380x80 400x80

Yağışdakı pişik - Heminqueyin hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

28.11.2017 | 00:34 Oxunub: 164


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı sonuncu tərcümə mətnini təqdim edir.

Amerikalı yazıçı və jurnalist Ernest Miller Heminquey 21 iyul 1899-cu ildə Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulub. 

Dövrünün tənqidçilərinin fikrincə, ən uğurlu əsərləri “Frensis Makomberin ani xoşbəxtliyi” və “Klimancaro qarı” hekayələri sayıla bilərdi. Lakin Heminqueyə dünya şöhrəti gətirən “Əlvida, silah!” (1929) və “Əcəl zəngi” (1940) romanları, “Qoca və dəniz” (1952) povesti oldu. 

Sonuncu əsər müəllifə Pulitser mükafatı qazandırır. Növbəti il, yəni 1954-cü ildə Heminquey elə həmin əsərinə görə, Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. 

Ömrünün sonlarında depressiya və ciddi əqli pozuntular yaşayaraq ümidsizliyə qapılan Heminquey 1961-ci il 2 iyul tarixində Ketçum şəhərində ov tüfəngindən özünə atəş açaraq intihar edib.

Mehmanxanada, sadəcə, iki Amerikalı qalırdı. Otaqlarına gedib-gələrkən pilləkəndə rastlaşdıqları insanların heç birini tanımırdılar. Otaqları ikinci mərtəbədəydi, mənzərəsi dənizə açılırdı. Döyüş abidəsi ilə bərabər görünən  parkda böyük palmalar və yaşıllıqqlar vardı, xoş havalarda həmişə ştativli bir rəssam orda olardı. Rəssamlar palmaların formasını, dənizə və parka baxan otellərin parlaq rənglərini sevərdilər. İtalyanlar çox uzaqlardan Döyüş abidəsini görməyə gəlirdilər. Abidə bürüncdən hazırlanmışdı. Yağışda par-par parıldayardı.

Yağış yağırdı. Palmalardan sular damlayarkən, yollarda xırda gölməçələr əmələ gəlmişdi. Yağışda dalğalar uzun bir lent kimi sahilə vuraraq dağılır, yenidən dağılmaq üçün geri çəkilirdi. Avtomobillər meydandan, Döyüş abidəsinin yanından getmişdilər. Meydanla üzbəüz kafenin qapısında bir ofisiant dayanıb boş meydana baxırdı.

Amerikalı qadın pəncərdən bayıra baxırdı. Bayırda düz onların pəncərəsinin altında, üstündən su damcılayan yaşıl masalardan birinin altına bir pişik sığınmışdı. Pişik islanmasın deyə, büzülüb bir formaya düşməyə çalışırdı.

- Aşağı enib o pişikcığazı gətirəcəm, - Amerikalı qadın dedi.

          - Mən gətirərəm, - deyə əri yatdığı yerdən səsləndi.

          - Yox mən gətirərəm, - dedi qadın, - islanmamaq üçün masanın altında əlləşib durur.

          Əri yataqdakı yastıqlara dayanıb oxumağına ara vermədən, “islanma!” dedi.

          Qadın aşağı enəndə qeydiyyat şöbəsinin qarşısından keçərkən, otelin sahibi qalxıb əyildi. Masası qeydiyyat şöbəsinin ən görünməz yerindəydi. Yaşlı bir kişiydi, boyu çox uzundu.

          - “II piove” - qadın dedi, otel sahibindən xoşu gəlirdi.

          - “Si, si Signora brutto tempo. Çox pis havadır.”

          Adam çirkli otağın ən sonundakı masanın arxasında ayaq üstə durmuşdu. Qadın bu adamı sevirdi. Şikayətləri böyük bir ciddiyyətlə dinləməsini sevirdi. Təmkinli olmasını sevirdi. Ona xidmət etmək istəməsini sevirdi. Böyük yaşlı üzünü, iri əllərini sevirdi. Adam sevərək qapını açdı və onu bayıra buraxdı.

          Yağış daha da şiddətlənmişdi. Müşəmbə plaşlı bir adam meydanı keçərək kafeyə doğru gedirdi. Pişik hər halda sağ tərəfdə bir yerdəydi. Qadın yağış tutmayan yerlərlə gedə bilərdi, amma qapıda durarkən arxasında birdən-birə çətir açıldı; otaqlara nəzarət edən xidmətçi qadın idi. “İslanmayın!” deyərək gülümsədi. İtalyanca danışırdı. Şübhəsiz, qadını otelin sahibi yollamışdı. Xidmətçi üstünə çətiri tutarkən, qadın yolun kənarıyla pəncərələrin altınadək getdi. Masa oradaydı, yağışda yuyulmuş, parlaq yaşıl olmuşdu, amma pişik yox idi. Qadının əhvalı pozulanda xidmətçi ona baxdı.

          - Ha perduto qualque cosa, Signora?

          - Bir pişik vardı, - amerikalı qadın söylədi.

          - Bir pişikmi?

          - Si, il gatto.

          - Bir pişikmi? - Xidmətçi güldü, - Yağışda bir pişik?

          - Bəli, - qadın dedi, - masanın altındaydı. Sonra… Ah, o pişiyi elə istəyirdim ki!

          Qadın ingiliscə danışdıqca, xidmətçinin üzündən narazılıq yağırdı. 

- Gəlin, Sinyora, - dedi, - İçəri girək, islanacaqsınız.

          - Düzdür.

          Daşlı səkiylə yeriyərək geri döndülər. Qadın qapıdan içəri girərkən, xidmətçi çətiri bağlamaq üçün bayırda qaldı. Amerikalı qadın qeydiyyat şöbəsinin önündən keçəndə patron yenə masasından əyildi. Qadının içində bir şey tərpəndi sanki, güclü və kiçik bir şey. Otel sahibinin bu cur davranışından özünü həm cılız, həm də çox sevimli hiss edirdi. Bir anlıq özünü inanılmaz dərəcədə önəmli biri sandı. Pilləkənlərdən çıxıb otağın qapısını açdı. Corc yataqdaydı, oxuyurdu.

          - Pişiyi götürdünmü? - deyə kitabı əlindən qoyaraq soruşdu.

          - Getmişdi.

          - Kim bilir hara gedib, - o, gözlərinə istirahət verərkən dedi.

          Qadın yatağa oturdu.

          - Elə çox istəyirdim ki, - dedi, - Niyə bu qədər çox istədim, bilmirəm. Yazıq pişiyi çox istədim. Yağışın altında bir pişik balası olmaq heç də xoş bir şey deyil.

          Corc yenə oxuyurdu. Qadın qalxıb güzgünün önündə oturdu. Bir əl güzgüsü götürüb özünə, üz cizgilərinə diqqətlə baxdı. Əvvəl bir, sonra digər tərəfdən, sonra da boynuna və başının arxasına baxdı.

          - Saçımı uzatmaq fikrindəyəm nə deyirsən? - deyə yenidən üzünə baxmağa davam edərək soruşdu.

          Corc başını qaldırarkən qızın kürəyini gördü. Saçları oğlan uşaqları kimi çox qısa kəsilimişdi.

- Mən bu halını sevirəm, - dedi.

- Mən bezdim, - qadın dedi, - Oğlan uşağına oxşamaqdan bezdim.

 Corc yataqda səmtini dəyişdirirdi. Qadın danışmağa başlayandan bəri gözlərini ondan ayırmamışdı.

 - Belə çox gözəlsən!

  Qadın güzgünü masanın üstünə qoyub pəncərəyə yaxınlaşdı. Hava qaralırdı.

- Saçımı dümdüz arxaya darayıb, hiss edə biləcəyim sıx, böyük bir toppuz yığmaq istəyirəm. Qucağımda oturub mən başını oxşayınca, miyoldayan bir pişiyim olsun istəyirəm.

 - Həə? - Corc soruşdu.

 - Sonra süfrədə özümün gümüş dəstlərim olsun, şamlar olsun istəyirəm. Sonra bahar gəlsin, saçımı bayırda bir güzgünün qarşısında daramaq istəyirəm. Bir pişik balası və yeni paltarlar istəyirəm.

 - Ayy, sus, oxumağa bir şey tap ən yaxşısı, - Corc dedi. 

Arvadı pəncərədən baxırdı. İndi hava yaxşıca qaralmışdı və hələ palma ağaclarına yağış yağırdı.

 - Nə olursa-olsun, bir pişik istəyirəm, - qadın yenidən dilləndi, - Bir pişik istəyirəm. İndi, bu dəqiqə istəyirəm. Uzun saçlarım və başqa bir əyləncəm olmasa belə, bir pişiyim ola bilər.

Corc qadını dinləmədən kitabını oxuyurdu. Arvadı pəncərədən bayıra baxdı, meydanın işıqları yanmışdı. Kimsə qapını döydü. 

- Avanti, - Corc dedi. 

Başını kitabdan qaldıranda, qulluqçu qapıda dayanmışdı. Qucağında sallanan, bərk-bərk tutduğu üçrəngli bir pişik vardı.

- Bağışlayın, - dedi, - patron bunu Sinyoraya verməyimi istədi.

Ernest HEMİNQUEY
Tərcümə: Aybəniz HƏSƏNOVA



"Kitabsevərlər" hərəkatı

25.02.2018 | 13:51

Tanrısını axtaran yazıçının Tanrıdan qaçan qəhrəmanı - Fariz Bayramov

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko