380x80 400x80

“Dörd ay efirdə olmaq o demək deyil ki...” - Zabit Nəbizadə ilə müsahibə

Müsahibə

30.12.2017 | 15:50 Oxunub: 110


Müasir Azərbaycan xanəndələri sırasında Xalq artisti Zabit Nəbizadənin məxsusi yeri var. Onunla bugünlərdə gerçəkləşən görüşümüzdə özünün yaradıcılığı, müasir muğam ifaçılığı ilə bağlı bir sıra mətləblər ətrafında söhbətləşdik:

- Zabit müəllim, çağımızda texnologiyanın sürətli inkişafı, məşğulluq sahələrinin gündən günə artması muğam sənətimizə nəyi qazandırır və nəyi alır?

- Əvvəlcə onu deyək ki, muğam nə qazandırır insana. Muğam mənəvi bir dəyərdir. Bu dəyərdən kimlər faydalanırsa, elə onlar da çox şey qazanmış olar. Muğamdakı qəzəliyyat, muğamda ifa olunan çalarlar mənəvi bir bütövlükdür. Ondan o tərəfə heç nə qazanmaq və qazandırmaq olmaz. O ki qaldı zamana, elə həmin zamandı, dövran həmin dövrandı. Dəyişən biz insanlarıq. Muğamı sevən və ona əksinə, laqeyd yanaşan insanlar əvvəllər də olub, indi var. Muğama laqeyd yanaşan insanlara görə muğam dəyişən deyil. Yəni nə qazanır, nə də itirir. Mənim uşaqlıq illərimdə, yadımdadır ki, toylarda deyərdilər, “xanəndə bir şey oxusun, qulaq asaq”. İndi isə deyirlər: “Bir şey oxusun, oynayaq”. Biz bunu indi atırıq zamanın üstünə, amma zamanın günahı yoxdur. Bu, biz insanlardan asılıdır. Ancaq indinin özündə bəzi yerlər var ki, orada toylarda sırf muğama qulaq asırlar. Məsələn, Masallı, Ağcabədi, Şamaxı, Tovuz, Mingəçevir kimi bölgələrimizin də elə kəndləri var ki, orada muğamı çox sevir və böyük məhəbbətlə dinləyirlər.

- İfa zamanı nə kimi hisslər keçirdiyiniz maraqlıdır...

- Əslində, bunu ifaçı özü etiraf edə bilməz, dinləyici hiss edər. Mənə elə gəlir ki, musiqinin daxilinə vardıqca, oxuduğun qəzəlin təsvirində tərki-dünya olursan. Bu sözü mənə bir neçə nəfər də deyib. Mən özüm isə bunu bir neçə xanəndədə hiss etmişəm.

- Özünüzü hansı muğamda tapırsınız?

- Muğamların hamısı mənimçün doğma və əzizdir. Bəlkə də adi bir ifaçı olsaydım, fərq qoyardım. Ancaq ifaçı və müəllim kimi tədris vaxtı görürəm ki, muğamları bir-birindən ayırmaq heç mümkün deyil. Bəzən isə elə muğam və ya şöbələri olur ki, onu oxuyanda insan bir ayrı ləzzət alır. Məsələn, “Şikəsteyi-Fars”ı oxuyarkən bir ayrı cür həzz alıram. “Segah” isə ana laylasıdır elə bil. Onu bəlkə də hər kəsin ifasında sevə bilərəm.

- Bəs hansı muğamı özünüzə, qəlbinizə uzaq hiss edirsiniz?

- Uzaq o zaman ola bilər ki, ya oxuya bilməyəsən, ya da hiss etməyəsən. Bu da mənim gənc vaxtlarımda olub. Məsələn, gəncliyimdə “Zabul” muğamını oxumaqdan həmişə qaçmışam. Çünki o dövrlərdə səsim o qədər çılğın idi ki, bəzən cilovlamaq çətin olurdu, “Zabul”un maye pərdələrinə oturmurdu, zil oxumağa can atırdı. Hətta el şənliklərinə gedəndə Allaha yalvarırdım ki, məndən bu muğamı istəməsinlər. Ancaq bir gün toyların birində məndən bunu istədilər. Həmişə dinlədiyim solo tar yolu ilə bu muğamı ifa etdim və oradakı bir yaşlı dinləyicidən “Bərəkallah” da qazandım. Bundan sonra başladım bu muğam üzərində işləməyə və onu daha da yaxşı öyrənməyə.

- Köhnə mahnıların yeni tərzdə ifası tendensiya halını alıb. Buna münasibətiniz necədir?

- Elə mahnı var ki, ona aranjiman yaraşır, elə bir mahnı da var ki. qəbul edilmir. Bəzən görürsən ki, mahnının ortasına rəqs salırlar, hansısa başqa bir mahnı ilə sintez edirlər, girişini başqa bir mahnıya yamayırlar. Ataların bir misalı var, yüz ölçüb, bir biçmək lazımdır.

- Davamlı olaraq muğam müsabiqələri keçirilir. Bunların hamısı sənətəmi xidmət edir?

- Muğam sənəti çox ağır sənətdir. Bunu ancaq sənətin içərisinə girəndən sonra daha yaxşı anlamaq mümkündür. Müsabiqəyə qatılıb, dörd ay efirdə olmaq o demək deyil ki, artıq hər şeyi bildin, bununla da sənin işin tamamlandı. Bu sənət yarımçıqlığı xoşlamır. İndiki gənclərdən çox azını görmək olar ki, muğama tam mənası ilə yiyələnsin, özünü bu sənətin içində tapsın. Hər kəs öz üzərində daha yaxşı çalışsa, vəzifəsini layiqincə icra etsə, qazanan da sənət olacaq.

- Musiqini ifa etmək, yoxsa dinləmək daha zövqlüdür?

- Əgər musiqini gözəl dinləyicisi olsa, onda ikisi bir-biri ilə vəhdət təşkil edəcək. Yaxşı ifanı dinləmək, yaxşı dinləyici üçün də ifa etmək zövqlüdür.

- Muğamdan başqa hansı musiqiləri dinləyirsiniz?

- Yaxşı estrada mahnılarını dinləməyi sevirəm. Klassiklərdən Rəşid Behbudovun, Mirzə Babayevin, müasirlərdən Azər Zeynalovun, İlqar Muradovun ifalarını sevirəm. Yaxşı musiqinin hamısını dinləyə bilərəm. Məsələn, illər öncə yazılmış bir mahnı var, caz tərzindədir, daha doğrusu, cazla estradanın qarışığıdır. O mahnını çox bəyənmişəm, hətta fikrim var ki, ifa edim. Mahnı hələ heç yerdə oxunmayıb, Elza Seyidcahanın mahnısıdır.

- Toylarda muğamlar ifa edirsinizmi? Öz repertuarınızla qəbul edirlərmi sizi?

- Sırf xanəndə kimi kənd toylarında dəstgah oxuyuramsa, deməli, bunu sifariş edirlər. Orada repertuar çox da rol oynamır. Şadlıq evlərində isə hər kəsin öz repertuarı var. Çox zaman mən elə publikaya baxıb repertuarımı seçirəm.

- Bəzən ifaçılar zildən oxumaqla qışqırmağı səhv salırlar. Zildən oxumaq şərtdirmi?

- O, bir dövrdür. Xüsusən gənclərdə daha çox rastlaşırıq. Mən bunu pis qəbul etmirəm. Çünki özüm də gənc vaxtı zildən oxumağa can atırdım. Düzdür, bunu mənə irad tutan olmurdu, çünki bəmdən də oxuyurdum. Bir müddətdən sonra bu da öz yoluna düşür. Qışqırmaq isə, əlbəttə, yolverilməzdir.

- Tez-tez xarici səfərlərdə, qastrollarda olursunuz. Bu zamana kimi sizi ən çox hansı ölkənin tamaşaçıları təəccübləndirib? Hansı ölkəni Azərbaycana oxşatmısınız?

- 1996-1997-ci illərdə dəyərli sənətkarlarımız Möhlət Müslümov və Fəxrəddin Dadaşovla İngiltərəyə festivala getmişdik. Orada böyük bir kilsədə çıxış etdik. Təsəvvür edin ki, kilsədə 2-3 min nəfərlik yer var idisə, elə bir o qədər adam da ayaqüstə, qapı ağzında dayanıb dinləyirdi bizi. Həmin illərdə oradakı səfirimiz Mahmud Məmmədquliyev konsertdən sonra bizə dedi ki, bu zamana qədər burada çox konsertlər olub, amma belə alqış, maraq olmayıb. Təbii ki, bu, tar-kamanın, muğamın dəyəridir. Fransada, Hollandiyada, Taylandda çox maraqlı çıxışlarımız olub. Cənubi Azərbaycan öz yurdumuzdur, doğmadır, orada da çox gözəl tədbirlərimiz olub, bu yaxınlarda da Təbrizdə konsertimiz olacaq. Türkiyədə olarkən özümüzü Azərbaycanda kimi hiss edirik. Belçikada bir dəfə konsertdə insanların sevgisini görəndə elə bilmişdim, zaldakılar azərbaycanlılardır. Sonradan mənə dedilər ki, burada bizdən başqa azərbaycanlı yoxdur. Musiqinin dili olmaz, onlar bu musiqini sözlərini anlamasalar da, sevmişdilər.

- Necə düşünürsünüz, nə zamansa yeni muğamlar yarana bilərmi?

- İnanmıram ki, yaransın. Hələ bizə qədər yaranmış bu muğamları belə qarışıq dünyada qoruyub gələcəyə ötürə bilsək, igid adamlarıq. Mən istərdim ki, muğamlarımız dədə-babadan necə varsa, elə də qalsın, düzgün oxunsun. Bu zamana qədər yeni muğam yaranmayıbsa, yəqin ki, daha yaranmaz.

- Xanəndələrimizə az qəzəl bilməyi irad tuturlar. Siz necə düşünürsünüz? Qəzəlxanlardan qəzəllərini, şeirlərini oxumanız üçün müraciət edənlər olurmu?

- Qəzəldən çox qəzəl var. Niyə oxumamaqlarının isə səbəbi başqadır. Bəzən təzə qəzəli oxuyub dinləyiciyə çatdırmaq, qəbul etdirmək olmur. Mən bacardığım qədər muğamlarımızı ayrı-ayrı, yeni qəzəllər üzərində oxumağa çalışıram. Məsələn, tədris vaxtı muğamı öyrətdiyim qəzəlləri özüm məclislərdə, efirdə oxumaram, başqa qəzəllər oxuyuram. Bu zaman bir muğamın da fərqli qəzəllər sayəsində yeni və fərqli çalarları, nəfəsləri yaranır. Bəzən isə xanəndələrimizin ifasında qəzəlin sözləri başa düşülmür. Bu da dinləyicinin qəzəli anlamasını və qəbul etməsini çətinləşdirir. Qəzəlxanlardan təkliflər gəlir, kitablarını da göndərirlər. Sadəcə, indi qəzəli əzbərləmək çətindir mənə. Gənclikdə tez əzbərləyərdim, indi isə yox. Efirdə üzündən oxumağı isə həmişə özümə ayıb bilmişəm. Ona görə də mən də gənclərə tövsiyə edərdim ki, hər dəfə muğamları başqa-başqa qəzəllərlə oxusunlar. Həm qəzəl ehtiyatları çox olar, həm də muğamları fərqlənər.

- Sizcə, layiq olduğunuza nail ola bilmisinizmi?

- Bu günümüzə çox şükür. Əməyim hər zaman dövlətimiz tərəfindən qiymətləndirilib. Xalq artisti fəxri adına layiq görülmüşəm, müəyyən titullara, mükafatlara sahib olmuşam. Bir neçə Xalq artisti var ki, Heydər Əliyev Fondu yaranandan oranın üzvüdür. Onlardan biri də mənəm. Cavan yaşımdan buna sahiblənmişəmsə, deməli, muğamın hesabınadır. Bunun üçün də dövlətimizə minnətdaram.

- Sənətkarın özünü təsdiq etməsi üçün fəxri ad lazımdırmı?

- Fəxri ad dövlətin öz sənətçisinə diqqəti, qayğısıdır. Bu, sənətçinin özünü təsdiq etməsi üçün deyil, özünü təsdiq etmiş sənətçiyə verilir. Sənətinlə dövlətin işinə yaramalısan, onu layiqincə təmsil etməlisən, dövlət tədbirlərində iştirak etməlisən. Heç nə asan başa gəlmir, qazanmaq və layiq olmaq lazımdır.

- Hər xanəndə muğam bilicisidirmi?

- Deyirlər ki, hər oxuyan Molla Pənah ola bilməz. Hər xanəndə müəllim, hər müəllim də yaxşı xanəndə ola bilməz. Muğamat çox zəngindir, hər xanəndə onu dərinliklərinə qədər bilmir. Elə xanəndələr var ki, muğamları qarışdırır. Hətta bunları bir-birindən ayırmağı bacaran xanəndələrin sayı barmaqla sayılacaq qədərdir. Əgər on nəfər varsa, mən sevinərəm. İndi hamımıza sənətkar deyirlər. Bu isə çox dəyərli sözdür.

- Muğam ifaçılığını bölgələrə bölmək nə dərəcədə düzgündür?

- Bu, çox səhv fikirdir. Azərbaycanın bir “Rast” muğamı var. Onu Cəlilabadda da, Qarabağda da, Bakıda da eyni cür oxuyurlar. İndi bunu üç məktəbə bölürlər. Bəs, Cəlilabaddan Sabir Mirzəyev, Teymur Mustafayev, Canəli Əkbərov kimi böyük sənətkarlarımız çıxıb. Bunları hansı məktəbə yazaq? Mən bölgələrimizin hamısında el şənliklərində, tədbirlərdə olmuşam, orada ayrı-seçkilik görməmişəm. Xalq özü özünü ayırmırsa, biz niyə ayıraq ki?!

- Müəllim kimi tələbələrinizdə, ümumən gənc xanəndələrimizdə sizi nə qane etmir?

- Tələbənin hamısı müəllimi qane edə bilməz. Əsas problem odur ki, bəzi gənclərimiz sənəti yarımçıq öyrənirlər. Bu dəqiqə gənclərimiz əsasən muğam müsabiqələrinin hesabına tanınırlar, dörd ay ərzində məşhur olurlar. Bu dörd ayda nə öyrənirlərsə, onunla kifayətlənməsinlər. Muğam ifaçılığı ağır sənətdir, burda təkəbbürə qapılmaq olmaz. Çox təəssüf ki, bir çox gənclərimizdə də bu var. Ümumiyyətlə, insan gərək Allahın verdikləri üçün qürrələnməsin, eləcə də səslə. Bu sənətə gələn insanlar nə qədər sadə olsalar, o qədər yaxşıdır.

Şahanə MÜŞFİQ
"525-ci qəzet"



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk