380x80 400x80

Göyərtə yelkəni altında - Cek London

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

22.11.2017 | 00:38 Oxunub: 154


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Amerika yazıçısı, daha çox macəra ədəbiyyatı janrındakı hekayə və romanlarla məşhurlaşan Cek Qriffit Çeyni London 12 yanvar 1876-cı il tarixində San-Fransisko şəhərində anadan olub. 

Həyatının ağır keçməsi onun yaradıcılığına da eyni təsiri göstərib. Bunun nəticəsində C.London istənilən mübarizədən qalib çıxan insan mövzusunda bir çox təsirli hekayə və romanlar yazıb. 

Ona dünya şöhrəti gətirən “Həyat eşqi” hekayəsi və “Martin İden” romanıdır. 

Əsasən, realizm və naturalizm ədəbi cərəyanlarının nümayəndəsi hesab olunur. 

C.London son illər böyrək ağrılarından əziyyət çəkdiyinə görə, qəbul etdiyi morfinin dozasının çoxluğundan vəfat edib. Özünəqəsd kimi dəyərləndirilən bu ölüm 22 noyabr 1916-cı ildə baş verib. 

- Ədəb-ərkanlı bir kişi qadını “donuz” adlandıra bilərmi?

Bu sualı bir çağırış kimi bütün məclislərə xitab edən balaca adam kresloya yayılıb, özünə arxayın və ehtiyatlı bir surətdə döyüşkən əda ilə öz limonadını ağır-ağır içməyə başladı. Cavab verən olmadı. Hamı bu balaca adama, onun hövsələsizliyinə və danışıqlarının təkəbbürlü tonuna çoxdan alışmışdı.

- Yenə də deyirəm, mənim yanımda həmin adam sizin tanımadığınız bir xanıma “donuz” dedi. O, həmin qadının “donuz kimi hərəkət etdiyini” demədi, elə açıq və kobud şəkildə dedi ki, o, “donuz”dur. Amma mənə elə gəlir ki, heç bir ədəbli, mərifətli adam qadın haqqında belə kobud ifadə işlədə bilməz. 

Doktor Douson qara qəlyanını saymazyana tərzdə tüstülədirdi. Metuz bükülmüş dizlərini qolları arasına alıb, diqqətlə bir qağayının uçuşuna baxırdı.

Suitin gözləri viskisini içib bitirdikdən sonra göyərtə xidmətçisini axtarırdı. 

- Mən sizdən soruşuram, cənab Trelor, bir kişi qadını “donuz” adlandıra bilərmi?

Onunla yan-yana oturmuş Trelor, bu ani hücumdan özünü itirdi. O, başa düşə bilmirdi ki, nə üçün məhz onun qadını “donuz” adlandıra biləcəyindən şübhələniblər.

- Mənim fikrimcə, - deyə o, inamsız halda mızıldadı, - bu…e… ona baxır ki… qadın… necə qadındır.

Balaca adam çaşıb qaldı.

- Siz demək istəyirsiniz ki… - o, titrək bir səslə sözə başladı.

- Mən elə qadınlar görmüşəm ki, onlar donuzdan nəinki yaxşı deyil, hələ bəzən bundan da betər olublar.

Araya gərgin bir sükut çökdü. Balaca adam, görünür, bu cavabın açıq-aşkar kobudluğundan təşvişə düşmüşdü. Onun üzündə təsəvvür edilməsi belə çətin olan bir ağrı və üzgünlük ifadəsi göründü.

- Siz ədəbsiz söz demiş bir adam barəsində danışdınız və onun haqqında öz fikrinizi bildirdiniz, - deyə Trelor sakit və ahəngdar bir ifadə ilə sözünə davam etdi,- İndi mən sizə bir qadın barəsində, bağışlayın, bir xanım qız haqqında danışacağam və xahiş edirəm, mən sözümü bitirdikdən sonra, siz onun haqqında öz rəyinizi bildirəsiniz. Mən onu miss Keruferz adlandıracağam, ancaq, ona görə ki, onun əsl adı belə deyildir. Mənim danışacağım hadisə, bir neçə il bundan əvvəl Şərq kompaniyasına məxsus paroxodlardan birində baş vermişdir. Miss Keruferz cazibədar bir qadındı. Daha doğrusu, son dərəcə gözəl bir xanımdı. Bu, gənc qız və adlı-sanlı bir xanım idi.

Onun atası yüksək mövqe sahibidir, mən onun soyadını deməyəcəm, çünki bu soyadı yəqin ki, hamınız tanıyırsınız. Qız anası və iki qulluqçusu ilə birlikdə şərqə, atasının yanına gedirdi.

Üzr istəyirəm, mən yenə də təkrar edirəm ki, o son dərəcə gözəl idi! Bunu ifadə etməyə başqa bir söz tapa bilmirəm. Onun barəsində danışanda bütün keyfiyyətləri gərək ən mübaliğəli dərəcədə işlədəsən. O qız hansı işə əl atsaydı, o işi digər qadınlardan və kişilərin çoxundan yaxşı görərdi. O, elə gözəl çalır, elə gözəl oxuyurdu ki! Onunla yarışmaq mümkün deyildi, bir məddah Napoleon barəsində də belə demişdi. Qız üzməyi elə yaxşı bacarırdı ki, əgər o peşəkar idmançı olsaydı, yəqin ki, böyük şan-şöhrət qazanardı. O tək-tək tapılan elə qadınlardan idi ki, bəzək-düzəksiz çimərlik paltarında da gözəl görünürdü. Deyim ki, o əsl rəssam zövqü ilə geyinirdi. Bəli, mən onun necə gözəl üzdüyünü söylədim. Onun bədən quruluşu ideal dərəcədə gözəl idi, başa düşürsünüz nə demək istəyirəm: kobud akrobat əzələləri deyil, bədəninin cizgiləri qüsursuz, özü zərif və çevik idi. Bununla yanaşı güclü idi. Bütün bu xüsusiyyətlər o qızın bədənində son dərəcə ahəngdar bir tərzdə birləşmişdi. Qızın çox gözəl qolları vardı: çiyinlərini yaxınlığında əzələlər çətinliklə seçilir, dirsəkdən əllərə qədər zərif bir yuvarlaqlıq, əlləri isə, balaca, amma güclü idi. O, sürətli ingilis krol üsulu ilə üzdükdə… bəli, mənim anatomiyadan da, idmandan da başım çıxır, amma buna baxmayaraq, heç başa düşə bilmədim ki, o qız bunu necə edirdi. O, suyun altında iki dəqiqə qala bilirdi-mən bunu saatla yoxlamışam. Dennitsondan başqa gəmidə heç bir kəs suyun altına baş vurub bir dəfəyə o qız qədər xırda pul yığa bilmirdi. Gəminin burnunda içi dəniz suyu ilə dolu altı fut dərinlikdə bir yelkən hovuz düzəltmişdilər. Biz ora xırda pul atırdıq. Mən özüm dəfələrlə görmüşdüm ki, həmin qız yuxarıdakı körpücükdən bu altı fut dərinliyə tullanıb, oradan hovuzun dibinə səpələnmiş qırx yeddiyə qədər xırda pul yığırdı. Soyuqqanlı və səbirli gənc olan ingilis Dennitson bircə dəfə də o qızı ötə bilmədi, ancaq həmişə ondan geri qalmamağa çalışırdı.

Dəniz o qızın oylağı idi, elə quru da. O, əla at çapırdı... Mükəmməl bir qız idi! Ətrafında həmişə bir xeyli pərəstişkarı olduğu halda, bir qadın zərifliyi ilə nazlı, laqeyd, ya da hazırcavablığı ilə öz pərəstişkarlarını ram etdiyini, onları özünə məftun etdiyini gördükdə, adama elə gəlirdi ki, o, elə bunun üçün yaradılıb. Belə dəqiqələrdə mən onun hovuzun dibindən yığdığı pulları yadıma salmalı olurdum. Bax, o, hər bir şeyi yerli-yerində etməyi bacaran belə bir qadın idi. Heç bir kişi ona qarşı laqeyd qala bilməzdi. Gizlətmirəm ki, mən özüm də onu addım-addım izləyirdim. Balaca küçüklər də, qoca itlər də onun qarşısında dal ayaqları üstə gəzirdilər. O, bircə fit verən kimi, gələcəkdə konsulluqda məmur olacaq al yanaqlı on doqquz yaşlı kök oğlan-gənc Ardmordan tutmuş, ağ saçlı dəniz qurdu Çin bütləri qədər zərif duyğulardan məhrum görünən kapitan Bentliyə qədər hamı onun hüzuruna cumurdu. Bizim aramızda xoşsifət yaşlı bir adam da var idi. Onu soyadı, deyəsən, Perkins idi, bu adam öz arvadının yanında getdiyini ancaq onda yadına saldı ki, miss Keruferz onu “öz yerinə oturtdu”. Kişilər o qızın əlində yumşaq mum kimi bir şeydilər və qız onlarla istədiyi kimi rəftar edirdi, bəzən isə, öz kefinə görə, onları ya sıxışdırır, ya da yandırıb-yaxırdı. Qız çəkingən və məğrur idi. Onun bircə işarəsiylə hər bir gəmi xidmətçisi heç düşünmədən, şorbanı lap kapitanın başına tökərdi. Sizlərdən hansınız dünyada bütün kişiləri əsir edən belə qadınlara rast gəlməmisiniz? Miss Kerufrez qəlblərin böyük fatehi idi. O, bir qamçı zərbəsi, bir neştər, alov, elektrik qığılcımı idi. Sözlərimə inanın ki, bütün bu füsunkarlığı ilə bərabər, o qızın qəzəbli anları olurdu ki, qəzəbinə tuş gələn qorxusundan əsə-əsə başını itirirdi.

Bir də ki, mənim danışacağım əhvalatı yaxşı başa düşmək üçün, yadınızda saxlayın ki, o qız məğrur idi. Onda irq qüruru, təbəqə qüruru, öz gözəlliyinin gücünə bələd olan bir qadın qüruru birləşmişdi. Bu qorxunc, dəhşətli və inadkar bir qürur idi! Miss Keruferz gəmidə hamıya və hər şeyə hökm edirdi, Dennitsona da həmçinin. Biz etiraf etmişdik ki, Dennitson bizim bütün dəstəmizdən xeyli üstündür. O, getdikcə qızın daha çox xoşuna gəlirdi, buna şübhə yox idi. Mən əminəm ki, o qız heç bir vaxt, heç bir kişiyə belə rəğbət göstərməmişdi. Biz Dennitsona heç vaxt yetişə bilməyəcəyimizi başa düşsək də, yenə də qıza pərəstiş edirdik. Onun qulluğunda həmişə hazır idik. Bu işin axırının necə olacağı məlum deyildi, amma biz Kolomboya gəlib çatdıq və hər şey gözlənilməz bir vəziyyətdə qurtardı.

Yadınızdadırmı, Kolomboda yerli uşaqlar köpək balıqları ilə dolu olan limanda xırda pullar üçün suyun dibinə necə baş vururlar? Əlbəttə, onlar bu işə yalnız sahildəki köpək balıqlarının yaxınlığında cürət edirlər. Bu köpək balıqları isə, ancaq balıq ovlayırlar. Bu uşaqlarda nə isə qəribə bir hiss əmələ gəlmişdir, adamyeyən pələng akulası, ya da Avstraliya sularından azıb buralara gələn boz akula gözə görünən kimi, sərnişinlər işin nə yerdə olduğunu öyrənməyə macal tapmamış, bütün uşaqlar təhlükəsiz bir yerə çıxırlar. Bir dəfə səhər yeməyindən sonra miss Keruferz öz dəstəsi ilə birlikdə, adəti üzrə göyərtə yelkəni altında oturmuşdu. O, kapitan Bentliyə baxıb gülümsündü, kapitan da bu vaxta qədər, əsla, icazə vermədiyi bir işə, yəni yerli uşaqları üst göyərtəyə buraxmağa icazə verdi. Miss Keruferz bu uşaqlarla maraqlanmışdı; çünki o, özü də gözəl bir üzücü idi. O, bizdən bütün xırda pulları yığıb gah onları bir-bir, gah da ovuc-ovuc dənizə atır, yarışma şərtlərini söyləyir, bacarıqsızları danlayır, məharət göstərənləri mükafatlandırır-bir sözlə, hamıya dirijorluq edirdi.

Xanım uşaqların xüsusən hoppanmaları ilə maraqlanırdı. Bildiyimiz kimi, insanın ağırlıq mərkəzi bədəninin yuxarı hissəsindədir və ayaq üstə hoppandıqda, bədəni şaquli vəziyyətdə saxlamaq və başı üstə dönməmək çətindir. Uşaqların öz üsulları var idi, bu üsul xanıma məlum deyildi. O dedi ki, bunu öyrənmək istəyir. Uşaqlar yan dirəklərin üstündən bükülmüş halda hoppanıb, yalnız son anda dikəlir və suya şaquli vəziyyətdə düşürdülər. Bu çox gözəl bir mənzərə idi. Amma onlar su altında yaxşı üzmürdülər. İçlərindən yalnız bir nəfəri həm bunu, həm də o biri hərəkətləri son dərəcə gözəl edirdi. Yəqin ki, onu kimsə ağ adamlardan biri öyrətmişdi. O, qaranquşsayağı baş vurur və bunu son dərəcə gözəl edirdi. Bilirsinizmi bu nə deməkdir? Çox uca bir yerdən başı aşağı hoppanırsan və məsələ ondadır ki, gərək suya şaquli vəziyyətdə baş vurasan. Azca səhv edən kimi, adamın bel sütunu zədələnib ömürlük şikəst qala bilər: hərdən ölənlər də olur. Amma bu oğlan öz işini bilirdi. Mən özüm onun 70 fut ucalıqda dor dirəyindən suya necə tullandığını görmüşdüm. O, qollarını sinəsinə sıxıb başını dik qaldıraraq quş kimi sıçrayır və havada qollarını açıb enirdi. Əgər o, suya belə düşsəydi, siyənək balığı kimi yastılanardı. Amma suya çatar-çatmaz o, başını əyirdi, açılmış qollarını başının üstündə birləşdirir və zərif bir sürətdə yay kimi əyilmiş bədəni düzgün vəziyyətdə suya cumurdu. Oğlan tullanmağını dəfələrlə təkrar edib bizim hamımızı, xüsusən, miss Kerufezi heyran qoydu. Onun yaşı 13-dən çox olmazdı. Amma o bütün dəstənin içində ən sevimli uşaq-öz yoldaşlarının sevimlisi və dəstə başçısı idi. Hətta yaşca ondan böyük olan oğlanlar da, məmuniyyətlə, ona tabe olurdular. O, yaraşıqlı oğlan idi, bədəni zərif və mütənasib, tuncdan tökülmüş kimi canlı bir heykəlcikdi, baxışları iti və ağıllı idi. Onun bütün varlığında gözəl, parlaq bir həyat şöləsi duyulurdu. Heyvanlar arasında təbiətin leopard kimi, at kimi belə qəribə, gözəl məxluqları olur. Sizlərdən hansı biriniz onların polad əzələlərinin oynaqlığına, hər bir hərəkətlərinin sakitləşməyən coşqunluğuna, vüqarına və həyat sevinci ilə coşub-daşmasına baxıb ləzzət almayıbsınız? Bu oğlanın varlığında həyat bulaq kimi qaynayırdı, bu, onun dərisinin parlaqlığında cilvələnir, gözlərində işıqlanırdı. Ona baxanda adam bir udum hava udmuş kimi təravətlənirdi, o, elə gözəl, gənc, coşqun və sərbəst idi ki! 

Həmin bu oğlan əyləncənin ən qızğın vaxtında birinci olaraq təhlükə işarəsi verdi. Yoldaşları var güclərini toplayıb onun ardınca gəminin kəndir pilləsinə doğru üzməyə başladılar: onların qeyri-müntəzəm hərəkətlərindən su sanki qaynayır, su fəvvarələri yuxarı fışqırırdı. Uşaqlar təhlükəli yerdən canlarını qurtarmaq üçün bir-birinə kömək edə-edə yuxarı dırmaşdılar. Hamının üzündə qorxu əlaməti vardı. Axırda onlar körpücüyün üzərində düzülüb, gözlərini dənzin səthinə zillədilər.

- Nə oldu ki? - deyə miss Keruferz soruşdu.

- Yəqin ki, köpək balığı var, - deyə kapitan Bentli cavab verdi, - Dəcəllərin bəxti gətirdi ki, köpək balığı onlardan heç birini qapmadı.

- Məgər onlar köpək balığından qorxurlar? - Miss Keruferz xəbər aldı.

- Bəs siz qorxmursunuz? - deyə kapitan da öz növbəsində soruşdu. Gənc xanım ürpəşdi, dənizə nəzər salıb üz-gözünü turşutdu.

- Yaxında akula olduqda mən heç vaxt suya girmərəm! - deyə o, yenə ürpəşdi,- Onlar yaman iyrəncdir!

Uşaqlar üst göyərtəyə çıxıb, sürahinin qabağında bir yerə yığışaraq, onlara bu qədər xırda pul atmış miss Keruferzə hörmət dolu nəzərlərlə baxırdılar. Tamaşa qurtarmış və kapitan Bentli onlara işarə ilə əmr etdi ki, rədd olsunlar. Amma miss Keruferz onu dayandırdı: 

- Bir dəqiqə dayanın, kapitan. Mən həmişə belə güman edirdim ki, yerlilər köpək balığından qorxmurlar.

Qız qaranquşsayağı suya atılan oğlanı işarə ilə yanına çağırıb, ona təklif etdi ki, bir də suya atılsın. Oğlan başını buladı, sürahinin yanında durmuş uşaqlar isə, gülüşdülər. Sanki şən bir zarafat eşitmişdilər.

- Köpək balığı, - deyə oğlan əliylə suya işarə edib bildirdi.

- Yox, - xanım Keruferz cavab verdi, - heç bir köpək balığı filan yoxdur!

Amma oğlan qəti bir hərəkətlə başını buladı və yoldaşları da qəti surətdə başları ilə bunu təsdiq etdilər.

- Burada heç bir köpək balığı filan yoxdur! - deyə xanım səsini ucaldıb bizə müraciət etdi, - Kim mənə yarım kron və bir sovern (qızıl pul) borc verər?

O dəqiqə bir xeyli əl ona kron və soveren uzatdı. Qız Ardmorun əlindən iki dənə pul götürüb yarım kronluğu oğlanlara göstərdi, amma onlardan heç biri sürahiyə doğru yüyürrmədi. Uşaqlar yerlərində durub çaşqın halda gülümsündülər. Xanım pulu uşaqların hər birinə ayrı-ayrı təklif etməyə başladı, amma onlar ayaqlarını götürüb-qoyur və gülümsünərək başlarını bulayırdılar. Onda qız pulu dənizə tulladı. Oğlanlar havada parlayan pulu təəssüf dolu nəzərlərlə izlədilər, amma heç biri yerindən tərpənmədi.

- Onlara yalnız soverini təklif etməyin, - deyə Denitson xanımın qulağına pıçıldadı. Qız onun sözlərinə qulaq asmayıb, qızıl pulu qaranquşsayağı tullanan oğlanın gözləri önündə hərlədi.

- Eləməyin! - deyə kapitan Bentli dilləndi, - Yaxında akula olan bir zamanda, mən heç xəstə pişiyi də suya atmaram. 

Amma miss Keruferz öz oyununda inad edib, yalnız güldü və soverinlə oğlanı tamahlandırmaqda davam etdi.

- Onu tamahlandırmayın, - deyə Dennitson təkid etdi, - Bu pul onun üçün böyük bir dövlətdir və özünü saxlaya bilməyib dənizə atılar.

- Bəs siz atılmazdınızmı? - deyə qız kəskin bir əda ilə ona müraciət edib, sonra yumşaq bir səslə əlavə etdi, - əgər bunu mən atsam?

Dennitson başını buladı. 

- Siz özünüzü çox yüksək qiymətləndirirsiniz, - deyə qız qeyd etdi,  Neçə soveren olsa atlarsınız?

- Hələ o qədər soveren buraxılmamışdır, - deyə Dennitson cavab verdi.

Miss Keruferz bir anlığa fikrə getdi. O, Dennitsonla mübahisəyə girib oğlanı yaddan çıxarmışdı.

- Hətta mənim xatirim üçün də atlamazsınız? - deyə o, yavaşca soruşdu.

- Yalnız sizi xilas etmək lazım gəlsə.

Qız yenidən oğlana sarı dönüb qızıl pulu ona göstərdi və belə böyük bir var-dövlətlə onu tamahlandırmağa çalışdı. Sonra qız elə bir hərəkət etdi ki, guya pulu dənizə atır. Oğlan ixtiyarsız olaraq, sürahiyə doğru addım atdı. Yalnız yoldaşlarının kəskin çığırtıları onu dayandırdı. Onların səsində kin və məzəmmət var idi.

- Mən bilirəm siz onları oynadırsınız, - deyə Dennitson dilləndi, - Nə qədər kefinizdir oynadın, amma siz allah pulu suya atmayın! 

Bu, anlaşılmaz bir inad idimi, yoxsa miss Keruferz oğlanın suya atılmağa risk etməyəcəyini güman edirdimi? Bunu söyləmək çətindir. Bizim hamımız üçün bu, tamamilə gözlənilməz bir iş idi. Qızıl pul yelkənin altından atıldı, gözqamaşdırıcı gün işığında parladı və işıldayan qövs çəkib dənizə düşdü. Oğlanı saxlamağa heç kəs macal tapmadı, o bir anda dənizə tullandı. Onunla pul havaya bir vaxtda atıldı. Bu çox gözəl bir mənzərə idi. Soveren suya yanı üstdə düşdü və elə həmin an, həmin yerdə oğlan, demək olar ki, suyu, əsla, sıçratmadan dənizə baş vurdu. Gözləri bizim gözlərimizdən iti olan uşaqların hamısı birdən çığırışanda, biz sürahiyə doğru atıldıq. Boş sözdür ki, guya köpək balığı hücum etmək üçün gərək arxası üstə çevrilsin. Bu akula heç çevrilmədi də. Su duru idi və biz yuxarıdan hamısını görürdük. Köpək balığı yaman yekə idi və oğlanı anidən yarı böldü. İçərimizdən bilmirəm kim pıçıltı ilə nəsə dedi, bəlkə elə mən də dillənmişdim.

Sonra araya sükut çökdü. İlk dəfə miss Keruferz dilləndi. Onun üzü meyit kimi saralmışdı.

- Mən… Mənim heç ağlıma da gəlməzdi, - deyə o, qısa, əsəbi bir gülüşlə güldü.

Miss Keruferz öz təmkinliyini saxlamaq üçün, bütün qürurunu işə saldı. O, himayə gözləyirmiş kimi əvvəl Dennitsona, sonra bir-bir hamımızın üzünə baxdı. Onun gözlərində dəhşət var idi. Dodaqları əsirdi. Bəli, indi mən belə güman edirəm ki, o vaxt biz hamımız amansız olmuşduq… Çünki heç birimiz qımıldanmadıq da.

- Cənab Dennitson, - deyə qız dilləndi, - Tom! Məni aşağı ötürün! 

Dennitson dönmədi, heç onun üzünə baxmadı, hətta qaşını da tərpətmədi, yalnız papiros çıxarıb yandırdı. Amma mən ömrümdə insanın sifətində onun üzündə gördüyüm kimi qəmgin bir ifadə görməmişdim. Kapitan Bentli dodaqaltı deyindi və göyərtədən dənizə tüpürdü. Bununla da hər şey qurtardı. 

Ətrafda hamı susurdu.

Qız dönüb qəti addımlarla göyərtədə yeriməyə başladı, amma onca addım getməmiş səntirlədi və yerə yıxılmamaq üçün, əlini kayutanın divarına dirəməyə məcbur oldu. Sonra o, bax bu sayaq, divardan yapışıb ağır-ağır getməli oldu.

Trelor susdu və balaca adama sarı dönüb, sualedici soyuq baxışını ona zillədi.

- Hə, - deyə o, nəhayət soruşdu, - Siz bu qadına nə deyərdiniz?

Həmin adam udqundu.

- Mənim deməli sözüm yoxdur, - deyə o mızıldadı, - heç bir şey…

Cek LONDON
Aybəniz HƏSƏNOVA



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi