380x80 400x80

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

15.11.2017 | 01:49 Oxunub: 128


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Arturo Massolari fəhlə idi, səhər saat 6-da bitən gecə nəzarət şöbəsində işləyirdi. Evə qayıtmaq üçün gözəl havalarda velosipedlə, yağışlı aylarda və qışda isə, tramvayla uzun bir yol qət edərdi. Evə 6-ya 45 dəqiqə qalmışla 7 arasında, yəni arvadı Elidenin zəngli saatının çalmasından bəzən bir dəqiqə əvvəl, bəzən isə, sonra çatardı.

İki gurultu: zəngli saatın səsi ilə, qapıdan daxil olan ayaqların səsi çox vaxt Elidenin zehnində birləşir və onu üzü üstə uzanaraq, səhərin şirin yuxusuu almağa çalışarkən haqlayardı. Sonra birdən yataqdan durar, saçları üzünə tökülmüş halda, kor kimi xalatını geyərdi və beləcə mətbəxdə işə yemək apardığı boş qabları çıxaran, termosu mətbəxdəki çanağa qoymaqda olan Arturonun pişvazına çıxardı. Arturo isə, bu zamana qədər qazı yandırmış və qəhvəni qaza qoymuş olurdu. Arturo ona baxar-baxmaz Elidenin içindən bir əli ilə saçını düzəltmək, gözlərini yaxşıca açmaq gəlirdi. Sanki ərinin onu həmişə evə qayıdanda, belə dağınıq və yuxulu görməyindən biraz utanırdı. 

Birlikdə yatdıqları zaman belə olmazdı. O zaman hər ikisi birlikdə yuxudan ayılmağa çalışır və eyni vəziyyətdə olurdular. Bəzən də zəngli saatın çalmağına bir dəqiqə qalmış Arturo əlində bir fincan qəhvə otağa girər və onu oyadardı. Bu şəraitdə hər şey daha təbii olurdu. Yuxudan ayılmaq şirin bir tənbəlliyə çevrilirdi. Gərnəşmək üçün açılan əllər sonda onun boynuna dolanardı. Bir-birlərini qucaqlayardılar. Arturonun üzərində su keçirməyən pencəyi olurdu. Qadın ona dəyən kimi havanın necə olduğunu: dumanlı və ya qarlı olduğunu başa düşə bilirdi.

Amma yenə də ondan “Hava necədir?” deyə soruşardı. O isə, həmişəki kimi, bir qədər lağlağı ilə izah etməyə başlayırdı, sondan başlayaraq başına gələnləri sadalayar, velosipedlə gəlişini, fabrikdən çıxdığı zaman havanın əvvəlki gündən fərqli olduğunu, işlə əlaqəli problemləri, iş yerindəki dedi-qoduları danışardı. 

O saatda ev həmişə yetərincə isidilməmiş olurdu. Amma Elide ərinərək də olsa, hamama gedir və yuyunurdu. Ardınca Arturo da gedər və rahat-rahat paltarını çıxararaq iş yerində üzərinə hopan kiri-çirki yuyardı. İkisi də biraz üşüyərək əl-üz yuyanın qarşısında durar, arada bir-birini itələyər, bir-birlərinin əlindən sabunu, diş pastasını alar, digər tərəfdən isə, söhbətlərinə davam edərdilər.  Amma birdən Elide “Saat neçə oldu?” deyib tələsik qaçar, corablarını geyər, ətəyini geyərkən, darağı saçında aşağı-yuxarı doğru dolaşdırar, dodaqları arasında saç broşu üzünü tualetinin güzgüsünə yapışdırardı. Arturo isə, onun ardınca gələr, bir siqaret yandırar, ayaq üstə durar, siqaretini çəkərək ona baxardı. Hər səfərində də heç bir şey etmədən, eləcə durub baxmağın sıxıntısı üzündən oxunulurdu. Elide artıq hazır idi. O, paltosunu dəhlizdə geyərdi. Sağollaşmaqları ilə qapını açıb pilləkənlərdən aşağı enməyinin eşidilməyi bir olurdu. Arturo evdə tək qalırdı. Elidenin hər addımının səsini eşidirdi. Artıq eşidilməz olanda da sürətli addımlarının evdən uzaqlaşaraq, tramvaya minməyini beynində izləməyə davam edirdi. Tramvayın qıcırtısını, durmağını, hər sərnişinin mindiyi zaman pilləkəninin çıxartdığı səsi yaxşı eşidərdi. “Vəssalam, mindi” deyə düşünür, hər günkü kimi onu fabrikə aparan “11” nömrənin qadınlı-kişili bütün işçilərin arasında sıxılıb qalmış arvadını görərdi. Siqareti söndürər, pəncərənin pərdələrini çəkərdi. Evi qaranlıq bürüyəndə yatağa girərdi. Yataq Elidenin qaranlıqda qoyub getdiyi kimi olurdu. Arturonun tərəfi demək olar ki, heç dağılmır, yeni düzəldilmiş kimi səliqəli qalırdı. Arturo əvvəlcə öz tərəfində uzanırdı. Sonra isə, bir ayağını digər tərəfə sürüşdürür, daha sonra, digər ayağını da o tərəfə uzadırdı. Beləcə yavaş-yavaş hələ ilıq olan Elidenin tərəfinə keçir və üzünü onun yastığına qoyub, onun ətrini alar və yuxuya dalardı.

Axşam Elide evə qayıdanda, Arturo bir müddət otaqlarda gəzişmiş olurdu. Qazı yandırar və bişməyi üçün qaza bir şeylər qoyardı. Yeməkdən əvvəl 1-2 saat ərzində yatağı düzəltmək, ortalığı bir qədər süpürmək, yuyulmalı paltarları hamama aparmaq kimi işləri görərdi. Elide onun gördüyü işləri bəyənməzdi. Amma bu Arturoya heç cür təsir etmirdi. Çünki o, sadəcə, gözlədiyi zamanın tez keçməyi üçün edirdi bunları. Evdə qalsa da, çöldə işıqlar yanana kimi qadınların axşamları al-ver etdikləri məhlələrin o saatla uzlaşmayan izdihamına qarışaraq mağazalara baş çəkən arvadını qarşılama tərziydi. Nəhayət, pilləkəndə ayaq səsi eşidərdi. Bu addım səsi səhərkinə bənzəməzdi, daha ağır və asta olardı. Çünki günboyu gördüyü işlərdən yorulmuş Elide əl-qolu çantalarla dolu bir halda yuxarı qalxırdı. Arturo dəhlizə çıxar, arvadının əlindəki çantaları alar və onlar söhbət edə-edə içəri daxil olardılar. O, paketləri açarkən qadın paltosunu belə çıxartmadan mətbəxdəki stulların birinə əyləşərdi. Sonra isə “Hə, keçək iş başına” deyərək yerindən qalxar, paltosunu çıxararaq ev paltarlarını geyərdi.

Yemək hazırlamağa başlayardılar: əvvəlcə hər ikisi üçün şam yeməyini, sonra isə, gecə yarısından sonra, işdə fasilə vaxtı ərinin yeyəcəyi yeməyi, qadının səhər fabrikə aparmalı olduğu günorta yeməyini, ertəsi gün əri duranda hazır olmalı olanları hazırlayardılar. Qadın bir az iş görər, oturar və kişiyə iş buyurardı. Əri isə, o vaxtacan artıq dincəlmiş olurdu. O, arvadının hər dediyini edərdi, hətta hər işi özü etmək istəyərdi. Amma həmişə də bir az fikirli olurdu. Özü burada olsa da, fikri başqa yerdə idi.

Bu zaman aralarında söz-söhbət yaranır və bu söz-söhbət, az qala, bir-birilərinə iyrənc, çirkin sözlər demək həddinə çatırdı. Çünki qadın kişinin daha diqqətli olmağını, etdiyi işi daha həvəslə etməyini və ona dəstək olmağını istəyərdi. Onunsa, qadın evə dönərkən keçirtdiyi ilk həyəcan və qayğısı keçmiş olar və fikri çöldə, tələsməli olduğu düşüncəsində qalardı. Süfrə hazır olandan sonra, ikisi də bu qədər az bir zaman ərzində birlikdə ola bildiklərinə heyfislənir və bir-birinin əlindən uzun müddət tutduqlarına görə, axşam yeməyini belə güclə yeyib bitirərdilər.

Qəhvələr hələ içilib bitirilməmiş kişi artıq hər şeyin yerli-yerində, qaydasında olduğunu yoxlamaq üçün velosipedin arxasında olurdu. Qucaqlaşırdılar. Arturo sanki təkcə o vaxt arvadının necə yumşaq və ilıq olduğunu anlayırdı. Sonra isə, velosipedini də götürüb ehtiyatla pilləkənlərdən aşağı düşməyə başlayırdı. 

Elide qabları yuyar və evi gözdən keçirərək ərinin etdiyi işlərə baxıb başını bulayardı. O, indi ətrafında gecə işıqları az olan küçələrdə gedirdi. Hava qazı deposunu, yəqin ki, artıq keçmiş olar. Elide yatağına uzanar və işığı söndürərdi. Öz tərəfində uzanar və ayağının birini istiliyini duymaq üçün ərinin tərəfinə uzadardı, amma hər dəfə də öz tərəfinin daha isti olduğunu dərk edər və Arturonun da burada yatdığını başa düşərdi. Beləcə, bütün qəlbini böyük bir şadlıq bürüyərdi.

İtalo KALVİNO
Tərcümə: Güllü BAYRAMOVA



"Kitabsevərlər" hərəkatı

25.02.2018 | 13:51

Tanrısını axtaran yazıçının Tanrıdan qaçan qəhrəmanı - Fariz Bayramov

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko