380x80 400x80

Gecikmiş məhəbbət - Rey Bredberi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

26.11.2017 | 00:50 Oxunub: 160


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Dünya şöhrətli Amerika yazıçısı Reymond Duqlas Bredberi 23 avqust 1920-ci ildə İllinoys ştatının Uokiqan şəhərində anadan olub. 

Elmi fantastika, fantastik-qurğu, dəhşət və psixoloji proza janrlarında xeyli möhtəşəm əsərlər yaratmış Bredberi, “Marslının xronikaları” hekayələr toplusu ilə ədəbiyyata gəlib. 

Ona dünya şöhrəti gətirən “Farenheyt 451” romanı 1953-cü ildə ilk dəfə “Playboy” jurnalında nəşr olunsa da, qısa müddət ərzində bir çox dilə tərcümə olunaraq xeyli tirajla çap edilib. 

Pulitser, Hüqo, O`Henri, Balqor, Brem Stoker, En Radkliff və Benjamin Franklin mükafatlarına layiq görülən Rey Bredberi 5 iyun 2012-ci ildə Los-Anceles şəhərində vəfat edib.

En Teylorun Yaşıl kəndə təyinatının ilk həftəsi idi. O yay gənc qadın iyirmi dörd yaşına təzəcə qədəm qoymuşdu. Bob Spoldinqs isə, bığ yeri hələ tərləməmiş on dörd yaşlı bir oğlan idi. Aradan bu qədər il keçməsinə baxmayaraq, onu hər kəs xatırlayırdı. O, şagirdlərin səhər gələrkən onun üçün çəmənlikdən çiçək topladıqları, almalar, portağallar gətirdikləri, lövhəni silmək üçün yarışdıqları, coğrafiya dərsində xəritələri asmaq üçün böyük səy göstərdikləri bir müəllimə idi. Günəş belə batmaq üçün onun gəlişini gözləyərdi-son kölgə oyunlarını onun çöhrəsində oynatmaq üçün. O, sanki iyulun istisinə ürək açan sərinlik, qışın soyuğuna insanın iliklərini qızdıran istilik verərdi. İnsanlar nə vaxtsa bir yenilik istəsələr, En Teylor onların yanında peyda olardı. Getdiyi hər yerdə o qədər fərqlənirdi ki, o andaca seçilirdi, istəsəniz də gözünüzü ondan ayıra bilməzdiniz.

Bob Spoldinqs sanki xəzan yarpaqları üçün “siçanlı kəndin qavalçısı” idi. Tənha olmaq üçün yaradılmışdı. Ağac başlarında uğuldayan küləyin arasından səsi gələr, bir şabalıd ağacının altında dünyanı ürəyindən qovmuşcasına saatlarla oturardı. O, kitabın üstündə gəzən qarışqaları vecinə almadan kitabını oxuyar, nənəsinin evinin artırmasında təkbaşına saatlarla şahmat oynayardı. Onu nəinki yaşıdları ilə, heç kimlə görə bilməzdiniz. 

Sinfə girdiyi ilk andan etibarən şagirdlər onu diqqətlə izlədilər. Gənc qadın lövhəyə irəliləyib adını yazanda da sinifdə səssizlik hökm sürdü, heç kim hərəkət belə etməmişdi.

Gənc qadın:

- Adım En Teylordur, yeni müəllimənizəm, - dedi. 

Onun həyat dolu səsi eşidiləndə sanki məktəbin tavanı uçaraq, par-par parıldayan yay günəşinin saçaqları içəri doldu. Quşlar belə ağaclarda uçuşmaq, xor şəklində ötmək üçün bu anı seçmişdilər. Bob Spoldinqs da qapı açılmamışdan əvvəl hazırladığı bəlğəmi ağzında saxlayaraq, o yan-bu yana firlatmış, En Teylora yarım saat qulaq asdıqdan sonra, partanın altına tüpürmüşdü. Dərs bitəndə, bütün şagirdlər getdikdən sonra, əlində bir vedrə və əskiylə gəlib partanın altına əyildi, quru bəlğəmi silməyə başladı. Yoxlama kağızlarını gözdən keçirərkən En Teylor, bir az təəcüüblü halda başını qaldırıb heyrətlə Boba baxdı:

- Nə edirsən?, - deyə soruşdu. 

Bob işinə davam edərək:

- Yer bir az kirlənib, onu təmizləyirəm, - deyə cavab verdi. 

- Bilirəm, amma bu işi görmək üçün xadimələr var. Təmizləmək istədiyinə əminsən?

Bir az tərəddüddən sonra Bob, gərgin bir səs tonuyla:

- Hər halda sizdən izn istəməliydim. Səhvmi etdim?

En Teylor gözəl təbəssüm ilə:

- Bu dəfə icazə verirəm, - dedi. 

Bob Spoldinqs işıq sürəti ilə yeri təmizlədikdən sonra, lövhəni sildi, təbaşirləri səliqəylə yerlərinə qoydu, tozlanmış əskiləri pəncərənin qabağında çırpıb təmizlədi. İşini bitirdikdən sonra:

- Sənin adın Bob Spoldinqsdirmi? - deyə En Teylor soruşdu. 

- Bəli. 

- Kömək etdiyin üçün çox sağ ol, Bob!

- Hər gün sizə kömək edə bilərəm?

- Başqalarına da kömək etmək üçün fürsət versək, daha yaxşı olmaz?

- Başqaları elə də vacib deyil. Mən hər gün bu işi görmək istəyirəm.

- Əgər elədirsə, bir neçə gün sınayaq səni. Baxaq görək bacara biləcəksənmi?

En Teylor:

- Artıq evə getmək vaxtıdır, - deyənə qədər Bob qapının ağzından tərpənməmişdi.

- Xudahafiz, - deyərək sağollaşdı, kölgətək qapıdan süzülərək asta-asta evinə doğru getməyə başladı. 

En Teylorun yay məktəbinə təyin olunmasının ikinci günü idi. Gənc qadın qaldığı mehmanxanadan çıxıb, məktəbə getməyə hazırlaşarkən Bobla qarşılaşdı. 

- Budur, mən gəlmişəm.

- Gələcəyini bilirdim, - qadın dedi. 

Birlikdə məktəbə doğru addımlamağa başladılar. Bob:

- Kitablarınızı aparmağa kömək edə bilərəm? - deyə soruşdu. 

Qadın kitabların bir neçəsini ona verərkən:

- Təşəkkür edirəm, - dedi. 

- Dəyməz.

Bir neçə dəqiqə danışmadan sakitcə yan-yana getdilər. Gənc qadın bir az sonra, onu gözaltı süzməyə başlamışdı. Bu dəliqanlı hərəkətlərində çox sərbəst idi. Üzündən dərin bir xoşbəxtlik oxunurdu. Gənc qadın sözə ilk başlamaq istəmədiyi üçün sakitliyi pozmadı. Bob da yol boyunca səsini heç çıxarmadı. Məktəbə çatanda kitabları gənc qadına geri verərkən Bob:

- Siz burdan tək davam etsəniz yaxşı olar. O biri şagirdlər səhv basha düşərlər, - dedi.

Qadın cavabında:

- Az qalır ki, mən də səhv başa düşəm, - dedi. 

- Necə ola bilər? Axı, biz sadəcə yaxşı dostuq, - dedi Bob.

Gənc qadın “Bob” deyə sözə başlasa da, sözünü yarıda kəsdi. Bob dedi:

- Bəli, buyurun. 

- Boş şeydir, elə də vacib deyil.

Məktəbə doğru irəliləyərkən Bobun, “Dərsə mütləq gələcəyəm” dediyini eşitdi. 

Bob hər gün məktəbə gəlirdi. Hətta, dərs bitdikdən sonra da məktəbdə olurdu. En Teylor yoxlama kağızlarını nəzərdən keçirib, imtahan nəticələrini oxuyardı. Bob nəm əski ilə lövhəni silər, təbaşir tozlarını təmizləyər, coğrafiya dərsinin xəritələrini səliqə ilə büküb yerinə qoyardı. Bob, iş görərkən heç danışmazdı. Son zəngin vurulduğu saat dörddə qələmin yoxlama kağızları üzərindəki cızıltısı, nəm əskinin lövhədə yaratdığı xışırtı, təbaşir tozlarının təmizlənməsi üçün bir-birinə vurulan silgilərin xəfif və yalın tappıltısı; bu böyük sinifdə bunlardan başqa bir səs duyulmazdı. Bu səssizlik, bəzən beşə qədər davam edərdi. En Teylor yoxlamalardan başını qaldıranda, Bobu həmişə işlərini bitirmiş, yeni tapşırıqlar gözləyirmiş kimi sinfin axırıncı partasında oturmuş halda görərdi.  En Teylor:

- Artıq evə getmək vaxtıdır, - deyərdi. 

- Bəli, - deyə Bob cavab verərdi. 

Cəld yerindən qalxar, qadının paltosunu və papağını gətirər, sonra da qapını kilidləyərdi. Onlar evə gedəndə məktəbin həyətində heç kəs olmazdı. Ordan-burdan danışaraq ağır-ağır evə doğru irəliləyərdilər. 

- Böyüyəndə kim olacaqsan? 

- Yazıçı.

- Demək, qərarın qətidir. Ancaq bilməlisən ki, yazıçı olmaq asan iş deyil. Çox çalışmalısan. Bob, məktəbdən sonra edəcək bir işin yoxdurmu?

- Necə yəni? 

- Bütün dostların özlərinə bir məşğuliyyət tapırlar, amma sən oturub sinifi təmizləyirsən. Bu qədər yorulmağın məni narahat edir.

- Mən bunu özüm istədiyim üçün edirəm. Heç kim məni istəmədiyim bir işə məcbur edə bilməz.

- Yenə də sənə yazığım gəlir.

- Xeyr! Etmək istəyirəm, edəcəyəm.

Bobun bundan sonra deyəcəklərini ehtiyatla seçəcəyi bəlli idi. Dərindən nəfəs alıb:

- Mənə bir yaxşılıq edərsinizmi? - dedi. 

- Nə istəyəcəyindən asılıdır,- deyə gənc qadın cavab verdi.

- Hər şənbə günü Buetrik küçəsindən dolaşar, çayı keçib, Mikiqan gölünə enirəm. Kəpənəklər, quşlar, balıqlar bu fəsildə çox gözəl olur. Həyat dolu... Həqiqətən də, görülməyə dəyən mənzərədir. Bəlkə siz də mənimlə gələsiniz?

- Təşəkkür edirəm, - gənc qadın dedi. 

- Deməli, gələcəksiniz, - deyə Bob sevindi. 

- Yox, gələ bilməyəcəyəm.

- Amma çox əyləncəli olur, - deyə Bob israr etdi. 

- Hər halda əyləncəlidir. Amma işlərim çoxdur.

- Nə işin var ki?- sualı dilinin ucuna gəldi Bobun... Amma bu sualın yersiz olacağını düşünərək son anda özünü saxladı. Əvəzində: 

- Özümlə kolbasalı, sosiskalı, turşulu sendviç və portağal şirəsi də aparıram. Hər şeyi unudaraq çay boyunca və göl ətrafında gəzib dolaşıram. Günortaya az qalmış göldə oluram. Saat üçdə evə qayıdıram. Günüm, həqiqətən də, gözəl və dincəldici keçir. İstəsəniz, kəpənək kolleksiyası belə düzəldərik sizin üçün. Mənim çox gözəl bir kolleksiyam var, - dedi. 

- Yox, Bob. Amma yenə də sağ ol. Bəlkə başqa vaxt. 

Bob bu sözləri eşidib dayandı. 

- Sizinlə belə danışmamalı idim. Səhv etdim, - deyə mızıldandı. 

- Üzrxahlıq etməyə ehtiyac yoxdur. İstədiyini soruşmaqda və istəməkdə sərbəstsən, - dedi En Teylor.

Bu söhbətin üstündən az keçməmişdi ki, En Teylor sandıqdakı kitabları gözdən keçirərkən tapdığı “Böyük ümidlər”-in köhnə cildini Boba hədiyyə etdi. Bob da heç ara vermədən kitabı oxumuş, növbəti gün oxuduqlarını En Teylorla müzakirə etmişdi. Onların həyatları öz axarına düşmüşdü.

Gənc qadın məktəb saatı yaxınlaşanda, Bobu həmişə qaldığı mehmanxanadan bir az qabaqda onu gözləyən halda görərdi. Bir neçə dəfə artıq gəlməməyini demək istəmiş, amma son anda vaz keçmişdi. Mehmanxana və məktəb arasında gedib-gələrkən Dikens, Kiplinq, Po və nəsr dünyasının digər böyük adlarından danışardılar.

Bir gün səhər En Teylor masanın üzərindən bir kəpənək tapdı. Onu uçurtmaq istərkən ölü olduğunu anladı. Başını qaldırıb Boba baxanda, onun kitab oxuduğunu gördü. Lakin Bob kitab oxumurdu. Sadəcə olaraq, baxışlarını kitabdan ayırmırdı. 

Günlər beləcə keçib gedirdi. En Teylor artıq Bobu dərs danışmağa qaldırmırdı. Ev tapşırığı soruşmaq üçün şagirdlərin adını oxuyarkən, Boba sıra gələndə dayanar, sonra da dərsi danışmaq üçün başqalarını çağırardı. Artıq evdən məktəbə, məktəbdən evə olan gediş-gəlişlərdə baxışlarını Bobdan qaçırırdı. Amma Bob elə deyildi. Axşamüstü gənc qadın yoxlama kağızlarını yoxlayar, Bob da silgiylə lövhəni təmizləyərdi. En Teylor bir neçə dəfə Bobun baxışları ilə qarşılaşmış, bir-iki saniyə dayanmış, sonra yenə də işinə davam etmişdi. Bir neçə gün də beləcə keçdi.

Bir şənbə səhəri idi. Bob şalvarını dizlərinə qədər qatlamışdı. Dizinə qədər çaya girmiş, qollarını suya salıb qaçan balıqları tutmağa çalışırdı. Başını qaldıranda En Teyloru çayın o tayında gördü. Qadın:

- Budur, gəldim, - deyə gülümsədi. 

Bob bir neçə gün əvvəl gənc qadının dediyi sözləri təkrarladı:

- Gələcəyini bilirdim.

- Mənə kəpənəkləri, balıqları göstər! - dedi gənc qadın.

Onlar çayın ətrafını dolaşdılar, göl kənarına enib, xəfif əsən küləyi saçlarında hiss etdilər. Turşulu, kolbasalı, sosiskalı sendviçləri acgözülüklə yeyib, balaca uşaqlar kimi portağal şirəsi içdilər. Bob bunları edərkən gənc qadından bir iki metr aralıda oturmuşdu.

- Həyatımın ən gözəl günüdür bu, - Bob dedi. 

- Heç mən də həyatımda belə bir gəzintiyə çıxmamışdım.

- “Sənin kimi balaca uşaqla çıxmamışdım” demək istədiniz.

- Bunun önəmi yoxdur. Mən özümü yaxşı hiss edirəm.  

- Sevindim.

Günəş batana qədər heç danışmadılar. Sükütu pozan Bob oldu. O hüznünü gizlətməyərək dedi: 

- Bu etdiklərimiz yalnışdır. Niyə yalnış olduğunu da anlaya bilmirəm. Kəpənək və balıq tutmağın, sendviç yeməyin, gəzintiyə çıxmağın nəyi pisdir ki? Amma bizi birlikdə görsələr anamın, atamın, dostlarımın dilinə düşərəm. Lağa qoyarlar məni, bayağı zarafatlar edərlər. Hər halda o biri müəllimələr də sizə qəh-qəhə ilə gülərlər.

- Hə, düz deyirsən.

- Onda kəpənək tutmağa ara versək, yaxşı olar.

En Teylor:

- Səninlə gəzintiyə çıxmağa necə razı oldum, təəccüb edirəm, - dedi. 

O gün belə bitmişdi.

İki-üç kəpənək, portağal şirəsi və bir neçə sendviç. Gənc qadın şənbədən sonrakı dərs günündə həmişəki vaxtında mehmanxanadan çıxmadı. Bob En Teyloru görməyib təşvişə düşdü. Ancaq məktəbə çatanda o sinifdə idi. Sadəcə, mehmanxanadan vaxtından əvvəl çıxmışdı. Həmin gün günortadan sonra, başının ağrıdığını deyərək son dərsi başqa bir müəlliməyə tapşırıb, evə getmişdi. Bob onun arxasınca getmədi. Sinif yoldaşları dağılışdıqdan sonra, mehmanxanın qabağında bir az veyilləndi, amma qapını döyməyə cəsarət etmədi.

Çərşənbə axşamı isə, hər şey əvvəlki kimi idi. Bob lövhəni silir, En Teylor da tapşırıqları oxuyurdu. Və birdən uzaqdakı məhkəmə binasının zəngi çalındı. Elə gurultulu, elə sərt bir səs idi ki, insana zamanın dayanmadan keçdiyini, hər an yaşlandığını iliklərinə qədər hiss elətdirirdi. Saat sanki acıq verirmiş kimi çalır, onlara durmadan yaşlandıqlarını xatırladırdı. En Teylor başını qaldırdı. Qələmini stola qoyub:

- Bob, - dedi. 

Bob bir saatlıq səssizliyi pozan bu kəlmə ilə diksindi. 

- Bir dəqiqə bura gələrsən?, - gənc qadın dedi.

Bob əlindəki silgiləri yavaşca yerə qoydu.

- Gəl bir az otur, sənə deyəcəklərim var.

- Baş üstə.

- Sənə nə deyəcəyimi bilirsən, elə deyilmi Bob? 

- Bəli, bilirəm.

- Onda sən də ağlından keçənləri desən, mənə kömək etmiş olarsan.

- Bizim haqqımızda danışacaqsınız yəqin ki?

- Neçə yaşın var, Bob?

- On dörd yaşıma təzə keçmişəm.

- Yəni on üç yaşındasan?

- Bəli.

- Mənim neçə yaşım var?

- İyirmi dörd yaşında olduğunuzu deyirlər.

- Bəli, doğrudur. İyirmi dörd yaşım var.

- Hə, nə olsun ki? Mənim də on il sonra iyirmi dörd yaşım olacaq.

- Amma təəssüf ki, indi on dörd yaşın içindəsən.

- Nə fərqi var ki? İndi də özümü iyirmi dörd yaşındakı kimi hiss edirəm.

- Düz deyirsən. Bəzən hərəkətlərinlə bunu hiss elətdirirsən. 

- Doğru deyirsiniz?

- Həyəcanlanma! Sakit ol! Danışacaq çox şey var. Bütün bunlar haqqında ətraflı düşünməliyik. Mənə haqq verərsən yəqin ki?

- Bəli, Teylor xanım.

- Onda izn ver, sözə başlayım. Birincisi, biz yaxşı dostuq. Məncə, bu dostluqların ən gözəlidir. Sənin kimi bir şagirdim olmayıb. Heç bir şagirdimə də sənə qarşı olanları hiss etməmişəm. Sənin yerinə danışmaq istəmirəm, amma deyəsən, sənin ən çox sevdiyin müəllimələrindən biriyəm.

- Biri deyilsiniz. Ən çox sevdiyim müəllimə təkcə sizsiniz. 

- Yaxşı, elə olsun. Ancaq insan öz duyğularından başqa ətrafdakıların da fikrinə önəm verməlidir. Başqalarını, ətrafımızı, kənd camaatını da düşünməliyik. Bu haqda çox fikirləşmişəm, Bob. Bu münasibətimiz qəribə, qeyri-adi kimi görünə bilər. Amma sən sıradan bir insan deyilsən. Başqalarından çox fərqlisən. Axmaq və ruhi xəstə olmadığımı bilirəm. Fiziki və psixoloji problemim də yoxdur. Buna görə də sənə olan hisslərimin boş şeylər olmadığını bilirəm. Duyğularım xarakterinə, xeyirxahlığına olan inamımdan yarandı. Lakin içində yaşadığımız dünyanın bu duyğuları qəbul etməsi üçün insanlar müəyyən bir yaşa sahib olmalıdır. Başa düşürsənmi məni?

- Bəli, çox yaxşı başa düşürəm. On yaş daha böyük, otuz-qırx santımetr uzun olsaydım, bir əngəl olmazdı. Bu, axmaqlıqdır. İnsanları dəyərləndirmək üçün yaşın, santımetrin nə nə önəmi var ki?

- Dediklərin doğrudur. Lakin insanların düşüncə tərzlərini dəyişdirə bilməzsən. Bu dünya belədir.

- Dünya belə ola bilər, amma mən fərqliyəm.

- Düz deyirsən. Özünü müəyyən yaş həddinə çatmış hiss edən birisini insanların anlamaması həqiqətən haqsızlıqdır. Dünyamız belə qurulub. Sən utanmalı heç nə eləməmisən. Sən yaxşı və dürüst insansan. Mən də sənə qarşı dürüst olmağa çalışdım.

- Dürüst oldunuz olmasına, amma...

- Sözümü kəsmə, Bob! Bəlkə də həsrətini çəkdiyimiz gələcəkdəki dünyada insanları yaşına, doğulduqları günə görə yox, ağlına, idrakına və insanlığına görə dəyərləndirəcəklər. Amma yenə şəxsiyyət vəsiqəsində yaşı on üç, amma özü yaşından bu qədər böyük yazarlar yəqin ki. Məslliyyətlərini və vəzifələrini bilən, özünü dərk etmiş insan olaraq baxacaqlar. Amma nə edək ki, o günlər gələnə qədər mövcud meyarlara tabe olmalıyıq. Doğum tarixini, boyunu, çəkini nəzərə almalıyıq.

- Bu, heç xoşuma gəlmir , - Bob dedi. 

- Mənim də xoşuma gəlmir. Amma xoşuna gəlməyən bir şeyə üsyan etmək, həmin şeyin bəxş etdiyi xoşbəxtlikləri bizdən oğurlayar. İkimizin də bədbəxt olmasını istəməzsən, elə deyilmi? Heç şübhən olmasın ki, bu münasibət ikimizə də xoşbəxtlik gətirə bilməz. İkimizin qarşılıqlı bu haqda danışmağımız belə çox çətindir. Bunu sən də görürsən. Başqaları ilə necə danışacağıq bu haqda? Heç düşündünmü? 

- Haqlısınız, deyəsən. Duyğularımızı, vəziyyətimizi yaxşı bilirik. Bir-birimizə qarşı hər zaman dürüst və açıq olduq. Hisslərimizdə məyus olacaq bir şey, utanılacaq pis niyyət yoxdur. Ancaq vəziyyətimizin ümidsizliyini qəbul etməliyik, elə deyilmi? 

- Bilməyinə bilirəm. Amma üsyan etmək istəyirəm bu haqsızlığa. Deyəsən, qərar vermək vaxtı gəlib çatdı. Bunu ilk sənə deyirəm. Başqa bir məktəbə təyinatımın verilməsi üçün müraciət etmişəm.

- Yoooooooxx!

- Onda, sən məktəbinin dəyişdirilməsini istəməlisən.

- Siz narahat olmayın, Teylor xanım. Biz kənddən köçürük. Dünən valideynlərim bu qərara gəliblər. Medisona gedirik.

- Bu münasibət ilə əlaqəsi varmı bu qərarın?

- Xeyr, yoxdur. Atam daha yaxşı bir iş tapıb. Amma gedəcəyimiz yer burdan sadəcə 80 kilometr uzaqdadır. Həftə sonları buraya gəlib sizi görə bilərəmmi?

- Bunun doğru olacağına inanırsanmı?

- Düz deyirsiniz...

O an otağa qarabasmaya oxşar səssizlik çökmüşdü. Bob ümidsiz bir pıçıltıyla sükutu pozdu. 

- Niyə? Bu dünyanın qanunları niyə belədir?

- Bilmirəm. Bunu heç kəs bilmir. İnsanlar bu haqda min illərdir düşünürlər. Hələ min illər daha düşünəcəklər. Bu dünya insanların ya bir-birilərini çox sevmələrini, ya da heç sevməmələrini tələb edir. Bəzən bir-birilərini sevməməli olan insanlar sevgiylə birləşirlər bir anda. İndi duyğularımı anlada biləcək söz tapa bilmirəm. Sənin də eyni vəziyyətdə olduğunu bilirəm.

Bob yerindən qalxdı və dedi:

- Mən evə getsəm, yaxşı olar. 

- Mənə acığın tutmadı ki? 

- O nə sözdür?! Sizə necə acığım tuta bilər?

- Sənə son bir söz demək istəyirəm. Həyatda itirdiyin bir şeyin yerinə həmişə yenisini tapmaq olur. Bu da həyatın qəribə oyunlarından biridir. Əgər belə olmasaydı, insanlar həyata davam edə bilməzdilər. İtirilmiş bir şeyin yerini doldurmağın yolları vardır. Bu an özümü heç yaxşı hiss etmirəm. Əminəm ki, sən də yaxşı deyilsən. Amma bunun öhdəsindən gələcəyinə inanıram. Sənin də buna inanmağını istəyirəm.

- Mən istəyərdim, amma inanmıram.

- İnanmalısan. Bunlar həyatın gerçəkləridir.

- Kaş ki...

- Kaş ki nə?

- Kaş ki, məni gözləyə bilsəniz.

- On il? 

- On il sonra mən də iyirmi dörd yaşımda olacağam.

- Amma mən də o vaxt otuz dörd yaşımda olacağam. Çox dəyişiləcəyəm yəqin ki.

- Olsun. 

- Bu, qəbul olmayacaq duaya “amin” demək kimi bir şey olardı.

En Teylor dayandı və düşündü.

- Bu axmaqlıqdır, amma düzünə qalsa, istərdim. Həm də çox istərdim.

Uzun müddət danışmadılar. 

- Sizi heç vaxt unutmayacağam, - dedi Bob. 

- Sən də bilirsən belə olmadığını və olmayacağını. Amma yenə də belə düşünməyinə sevindim.

- Necə olur-olsun, sizi, əsla, unumayacağam. Unutmamağın yolunu mütləq tapacağam.

En Teylor nəm əskini əlinə alıb lövhəni silməyə başladı.

- Sizə kömək edim?

- Sən evinə getsən, daha yaxşı olar. Bundan sonra sinfin lövhəsini və silgiləri təmizləməyə son. Bu vəzifəni artıq Helen Stevensa verəcəyəm.

Bob məktəbdən çıxıb, yavaş-yavaş uzaqlaşdı. Arxaya dönüb baxdı. Pəncərədən lövhəni yavaş hərəkətlərlə silən En Teyloru gördü. Bu, onun son görüşü idi. 

Bob sonrakı həftə Yaşıl kənddən köçdü. Düz on altı il bura gəlmədi. Otuz yaşına təzə qədəm qoymuşdu. Evlənmişdi. Həyat yoldaşıyla Çicqoya gedərkən Yaşıl kəndə baş çəkmək istədi. Bir gün burada qalacaqdılar. Bob həyat yoldaşını mehmanxanaya ötürüb, kəndin küçələrini dolaşırdı. En Teyloru hamıdan soruşdu. Onu çox adam xatırlamasa da, yalnız bir nəfər xatırlayan tapıldı. 

- En Teylor? Bu adı haradan tanıyıram? Həəə. O gözəl müəllimə. Sən burdan köçdükdən az müddət sonra öldü.

- Evlənmişdi?

- Yox.

Bob qəbiristanlığa getdi. En Teylorun qəbrini tapdı. Baş daşına “En Teylor, 1910-1936” yazılmışdı. Bob səksəndi. 

- İyirmi altı yaşında ölübmüş, - deyə düşündü, - İşə bir bax! Mən indi səndən üç yaş daha böyüyəm.

Bob və həyat yoldaşı günortadan sonra şabalıd ağacının altında görüşdülər. O gün Bobun gənc xanımını bütün kənd camaatı gördü. Günəş belə batmaq üçün onun gəlişini gözləyərdi-son kölgə oyunlarını onun çöhrəsində oynatmaq üçün. O, sanki iyulun istisinə ürək açan sərinlik, qışın soyuğuna insanın iliklərini qızdıran istilik verərdi... Getdiyi hər yerdə o qədər fərqlənirdi ki, o andaca seçilirdi, istəsəniz də gözünüzü ondan ayıra bilməzdiniz.

Rey BREDBERİ
Tərcümə: Aygün ƏLƏKBƏROVA



"Kitabsevərlər" hərəkatı

25.02.2018 | 13:51

Tanrısını axtaran yazıçının Tanrıdan qaçan qəhrəmanı - Fariz Bayramov

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko