380x80 400x80

Yaşar ürəklərdə adı Əliyarın... - Milli Qəhrəmanın doğum günüdür

Dağlıq Qarabağ

14.12.2017 | 16:49 Oxunub: 111


Dekabrın 14-də Azərbaycanın Milli Qəhrəmanı, şəhid komandir Əliyar Əliyevin doğum günüdür.

Əliyar 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəziyan kəndində doğulub. Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra hərbi xidmətə gedib, bir neçə dəfə ordu çempionu olub. 

Bir müddət Saransk Universitetində müəllimlik etdikdən sonra doğma rayona qayıdıb Dondarlı, Qubadlı orta məktəblərində bədən tərbiyəsi müəllimi, "Məhsul" kənd könüllü idman cəmiyyətində məşqçi, sonra sədr işləyib. Üç övlad atası idi. Bu, Qarabağ davasına başlanana qədərki həyatı idi.

Güləş məktəbi açmışdı, uşaqları yarışlara hazırlayırdı. Tez-tez gəlib məşqlərinə baxırdıq. Əliyar 12-15 yaşlı məktəblilərin bir neçəsin adbaad göstərib dedi: "Bunların hamısı bir azdan Azərbaycanın idman şərəfini qoruyacaqlar, bu, Avropa, bu, dünya çempionu olacaq... Dediyi kimi də oldu. Elə ilk yarışlardan Qubadlıya bir-birinin ardınca qələbə soraqları gəlməyə başladı. Respublika və ümumittifaq yarışlarında həmişə Əliyarın yetirmələri ən güclü, ən texnikalı idmançılardan sayılırdı. Ə.Əliyevin yetirmələri arasında 8 respublika və SSRİ çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var. Sevimli yetirməsi Heydər Məmmədəliyev isə sərbəst güləş üzrə dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş medalçısı olub. Əliyarın özü də yarışlardan həmişə uğurla qayıdırdı. Dəfələrlə müxtəlif idman yarışlarının çempionu, mütləq çempionu, ən güclü iştirakçısı, ən texnikalı güləşçisi kimi geri qayıtmışdı. Respublika əhəmiyyətli bir çox yarışların hakimi, baş hakimi təyin olunurdu, obyektivliyi, vicdanlılığı ilə iştirakçı və tamaşaçıların rəğbətini qazanırdı. Respublikamızda milli idman oyunlarının ən fəal təşkilatçılarından, təşəbbüskarlarından idi. Mingəçevir şəhərində keçirilmiş I respublika milli idman oyunlarında Əliyar həm ən fəal iştirakçı, həm hakim, həm yarışların mütləq çempionu kimi uzun müddət həmin yarışların seyrçilərinin yaddaşından silinməyəcək. Özündən 50-60 kq ağır güləşçilərin kürəyini yerə vururdu, qara zurnanın zil sədaları altında "Cəngi" oynayırdı, adlı-sanlı pəhləvanların cəsarət etmədiyi nömrələr göstərirdi. 

...Şəhidliyinin üçüncü günü idi. Adına göndərilmiş məktub gəlib çatdı, yaralı, dərdli, heç nə ilə ovuna bilməyən ürəyimizi bu məktub daha da göynətdi. 

"Əməkdar məşqçi, SSRİ idman ustası, Qubadlı rayon "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətinin sədri Əliyar Əliyevə 

Çox hörmətli Əliyar müəllim! 

5 oktyabr 1992-ci ildə Şamaxı şəhərində Milli İdman oyunlarının II Respublika çempionatı başlanacaqdır. 

NİKBTC Respublika Şurasının yekdil rəyi ilə siz həmin yarışların baş hakimi təyin edilmisiniz. Çempionatın açılış sözünü siz deyəcək və bundan əvvəl Mingəçevirdə keçirilmiş yarışların mütləq çempionu kimi Dövlət bayrağını siz qaldıracaqsınız. 

Sizi və rayonun komandasını bu yarışlarda milli əsgər formasında görmək bütün iştirakçıların arzusudur". 

Əliyar sağ olsaydı, yenə də od ilə su arasında qalacaqdı. Getsinmi? Axı camaat ilk növbədə ona arxayın idi. Düşmən də sərhəd postlarında ratsiyalardan Əliyarın səsini eşitməyəndə qudururdu. Bu yarış da bir dərd, düşmənə yeni qəzəb və nifrətə çevriləcəkdi. 

Əliyarın şəxsən işləyib hazırladığı, özünün komandirliyi ilə keçirilən Şurnuxu əməliyyatını (telekanallar bu kadrlardan bir hissəni əvvəllər tez-tez göstərirdi) həvəskar operator cəsarət və qoçaqlıqla birbaşa lentə alıb, erməni postunun alınması, dağıdılması, qırılan düşmən, alınan əsirlər aydın çəkilib. Əlavə qüvvələr gəlir, onları haqlayır. Çiynində pulemyot olan Əliyarın əmrləri eşidilir: - Çəkilin geriyə, mən sizi "pokrıvat" edəcəm, qabaqlarını saxlamışam. Tez olun, qorxmayın, geriyə, geriyə çəkilin. 

Sonra özü də gəlib çıxır. Hamının sağ-salamat olduğunu görüb sevinir, bir-bir öpür. Qarmon çalır, döyüşçüləri oynadır, şənlənirlər, uzaqda isə silah anbarı, düşmən postu tüstülənir. 

Həmin gün əsir alınan 26 rus və erməni silahlı quldurunu azad etmək üçün Azərbaycanın daxili işlər və müdafiə nazirliklərinin az qala bütün rəhbərliyi rayona axışıb gəlmişdi, Prezident Aparatı telefonla İcra Hakimiyyətini topa tuturdu, onlar təcili Bakıya aparıldılar, oradan Moskvaya, Yerevana yola salındılar. Erməni televiziyaları həmin əsirlərin "Zvartnos" aeroportunda qarşılanmasını bayram edirdi. Qubadlıda erməni televiziyaları Bakının tv-lərindən daha təmiz görsənirdi, bu səhnələrə baxırdıq, xəcalətdən nə edəcəyimizi bilmirdik. 

Xocalı qırğınından bir az keçmişdi. Əliyarın batalyonunun topları daşnak yuvası Gorusa elə mövqelərdən ölüm yağdırdı ki! Həmin topların yalnız gecələr atlarla, əsgərlərin gücü ilə dartılıb ağlagəlməz mövqelərə gətirildiyini eşidib mat qalmışdıq. Moskvanın "Vesti" proqramı ilkin məlumatlara görə, həmin gün 336 ölü olduğunu rəsmən xəbər vermişdi. Ermənistanda 3 günlük matəm elan olunmuşdu. Gorusa buradan Qarabağa koridor açmaq missiyasının öz üzərinə götürən Erməni Ümummilli Hərəkatının lideri Paruyr Ayrikyan şəhər meri vəzifəsindən biabırçılıqla götürüldü. Teatr meydanında keçirilən matəm mitinqində Əliyarın, topçular Qoca, Qeys, Nuru -ermənilər hətta, onların gizli adlarını da öyrənmişdilər - başına pul təyin eləmişdilər (onların hər 3-ü, Allaha şükür ki, salamatdır). 

92-nin 16 aprelində xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu "qara bəbir" ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Əliquluşağı kəndindəki Lalazar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsmək, məhv edib strateji yüksəklikləri ələ keçirmək məqsədi ilə hücum etmişdi. Əliyarın batalyonunun əsgərləri əldə olunmuş kəşfiyyat məlumatlarına əsaslanıb neçə vaxt idi ki, onların yolun gözləyirdi. Təpədən dırnağa qədər zireh geymiş, içərisində muzdlu zəncilər də olan qrup xeyli irəli buraxıldı, mühasirəyə alındı, hətta, ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi, qanlı döyüşdə 11 cəmdək yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ "Niva"lı Karlenin və silahdaşlarının meyidi iki gündən sonra 25 Xocalı əsirinə dəyişdirildi. 

92-ci ilin 24 iyununda, saat 16 radələrində erməni komandanlığı tərəfindən rayon mərkəzini bombardman etmək tapşırığı almış üç "Apaçi" vertolyotu sərhədlərimizi cəmisi 500-600 metr keçə bilmişdi, ölüm gətirən yükünü boşaltmağa macal tapmamış dağ-daşlarda ayıq-sayıq dayanmış döyüşçülərimizin yaxın məsafədən açdığı sərrast atəşlərə tuş gəldi. Biri Bərguşad çayının sahilindəki çaylağa düşüb yandı, "cəsədini" gətirib RTS-in qarşısında daş hasar üstünə qaldırıb qoymuşduq, "Dağlar oğlu" kitabımda şəklin vermişəm. Biri Temir Müskanlıda düz kəndin içində yerə dəyib tüstülənməyə başlayanda tez söndürdük, içindən 4-5 metr dik yuxarı qalxan göy alov dilimi indi də gözümün qabağındadır, həmin vertolyot kiçik təmirdən sonra rayonun başı üstündə dövrə vurub Gəncəyə göndərildi, yerə salınmış ekipajı götürüb geri dönmək istəyən üçüncünün aqibəti də yaman oldu; geri qaçıb sərhəddi keçməyə az qalmış Davudlu başında alovlanıb yerə çırpıldı. Bu, Azərbaycanın Qarabağ müharibəsində ən uğurlu əməliyyatlarından biriydi. Bu barədə AzərTAc-ın bölgə müxbiri olaraq verdiyim informasiyanı radio-televiziya oxudu, qəzetlər verdi. 

İndiyədək bir neçə dəfə yazdığım fikri yenə də təkrar edirəm: - Biz ermənilərlə döyüşdə, qabaq-qənşər savaşda uduzmamışıq. 

...Davaya hələ çox vardı. 1983-84-cü illər idi, həmkarların hesabına Əyində uşaq yay istirahət guşəsi açılmışdı. Mən direktor, o da müavin idi. Hər səhər idmançı uşaqlarla birlikdə Çayzəmidəki Həcər bulağına qədər qaçırdıq, istirahət edirdik, qayğılar, dərdlər qabaqdaydı. Vağo bulağında Ardonun dükanın yağmalıyıb səhəri gün gəlib haqq-hesabın üzməyimiz, Kəpəz dağının düz içindəkı erməni-rus hərbi rabitə məntəqəsinə daxil olarkən az qala avtomat atəşinə tuş gəlməyimiz, biz tərəfdəki biçənəkdən ot biçib gedən erməni UAZ-ını dərə aşağı yumalamağımız... yalnız ikimizə aid olan neçə-neçə əhvalatlar unudulmaz şirin xatirələrimdi. 

Qafan şəhərinə getmişdik, təsərrüfat malları mağazasına girdik, xoş əhvalımız var idi. Əliyar stol üzərindəki yeşiklərdən iki yüzlük mismarlardan götürdü, barmaqları ilə bir-birinə dolayıb satıcıya tərəf atdı: - A dığa, bu nədir, məftili mismar əvəzinə satırsınız. Mağazadakıların gözləri kəlləsinə çıxdı. Yenə ikisini uzatdılar, dolayıb bir-birinə verdi özlərinə, bir həngamə qopdu ki, mağazadan aralanandan xeyli sonra da dalımızca qaçıb əllərində mismar gətirirdilər, əyib tullayırdı üstlərinə... 

O vaxtlar pəhləvanlığa hələ təzə başlayırdı, Şuşaya getmişdik, məşhur Qaçay pəhləvan Cıdır düzündə oğlanları ilə bərabər Əliyarın da çıxışına şərait yaratmışdı, hansı nömrəni elədisə, Əliyar da təkrarladı, sinəsinin üstündən maşın keçirdəndə taxta ortadan qırıldı, seyrçilərdən bir uğultu qopdu ki, mən də nə vəziyyətə düşdüm, Allah bilir, o, özünü itirmədi. Qaçay pəhləvan qucaqlayıb öpdü: "Daha dərdim yoxdu, - dedi - Azərbaycanın əsl pəhləvanı sənsən”.

Güləşçi kimi isə artıq çoxdan məşhur idi. Qafanın icrakom sədri bir dəfə baş həkimlə düşərgəyə gəldi. Birbaşa mətləbə keçdi: - Hər ay 1000 manat maaş verirəm, xidməti maşın, ev, hər cür şərait yaratmaq şərtilə gəl Qafanda işlə, məşqçilik elə. Əlbəttə, qəti rədd cavabı aldı. Neçə dəfə belə rəsmi təklifləri Moskvada, Voronejdə, Qrodnoda, Minskdə də almışdı. 

Yenə həmin vaxtda avtobusda uşaqlarla birlikdə Qafana getmək istəyirdik. Motosikletli 2 erməni milisi yolumuzu kəsdi ki, olmaz, avtobusun qarşısında hansısa işarə yoxdur. Çox dedik, az eşitdilər, motosikletlə birlikdə iki ermənini dərəaşağı yuvarlamağı heç bir an çəkmədi. 

Mişanın yeməkxanasında baxdığım mənzərəni isə yalnız kinolarda çox-çox sonralar gördüm. İkimiz idik, bir də 5-6 erməni oturub o yanda yeyib-içirdi. Əvvəl bizim sağlığımıza badə qaldırdılar. Bir az sonra başladılar səfehləməyə, hiss elədik ki, türk deyib qatıqlayırlar, yeməkxanada qulluğumuzda duran, bizi yaxşı tanıyan ermənilərin də xəbərdarlığından nəticə çıxartmadılar, hətta bir ağır çəkilisi Əliyarla güləşmək fikrinə düşdü. Bu həvəsi ona baha başa oturdu. Ancaq Əliyar da artıq dəli bir həvəsə düşmüşdü, onu geri qaytarmaq mümkün deyildi. Dedi: - Sən mənim dalaşmağımı hələ görməmisən, otur bax, bircə özünü gözlə... 

Başladı, nə başladı, o ermənilərə bir toy tutdu ki, hamısını əzişdirib üst-üstə yığıb dedi: - Getdik. Çölə çıxanda bir "Volqa"nı itələdik üzüaşağı, düzəldik yola. 

Ermənilərlə hələ dinc yanaşı yaşadığımız dövrlərdə belə sərgüzəştləri olurdu və onun üçün əli silahlı, toplu-avtomatlı erməni də qorxulu deyildi, tülkü kimi qorxaq, gücsüz görünürdü. Bir də həmişə deyirdi: - Olimpiya yarışı ola, axıra qalam bir mən, bir də bir erməni, ikimizi də buraxalar döşəyin üstünə, qara zurna "Cəngi" çala, gözlərimlə, dırnaqlarımla didərəm onu, lap dəmir-betondan tökülsə də... 

Əliyar Əliyevin Qubadlıda komandiri olduğu batalyonun sıravi əsgərdən korpus komandirliyinə qədər şərəfli döyüş yolu keçmiş bir yetirməsi 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində xüsusi igidliyinə və bacarıqlı komandirlik qabiliyyətinə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsinə, digəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Bu gün silahlı qüvvələrimizdə vətənə ləyaqətlə xidmət edən çox sayda yüksək rütbəli zabit fəxrlə özünü Əliyarın qeyrət, rəşadət məktəbinin yetirməsi sayır.

Onda hər cür qabiliyyət var idi, yaxşı saz, qarmon çalırdı. Kiçik daşlarla, kartlarla qəribə fokuslar göstərirdi, usta maşın sürərdi, şeiri çox sevərdi, özü də yazırdı, surələr, Qurandan ayələr bilirdi, şəkil çəkirdi, gözəl rəqs edirdi, siqaret çəkməzdi, nadir hallarda içki içərdi. 

Gələcək üçün planlar qururduq, xəyallara dalırdıq, Arazı keçib Təbrizi, o tay Azərbaycanı qarış-qarış, el-el gəzirdik, Əliyar pəhləvanlıq edirdi, saz çalıb, oxuyub aşıqlıq edirdi, film çəkirdik, Babək, Koroğlu rolunda çəkirdim onu. Neçə dəfə Həkəri stansiyasına, Mincivana gəlmişdik, yarıya bölünmüş Azərbaycanın o tayına baxıb ağlamışdıq, xəyallar qururduq, Azərbaycanı birləşdirirdik. O qədər ləzzət edirdi bu xəyallar ona, deyirdi ki, hər gün yuxuda özümü aşıq libasında Azərbaycanın o tayında kəndbəkənd gəzən görürəm. Şairanə romantikliyi var idi onun. Ən çox yadımda qalan bir də onun ürəkdən gülməyidi: güləndə yanaqları içəri batırdı. 

...Son görüşlərimizdən biri idi. İçəri girəndə gözlərimə inanmadım. Nə qədər zəifləmişdi, arıqlamışdı, rəngi ağarmışdı, yanaqlarındakı batıqlar xeyli dərinləşmişdi. Dedim, heç özündən xəbərin var, "Qu quşu" baletindəki balerinalara dönmüsən. 

Ayrılandan xeyli sonra telefon zəng çaldı, o idi, gülməkdən uğunurdu: - Doğrudan oxşayıram balerinaya, bayaqdan özümü səhnədə təsəvvürümə gətirirəm. 

Heç zaman yadımdan çıxmaz; 89-un sentyabrı, Qarabağ ermənilərinin silah-sursatı tükənib, Xankənd aeroportu Şuşa, Xocalıdakı qüvvələrimizin nəzarətindədir, ermənilər hər tərəfdən sıxışdırılır, artıq Cəbrayıl tərəfdən 14 erməni kəndi tam boşaldılıb, erməni köçü Yazıda qalıb, erməni-rus birləşmələri ora buraxmır, biz də geriyə qoymuruq, Zəngilan tərəfdən də belə uğurlu əməliyyat aparılmışdı. Qubadlı ilə sərhəddə yerləşən Ermənistanın iki ən iri şəhərini birləşdirən Qafan-Gorus yolu bağlanmışdı. Bu şəhərlərdə gündüzlər ölüm sükutu hökm sürürdü. Ermənilərin canlı qüvvəsi ruh düşgünlüyü içindədi, bizimkilərin bütün cəbhə boyu fəallaşması erməniləri artıq Qarabağdan-Xankənddən köçüb getmək üçün Azərbaycan tərəfindən koridor istəyirlər, respublika rəhbərliyinin qətiyyəti məsələni birdəfəlik həll edə bilər, acı təəssüflər olsun ki, fərsiz, maymaq rəhbərlər bu tarixi şansı əldən çıxarırlar. Rus-erməni hərbçiləri isə Ermənistandan Qarabağa koridor açmaq planlarını tezliklə reallaşdırmaq istəyirlər. Hədəf Qubadlının Yazı düzüdür. Ağır texnika, silahlarla, böyük canlı qüvvə ilə dövlət sərhəddini keçən hərbçilər burda qubadlıların qurduğu canlı sədlə qarşılaşır, bütün düz, dərə-təpə, bənd-bərə benzin butulkası, dəhrə-yabadan tutmuş ov tüfənglərinə qədər silahlanmış uşaq, qız-gəlin, qoca insanlarla doludur. Öndə isə rayon rəhbərləri, yeni yaranmaqda olan xalq hərəkatının fəallarıdır. Nə göydə dövrə vuran hərbi vertolyotlar, nə rusların yüksək çinli zabitlərinin dilə tutma, hədə-qorxuları, nə Bakıdan gələn "buraxın" çağırışları camaatın iradəsini, qətiyyətini azaltmır, bir neçə saatlıq qarşıdurma erməni-rus hərbi birləşmələrinin Qarabağdan köçürülmüş ermənilərini də götürüb geri dönməsi ilə sonuclanır. Ancaq plan yenə qüvvədə idi.

Rayonun Müdafiə Şurası yaranmışdı, rayon partiya, icraiyyə komitələrinin, Xalq Cəbhəsi rayon şurasının fəaliyyəti dayandırılmış, bütün funksiyalar şuraya verilmiş, hər şey rayonun müdafiəsinə yönəldilmişdi. Şuranın qərar və göstərişləri bütün rəhbər işçilər tərəfindən sözsüz, danışıqsız yerinə yetirilirdi. Şura rayonun müdafiəsini öz üzərinə götürmüşdü. Raykomin 1-ci və 2-ci katibləri, icrakomun sədri, prokuror, polis rəisi, hərbi komissar - 6 nəfər, xalq cəbhəsindən 6 nəfər - cəmi 12 nəfər yerdən verilən təkliflərlə səsə qoyularaq Müdafiə Şurasının üzvləri seçilmişdilər. Şuranın ilk iclasında sədrliyə gizli səsvermə yolu ilə raykomun 1-ci katibi də aralarında olmaqla, 3 nəfərin namizədliyi irəli sürülmüşdü, səs çoxluğu ilə Əliyar sədr seçilmişdi. 

Düşmən təxribatlarının birinci hədəfinə çevrilmiş Qubadlı rayonu o vaxt Əliyarın sərkərdəlik bacarığı ilə sonra Laçın və Kəlbəcər üzərində həyata keçirilmiş məkrli təxribatların məngənəsindən çıxa bildi. 

Rayon Müdafiə Şurasının fəaliyyəti barədə qonşu sərhəd rayonlarından, Bakıdan, cənub bölgəsindən də tez-tez zənglər olurdu, mətbuatda yazılar, xəbərlər verilirdi, hansısa yeni güclü dağıdıcı silahların mövcudluğundan yazılırdı. Bəziləri elə düşünürdü ki, Şura rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılıb. Halbuki elə təsis yığıncağında da yeganə etiraz edənlər onlar olmuşdu. Sonralar respublika rəhbərliyi, Xalq Cəbhəsi bu modeldən istifadə edərək iqtidar-müxalifət 25+25 formatında Milli Məclis seçdilər. 

...90-cı ilin Novruz bayramı bütün respublikada dilsiz sükutla, 20 yanvarın matəm kədəri ilə yola salınırdı. Qubadlıda isə süni bir bayram tamaşası yaradılmışdı. Komendant Beryozkinin arvadı, qızı nə vaxtsa Orta Asiyada gördüklərinə yenidən baxmaq arzusuna düşmüşdülər. Bir qrup vəzifəli komendantın qırmızı tuman arvadı ilə oynadılar. Sonra mehmanxanada lövbər salmış rus hərbi desantçıları meydana atıldılar. Karate və müxtəlif idman nömrələri ilə öz məharətlərini nümayiş etdirdilər. Yəqin ki, həm də xalqın gözünün odunu almaq istəyirdilər. Əliyar hardansa peyda oldu. İdmançı dostları həsrətlə onun yolunu çoxdan gözləyirdilər. Hər şeyi bir anda hazır etdilər. On iki otuz altı kiloluq daşları dəmir turbaya keçirib dişi ilə qaldırıb tulladı, boynunun ardında armaturu iki qat əydi, tam sürətlə əks tərəflərə sürət götürən iki "UAZ"ı əlləri ilə saxlayıb yerinə mıxladı, çaylaq daşlarını bir zərbə ilə parça-parça etdi. QAZ-53 markalı maşını sinəsi üzərindən keçirdi. Sonra bayaqdan meydanda hoqqabazlıq edən 10-12 nəfər seçmə rus əsgərinə yanaşdı: 

- Buyurun vuruşaq, arxayın olun, çalışacam ki, öldürücü zərbələr vurmayam... 

Daşdan səs çıxdı, 400-ə yaxın rus hərbçisindən yox. Elə bil hamısının üstünə qaynar su ələnmişdi. Suyu süzülmüş, heyrət və həsəddən hamısının gözləri bərələ qalmışdı. Qubadlıların isə üzünə, ürəyinə bir qürur, sevinc təbəssümü qonmuşdu. 

Həmkəndlim, qohumum, rəhmətlik Q.Xəlilovun müdir olduğu "Bərgüşad" mehmanxanasına rus hərbçiləri yerləşdirilmişdi, komandirləri osetin mayor Zavqayev ilə yaxşı əlaqə qurmuşduq, dəfələrlə onun gizli razılığı ilə Qafan, Gorusa top, raket mərmiləri yağdırılmışdı, xeyli silah-sursat əldə eləyib dar gün üçün sərhəd kəndlərində gizlətmişdik. 

...Sentyabrın 30-u idi. Səhər saat 4.00-da öz batalyonunun 39 könüllü döyüşçüsü ilə yüngül silahlanaraq Laçına doğru hərəkətə başladı. Gözlənilməz qəfil zərbələrlə düşmənin dalbadal möhkəmlənmiş postlarını darmadağın etdi. Ağır itki verən düşmən cəsarətli partizan dəstəsinin qarşısında qorxu və vahiməyə düşüb qaçmağa üz qoydu. Xeyli döyüş sursatı, texnikası əldə edildi. Dəstə irəliləməkdə idi. Artıq üçüncü gün idi. 20-dən çox azad edilmiş kənd, Susuzdağ, Suarası yüksəklikləri geridə qalmışdı. Şimal tərəfdən, Kəlbəcərdən Laçına yaxınlaşmaqda olan hissələrin ratsiya ilə danışıqlarını tuta bilirdilər. Ermənilər bu qorxunc dəstənin cəsarəti qarşısında çaşbaş qalmışdı. 

Budur, Laçın şəhərinin cənub istiqamətində Turşsu bulağının başı üzərindəki Qanlı zəmi - Şurum təpəsinə çatmağa az qalıb. Dəstə yorulub. Ancaq heç kəs yorğunluğunu boynuna almaq istəmir. Komandir isə irəliləməkdə davam edir. Buradan o yana kəsə yolla ancaq piyada qalxmaq mümkündür. Əliyarın isə səbri, hövsələsi gözləməyə, bir az dözüb dincəlməyə çatmır. Axı, qarşıdakı hündürlükdən neçə vaxtdır ki, əlçatmaz arzuya dönmüş Laçın şəhəri görünəcək. 

Qəfil atəş səsləri elə bil hamının içini dağlayır. Sadiq: "Əliyar" çağırıb bütün gücü ilə irəli atılır, o birilər də ardınca. Ancaq... 3 oktyabr 1992-ci il saat 16.00 idi.

Qubadlıda elə bil hər evdə, ailədə bir cavan dünyadan köçmüş kimiydi.                                               

35 yaşında Şəhid oldu. İndi 60 yaşı tamam olur. 25 ildir Əliyarların Şəhid ruhu o torpaqlarda yolumuzu gözləyir, incikdi bizdən-cəmi Azərbaycan kişilərindən, qurtara, çıxa biləcəyikmi bu günahın, həqarətin altından...

Hacı NƏRİMANOĞLU
"525-ci qəzet"



Dağlıq Qarabağ

23.02.2018 | 18:48Uşaqların ifasında “Xocalı” tamaşası olacaq
23.02.2018 | 11:29Kaliforniyada Xocalı soyqırımına həsr olunmuş film göstərildi
22.02.2018 | 16:34“İrəli” Xocalı aksiyasına başladı
22.02.2018 | 15:32UNEC müəllimləri Türkiyədə Xocalı soyqırımından danışdılar
19.02.2018 | 17:48“Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırdı”
17.02.2018 | 09:44Qaradağlı qətliamından 26 il ötür
15.02.2018 | 13:46

Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

13.02.2018 | 18:33

Xramortda 5 gün: Düşmənin gözünə dik baxan bayraqdar

12.02.2018 | 20:44

Cəbhədə təxribat: düşmən avtomobilini yandıraraq geri çəkildi - Video

07.02.2018 | 13:40

Mübariz İbrahimovun son məktubu - Anım

04.02.2018 | 13:41

Amerikalı həmsədr Azərbaycandadır

02.02.2018 | 15:50

“Ya general olacağam, ya da şəhid” - Mühüd Orucov

26.01.2018 | 15:24Daşaltı əməliyyatından 26 il ötür
19.01.2018 | 18:40Əsgərimiz şəhid oldu
18.01.2018 | 18:34

Nazir ingiliscə Qarabağdan danışdı

18.01.2018 | 09:47

Göydən 5 rayon düşdü - Aqil Abbas

29.12.2017 | 00:29

Qarabağ - Mina Rəşidin essesi

28.12.2017 | 09:48Xankəndinin işğalından 26 il ötür
14.12.2017 | 16:49

Yaşar ürəklərdə adı Əliyarın... - Milli Qəhrəmanın doğum günüdür

14.12.2017 | 12:25Əsgərimiz şəhid oldu
06.12.2017 | 09:51

Bu gün Məmmədyarov və Nalbandyan bir araya gələcəklər

29.11.2017 | 19:47

Çavuşoğlu həmsədrlərlə bir arada

28.11.2017 | 14:55Hərbçimizin meyiti qaytarıldı
28.11.2017 | 12:40

Əsgərimizin meyiti Ermənistan tərəfindən götürüldü

22.11.2017 | 16:52

"Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Putindir"

20.11.2017 | 12:42

Nazir: “Həmsədrlər dəfələrlə qeyd ediblər ki...”

20.11.2017 | 10:49Qarakənd faciəsindən 26 il ötür
16.11.2017 | 21:42

ABŞ həmsədrlikdən çəkilir? - Rəsmi

16.11.2017 | 18:48

Məmmədyarov Nalbandyanla görüş təklifini qəbul etdi

06.11.2017 | 13:54Cənubi Qafazda “erməni amili”nin yaranması