoldan gedib-qayıdacaqlarını bilirlər. Nə gözəldir, deyilmi?

Bu sözlərindən avtobusun qatarı qısqandığı bəlli olurdu. Avtomobil qatarı avtobusdan da çox qısqanırdı. 

- Çox doğrudur, qatar bəxtəvərdir... Bizim kimi deyil. Əsas da mənim nə zaman, hara gedəcəyim heç bilinmir. Bu dağınıq həyatdan bezmişəm.

Söhbətə qoşulan incə səs avtobusa dedi:

- Hörmətli avtobus, niyə deyindiyinizi anlamıram. Heç olmasa məlum cədvəl üzrə yola çıxırsız, o cədvələ görə məlum yollarla gedib-gəlirsiz, bəlli dayanacaqlarda dayanırsız. Amma mənim hansı yollardan gedəcəyim, nə vaxt gedib, nə vaxt, harda dayanacağım heç bilinmir; üstümə minənin istəyinə baxır. 

Bu incə səs dayanacaqda qoyulmuş velosipeddən gəlirdi. Deməli, velosiped də cədvəli var deyə, avtobusu qısqanırdı. 

Araya girən qalın səs dedi:

- Velosiped haqlıdır. Mənim də ömrüm boyu cədvəlim olmayıb. Bu dağınıq həyat heç yaşanası deyil. Sürücü məni istədiyi vaxt sürür, istədiyi yola aparır, istədiyi yerdə saxlayır. 

Bu səsin sahibi də qarajdakı yük maşınından gəlirdi. Yük maşınının da avtobusu qısqandığı məlum oldu. 

Yük maşını əlavə etdi:

- Nə gözəldir hərəkət cədvəli olmaq. Cədvəllə hərəkət edənlər dərdimizi anlamaz. Ömrüm boyu heç cədvəlim olmayıb. Bundan sonra da olacağına ümidim yoxdur.

Velosiped incə səsiylə:

- Hərəkət cədvəlim olmağını həmişə arzulamışam, - dedi. Bəlli saatlarda, bəlli yollarla bəlli yerlərə getmək... Nə gözəl şeydi planlı həyat. 

Avtomobil də incə səsli velosipedlə qalın səsli yük maşınının dediklərini təsdiqlədi:

- Avtobuslar bizlə müqayisədə çox yaxşı yaşayırlar. Kefdədirlər! Cədvəl – rahatlıq deməkdir. Heç vaxt rahat həyatım olmayıb. Gecə yarısı, hətta sübh tezdən belə sürücü məni işə salıb sürür. Ancaq avtobusların həyatı rejimlə keçir. 

Avtomobilin də velosiped və yük maşını kimi, hərəkət cədvəli var deyə, avtobusu qısqandığı bəlliydi.

Avtobus bu üçünə də bu cavabı verdi:

- Hə, bələdiyyənin təyin etdiyi cədvələ uyğun hərəkət etdiyim doğrudu. Amma həmişə eyni yoldan gedib-gəlsəm belə, sürücü məni yolun o tərəf-bu tərəfinə sürə bilir. Yolda tıxac olanda, məni dayanacaqdan kənarda saxlayır. Amma qatar elədirmi? Qatarın təkərləri relslərin üzərindədir. Relsdən bir santimetr belə, ayrılmadan həyatına davam edir. Stansiyaya gedənədək heç yerdə də dayanmır. 

Avtobusun qatarı qısqandığı aydın idi. Bu sözlərinə cavab kimi avtomobil avtobusa dedi:

- Olsun, amma ən azından cədvəlin var. Bizim o da yoxumuzdu...

Avtobus dilləndi:

- Ömrümdə qatar kimi rahat olmamışam, heç olmasa trolleybuslar kimi olsaydım. Qatarlar relsdən ayrılmadıqları kimi, trolleybuslar da elektrik xəttlərinən ayrılmırlar. Məlum yollarla gedib-gəldikləri, elektrik xəttindən ayrılmadıqları, rahat yaşadıqları üçün trolleybuslar kim bilir, necə xoşbəxtdir!

Sərt bir səs:

- Yanılırsan! – dedi. 

Bu səs dayanacaqdakı trolleybusdan gəlirdi:

- Hərəkət cədvəli dediyiniz şey çox darıxdırıcıdır. Elektrik xəttindən cüzi də olsa ayrıla bilməzsən. Avtobusun da cədvəli var, amma heç olmasa, yolun gah sağına, gah soluna gedə, yol bağlananda dayana bilir. Mənimsə heç bir azadlığım yoxdur. Cədvəllə yaşamağı gözəl sanırsız. Rejim! Yerin dibinə batsın o rejimi! Saat neçədə harda olacağını, haralarda dayanacağını bilmək... Bir gün, iki gün deyil, axı, bu, ömür boyu olanda bezdirir. Heç olmasa aylıq, illik izn verilsəydi, bağlı olduğum teldən qurtulub, istədiyim zaman, istədiyim yerdə ürəyimcə gəzərdim. Lap avtomobil kimi, velosiped kimi, yük maşını kimi...

Bu sözlərindən trolleybusun da avtomobili, velosipedi, yük maşınını, hətta avtobusu belə, qısqandığı məlum idi.

Hecaları uzada-uzada danışan kimsə sözə qarışdı. Vağzaldakı qatar idi. Danışanda hecaları vaqonların sayına görə uzadırdı:

-Trolleybus düz deyir. Məlum zamanlarda yalnız təyin edilmiş işləri görməyin necə cansıxıcı olduğunu qatarlar qədər heç kim bilməz. Yaşamaqdan usandım! Təkərlərimin bağlı olduğu bu relslərdən bir az da olsa ayrılıb, çəmənliyə, dağlara, uzaq yaylaqlara getmək, oralarda nələr olduğunu gəzib bilmək istərdim. Çox maraqlıdı. Amma azadlığım yoxdu, relslərin təyin etdiyi yollardan başqa yerə gedə, cədvəldə göstərilən vaxtdan başqa zaman istədiyimi edə bilmərəm. Azadlığımı qazanmaq üçün canımı da verməyə hazıram. Trolleybusun da cədvəli var, o da elektrik xəttinə bağlıdı, amma yenə də məndən yaxşı gündədi. Heç olmasa elektrik xəttinin sağına soluna az da olsa əyilə bilir. Mənsə təkərlərimi bir santimetr də relslərdən ayıra bilmərəm.

Qatarın sırf avtomobili, yük maşınını, velosipedi, avtobusu deyil, trolleybusu belə, qısqandığı aşkar görünürdü.

Cırıltılı səs söhbətə qoşuldu. Bu, dayanacaqdakı tramvay idi. Təkərlərinin relsdə çıxardığı cırıltı səsiylə qatara dedi:

-Təpədən-dırnağa haqlısız. Amma hörməyli qatar, mənə görə yenə də çox şanslısız. Məndən daha azadsınız. Sizin kimi təkərlərimi relsdən bir santimetr də ayıra bilmərəm. Məlum cədvələ görə yaşamalıyam. Bu cansıxıcı həyata kimlərsə rahat rejim deyirlər. Azadlıq olmadıqdan sonra neynirəm o rejimi? Mən də sizin kimi relslərin döşəndiyi yollardan kənarda nə olduğunu bilmək istəyirəm. Başımı götürüb şəhərin içinə girmək, bazarları, küçələri gəzmək istəyirəm. Amma mümkünsüzdü...

Qatar:

- Sizi çox yaxşı anlayıram – dedi. Amma niyə daha şanslı sayılıram, açıqlaya bilərsiz?

Tramvay yenə cırıldadı:

- Həyatınıza görə nahaq deyinirsiz. Heç olmasa şəhərlərarası uzun yollar boyunca gedib-gələ bilirsiz. Bəs mən? Şəhərin bəlli dayanacaqları arasında yaşamaq məcburiyyətindəyəm. Hər gün qısa məsafəli, eyni dayanacaqlar arasında get, gəl... Off! Nə cansıxıcı həyatdı! İnanın, bəzən “nə olursa-olsun” deyib relslərdən çıxaraq şəhərin içinə girmək istəyirəm.

Bu sözlərindən anlamaq olurdu ki, tramvay həm avtomobili, velosipedi, yük maşınını, avtobusu, həm də qatarı qısqanırdı.

Limana yaxınlaşan gəminin fiti səsləndi. Avtobus:

- Ən şanslı nəqliyyat gəmilərdir, – dedi. 

Qatar soruşdu:

- Niyə?

- Çünki gəmilərin həyatı həm rejimlədi, həm azadlıqları var. Hərəkət cədvəlilə gedib-gəldiklərinə görə, həyatları rejim içində keçir. Dənizdə olduqları üçün də azadlıqları var.

Yük maşını:

- Doğrudur, - dedi. Dəniz yumşaqdı. Bizimsə dabanımız möhkəm yerə dəyir. Gəmilər yumşaq və sürüşkən suyun içində istədikləri kimi yırğalana bilirlər.

Bu danışıqlardan ortaya çıxdı ki, quru nəqliyyatları gəmiləri qısqanır. 

Limandakı gəmi onlara cavab verdi:

- Hamınız yanılırsız. Durduğunuz yer möhkəmdir, etibarlı yerə ayaq basırsız. Necə də güvənlidir etibarlı yerdə durmaq. Təkərlərinizin altındakı yerin oynamayacağını, qımıldanmayacağını bilirsiz. Amma mən eləyəmmi? Suyun üstündə dayanıram. Su etibarlı deyil. Dayanmadan oynayır, qımıldanır, yırğalanır, dalğalanır və məni hey yellədir. Bəzən də çalxalaya-çalxalaa canımı çıxarır. Necə bəxtəvər olduğunuzu bilmirsiz...

Gəminin də bütün quru nəqliyyatını qısqandığı aydın idi.

Elə bu vaxt göydən gurultu eşidildi. Təyyarəydi. Düz üstlərindən keçirdi.

Qatar dedi:

- Ən yaxşısı təyyarə olmaqdı. Nə şanslı minikdi. İstədiyin kimi azadsan!

Yük maşını dilləndi:

- Elədir, istədiyin kimi azadsan, üstəlik cədvəl də var. Yəni həm azaddır, həm də rahat yaşayır. 

Quru və dəniz nəqliyyatının təyyarəni qısqandığı görünürdü. Onların söhbətini eşidən təyyarə yuxarıdan söylədi:

- Çox yanılırsız! Bəli, dəniz oynaqdır, sürüşkəndir, amma yenə də havadan daha etibarlıdır. Bir gəmi dənizdə işləmədən dura bilər, batmaz. Mənsə motorlarım çalışmadan havada dayana bilmərəm. Bu güvənsiz həyatdan bezmişəm. Tez-tez yerdə təkərlərim üzərində qaçmaq, hava limanından şəhərə getmək, oraları görmək istəyirəm. Ömür boyu hər şeyi yuxarıdan, quşbaxışı görürəm. Heç nəyi yandan görə bilməmişəm. Ah, bir avtobus, ya da yük maşını olsaydım. Velosiped belə, olmağa razıyam. Bir gün başımı götürüb hava limanından gedəcəm; edəcəm bu dəliliyi. Uçmaq azadlıqdımı sanırsız? Cədvələ uyğun uçmağa məcburam; həm də fırtınalara sinə gərərək...

Belə görünür, təyyarə həm quru, həm dəniz nəqliyyatını qısqanırdı. İçlərində bir-birini qısqanmayan yox idi. Kimi bəlli rejim, kimi proqramla çalışmaq, kimisi cədvəllərin təzyiqindən bezmiş, azadlıq istəyirdi. Bəzisi etibar axtarırdı. Eləsi vardı ki, maraqlandığı yerlərə getmək istəyindəydi. Təyyarə hər şeyə yuxarıdan baxmaqdan yorulmuşdu.

Qısası, tramvay avtobusu, avtobus qatarı, qatar yük maşınını, yük maşını trolleybusu, trolleybus gəmini, gəmi təyyarəni, yəni hamısı bir-birini qısqanmaqdaydı.

Bütün bu nəqliyyat vasitələri arzularına çata bilmədikləri üçün boğaza yığıldılar və bir gün həsrətində olduqları həyata qovuşmağa qərar verdilər. Qatar relsindən çıxıb maraqlandığı yerlərə gedəcəkdi. Velosipedlə avtomobil, tramvay relslərinə təkərlərini oturdub rejimlə yaşayacaqdılar. Yük maşını qatarın relslərilə getmək istəyirdi. Tramvay sərt yerə getməkdən bezib, dənizdə azad olacaqdı. Gəmi etibarlı həyat üçün artıq quruda getmək fikrindəydi. Təyyarə limana enəndə avtobus kimi başını götürüb şəhərin içərilərinə gedəcəkdi. 

Hamısı həyatları boyu arzuladığı şeyləri gerçəkləşdirməyə girişdilər. Nəticə nə oldu? Relsdən çıxıb uzaqları görmək istəyən qatar aşdı. Təyyarə başını götürüb gedəndə qanadları divarlara dəyib qırıldı. Velosiped, tramvay relslərinə təkərlərini oturtmaq istəyən yük maşının altında qaldı. Quruda etibarlılıq axtaran gəmi quma oturdu, burnu qayaya çırpıldı. Tramvay relslərindən çıxar-çıxmaz çevrildi. Naqildən ayrılan trolleybus getməyə gücü olmadığına görə yerindəcə mıxlanıb qaldı. Avtomobil təyyarə kimi uçmaq üçün bir-iki dəfə tullansa da, ağacla toqquşmaqdan başqa nəsə edə bilmədi. Gəmi kimi həm cədvəllə hərəkət etmək, həm də azad olmaq istəyən avtobus özünü körpüdən aşağı dənizə ataraq batdı.

Bu nəqliyyat vasitələrindən heç biri, özlərindən başqa heç nə ola bilmədilər. Bu hadisədən sonra nəqliyyat tarixçiləri tarix kitablarına bunu yazdılar: “Hər hansı nəqliyyat vasitəsi, özündən başqa nəqliyyat vasitəsi olmağa cəhd etsə, hətta özü kimi də qala bilməyəcəyi üçün heç nə ola bilməz!”

Əziz NESİN
Tərcümə: Fariz BAYRAMOV



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi