380x80 400x80

Divar arxasında - Ambros Birs

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

23.11.2017 | 01:48 Oxunub: 153


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Amerika yazıçısı, jurnalisti, yumoristik və qorxulu hekayələr müəllifi Ambros Qvinnet Birs 24 iyun 1842-ci ildə Ohayo ştatının Meyqs şəhərində doğulub. 

Realizm ədəbi cərəyanının nümayəndəsidir. İştirak etdiyi Amerika vətəndaş müharibəsinin motivləri əsasında yazdığı “Parker Adderson, filosof” kitabı ilə tanınmağa başlasa da, ona əsl şöhrət gətirən “İblisin lüğəti” kitabı olub. 

Şəxsi həyatı çox ağır keçən Ambros Birs 26 dekabr 1913-cü ildə Meksikanın Koauila ştatında dünyasını dəyişib. 

Uzun illər əvvəl, Honkonqdan Nyu-Yorka gedərkən, bir həftə San Fransiskoda qalmağa qərar verdim. Bu şəhərə sonuncu dəfə uzun müddət öncə gəlmişdim. Bu müddət ərzində Şərqdəki macəralarım gözlədiyimdən də yaxşı nəticə vermişdi. Varlı idim, istədiyim hər şeyə sahib olmuşdum. Məni xoş söhbətlərimlə xatırlayan cavanlıq dostlarımla görüşmək üçün, öz ölkəmi yenidən ziyarət etmək haqqında düşünə bilərdim. Ən çox görmək istədiyim dostum isə, uzun zaman məktublaşdığım, son zamanlarsa, məktublaşmağı tamamilə kəsdiyim köhnə məktəb yoldaşım Mohun Dampier idi.

Dampieri akademik zövqlərə sahib, işləməyə qarşı nifrət hissi duyan, mal-dövlət də daxil olmaqla, dünyada çoxlarının önəm verdiyi şeylərin əksəriyyətinə qarşı biganə olan, yaraşıqlı və güclü biri olaraq xatırlayırdım. Ona istədiyi zirvəyə asanlıqla çata bilməsi üçün kifayət qədər böyük bir sərvət miras qalmışdı. Lakin Dampier üçün bunun heç bir əhəmiyyəti yox idi. Mohunun ailəsi ölkənin ən qədim və ən aristokrat ailələrindən biri olduğuna  görə, ailədən bir nəfərin belə ticarətlə və siyasətlə məşğul olmaması, ya da hər hansı bir üstünlüyə malik olmaması ailənin nüfuzuna xələl gətirəcək bir hadisə idi.

Mohun bir az həssas idi. Məntiqi təfəkkürü onu fantastik və təhlükəli inanclara qarşı qorusa da, onu  sirli araşdırmalara yönləndirən bir batil inancı da vardı.

Ona baş çəkməyə getdiyim gecə hava fırtınalı idi. Kaliforniyaya qış gəlmişdi. Arası kəsilmədən yağan yağış tərk edilmiş küçələri suya qərq edir və küləyin də nizamsız hərəkəti ilə inanılmaz bir qəzəblə evləri döyəcləyirdi.

Taksi sürücüm  böyük çətinliklə də olsa, okean sahilindəki az sakini olan kənddə axtardığımız evi tapdı. Bu ev olduqca eybəcər görünüşə malik olan və qaranlıqda görə bildiyim qədərilə, çiçək və çəməndən məhrum olan ərazinin tam ortasında yerləşirdi. Fırtınanın işgəncəsi altında qıvrılan üç, ya da dörd ağac sanki qorxunc məkanlarından qaçmaq və dənizdə daha yaxşı bir sığınacaq tapmaq ümidilə çırpınırdı.

Kərpicdən tikilmiş ikimərtəbəli bu evin özündən bir mərtəbə hündür olan qülləsi var idi. Evi yalnız bir pəncərə işıqlandırırdı. İçəri girmək istəyərkən, nəsə məni vahiməyə saldı. Buna bəlkə də, qapıdan girərkən kürəyimdən içəri süzülən yağış damcısı səbəb oldu.

Ona baş çəkəcəyimi yazdığım kağıza cavab olaraq Dampier, “Qapının zəngini basma... Qapını aç və yuxarı çıx...” yazmışdı. Mən də onun yazdığı kimi etdim. Pilləkənlər ikinci mərtəbənin tavanındakı bir qaz lampası ilə zəif işıqlandırılmışdı. İkinci mərtəbəyə heç bir bədbəxtlik baş vermədən çıxmağı bacardım, açıq qapıdan qüllənin işıqlı və dördkünc şəklində olan otağına girdim.

Dampier məni gecəlik və ev başmaqları ilə qarşıladı. Evə girərkən məni şəxsən qarşılamadığına görə, öncə onun qonaqsevər olmadığı qənaətinə gəlsəm də, onun  mənimlə səmimi münasibəti bu düşüncəmi alt-üst etdi. Dostum əvvəlki kimi deyildi. Orta yaşlı olmağına baxmayaraq, saçlarına dən düşmüş və beli bir az əyilmişdi. Rəngi o qədər solğun idi ki, mənə ölü görkəmini xatırlatdı. Üzündə həyat əlaməti, gözlərində yaşama sevinci yox idi.

Məni kresloda oturdub siqar təklif etdi. Görüşdüyümüzə çox sevindiyini səmimi bir şəkildə etiraf etməkdən çəkinmədi. Uzun-uzun söhbətləşdik. Dostumun belə dəyişməsi, onun kədərli görkəmi içimdə melanxolik hisslər  yaratmışdı. Sanki o, özü də bunu hiss edərək həmin an ürəkdən gülümsədi.

- Sənin xəyalındakı kimi olmadığımı bilirəm. “Non sum qualis eram” - dedi.

Nə cavab verəcəyimi bilmirdim,amma latınca çox çətinliklə:

- Əslində...elə əvvəlki kimisən, - deyə bildim.

Söhbətə davam etdi. Danışarkən üzündəki gülümsəməsi soldu və sözlərini bitirəndə mənə kədər verən bir ciddiyyətlə gözlərimə baxdı. Mənə təsir etməsinə, onun ölümü öncədən görməsini məni dərindən sarsıtdığını hiss etməsinə izn verməməli idim.

Söhbətimiz maraqsız və sıxıcı bir məcrada irəliləyirdi. Mən ona necə uyğunlaşacağım, hansı mövzu ilə onun diqqətini çəkəcəyim haqqında düşünürdüm. Anidən fırtınanın sakitləşməsiylə ölüm səssizliyi daha öncəki söhbətlərə təzad olaraq, vahiməli bir hal almışdı.

Birdən masanın arxasındakı divardan zəif bir vuruş səsi gəldi. Bu vuruş,  otaqda kimsənin olduğundan və sanki bununla bir-birilərinə işarə verdiklərindən xəbər verirdi. Belə bir hərəkəti düşüncəsiz anımızda, bəlkə də, hamımız etmişik.

Dampierə baxdım. Onun baxışlarında səbəbsiz bir zövq vardı. Sanki, mənim varlığımı unutmuşdu. Sözlə ifadə edə bilməyəcəyim bir baxışla arxamdakı divara baxırdı. Vəziyyət utancverici idi. Mən evdə başqa birinin olduğunu düşünərək, getmək üçün ayağa qalxdım. Bu hərəkətdən sonra, sanki, Dampier özünə gələrək dedi:

- Otur, xahiş edirəm! Orada heç kim yoxdur.

Amma bu anda yenə həmin vuruş təkrarlandı. Öncəki ilə eyni tərzdə, yavaş və israrlı şəkildə...

- Üzrlü hesab elə, - dedim, - Artıq gecdir. Sabah yenə gələrəm.

Dostum gülümsədi.

- Çox nəzakətlisən! Amma buna ehtiyac yoxdur. Bu qüllədə yalnız bir otaq var, orada da heç kim yoxdur. Ən azından...

Cümləsini yarımçıq saxladı, ayağa qalxıb pəncərəni yuxarı qaldırdı. Səsin gəldiyi divardakı tək açıq yer bu pəncərə idi. Nə edəcəyini bilməsəm də, qeyri-ixtiyari olaraq, onu pəncərəyə qədər izlədim və bayıra baxdım. Bir az uzaqdakı bir küçə lampası yenidən sel kimi başlamış yağışın zülməti içində “orada heç kim yoxdur” cümləsinin doğruluğunu sübut edəcək şəkildə işıq verirdi.

Həqiqətən də, orada qüllənin boş divarından başqa heç nə yox idi. Dampier pəncərəni bağladı və işarə ilə başa saldı ki, qayıdıb kresloda oturum. Mən onun dediyinə əməl edərkən, özü də keçib digər kresloda oturdu. Hadisə əslində sirli deyildi, olan hər şeyin bir mənası olmalı idi (amma  ağlıma heç nə gəlmirdi). Məndə qəribə bir təəssürat oyadan səbəblərdən biri də, dostumun bu hadisəyə müəyyən bir məna  verməyə çalışaraq məni razı etmə səyi oldu. Orada heç kimin olmadığını sübut etmişdi, amma bütün sirr bu gerçəyin içində gizli idi və  buna heç bir aydınlıq gətirməmişdi. Divardan gələn səsin mənası açıqlanmamışdı.

Dampierin səssizliyi narahatedici idi və mənim xoşuma gəlmədi. Kinayəli səs tonu ilə dedim:

- Əziz dostum, zövqünə və dostluq anlayışına uyğun olaraq, qarabasmalarla əlaqə saxlamağına və onlara inanmağına etiraz etmirəm. Məni heç maraqlandırmır da! Bu dünyaya aid adam olduğum üçün qarabasmaları öz dincliyim və rahatlığım üçün lüzumsuz hesab edirəm. Mən dostlarımın və qonaqlarımın hələ də, canlı və qanlı olduqları otelimə qayıdıram.

Kobud danışmağıma baxmayaraq o, sakitliyini qoruyaraq heç bir reaksiya vermədi.

- Xahiş edirəm, qal! Burada olmağından çox məmnunam. Bu gecə burada eşitdiyin səsi daha öncə mən də iki dəfə eşitmişəm. Amma mən yanıldığımı düşünürdüm. İndi isə görürəm ki, eşitdiklərim gerçək imiş. Məni dinləməyin mənim üçün çox vacibdir. Yeni bir siqar yandır və mən sənə əhvalatı danışarkən səbirli ol.

Yağış ağacları xışıldadaraq daha sakit yağırdı. Gecə yarını keçmişdi. Amma buna baxmayaraq, həm dostuma olan hörmətim, həm də hadisəyə qarşı olan marağım məni onun istəkli dinləyicisinə çevirdi.

- On il öncə qəsəbənin ucqar bir hissəsi olan Rincon Hill dediyimiz yerdə, biri digərindən fərqlənməyən evlərin birində məskunlaşmışdım. Bura Çikaqonun ən gözəl yerlərindən biri  sayılırdı. Lakin qismən qədim memarlıq üslubunda tikilməsi, həmçinin, vətəndaşların zövqünə uyğun olmaması buranı xarabalığa çevirmişdi. Məskunlaşdığım mənzil prospektdən bir az aralıda idi. Evlər bir-birindən dəmir hasarla ayrılır və hər birinin kiçik həyəti vardı.

İsti iyun günlərindən biri idi. Səhər mənzilimdən çıxarkən, sol tərəfdəki bitişik həyətə gənc bir qızın girdiyini gördüm. Qız ağ, nazik bir don geyinmişdi. Başında isə, çiçəklərlə bəzənmiş və son dəbə uyğun həsir bir şlyapa vardı. Onun geyiminin sadəliyi o qədər də diqqətimi çəkmədi, çünki heç kim qızın simasına baxıb onun haqqında dünyəvi bir şey düşünə bilməzdi. O, inanılmaz dərəcədə gözəl idi. İlahi rəssamın əlindən çıxmış bu bənzərsiz rəsm, indiyə qədər xəyal etdiyim və gördüyüm ən gözəl rəsmdir.  Onun gözəlliyi mənə o qədər təsir etdi ki, özümdən asılı olmadan, şüursuzca şlyapamı çıxartdım. Eynilə dindar bir katolikin, yaxud da yaxşı tərbiyə edilmiş bir protestantın Müqəddəs Bakirənin önündə şlyapasını çıxartdığı kimi... Gənc qız bu jestimə heç bir narazılıq etmədi. Möhtəşəm qara gözlərini nəfəsimi tutmağına səbəb olan bir baxışla mənə çevirib evə girdi. Bir anlıq hərəkətsiz qalmışdım. Kobudluğumun fərqində olsam da, bu bənzərsiz gözəlliyin qarşısında hər şeyi unutmuşdum. Qəlbimi geridə qoyaraq, yoluma davam etdim. Hər zamankının əksinə olaraq, həmin gün həyətdəki gülləri sulamaq bəhanəsiylə evə tez qayıtdım. Ancaq bütün ümidlərim puç oldu, çünki qızı görə bilmədim. Narahat və yuxusuz keçirdiyim gecənin səhəri də onunla rastlaşmadım. Ümidimin bitdiyi anda gözlənilmədən onunla üz-üzə gəldim. Bu dəfə şlyapamı çıxarıb ona qarşı kobudluq etmək istəmədim. Onda özümə qarşı maraq oyadacaq qədər üzünə baxmağa da, cəsarətim çatmadı.

İri qara gözlərini məsumca bir baxışla mənə çevirdiyi an, bütün bədənim titrədi və qızardığımı hiss etdim.

Bu günə qədər bir çox gənc qızla rastlaşmışam, lakin heç vaxt nə onların diqqətini çəkməyə çalışmışam, nə də onlarla tanış olmağa can atmışam. Bu qıza isə, dəlicəsinə vurulmuşdum. Axmaq insanların deməyi sevdiyi, daha axmaqların isə, eşitməkdən zövq aldığı bir təbəqədən idim; varlı və kübar... Qısası, çox zərif və gözəl olmağına baxmayaraq, bu qızla eyni təbəqədən deyildik. Adını, ailəsi haqqında bir çox şeyi öyrənə bilmişdim. Ata-anasını itirən bu qız, çox yaşlı və kök bir qadının himayəsində  yaşayırdı.

Mənim isə, gəlirim az idi və evlənməyə hazır deyildim. Bəlkə də, xeyirlisi bu idi. O ailə ilə qohumluq məni öz dünyamdan, kitablarımdan ayırar və nüfuzuma xələl gətirərdi. Özümə uyğun olmayan biri ilə evlənib atalarımın ruhunu təhqir edə bilməzdim. Seçimimə haqq qazandırmaq üçün özümü evliliyin eşqi öldürəcəyinə, aramızdakı münasibəti soyudacağına inandırdım. Belə münasibət mənə daha sirli və maraqlı gəlirdi. Evliliyin bu gözəl yuxunu bitirməsini istəmirdim. “Eşq möhtəşəm bir yuxudur. Niyə özümü bu yuxudan oyandırım?”- deyə düşünürdüm. Məntiqim, hislərim, qürurum, ideallarım ondan uzaqlaşmalı olduğumu deyirdilər. Amma bunu edə biləcək iradəm də yox idi. Bacardığım tək şey qızla görüşməmək oldu. Mümkün olduğu qədər onunla qarşılaşmamağa çalışırdım. Səhər evdən o,musiqi dərsinə getdikdən sonra çıxar, axşam da çox gec qayıdardım ki, onunla rastlaşmayım. Onunla qarşılaşsam, verdiyim qərardan vaz keçəcəyimi bilirdim.

Bir gecə şeytan ağlıma axmaq bir fikir saldı. Dedi-qodu edən, hər şeydən xəbəri olan ev sahibəmdən qızın yataq otağının mənim otağıma bitişik olduğunu və onunla eyni divarı paylaşdığımızı öyrənmişdim. Ani və düşüncəsiz bir hərəkətlə yavaşca divara vurdum. Təbii olaraq, bu vuruşa cavab gəlmədi, amma mən uğursuzluğu qəbul edəcək vəziyyətdə deyildim. Sanki dəli olmuşdum. Bu çılğınlığı və tərbiyəsizliyi yenə təkrarladım. Heç bir cavab gəlmirdi ki, gəlmirdi. Nəhayət, bu hərəkətimdən əl çəkməli oldum.

Təxminən bir saat sonra başımın işlərə qarışdığı vaxt vuruşuma cavab gəldiyini eşitdim, ya da mənə elə gəlmişdi. Kitablarımı tullayaraq, divara tərəf qaçdım və sürətlə döyünən ürəyimin imkan verdiyi qədər üç dəfə divara vurdum. Bu dəfə cavab daha aydın idi-bir, iki, üç... Mənim vuruşuma cavab gəlmişdi. Əldə etdiyim bu qədər idi, amma mənə kifayət edirdi... Həm də artıqlaması ilə.

Sonrakı axşam və ondan sonra bir çox axşam bu çılğınlıq davam etdi. “Son sözü söyləyən” hər zaman mən olurdum. Bütün bu müddət ərzində özümü  çox xoşbəxt hiss edirdim. Lakin verdiyim sözə əməl edərək, ağılsız kimi hələ də onunla görüşməməkdə israrlı idim.


Bir müddət sonra vuruşlarım cavabsız qaldı. “Yəqin ki, məndən ciddi bir addım gözlədiyinə görə belə edir. Mənim utancaq olduğumu düşünür və utancaqlıqdan nifrət edir”.

Qərar verdim ki, onunla tanış olacam və... nə???

Davamının nə olacağını bilmirdim, elə indi də bilmirəm. Sadəcə, onunla qarşılaşmaq üçün hər gün ümidsizcə gözlədiyimi bilirəm. Səsinin gəlməməsi azmış kimi, görünməz də olmuşdu. Günlərlə onunla rastlaşdığım küçələrdə gəzdim, pəncərəmdən onun həyətini izlədim, amma onu görə bilmədim. Qız nə içəri girdi, nə də bayıra çıxdı. Nəhayət, onun buradan çıxıb getdiyinə inanmağa başladım. Buna görə də, çox qəmgin və iztirablı günlər keçirirdim. Onun hara getdiyini öyrənmək istəsəm də, ev sahibəmdən bu haqda heç nə soruşmamaqda qərarlı idim.

Hər şeyin bir anda alt-üst olduğu o gecə gəlib çatdı. Ümidlərimin itməsi ilə yorğun və əldən düşmüş bir halda otağımda uzanıb dərin bir yuxuya dalmışdım. Gecənin yarısında bir şey-sonsuzadək yuxularımı qaçıracaq olan bir güc-mənə gözlərimi açmalı olduğumu dedi. Yuxudan oyanıb nə olduğunu bilmədən, nəyisə dinləməyə başladım. Birdən divardan zəif bir vuruş səsi gəldi. Bu səs tanış bir işarənin qarabasması kimi idi. Bir neçə saniyə içində vuruş təkrarlandı. Bir, iki, üç... Əvvəlkindən daha yüksək bir vuruş deyildi. Sanki onu gözləyən birinə müraciət edirmiş kimi idi…

Cavab vermək istəyirdim ki, ürəyimdə alçaqca bir intiqam hissi yarandı. Qız məni uzun müddət cavabsız qoymuşdu. İndi də, mən onu cavabsız qoyacaqdım. İnanılmaz bir axmaqlıq! Allah günahımdan keçsin!

Həmin gecəni etdiyim bu hərəkətə haqq qazandıraraq keçirdim. Səhəri gün evdən çıxarkən ev sahibəmlə qarşılaşdım.

- Sabahınız xeyir, Dampier! Xəbəri eşitdinizmi?

Heç nədən xəbərim olmadığını dedim. Qadın davam etdi:

- Divar qonşunuz gənc qadın… həftələrdir xəstə idi. İndi isə...

Maraqla gözlərimi bərəldərək bağırmağa başladım:

- Nə? İndi isə nə?

- Öldü.

Əhvalatın hamısı bu deyildi. Daha sonra öyrəndim ki, bir həftədir xəstəlikdən sayıqlayan qadın özünə gələrkən yanındakılara son istəyini bildirib. O, yatağının otağın digər tərəfinə qoyulmasını istəyib. Yanındakılar da xəstə olduğuna görə, onun  istəyini yerinə yetiriblər. Xəstə yatağında zavallıca ölməkdə olan məsum bir ruh iradəsini və gücünü toplayaraq, son anında belə mənə hislərini və ürək sözlərini demək istəyib.

Bu səhvimin üstünü  necə örtə bilərdim? Böyük peşmanlıq hissi yaşayırdım.

Dostum, belə gecələrdə bayıra çıxan ruhların rahatlığa qovuşa bilməsi üçün ayinlər varmı? Görünməz rüzgarlarla ətrafda uçuşan qarabasmalar üçün? Fırtına və qaranlıqda xatirələrlə və fəlakət uydurmaları ilə  gələn ruhlar üçün? Bütün bunlar üçün ayinlər varmı???

Bu, onun üçüncü ziyarəti idi. İlk gəlişində, bu hadisəyə şübhəylə yanaşırdım və bunu anlayacaq bir vəziyyətdə deyildim. İkincisində, bir neçə dəfə təkrar etdikdən sonar, cavab verdim, ancaq heç bir nəticəsi olmadı. Bu gecəki hadisə Parapelius Necramentius tərəfindən irəli sürülən “Ölümcül üçlük” fikrini tamamlayır. Mən sənə hər şeyi danışdım. Mənim daha söyləyəcək sözüm yoxdur.”

Dampier hekayəsini bitirdiyində, ona nə deyəcəyimi bilmirdim. Onu mühakimə etmək kobudluq və qəddarlıq olardı. Ayağa qalxıb onu başa düşdüyümü dedim. O isə, əlimi sıxaraq mənə təşəkkür etdi. Peşmanlıq və kədər dolu o gecə məchula qarışdı.

Ambros BİRS
Tərcümə: Nərmin CALALOVA



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi