380x80 400x80

Bezginlik - Stefan Sveyq

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

19.11.2017 | 01:13 Oxunub: 221


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Görkəmli Avstriya şair, yazıçı, dramaturq və ədəbi tənqidçisi Stefan Sveyq 28 noyabr 1881-ci ildə Avstriya-Macarıstan sərhəddində - Vena şəhərində anadan olub. 


1927-ci ildə nəşr etdirdiyi “Bəşərin ulduz saatı” tarixi novellalar toplusu ilə məşhurlaşmağa başlayan Sveyqin bir çox hekayələri qəhrəmanın affekt halında səsləndirdiyi monoloqlardır. 

Ən çox sevdiyi əsəri “Rotterdamlı Erazmın triumf və faciəsi” olsa da, Sveyqə dünya şöhrəti gətirən “Dünənin dünyası” memuarı olub. 

1934-cü ildə Hitlerin Almaniyaya hakimiyyətə gəlməsilə Avstriyanı tərk edərək Londona gəlir. 1940-cı ildə isə öz həyat yoldaşı ilə Nyu-Yorka, oradan da Petropolisə köçür. Qəddar heyrətlər və depressiya keçirən Sveyq 23 fevral 1942-ci ildə öz həyat yoldaşı ilə barbituratların yüksək doza qəbulu ilə intihar edir. Meyitlərinin əl-ələ şəkildə tapıldıqları evləri sonradan Braziliyanın ən çox turist qəbul edən muzeyinə çevrilir.

Kilsə qülləsindəki saatın yanından keçərkən, bir xeyli gecikdiyinin fərqinə vardı. Dərs kitablarını qoltuğunun altına sıxışdıraraq tənbəl-tənbəl yeriməkdən əl çəkib sürətini artırdı. Amma çox keçmədən yenə fikrini dəyişdi. Yaz gününün günorta istisi onu tənbəlləşdirmişdi, əslində, yunan dili dərsinə vaxtında çatmağın çox da vacib olmadığını düşünürdü. Beləcə, ağır addımlarla burum-burum istilik çıxan səkinin üstüylə məktəbə tərəf getməyə davam etdi. Məktəbə çatanda tam on dəqiqə gecikdiyini görüb, bir anlıq ağlından “Görəsən geri dönsəm daha yaxşı olarmı” - deyə bir fikir keçdi. Amma bu gün yemək stolunda ailəsindən eşitdiyi bezdirici nəsihətlərin davamı ilə qarşılaşmaq fikri elə təkanverici idi ki, qəti addımlarla sinfə doğru gedib, qapını sərt bir əl hərəkətiylə açdı. Birdən-birə qapıda görününcə, sinifdə bir tərpəniş əmələ gəldi. Arxa sıralardan istehzalı pıçıldaşmalar eşidildi, ön sıralardan ona baxanların üzlərində də istehzalı gülüş sezilirdi. Kresloda oturan müəllim üzündə özündənrazı bir gülümsəməylə ona baxdı və alçaq səslə, qarşısındakını alçaldarcasına;

- Bir dəfə də vaxtında gəlsəydiniz, möcüzə olardı, Liebman, - dedi, - Gecikmək üçün göstərdiyiniz səyi və qərarlılığı başqa heç bir işdə göstərmirsiniz.

Artıq bütün sinif pıqqıldayaraq gülməyə başlamışdı, hətta qəhqəhə çəkənlər belə vardı. Hamının gözü Liebmandaydı. Liebman nə cavab verdi, nə də üzünün ifadəsini dəyişdi. Amma, gülənlərin arasından keçib gedərkən özünü ələ alması heç də asan olmadı. Bu əzabverici səhnəni nə vaxt yaşasa, ürəyinin dərinliyində bir yerdə bir ağrı baş qaldırar, özünü çətinliklə ələ alardı.

Düşünmədən, hansı səhifə olduğuna belə baxmadan kitabını açdı və gözlərini hərflərə dikdi, axırda hərflər qara, titrək bir burulğan kimi gözünün qabağında rəqs etməyə başladılar. Sinifdəki bütün səslər və sözlər, mənasız və qulağa iyrənc gələn bir gurultuya çevrildi. Hər şeyə qarşı hiss etdiyi laqeydlik daş kimi üzərinə çökmüşdü. Önündəki partanın üzərində Günəş şüaları oynaşırdı. Rəngbərəng cizgilər tullanan, sevinclə qışqıran uşaqlar kimi fırlanır, parlaq rəngləri yupyumşaq, ağappaq əllər kimi partanın üstündən səssizcə süzülürdü. Liebman onlara maraqla baxmış olsa da, əslində, onları görmürdü belə. Xəyallara  dalmışdı. Keçən gecə yenə bir təsadüf onun həyatını güzgü kimi gözləri önündə əks etdirmişdi. Dünən, dərs kitablarını götürüb evə gedərkən, bəziləri universitet tələbəsi, bəziləri isə, zabit olan tay-tuşları ilə qarşılaşmış, bir vaxtalar ondan xoşu gələn həmin adamlar Liebmanı hələ də bığ yeri təzəcə tərləyən şagirdlərin yanında oturub, müəllimin danışdığı cəfəngiyyatlara qulaq asmaq məcburiyyətində qaldığı üçün özündənrazı, az da olsa sezilən alçaldıcı bir ədayla salamlamışdılar. Boğazında qəzəbin və çarəsizliyin düyünləndiyini hiss etdi. Özünü yerə yıxıb balaca bir uşaq kimi ağlamaması, ya da durub onların qarşısında yerə tüpürməməsi özünü də təəccübləndirmişdi. Keçirdiyi əzab hissi səngiməyə başladığı üçün getdikcə sakitləşdi. Ən müdhiş əzabın yarada biləcəyi qəddar bir soyuqqanlılıqla onu kiçik parçalara ayırdı.

Bu alın yazısı təkcə ona aid idimi? Daha minlərcə insanın onunla eyni taleyi paylaşdığını, başına gələnlərin hər gün rastlanan bir faciə olduğunu bilsə də, yenə də indiyə kimi heç kimin bunu belə əzab çəkərək yaşamadığını düşündü. Bir bezgin? Həyatda neçə belə insan vardı ki? Amma bu işin necə başladığını, yəni kəsildiyi ilk imtahanı düşündükcə əzab çəkirdi. O anda on addım uzaqda oturan və ona qiymət verməyən bu müəllim-həyatı boyunca bir dəqiqə, bir saniyə belə düşüncəsiz bir qərar verməklə necə bir şeyə yol açdığı barədə düşünməyən bu adam, fikirləşmədən onu sinifdə saxlamışdı. İrəliləməkdə olan bir inkişafın qarşısının necə kəsilməsi və bir insanın həyatının zorla başqa bir yönə çevrilməsi barədə düşünməyən bu adam. İlk dəfə sinifdə qalıb bir ilini itirdiyində yaşadığı dəyişikliyi hələ də o günki kimi xatırlayırdı. Həddindən artıq olmasına baxmayaraq, bir işə yaramayan çalışqanlığı yavaş-yavaş yox olub daha dərin bir laqeydliklə əvəz olunmuş, ədəbiyyata və sənətə olan marağı bir anda, qəti şəkildə yox olmuşdu. Bu zərbənin qəddarlığı cismani həyatının ən uzaq nöqtələrində belə özünü göstərmişdi. Çalışmaq həvəsi yavaş-yavaş sönmüş, zehni fəaliyyəti getdikcə boş xəyalların fantastik dünyasında itmişdi. Mərkəzində həmişə özünün olduğu bu xəyallar, ona real həyatda gücü çatmayacağı üçün heç vaxt əldə edə bilməyəcəyi minlərlə uğur və müvəffəqiyyət vəd edirdi. Və beləcə ağır-ağır çökməyə, vaxtını boşuna keçirməyə başladı. İkinci dəfə sinifdə qalanda təsirlənmədi belə, amma qarşısını ala bilməyəcəyi bir enişin başladığının fərqinə varmışdı.

İyirmi bir yaşında hələ də kollecdə olmaq öhdəsindən gələ bilmədiyi tək dərd idi, bu dərd ona hər şeyi unutdururdu. Bu vəziyyətə düşməsinə səbəb olan əsasların köklərini axtararkən, həmişə eyni yerə-şanssızlıq ucbatından, həqiqətən şanssızlıq ucbatından imtahandan kəsildiyi günə gəlib çıxırdı.

Dərin-dərin düşünərkən beynində qara bir fikir meydana gəldi; boş, əsassız bir iddia idi bu, onun xəstə və ləng düşüncələrini qəti bir dəlilə çevirdi. Bu iş bir təsadüf olmaya bilərdi. Gizli bir kin, üzə vurmadığı bir səbəbə görə, müəllimi belə davranmış ola bilərdi. Bu fikrə qarşı içində bir inam kök saldıqdan sonra, ruhunda hiss etdiyi nifrətdən başqa heç nəyə yer qalmadı.

Müəllimini görər-görməz içində baş qaldıran bu güclü duyğulaın pəncəsində tir-tir əsməyə başlayırdı. Müəllim necə də həyatında heç səhv etməmiş bir insan kimi, özündən əmin bir ciddiyyətlə, saralmış keşiş sifətiylə kürsüsündə əyləşib o yapışqan səsiylə yalan-palan uyduraraq, asta-asta gərəksiz şeylərdən bəhs edə bilirdi! Və bu insan ona göstəriş verəcək, həyatı üzərində qərar vermək haqqı olcaq və olmuşdu da; bunu düşünmək bütün əsəblərini gərir, özü də fərqində olmadan yumruqlarını sıxdığını, nifrətlə dolu gözlərini adama dikdiyini hiss edirdi. Həmin anda müəllim ona tərəf çevrildi və Liebmanın baxışlarını yaxaladı. Heç bir şey hiss etməmiş kimiydi, təkcə ağzının kənarındakı qırış dərinləşdi, sərt, yorğun bir xətt əmələ gətirdi. Qayğısız bir səs tonuyla danışmağa başladı:

- Liebman, gözlərinizi havaya dikməkdənsə kitabınıza baxsanız, diqqətli olsanız, daha yaxşı olar.

Liebman diksindi. Müəllimin danlaması onun üçün üzünə basılan isti bir damğa kimiydi. İnadı baş qaldırdı. Susmamalıydı!

- Sizə qulaq asırdım, hörmətli müəllim!

- Çox yaxşı, Liebman, elə isə, danışdıqlarımı təkrarlayın görək.

Bu sözlər sakit şəkildə deyilmişdi, bəlkə də heç bir məqsəd də güdmürdü. Amma  Liebman bu sözlərdə ucuz bir xainlik gördü, nə deyəcəyini bilmədi, dodaqlarını bərk-bərk dişlədi. Amma içindən qəribə bir xəbərdarlıq hiss etdi, bu oyun bir fəlakətə çevrilə bilərdi. Tale, hər günki qəddar oyununu təkrarlamaq istəyər və ən adi, gərəksiz şeylərdən əvvəlcədən təxmin edə bilməyəcəyi nəticələr meydana gələ bilərdi. Nəsə olacağını bilirdi, çünki cəsarətinin və laqeydliyinin son həddə çatdığını, günlərlə içində yığılmış kinin böyük bir çaya çevrilib yatağından daşmaq istədiyini hiss edirdi. Amma yenə də özünü ələ alıb, solğun dodaqları titrəyərək susdu. Müəllim bir az gözlədi. Sonra sakit səslə dedi:

- Deməli, heç nə bilmirsiniz, bir az əvvəl mənə yalan danışdınız.

Budur, qərar verilmişdi. Artıq geriyə dönüş yox idi. Liebman çoxdan itirdiyi bir şey uğrunda mübarizə apardığını bilirdi, amma eyni zamanda içində alışan, bəlli etmədiyi duyğuları dilə gətirməyin lazım olduğunu da bilirdi: Bu gün olmasa, sabah. Üstəlik sinifdəki şagirdləri gülüşüb pıqqıldaşmaları onu buna təhrik edirdi. Başına nə gəlsə də, artıq dayana bilməzdi. Danışmağa başladığında səsi sakit və əmin idi.

- Yalan demədim, istəsəm təkrarlaya bilərəm.

- Onda təkrarlamaq istəmirsiniz?

- Xeyr, istəmirəm, çünki danışdığınız boşboğazlıqdan başqa bir şey deyildi.

İldırım vurmuş kimi oldu. Bu söhbətə baxan, gözlənti dolu üzlərdəki gülümsəmələr donub qaldı. Hər kəs sinifdəki gərgin atmosferdən böyük bir faciənin yaranacağını hiss etmişdi. İçlərində ən sakit olan Liebman idi. Sərt bir qərar vermişdi, çünki belə olmağını istəyirdi. Artıq olan olmuşdu. Bu gözlənilməz sözlər qarşısında müəllim təəccüblənmiş olsa da, çox keçmədən özünü ələ aldı. Liebmana tərəf gedib, tənginəfəs, həyəcandan titrəyən bir səslə,

- Siz həyasızsınız! - dedi.

- Həyasız sizsiniz!

Bu sözlər müəllimin cümləsini yarımçıq qoydu. Sonra birdən-birə əlbəyaxa döyüşən kimi ortalığı toz-duman bürüdü. Birinci kimin əl qaldırdığını heç kim bilmirdi, amma hər ikisinin içini elə bir hirs bürümüşdü ki, bu hirs istər-istəməz vəhşiliyə çevrildi. Hər şey bir saniyənin içində baş verdi, sonra Liebman daxilindəki kinin verdiyi güclə müəllimə bir yumruq ilişdirdi, müəllim arxaya doğru səndələdi. Bütün şagirdlər həyəcanla ayağa qalxmışdı, sinfi dəhşətli bir gurultu başına götürmüşdü, amma Liebman onların işə qarışmasına fürsət vermədən asılqandakı şlyapasını götürüb bayıra atıldı. Qapını arxasından şiddətlə çırpıb küçəyə qaçdı-hara getdiyini bilmədən qaçdı...

Tam bir saat küçələrdə veyillənib, axırda düşünüb qərar verməyi bacardı. Hər şeyi fikirləşmişdi, gözünün qabağına minlərlə tablo gətirmişdi, gəncliyi, gələcəyi, atasıyla anası, amma bu tabloları hamısı elədiyi işin yönünü elə dəyişdirmişdi ki, qarşısında bir yol cədvəli-yolun sonundakı qaranlıq cığırı göstərən bir cədvəl açılmışdı. Özü də hiss etmədən addımlarını yeyinləşdirən Liebman qaçmağa başladı. Hələ də içində yanıb-sönən ümid qığılcımları, fərziyyələr doğsa da, o dayanmır, tam tərsinə elə hey qaçırdı. Gurultuyla keçən maşınlar, küçələrdəki səs-küy, yanından ötüb keçən, hər şeydən xəbərsiz insanların mırıltıları və öz tələskən addımlarının əks-sədası qulaqlarında uğuldayırdı. Beynindəki bütün düşüncələri keyitmək istərcəsinə get-gedə sürətini daha da artırır, ağlında bir tək cümlə dolaşırdı: daha sürətli, daha sürətli... Hər şey bu sözlərin ritmiylə uyğunlaşaraq içində bir əks-səda doğurur, axır, qarmaqarışıq, uğultulu bir səs-küydə birləşirdi; bu səs-küy onu keyləşdirir, hissizləşdirirdi.

Beləcə, körpüyə çatdı. Orada bir dəqiqə dayandı, amma edəcəyi işdən qorxduğu üçün yox, titrəyən qollarında məhəccərdən yapışıb özünü o biri tərəfinə atacaq güc qalmadığına görə dayanmışdı. Məhv olmuş həyatının xatirələri bir daha beynində canlandı, bütün bədəni sərt bir sarsıntıyla titrədi. Bir cəhdlə sürahinin üstünə qalxdı və ildırım sürətiylə aşağıya, bulanıq suların qoynuna atıldı...

Stefan SVEYQ
Tərcümə: Aybəniz HƏSƏNOVA



"Kitabsevərlər" hərəkatı

25.02.2018 | 13:51

Tanrısını axtaran yazıçının Tanrıdan qaçan qəhrəmanı - Fariz Bayramov

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko