380x80 400x80

Yan qonşu - Hiçkokun hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

17.11.2017 | 00:27 Oxunub: 201


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Ed xanımından soruşdu:

- Yeni qonşularımızla aran necədir? Evelin əlindəki hörgünü dizlərinə qoyaraq cavab verdi:

- Yaxşıdır. Yeməkdən əvvəl bağçaya çıxmışdım. Yeni qonşumuzun xanımı da bağçalarında idi. Onunla salamlaşdım. Bir-iki dəqiqə söhbət etdik. Kaliforniyadan gəliblərmiş. Bir qədər ifadəsiz bir siması var, amma düşünürəm ki, çox tərbiyəli qadındır.

- Eh! Demək, Kaliforniyadan gəliblər? Sən oranı çox sevərdin, elədirmi?

- Hə.

- Gündüzləri mən işdə olanda səninlə rəfiqəlik edəcək birinin olması məni çox sevindirdi. Bunun sayəsində öz-özünü dinləməzsən.

- Amma mən onu, onsuz da, tez-tez görmürəm. Mən hərdən bağçada dincələrkən, o da paltarları asarkən bir-iki kəlmə salamlaşıb danışırıq, vəssalam.

Evelinin əri israr etdi:

- Bir həmdərd, yoldaş tapmağın çox yaxşıdır.

O, söhbət edərkən arvadını bir həkim kimi diqqətlə izləyirdi. Evelin hörgüsünü əlinə alıb yenidən toxumağa başladı. Otaqda millərin çıqqıltısından başqa bir səs yox idi. Toxuculuq zamanla onun dərdlərinə bir çarə kimi gəlmiş və onu sakitləşdirmişdi. Alçaq səslə dedi:

- Qonşumuzun çox qəribə paltar sərmək tərzi var. Onlarla düşmən kimi, paltar yumaqdan zəhləsi gedirmiş kimi rəftar edir. İpə asdığı hər bir köynəyi elə asır ki, sanki onları bir-bir bıçaqlayır.

Ed narazı bir halda qışqırdı:

- Evelin!

- Düz deyirəm. Çünki o qədər çox köynək yuyur ki. Hər gün ipdən on dörd, on beş köynək asır. Bəlkə də, əri təmiz köynək geymək manyakıdır.

Ed qəzetini əsəbiliklə büzüşdürdü:

- Evelin, qulaq as. Öz düşüncələrini belə şeylərə sərf etməməlisən. Başqalarında maneələr və ya fobiyalar axtarmağa çalışma. Bu sənin sağlamlığına zərərdir. Keçən il baş verənləri nə tez unutdun? Sinir böhranı yaşadığın üçün nə qədər müalicə aldın, nə qədər müayinələrdən keçdin və bunun öhdəsindən güclə gələ bildik. Sənin üçün ən zərərli şey özündən bir şeylər uydurmağındır. Sadəcə olaraq, həqiqəti görməli və qəbul etməlisən. Diqqətli ol ki, beynin yerli-yersiz düşüncələr icad edib səni azdırmasın.

Evelin əlindəki ipi toxuya-toxuya yoldaşına qulaq asırdı. Amma o, Edin dediklərindən çox yan qonşunun ipə paltar asmağını düşünürdü. Qadın onları necə də təsviredilməz bir hiddətlə asırdı! Sanki köynəyi içindəkilərlə birlikdə bıçaqlayırdı!

- Bəlkə də ömrü boyu köynək yuyub, ütüləməkdən bezib. Bəlkə də köynəkləri görəndə ümidsizliyə qapanır, əsəbiləşir. Buna görə də acığını köynəklərdən çıxır.

Ed özünü sakit olmağa məcbur edərək dedi:

- Evelin, biraz nikbin ol. Hələ yeni sağalmışkən beynini niyə belə düşüncələrlə yorursan ki? Niyə qonşunu normal bir şey üstündə belə günahlandırırsan ki? Davranışlarını heç bəyənmədim. Bu gedişlə yenidən xəstələnə bilərsən.

Evelin əlindəki ipi toxuya-toxuya dedi:

- Gərək məni bağışlayasan. Bundan belə heç bir şey barədə düşünməyəcəyəm.

- Çox yaxşı edərsən. Bəs yoldaşı nə işlə məşğuldur?

- Satış təmsilçisidir. Yeməkxanalara bıçaqlar satır.

- Bax, indi hər şey öz yerinə oturdu, - deyə Ed sevincdən qışqırdı, - Satış təmsilçiləri mütləq təmiz köynəklər geyməlidirlər və təmizliklərinə xüsusi fikir verməlidirlər. Demək ki, yazıq adam işi ilə əlaqəli olaraq belə çox təmiz köynək geyinir.

- Doğurdan? Sən onun yoldaşını görmüsən?

Ed eynəyini silərək dedi:

- Yox. Bəs sən?

- Hər səhər görürəm. Sən işə gedəndən bir qədər sonra da o gedir. Maşınını mətbəxdəki pəncərəmizin qabağındakı küçədə saxladığı üçün, səhər qabları yuyanda onun maşına oturub getməyini görürəm.

Ed qəzeti çevirdi və idman səhifəsini oxumağa başladı.

- Necə biridir?

- Hündürboy, bıçaq kimi də incədir. Həmişə boz rəngdə geyinir. Onu görəndə hər dəfə ağlıma boz ilanlar gəlir.

Ed yenidən boylanaraq dedi:

- Evelin! Yenə boş-boş şeylər danışmağa başladın. Bəsdir!

- Yaxşı, yaxşı. Mən onsuz da yatmağa gedirəm.

Evelin ağır addımlarla yataq otağına getdi. Otağa girən kimi bir an hərəkətsiz dayandı. Sonra isə, pəncərəyə boylandı. Qonşunun pəncərəsindən həyətə doğru naringi rəngdə işıq düşürdü. O, bir müddət bu işığı seyr etdikdən sonra, sakitləşdirici dərman içib yatağına uzandı.

Hər səhər qabları yuyarkən sabunlu əlləri ilə qonşusunun evdən çıxmağını, uzun ayaqları ilə maşına əyləşməyini izləyərdi. Boyu hündür, üzündəki qırışlar isə, bıçaq kimi iti idi. Qara həşəratı xatırladan gözləri cin kimi ətrafda dolaşırdı. Maşına oturduqdan sonra onu işə salar, təkərlər çınqılların üzərində səs salaraq hərəkət edərdi. Evelin artıq evinin arxasında rastlaşdığı qonşu qadını da yaxşı tanıyırdı. Əlindəki zibil torbası ilə zibil qutusuna tərəf necə getdiyini, qutunun qapağını kobud bir şəkildə açmağını, paltarları ipə asarkən onlarla dalaşırmış kimi öz-özünə danışdığını çox yaxşı bilirdi. Bəzən şikayət, bir ah-nalə edər, bəzən də dəli kimi danışardı. Amma sonra isə, kinli baxışları ilə təhdidedici sözlər deməyə başlayırdı. Evelin onu hər kəsdən yaxşı tanıdığına əmin idi.

Bəzən gecələri qonşusunun evində qəribə səs-küy olardı. Nə olduğu bilinməyən, dava və adi bir söhbətdən daha çox xırıltılı səsə bənzəyirdi. Eşitdiklərinin qəzəb və ya iztirab olduğunu anlamaqsa, artıq onun öz idrakına bağlı idi. Evelin artıq bunları eşitmək istəmirdi. Məgər Edə beynini daha çox yormamağı, ona açıq üfüqlər göstərməyi söz verməmişdimi?

İki gün idi ki, balaca maşın yerindən tərpənmirdi. Bir gün axşam bunu Edə dedi.

- Aaa, doğurdan? Bəlkə yazıq adam xəstələnib?

- Bəlkə də. Amma arvadını da neçə gündür ki, görmürəm.

- Onları ziyarət etsən, heç də pis olmaz. Bəlkə ikisi də xəstədi?

- Yox, onlara getmək istəmirəm.

- Niyə? Onsuz da həyətdə söhbət etmisiniz. İndi də evlərinə gedib hal-əhval etsən, mədəni bir hərəkət etmiş olarsan.

Evelin yeganə dərmanı olan toxumasına başladı.

- Yox, olmaz. Onları izlədiyimi düşünərlər.

Ed yumşaq bir səslə:

- Niyə elə düşünsünlər ki? - dedi, - Mən elə düşünmürəm.

- İnan mənə, dediklərim doğrudur.

Onlar növbəti günü də qonşularından heç bir xəbər almadan yaşadılar. Evelin özündən asılı olmayaraq qonşuluqdakı evi böyük bir maraqla izləyirdi. Qadın üçüncü gün həyətdə idi. Balaca səbətindəki paltarları ipə sərməyə başladı. Qəribədir. Artıq qadının hərəkətlərində qəzəb hiss olunmurdu. Paltarları cansız, şəxsiyyətsiz şeylər, yəni olduqları kimi qəbul edərək ipə sərirdi. Halbuki, bir neçə gün əvvəl onlarla nifrət etdiyi bir düşməniymiş kimi davranırdı. Evelin iki həyəti bir-birindən ayıran taxta çəpərə söykəndi. Digər tərəfdəki qadına səsləndi:

- Necəsiniz, qonşu? Ərinizin maşını neçə gündür ki, olduğu yerdə qalıb. Yoxsa maşın nasazdı?

Qadın bu sözləri sanki çətinliklə anladı. Sonra hürkmüş baxışlarla Evelinə baxdı. Dilinin ucuyla qurumuş dodaqlarını yalayıb:

- Yo... yox, - deyə kəkələdi, - Maşına bir şey olmayıb. Ərim işi ilə əlaqədar səyahətə çıxıb. Yol uzun olduğu üçün də qatarla getdi. Maşını mənə saxladı.

- Ah, nə yaxşı! - dedi Evelin, - Biz də ərinizin xəstələndiyini düşünüb narahat olmuşduq.

- Yox, xəstə deyil. Heç də xəstə deyil.

Qadın sərt bir şəkildə dönərək evə doğru getdi. Evə daxil olan kimi qapını çırparaq örtdü. Çəkilən cəftənin səsi və günün günorta çağı açarla bağlanan qapı... Evelinin qulağında qəribə bir səs var idi.

Axşam Edə:

- Qonşumuz səyahətə çıxıb, - dedi.

- Nəhayət ki, onları ziyarət etdin! - deyərək gülümsədi.

- Yox, evlərinə getmədim.

- Ah, onunla danışdığını deyəndə...

- Canım, bilirsən ki, həmişə həyətdə görüşüb danışırıq.

Evelin başını qaldırmadan əlindəkini toxuyaraq davam etdi:

- Axşam tərəfi harasa maşınla getdi.

Ed qəzetini açıb oxumağa başladı. Evelin öz-özünə danışırmış kimi davam etdi:

- Bu gediş uzun çəkmədi. Yarım saatdan sonra qayıtdı. Maşında iki dənə yekə it var idi.

Ed qəzetini endirərək:

- Nə danışırsan? - dedi.

- Hə. İki böyük it. Amma hər ikisi də zəif idi. Onları həyətin arxasındakı ağaca paltar sərmək üçün işlətdiyi iplərlə bağladı. Bu səhər də bir xeyli paltar yumuşdu. Paltarı qurudub yığdıqdan sonar, o ipləri də kəsdi. Sonra həmin iplərlə itləri daha möhkəm bağladı.

- Bəlkə də əri yoxdur deyə qorxur. İtləri də qorunmaq üçün alıb.

- Bəlkə də.

Evelin artıq uzun müddət idi ki, yuxu dərmanı içmirdi. Sakitləşdirici dərmanı siyirmənin bir kənarına qoyub yatağına uzandı. O qonşu qadını, itləri və dar yoldakı avtomobili düşünürdü. İçini çəkdi, yoxsa bunları çox düşünürdü? Qadın, itlər, maşın, dar yol... Yerindən qalxaraq qaranlıq evdə gəzməyə başladı. Mətbəx pəncərəsinin yanına gələndə qeyri-ixtiyari olaraq dayandı. Qonşularının pəncərəsindən qaranlıq həyətə gur işıq düşürdü. O bir müddət işığı izlədi. Əvvəlcə asta bir səs, sonra isə heyvan xoruldaması, xırıltısı... Tikə-tikə sümüklərlə yeyilən bir şey... Sonra isə, aclığın təskinliyindən sonrakı məmnun bir nəfəs almalar...

İşıq yavaş-yavaş söndü. Ev və işıqlandırdığı yerlər qaranlığa qərq oldu. Evelin uzun müddət pəncərənin qabağından çəkilmədi. Otağına qayıdanda da ilk işi sakitləşdirici həblərdən birini atmaq oldu. Sonra yatağına uzanaraq dərin bir yuxuya getdi.

Bir neçə gündən sonra Edə:

- Qonşu qadın itləri sevmir, - dedi.

- Sevməyinə ehtiyac yoxdur ki. Bunlar müdafiə xarakterli itlərdi, ev itləri deyil.

- Amma onları hər gün gəzdirir. İplərini açır, bir əlində birinin xaltasından, o biri əli ilə də digərinin xaltasından tutaraq uzun bir gəzintiyə çıxır. Geri döndükdən sonra, həm özü, həm də itlər çox yorğun olurlar. Hər gecə isə, itlərə çoxlu yemək verir.

Evelin yalnız və yalnız qonşu qadını, itləri düşünürdü. Günü-gündən kökələn və dilləri bir qarış havada olan itlər, yorğun, ağır addımlarla həyətdə dolaşan, mənasız üzü heç bir ifadə daşımayan qadın ağlından çıxmırdı. Gəzintidən sonra itləri ağaca bağlamağı, ipləri dəfələrlə üst-üstə düyünləməyi gözünün önündən getmirdi. İpləri nə qədər də düyünləyirdi! Düyünlər, düyünlər, düyünlər və yenə də düyünlər... Maymaq heyvanların gözləri yumulana qədər.

Bir axşam Ed:

- Əri haqda nəsə deyir? - deyə soruşdu.

- Bu iş səyahəti nəsə uzun çəkdi.

- Heç nə deməyib. Yalnız itləri gəzdirir. İtləri gəzdirir və onlara qulluq edir. 

Ed qəzetini dizinin üstünə qoydu.

- Evelin, artıq onunla danışmırsan?

Evelin toxuma millərini sinəsinə doğru tutaraq ərinə qəribə bir təbəssümlə baxdı.

- Danışmıram. Çünki danışacaq bir şərait olmur. Onu ancaq itləri gəzdirməyə aparanda görürəm. Artıq paltar da sərmir, ipləri qalmayıb ki. Həyətdə itləri açıb, bağlamaqdan başqa bir iş görmür.

- Təəssüf. Mən də bir dost tapdığın üçün sevinmişdim. Bəlkə o, itləri gəzdirməyə gedəndə sən də onunla gedəsən? Hə, nə deyirsən?

- Yox, nə onunla, nə də itləri ilə gəzmək istəmirəm.

Evelin toxumasını divana qoyub yatmağa getdi.

Qarınları tox olan itlər sakit idilər. Xeyli kökəlmiş və yerindən tərpənməyəcək qədər tənbəlləşmişdilər.

Növbəti axşam Evelin sakit bir halda toxumasına davam edirdi. Toxuduğu köynək artıq bitmək üzrə idi. Bu ölgün boz rəngli köynəyi yaxasına və qollarına əlavə etdiyi qırmızı ilə canlandırmışdı. Başını qaldırdı və ərinə dedi:

- Bu səhər itləri maşınla apardı.

- Hə?

- Hə. Sonra də evə tək qayıtdı. Evinə girdi və bir müddət sonra da iki çamadanla və uzaq bir yerə səfərə gedəcək kimi geyinmiş halda evdən çıxdı. Çamadanları maşına qoyub sükan qarşısına əyləşdi. Mənə əliylə bir salam belə vermədən sürətlə uşaqlaşdı.

- Bəlkə də səyahətə gedəndə itləri də özü ilə apara bilməyəcəyi üçün aldığı yerə geri qaytarıb.

- Hə, səyahətə çıxdığı baxan kimi bilinirdi.

Eynəyini təmizləyən Ed dedi:

- Bəlkə də bu itlərin bəslənməyi onun üçün çox baha başa gəlirdi. Kaş ki, onları elə gəzdirib yormayaydı. Gəzinti heyvanları daha da acdırar.

Qazetini açdı və dizinin üzərinə qoydu.

Evelin də boş milləri yumağa batırdı. Bitirdiyi köynəyi qatladı. Ayağa durdu, bir an hərəkətsiz dayandı. Hansısa bir toxumanı bitirdikdən sonra, hər zaman özündən məmnun halda bunun dadını çıxarardı. Özünü bir əsər meydana gətirmiş kimi hiss edərdi. Maraqsız bir səslə dedi:

- Mənsə, itlərin ona baha başa gəldiyini düşünmürəm. Bu itlər ona bir qəpik belə xərclətmədi. Əksinə, cinayəti gizlətməyinə kömək etdilər. Sadəcə olaraq ərini o itlərə yedirtdi.

Alfred HİÇKOK

Tərcümə: Güllü BAYRAMOVA



"Kitabsevərlər" hərəkatı

25.02.2018 | 13:51

Tanrısını axtaran yazıçının Tanrıdan qaçan qəhrəmanı - Fariz Bayramov

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko