380x80 400x80

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

16.11.2017 | 00:45 Oxunub: 108


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Britaniya və Amerika kinorejissoru, ssenarist, prodüser, proza müəllifi və “saspens” (ingiliscədən “gərginlik”) cərəyanının yaradıcısı Ser Alfred Jozef Hiçkok 13 avqust 1899-cu ildə Londonda anadan olub. 

O, 1934-cu ildə çəkdiyi “Həddindən çox bilən insan” filmilə məşhurlaşıb.  

Hiçkokun filmə yanaşması kimi ədəbiyyat anlayışı da müəyyən psixoloji və ümumilikdə qorxu hipotezi üzərində inkişaf edib.  

Çəkdiyi bir çox filmlər və yazdığı hekayələr “Triller” (“həyəcan, qorxu”) effektilə zənginləşib. A.Hiçkok 29 aprel 1980-ci ildə Amerikada, Los-Anceles şəhərində vəfat edib.

Kayutumdan çıxanda gecə yarisi idi. Bomboş olan üst göyərtəyə yönəldim. İncə bir sis qatı altında göyərtə barmaqlıqları gümüş kimi parıldayır, uzun yolçu oturacaqları və taxtalar bir xəyal aləminin maraq doğuran gizliliyi ilə insanı ovsunlayırdı. Havada azca da olsa meh əsmir, sislərə bürünmüş gəmi sakit dəniz üzərində ağır-ağır irəliləyirdi. Dumana qarşı antipatiyam yoxdur. Dirsəklərimi barmaqlıqlara dayayaraq, nəm və qatı havanı ləzzətlə içimə çəkdim. Bir az əvvəl dözülməz bir şəkildə mədəmi alt-üst edən bulantı və baş ağrısı sanki keçib getmişdi. Yenidən normal və sağlam bir insan halına qayıtmağın sevinci içində dünya və özüm ilə sülh bağlamış kimi rahat idim. Gücüm, qüvvəm yerinə gəlmiş, təkrar duzlu su qoxusunu dünyanın bütün inci və zümrüdlərindən üstün tutan macərasevər olmuşdum.

Havananı görmək, qısa bir müddət ərzinə-beş günə azad, istədiyimi etmək üçün o ki var pul xərcləmişdim. Gömgöy, dənizin ortasındakı xariqüladə gözəlliyi olan adanı mənə işlədiyim dürüst agentlik nümayəndələrindən birisi söhbət əsnasında anlatmışdı. Heç bir cəhətdən varlı adam deyildim. Bununla bərabər, içimdə gözəl yerləri görməyə qarşı elə qarşısıalınmaz bir arzu daşıyırdım ki, Havana adlı bir cənnəti görə bilmək bahasına bankdakı hesabımda böyük bir boşluq yaratmışdım. Amma yenə də özümü bu səyahəti tamamlayacaq olan xırda-para zövqlərdən məhrum etmək məcburiyyətində qalırdım. Məsələn, yeməklərdən sonra çəkilən siqar, içilən likör, konyak kimi təfərrüata verəcək pulum qalmadığından yalnız gəmidəki ”tabldot”da yediklərimlə kifayətlənirdim. Halbuki siqar, likör və konyak bir dəniz səyahətinin vaz keçilməz çərəzlərindən idi. Nə isə... 

Varlı olmadığımı, hətta çox kiçik bir büdcəyə sahib olduğumu əvvəl də qeyd etmişdim. Yenə də inanılmaz dərəcədə xoşbəxt idim. Göyərtədə iri addımlarla gəzişməyə başladım. Oh!... Ciyərlərimə böyük bir acgözlüklə çəkdiyim bu nəm və sazaq hava məni necə də sərxoş edirdi!... Otuz saatdır ki, bərbad bir dəniz tutması üzündən kabinamda qapalı qalmışdım. Bu tutma bir vəba və ya hər hansısa qızdırma yaradan xəstəlikdən daha çox halımı pozmuşdu. Dəniz sakitləşib, mən bu narahatçılıqdan qurtulunca, yaxın gələcəkdəki günləri düşünərək xəyallara daldım. Xəyal, daha doğrusu, planlarım möhtəşəm idi. Beş gün Kubada qalacaq, bir maşın kirayələyərək Malekonun günəşli küçələrində gəzəcəkdim. Kabanasın çəhrayı divarlarını, Kolombun kilsəsini görəcəkdim. Antilleslərin ən böyük mağazası olan Fuerzanı ziyarət edəcək, dindarların kiçik Patioslarında ruhuma dinclik verəcəkdim. İspan tipli bir açıq hava kazinosunda, ay işığında Refrekos arağını içərək izdihamlı yerlərdə və şeirdən uzaq yaşayan insanları əskildərək düşünəcəkdim. Sonra səyahət davam edəcəkdi. Şəhanə və sirli Haiti adasına, Bakirələr Adasına doğru yol alacaqdıq. Qədimi, əsrlik liman Şarlotte Amalieni necə təsvir edim, bilmirəm!

Mən bu limanı kitablarda oxuya-oxuya sanki əzbərdən bilirdim. Damları parlaq, qırmızı kirəmitlərlə örtülü evlər bir-birinin üstünə yığılmış bir sıxlıqdadır. Sanki gülümsəyirmişlər kimi Sargasse dənizinə doğru baxarlar. Bu dənizə hər an anadan doğma çılpaq uşaqlar girib-çıxar, müxtəlif rəngli balıqlarla bir yerdə üzərlər. Sahil köhnə təknə və motorlu qayıqlarla doludur, amma elə şirindir ki!... Kapitanlara gəlincə, bunların hamısı içki düşkünüdür. Gecə-gündüz içərlər. 

Yenidən barmaqlıqlara əyildim və bir neçə gün sonra yaxınlaşacağımız Martinique adasını düşündüm. Şüursuzca gülümsədim. Bu adanın ən bol olan ləzzəti şərab ilə fahişələri idi. Qızıldərili və çinli fahişələr, bəlkə də, şərabdan daha ucuz idilər. 

Sonra birdən-birə başım gicəlləndi. Qorxunc dəniz tutması yenidən məni pəncələri arasına aldı... Dəniz tutması digər xəstəliklərin əksinə olaraq hər kəsdə özünü başqa cür hiss etdirən bir fəlakətdir və adama görə dəyişir. Dünyada onun əlamətini eyni şəkildə hiss edən iki insan gostərilə bilməz. Mənə gəlincə, mən onun hər növ dəhşət və pisliyini eyni anda hiss edən bir bədənə sahibəm. Səndələyərək barmaqlıqlardan uzaqlaşdım və özümü göyərtədə olan uzun kürsülərdən birinə atdım. Bort nəzarətçisi niyə bu oturacaqları bayırda qoymuşdu? Bu, heç cür aça bilmədiyim bir düyün idi. Şübhəsiz, bort nəzarətçisi bu unutqanlığı ilə bir cinayət törətmiş sayılırdı. Sərnişinlərin gecənin bu vaxtı göyərtədə oturmaq ehtimalı çox az idi, üstəlik sis, qamış kürsüləri məhv edə bilərdi. Amma hər nə olur-olsun, bu unutqanlığına görə ona minnətdar idim. Kürsüyə yayxandım. Ürəkbulanması və başgicəllənməsi içində qıvranaraq öz-özümə güc vermək istəyərək düşündüyüm qədər xəstə olmadığımı təkrarlayırdım. Birdən-birə ürəkbulanmam artdı. Kürsüdən murdar bir qoxu yayılırdı. Bu, inkaredilməz bir həqiqət idi. Üzümü çevirdikdə yanağım oturacağın cilalanmış və nəmli taxtasına yapışdı. Həmin an burun dəliklərimə turş və son dərəcə mədə bulandıran bir qoxu doldu. Bu həm xoş, həm də iyrənc bir qoxu idi. Nə olduğunu anlaya bilmədiyim bir mühitdə fiziki halsızlığım bir səviyyəyə qədər dağılırdı. Bir tərəfdən də bütün varlığım dərin bir iyrənmə hissiylə sarsılırdı, əbəs yerə oturacaqdan qalxmağa çalışdım, çünki heç gücüm qalmamışdı. Sanki görünməyən bir varlıq üstümə çökmüşdü. Sonra altımda yalnız boşluq hiss edirdim. Bütün sözlərim həqiqətdir, nə xəyal görür, nə də lağ edirəm... Bunu yalnız görünməyən əsrarəngiz qüvvələrlə, ya da varlıqlarla qarşılaşanlar başa düşərlər. Üzərində olduğumuz dünya belə, əsas dayaqlarıyla silinmiş, yox olmuş boşluqlar tərəfindən udulmuşdu. Getdikcə mən də udulmaq üzrə olduğumu görürdüm. Qarşımda dibsiz uçurumlar açılırdı və mən onlara doğru sürünürdüm.

Gəmi dayanırdı. Dünya çökərkən belə, gəmi sap-sağlam və yerində qalırdı. Gəmi, kapitan körpüsü, göyərtə, uzun kürsü, bütün gözlərimlə gördüyüm maddi əşyalar məni aparmaqda davam edərkən, mən görülməmiş boşluqlarda uçurdum. Sanki məni itələyirdilər, məni itələyən bu məchul adama qarşı müqavimət göstərəcək gücüm yox idi, heç nə məni dibsiz uçuruma doğru getməkdən saxlamırdı. Uzun kürsümlə içində yaşadığım dünyadan üç qat böyük ölkələrdən uçar, sanki qaçılmaz olan fəlakətə yüyürürdüm. Ətrafımda qəribə kölgələrin gəzdiyinin fərqinə vardım. Qaranlıq və izahedilməz dərəcədə böyük buxtalara, limanlara girirdik. Qayalar və yosunlarla əhatələnmiş limanlara...

Hər an daha böyük bir sürətlə bu qəribə ölkələrə baş vurur, oralarda itirdim. Qara bir palçığa batırdım. Hislərim iflic olmuşdu. Pis, alçaq bir nəfəs məni məhv edir, həyat qaynaqlarımı parçalayaraq cəhənnəmvari bir əzabla bədənimi qovururdu. Dərinlik və boşluqlarda tək-tənha idim. Buna yoldaşlıq edən, ətrafımı bürüyən şəkillər qaranlıq, quru, ölmüş şeylər idi. Meymun başına bənzəyən başları ilə, qapaqsız gözləri ilə yellənərək dəlilər kimi rəqs edirdilər. Hərəkət etmələrinə baxmayaraq, qəribə bir zehin aydınlığı içində onların ölülərə aid olduqlarını bildirdim. Birdən şəkillər itdi. Mən hələ də oturacaqda otururdum və sis əvvəlki kimi qatıydı. Gəmi sakit bir dəniz üzərində ağır-ağır irəliləməyə davam edirdi. Amma hər şeydən çox o pis qoxu, turş, iyrənc bir qüvvə ilə boğazımı tıxayırdı. Bütün gücümü yığdım, böyük bir çətinliklə oturacaqdan sıçradım. Sanki dünyanın bütün pislik və uğursuzluqlarını nəfsində toplamış olan qorxunc bir əxlaqsızın tələsindən xilas olmuşdum... Bir an tərpənmədən bilmədiyim, müəyyən etməyə aciz olduğum bir vaxt ərzində mənə cəhənnəm əzabı yaşadan oturacağa baxdım. Orada məşhur rəssam Boşh və Kranaç tərəfindən təsvir edilən ilkin dövrlərin işgəncə səhnələrini, Bruqheinin, Signorellinin “Cüzamlıların ahı” adlı ürək parçalayan tablolarını bir filmə baxar kimi seyr etdim. Amma bu dəhşət verən tabloların xəyalının heç biri məni qarşımdakı murdar qoxulu oturacaq qədər dəhşətə sala bilmirdi.

Qorxudan titrəyirdim. Necə bacardığımı xatırlamıram, amma oradan ayrıla bildim. Gəminin içinə-birinci mərtəbədəki geniş isti zala girdi. Orada təngnəfəs, həyəcanla bort nəzarətçisinin gəlməsini gözlədim. Otağı mərkəzi pilləkənlərin altında olan “Göyərtə nəzarətçisi”nin zəngini basdım. Onun tez gəlməsi və bayırdakı pis qoxunun geniş boş salona yayılmazdan əvvəl bir şey etməsi üçün, var gücümlə dua edirdim. Bort nəzarətçisi bütün günü işləmişdi və gecə saat 1-də zəng düyməsini basaraq onu oyatmaq cinayət qədər günah idi. Ancaq kiminləsə danışmalıydım. Oturacaqların gecənin yarısında bayırda qoyulmasından məsul olan şəxs o olduğuna görə, başqasını fikirləşmədən onu çağırmağım normal idi. O, bilməli idi. Bir izahat tapa bilər və mənə anlada bilərdi. Oturacaqları... Oturacaqlardakı qoxunu...  Oturacaqlardakı sirri... Fikirlərim dağınıq idi. Yeni bir əsəb tutmasının başlamaq üzrə olduğunu hiss etdim. Əlimin tərsi ilə alnımdakı tər dənəciklərini silərkən, bort nəzarətçisinin salona girdiyini gördüm. Daxilimi bir rahatlıq bürüdü. Üst pilləkənlərdən düşmüşdü və ətrafındakı nazik mavi bir buludla mənə tərəf gəlirdi. Olduqca nəzakətli idi. Əyilərək:

- Nəsə istəyirdiniz, müsyö? Yoxsa özünüzü pis hiss edirsiniz? Arzunuz? Nə gətirim? Limonat, çay, yoxsa viski? Arzunuz... Arzunuz... 

Hər şey qorxunc bir şəkildə qarışıq idi. Ona başıma gələnləri necə və nə cür izah edəcəkdim? Bəlkə də, sözlərimə inanmayacaq, kabus gördüyümü zənn edəcəkdi. Yaxud mənə bir dəli gözüylə baxacaqdı. 

- Oturacaqlar, - deyə kəkələdim. Üst göyərtədə, kapitan körpüsünün altında üç uzun qamış oturacaq vardı. Onları niyə orada qoymusunuz? Niyə içəri salmırsınız?

Əslində, ondan soruşmaq istədiyim bu deyildi. Niyyətim pis qoxu barədə məlumat almaq idi. Amma qarşımda ayaq üstə dayanan bort nəzarətçisini gecə vaxtı oyandırdığıma baxmayaraq, belə nəzakətli və təlaşlanmış gördükdə onun bir yalançı, kələkbaz olduğuna qərar verdim. Səhhətimlə, mədə bulantılarımla maraqlanırmış kimi narahat görünməyi yalandı. Göyərtədəki oturacaqları bilə-bilə qoymuş və məni tələyə salmışdı. Zavallı, gücsüz və halsız olmağımın səbəbi o idi. Oturacaqların üstünə “Bir şey”in gələcəyini bilirdi. Amma adamda birdən-birə baş verən dəyişikliyə özümü hazırlamamışdım. Bu, qorxunc bir şey idi. Dumanlanmış, qarmaqarışıq halda olan zehnimə rəğmən, bir az əvvəl onun haqqında haqsız düşüncələrə qapılmış olduğumu anladım. Oturacaqları bayırda qoyan o deyildi, ya da ki həqiqətən, unutmuşdu. Üzü ağappaq oldu, ağzı açıq qaldı. Bir anlıq qarşımda daş kimi hərəkətsiz qaldı. Ürəyi gedib, yıxılacağını sandım. Nəhayət:

- Oturacaqları gördünüzmü? - deyə kəkələdi.

Başımı “Hə” mənasında silkələdim. Bort nəzarətçisi əyilərək qolumdan tutdu. Bir ölü kimi ağappaqdı. Təbaşir kimi ağ, çuxura düşmüş parlaq gözləriylə gözümün içinə baxırdı.

- Qara və ölü şey, - deyə mızıldadı, - Meymunabənzər. Təkrar gələcəyini bilirdim. Dənizə çıxdığımız ikinci gecə mütləq göyərtəyə gəlir.

Əziyyətlə tüpürcəyini uddu və qolumu tutan əli titrəməyə başladı.

- Daima səyahətimizin ikinci gecəsi gələr. O, oturacaqları hara qoyduğumu bilir. Heç vaxt onları göyərtədə unutmaram. Amma o, yerini bilir və çıxardıb ora qoyur. Üstündə oturur. Onu sonuncu dəfə mən görmüşəm. Oturacaqların üstündə yayxanır, qıvrılır, fırlanır. Məni görəndə üstümə gəldi. Qaçdım. Bura girdim və qapını bağladım. Amma pəncərənin şüşəsinin arxasından onu görə bilirdim. 

Nəzarətçi əlini uzadaraq yan tərəfdəki pəncərəni göstərdi.

- Bax buradan, bu pəncərədən onu güddüm. O da, üzünü pəncərəyə yapışdırmışdı. Qapqara, qupquru, cansız idi. Meymuna bənzəyən bir üz idi, müsyö! Tanrı bizi qorusun! Bu, ölmüş və qurumuş bir meymunun başı idi. Eyni zamanda da pəncərəyə yapışmasından yumşaq olduğu bəlliydi və pis bir qoxu yayırdı. Nəfəs ala bilməməkdən, boğulub ölməkdən qorxdum. Nə dediyimi bilmədən ayaqüstə mızıldanırdım ki, gözdən itdi.

Hıçqıraraq susdu və sonra astadan:

- Doktor Blodgette birə on dəqiqə qalmış bıçaqlanaraq öldürüldü. Biz yalnız çığırtısını eşitdik, - deyə davam etdi, - Naməlum şey onu öldürdükdən sonra, uzun kürsülərin üstündə otuz-qırx dəqiqə oturdu və yox oldu. Gedərkən doktor Blodgettin paltarlarını da özü ilə apardı. Baş verənlər dəhşətli idi. Blodgettin ayaqları qopardılmış, üzü cırmaq-cırmaq idi. Yataq çarşafları parça-parça olmuş və qan içindəydi. Kapitan bu hadisəni heç kimə danışmamağım üçün məni tənbehlədi. Lakin bunu kiməsə danışmalıyam, yoxsa dəli olacağam. Heç bir şey edə bilmirəm, müsyö, qorxuram. Bununla bərabər, sizə danışınca bir az rahatlaşdım. Bu, onun üçüncü gəlişidir. İlk dəfə gələndə heç kimə pislik etməmişdi. Sadəcə, oturacaqlarda oturmuş, onları kirlətmiş, islatmış, üstlərində ürəkbulandıran bir maye buraxmışdı.

Dəli olmuş və nəzarətçiyə baxaraq donub qalmışdım. Bu adam mənə nəyi izah etmək istəyirdi? Sözün əsl mənası ilə manyak idimi? Yaxud ağlı pozulmuş olan mən idim və onun sözlərindən heç bir şey anlamırdımmı? Həyəcanla yenidən:

- Bunları izah edə bilmək çox çətindir, müsyö, - dedi. Ancaq bu gəmi qeyri-adi varlıqlar tərəfindən ziyarət edildi və edilməkdə davam edir. Hər dəfə dənizə çıxışımızın ikinci gecəsi həmin kürsülərdə oturur. Başa düşürsünüz?

Tam şəkildə heç bir şeyi başa düşməmişdim, lakin zəif bir səslə:

- Bəli, - dedim. 

Səsim sanki titrəyir və salonun digər tərəfindən əks-səda verirdi.

- Bayırda bir şey var, - deyə kəkələdim. Qorxunc bir şey. Üst göyərtədə. Pis, dözülməz bir qoxu. Üstümə nəyin şığıdığını bilmirəm, bir şey məni bölür, kiçik zərrəciklərə ayırırdı. Barmaqlarımı alnıma apararaq burda bir şey var idi. Bir şey...

Bort nəzarətçisi hər şeyi mükəmməl şəkildə anlayırmış kimi başını silkələdi. O da, qorxmuş, darmadağın olmuşdu. Amma mənə kömək etmək istədiyi açıq-aşkar bəlli olurdu.

- Sizi kabinanıza aparmağımı istəyirsinizmi, müsyö?! Nömrəniz 16D, elədirmi? Məndən tutun, bir yerdə gedək, müsyö!

Qoluma girdi. Salondan çıxıb, böyük pilləkənlərə tərəf getdik. Çətinliklə addım atırdım, dizlərim titrəyirdi. Halsızlığım elə aydın şəkildə görünürdü ki, nəzarətçinin mənə yazığı gəldiyini hiss edirdim. Bir qəhrəman comərdliyi ilə vücudumun bütün ağırlığını daşımağa başladı. İki dəfə axsadım. Əgər o, yanımda olmasaydı, kim bilir, başım necə faciəvi bir şəkildə pilləkənlərə dəyəcəkdi.

- Bir neçə addım daha, müsyö. Bir az da cəhd edin. Budur, gəldik. İndi rahat yatın. Artıq heç nə olmayacaq. Havalandırmanı işə salacağam. Özünüzü daha yaxşı hiss edəcəksiniz. 

Bu xeyirxah adama zəif bir səslə təşəkkür etdikdən sonra:

- Özümü yaxşı hiss edirəm, - dedim, - Nəyəsə ehtiyacım olsa, zəngi basıb sizi çağıracağam. Öhö, ancaq şey, içəri girməyimə kömək edərsinizmi, xahiş edirəm?! Yatmaq istəyirəm. Kabinamın qapısı içəridən yaxşı bağlanırmı?

- Əlbəttə, müsyö. İstəyirsinizsə, gedib sizə soyuq su gətirim?

- Yox, zəhmət çəkməyin. Gedə bilərsiniz. 

- Yaxşı, müsyö.

Nəzarətçi istəməsə də, çıxıb getdi. Kabinam çox qaranlıq idi. Qapını bağlamaq üçün var gücümlə onu itələmək lazım idi. Elə halsız idim ki...

Qapı sakit bir taqqıltıyla bağlandı və üstündəki açar yerə düşdü. Deyinə-deyinə diz çökdüm və rütubətli xalçanın üstündə əl yöndəmiylə açarı axtarmağa başladım. Lakin onu heç cür tapa bilmirdim. Ayağa qalxmağa hazırlaşırdım ki, əlim sərt bir şeyə dəydi. Tutularaq geri çəkildim. Sonra qarşısıalınmaz bir maraqla dəydiyim şeyin nə olduğunu anlamaq üçün əlimi uzadaraq onu yoxlamağa başladım. Bu...hə...bu, bir ayaqqabı idi. Bir ayağı geyilmiş, yəni içində ayaq olan bir ayaqqabı!

Ayaqqabı kabinimin taxtası üstündə dincəlirdi. Yoxlamağa davam etdim. Ayaqda corab var idi. Corabın bitdiyi yerdəki çılpaq ət soyuq idi. Buz kimi, bir ölü əti kimi soyuq idi. Bir saniyənin içində ayağa sıçradım və qaranlıq kabində elektrik açarını tapmaq üçün dəli kimi fırlanmağa başladım. Əllərimin divarın harasında gəzdiyini bilmirdim. Tanrım, açar, elektrik açarı harda idi? Elektrik açarı mənimlə məzələnirmiş kimi qaçırdı. Nəhayət ki, islaq lövhənin üstündəki düyməni taparaq çevirdim. Kabina işıqlandı.

Küncdə-çarpayımın ayaq ucunda bir adam oturmuşdu. Yaxşı geyinmiş, hər cəhətdən normal olduğu anlaşılan bir adam. Ancaq üzü görünmürdü. Üzündə dəsmal var idi. Bəlkə də, hava cərəyanından qorunmaq üçün üzünə dəsmal örtmüş, sonra da yuxuya getmişdi. Bəli, hər halda yatmışdı, çünki heç tərpənmirdi. Nə ayağına toxunduğumda, nə də işığı yandırdığımda tərpənməmişdi. Başının üstündən gələn bol işığın onu narahat etmədiyi aşkar idi. Dərhal rahatlaşdım. Bu dəvətsiz qonağın yanına oturaraq alnımdan axan tərləri silməyə başladım. Hələ də bədənimin bütün əzaları titrəsə də, yanımda bir insanın olması məndə sonsuz bir güvən yaradırdı. Bu, şübhəsiz, yolunu azmış bir yolçu idi. Ondan xilas olmaq, yəni öz kabinasına göndərmək çətin bir iş olmayacaqdı. Çiyninə astaca toxunar, onu oyandırar, nəzakətlə vəziyyəti başa salardım. Bu çox asan bir iş idi. Ancaq qərarımı tətbiq edəcək qədər gücə sahib deyildim. Elə halsız idim ki, adamın çiyninə əlimi qaldırmaq belə, mənə çətin gəlirdi. Nəhayət, bir həmləylə özümü yenidən ələ aldım və yad adamın çiyninə vurdum:

- Bağışlayın, müsyö, - dedim, - siz səhv kabinaya girmisiniz. Əgər halsız olmasaydım, sizdən burada bir az daha oturmağı və birlikdə söhbət etməyi xahiş edərdim. Fəqət, sadəcə, uzanmaq və yatmaq istəyirəm.

Çətinliklə gülümsəyərək əcnəbinin çiyninə bir dəfə də vurdum:

- Sizi oyandırdığım üçün üzr istəyirəm!

Bu sözlərimlə bir şeyi dərk etdim; adamı oyatmamışdım. Hətta oyandırmaq bir yana, üzünü örtən dəsmalda kiçik bir nəfəs işarəsi belə yox idi. Yenidən böyük bir sıxıntının bütün bədənimi sardığını hiss etdim. Əlimi titrəyərək uzatdım və dəsmalın bir küncünü qaldırdım. Bunu etmək ayıb bir hərəkət olsa da, etməliydim. Əgər əcnəbinin üzü üst-başı kimi təmizdirsə, deməli, hər şey yolundadır. Amma... Ucunu qaldırdığım dəsmaldan görə bildiyim sima heç də belə deyildi. Bir dəhşət çığırtısı ilə bütün dəsmalı çəkdim.


Bir an, çox qısa çəkən bir an qara, iyrənc, ölü meymun sifətinə bənzəyən və lağ edirmiş kimi mənə dilini çıxaran üzə baxdım. Mən onu incələyərkən, üzü yavaş-yavaş hərəkət etməyə başladı. Sağa-sola hərəkət edərkən, vəhşi və yırtıcı heyvan profilini gördüm. Tərifi qeyri-mümkün bir qorxudan aldığım güclə geriyə, qapıya tərəf qaçdım. Bir heyvan kimi iztirab çəkirdim. İflic olmuş, ölmək üzrə olan zehnim düşünmək qabiliyyətini itirmişdi. Bununla bərabər, iflic olmuş bu zehnin bir parçası, gizlicə, şüurlu bir şəkildə hər şeyi incələyirdi. Dilin dodaqlar arasında itdiyini, ağızın kor gözlərə qədər açıldlğını və damla-damla qanlar axdığını gördüm.

Bort nəzarətçisi məni oyatmaq üçün bir saat çalışmışdı. Bir-birinə kip şəkildə bağlanmış dişlərimin arasından qaşıq-qaşıq axıtdığı konyakla özümə gəldim. Gözlərimi açanda nəzarətçi başını digər tərəfə çevirdi. Əlbəttə ki, mənim danışmağımı istəmirdi. Təkrar xəstələnməyimdən qorxurdu. Lakin maraq içində qalsam, daha çox xəstələnəcəyimi bilirdi. Onun otağına necə gəldiyimi soruşdum.

- Sizdən ayrıldıqdan sonra gedib yatmamışdım, sizin üçün narahat idim, müsyö, - dedi, - Bir az salonda oturdum, sonra da dəhlizlərdə gəzişməyə başladım. Son bir dəfə daha kabinanıza gəlib, yatdığınızı öyrənmək üçün qapını dinləmək istəmişdim ki, yerə ağır bir şeyin düşdüyünü eşitdim. Həmin dəqiqə qapını itələdim. Yaxşı ki, dediyiniz kimi onu qıfıllamamışdınız. Açmağımla pis, boğucu bir qoxunun bayıra vurduğunu hiss edərək hər şeyi anladım. Sizi yerdən qaldırıb, öz kabinimə gətirdim. Ora təkrar qayıdarkən bütün qorxu keçib getmişdi, çünki səhər açılırdı. Onun artıq burada olmadığını bilirdim və yaxud gəmi onun qüdrətinin hakim olduğu xətti keçmişdi. Zənnimcə, bunu söyləmişdim, müsyö. Elə deyimi? İkinci gecə... Amma qapını açanda əynindəki paltarları görər-görməz onu tanımışdım. Doktor Blodgettin paltarlarını geyinmişdi. Artıq belə etməyə vərdiş etdi - qurbanının paltarlarını geyinməyə. Bəs sizi nə qurtardı? Bəlkə də, bir müddət göyərtədə oturmağınız. Sonra salona, mənim yanıma gəldiniz, vaxt keçdi. Bu vaxt ərzində, bəlkə də, bir gəmi siçovulu yedi və qarnını doydurdu. Bəlkə də, o da yatdı və oyandığı zaman, dediyim kimi, səhər açılırdı. Gücü azalmışdı, elə buna görə də sizə pislik edə bilmədi. Getdi. Gedişinin əbədi olduğunu heç zənn etmirəm. Digər səyahətimizdə dənizə çıxdığımız ikinci gecə yenə gələcək. Buna əminəm, müsyö! 

Öskürdü, qəribə bir təbəssümlə əlavə etdi:

- Salondakı zəngi basaraq məni çağırdığınız üçün məmnunam, müsyö! Əgər bir başa kabinanıza getmiş olsaydınız, gələcək və növbəti səyahətimizin ikinci gecəsi gəldikdə əynində sizin paltarınız olacaqdı. 

Havanaya çatdıq, amma artıq axtardığım xoşhallığı orda da tapa bilmirdim. İçimdə izahedilməz bir sıxıntı var idi. Haiti də mənə təhdidkar kölgələrlə dolu bir bataqlıq kimi göründü. Martiniquedə isə, qaldığım oteldə bir gecə belə, yata bilmədim.

Alfred HİÇKOK
Nurəddin MƏMMƏDLİ



"Kitabsevərlər" hərəkatı

25.02.2018 | 13:51

Tanrısını axtaran yazıçının Tanrıdan qaçan qəhrəmanı - Fariz Bayramov

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko