380x80 400x80

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

14.11.2017 | 00:13 Oxunub: 161


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Giovannino və Serenella qatar relsinin üzərində gəzirdilər. Aşağıda görünən dəniz açıq-mavi rəngli köpüklərlə dalğalanırdı. Başlarının üstündəki səmada isə, demək olar ki, bulud yox idi. Günəşin şüalarından parıldayan relslər çox isti idi. Relslərin üzərində gəzmək xoş olurdu. Onlar burada bir çox oyun oynayırdılar. Oğlan relslərin birində, qız isə, digərində müvazinətlərini itirmədən yerimək üçün əl-ələ tuturdular, ya da ayaqları heç daşlara da dəymədən bir relsdən o birinə hoppanırdılar. 

Giovannino və Serenella əvvəl xərçəng ovlamağa getmişdilər, indi də dəmir yolunu tunelin girişinə qədər kəşf etmək istəyirdilər. Serenella ilə oynamaq maraqlı olurdu, çünki o, hər şeydən qorxan, küsüb ağlayan qizlardan deyildi. Giovannino "Gəl, filan yerə gedək" deyəndə, Serenella etiraz etmədən onunla birgə gedərdi. 

Danq! Yerlərindən sıçradılar və yuxarı baxdılar. Birdən bir dəmir disk dirəyin başına doğru uçdu. O, dirəyə tərəf uçan bir leyləyə bənzəyirdi. Onun haradan gəldiyi bilinmədi.  Bir müddət burunları havada, yuxarı baxa-baxa qaldılar. Heyif, onun havada necə uçduğunu görə bilmədilər. Axı, bir də olmayacaqdı. Giovannino: 

- Artıq qatar gəlir, - dedi.

Serenella relslərin üzərindən tərpənməyərək:

- Haradan? - deyə soruşdu.

Giovannino sanki biləcəkmiş kimi ətrafına baxdı. Sonra daşlardan qalxan gözə görünməyən buxarın titrəməsi ilə gah aydın, gah da bulanıq görünən tunelin qaranlıq girişini göstərdi və:

- Oradan! - dedi.

O, sanki qatarın səsini eşidirdi və dumana, alova bürünmüş qatar relsləri qəddarcasına əzən təkərləriylə hər an üzərinə doğru gələ bilərdi. 

Birdən Serenella: 

- Giovannino, hara gedirik? - deyə soruşdu. 

Göyə yüksələn iynəli yarpaqlarından aralarına girmək mümkün olmayan böyük boz kaktuslar dənizə dogru uzanırdı. Bol yarpaqlı, amma çiçəyi olmayan otlar isə, təpəyə doğru olan yolda bir cığır yaratmışdı. Qatarın səsi eşidilmirdi. Bəlkə də səssizcə gəlirdi və birdən-birə qarşılarında görəcəkdilər. Amma Giovannino çoxdan bu otların ortasında bir dəlik tapmışdı. Nəhayət ki, Serenellanın sualına cavab olaraq: 

- Buradan, - dedi. 

Sarmaşığın altındakı otluq, əslində, köhnə və qırıq bir metal parçasıdır. Bir nöqtədə, bir səhifənin kənarı kimi torpağın üzərində qıvrılırdı. Giovanninonun bədəninin yarısı artıq görünmürdü. O, içəriyə doğru sürüşürdü. 

Serenella: 

- Əlini mənə ver, Giovannino! - dedi. 

Bağın bir kənarında iməkləyə-iməkləyə qarşılaşdıqları zaman, saçları quru yarpaq və torpaqla dolmuşdu. Ətrafda dərin bir səssizlik hökm sürürdü. Hətta yarpaqlar da tərpənmirdi. Giovannino “Gəl, gedək” deyəndə, Serenella “Yaxşı” dedi. 

Çınqıllı yollarda ətrəngi qoca evkalipt ağacları vardı. Giovannino və Serenella çınqıllar ayaqlarının altında səs çıxarmasın deyə, demək olar ki, barmaqlarının ucunda yeriyirdilər. 

- İndi ev sahibləri gəlsəydi, nə olacaqdı? - deyə düşündülər. 

Hər şey o qədər gözəldi ki! Evkaliptlərin qıvraq yarpaqları arasından ucalan incə gövdələri və səmanın görüntüsü... Hiss etdikləri yeganə narahatlıq, bu bağın onlara aid olmaması idi və bəlkə də, bir neçə dəqiqə sonra buradan qovulacaqdılar. Amma heç bir səs eşidilmirdi. Bir az irəlidə səs-səsə vermiş sərçələr uçurdu. Sonra isə, uzun bir səssizlik başladı. Yoxsa bura tərk edilmiş bağ idi?

Amma böyük ağacların kölgəsi müəyyən bir yerdə bitirdi. Onlar artıq açıq səmanın altında, səliqə ilə əkilmiş petuniya və qonaqotu gülləri açılan sahədə idilər. Bağın digər başında parlaq pəncərələri, narıncı və sarı rəngdə pərdələri olan bir villa var idi. Ətrafda heç kim yox idi. Onlar çınqılların üzəri ilə asta-asta gedirdilər. Bilmək olmaz, bəlkə də pəncərələr ani olaraq açılacaq və kobud, qaba bəylər və xanımlar məhəccərdə görünəcəklər,  zəncirlərindən çıxan itləri isə, onlara hücum edəcək. Giovannino iki əli ilə arabanı itələdi. Təkərlər hər dəfə döndükcə fit çalırdılar. Serenella arabanın içində oturdu. Giovannino isə, arabanı sürürdü. Serenella asta səslə “Bu” deyir və bir çiçək göstərirdi. Giovannino isə, arabanı dərhal saxlayar və həmin çiçəyi dərib qıza verərdi. Onlar gül dəstəsi düzəldəcəkmiş kimi gözəl çiçəklər yığmışdılar. Amma qaçmaq lazım olanda o gülləri elə buradaca qoyub getməli olacaqlar. Beləcə, çınqıllı yolun bitdiyi sahəyə qədər gəlib çatdılar. Çınqıllardan sonra beton və mərmər daşlarla örtülmüş ərazi başlayırdı. Bu balaca ərazinin ortasında böyük dördkünc bir boşluq vardı: bu, bir hovuz idi. Hovuzun ətrafında durdular. Mavi daşlı hovuz dupduru su ilə dolu idi. Giovannino Serenelladan soruşdu:

- Hovuza girəkmi?

Təbii ki, Serenella razı olsaydı, bu, çox təhlükəli ola bilərdi. Amma su həm çox gözəl və təmiz görünürdü, həm də Serenella heç nədən qorxmurdu. Qız arabadan endi və gülləri yerə qoydu. Bir az əvvəl xərçəng ovladıqları üçün çimərlik paltarında idilər. 

Giavannino çox səs olmasın deyə, astaca suya tullandı. Hovuzun dibinə üzərkən gözləri açıq idi və gördüyü ancaq mavi rənglə balıqlara bənzəyən əlləri idi. Halbuki, dənizdə üzərkən su yaşıl və forması kölgələrlə dolu olurdu. Elə bunu düşünmüşdü ki, birdən çəhrayı kölgə gördü. Bu Serenella idi. Əl-ələ tutdular və hovuzun digər tərəfində suyun üzünə çıxdılar. Yox, yox, onlara heç kim baxmırdı. Amma yenə də xəyallarındakı kimi rahat ola bilmirdilər. O qayğı və qorxu hisslərindən qurtula bilmirdilər. Bütün bunların onlara aid olmadığını və hər an buradan qovula biləcəklərini anlayırdılar. Hovuzdan çıxdılar. 

Hovuzun kənarında bir tennis masası olduğunu gördülər. Giovannino raketkanı götürüb topa vurdu. Serenella da digər tərəfə qaçıb topu dostuna atdı. Villanın içindəkilər eşitməsin deyə, topa asta vururdular. Giovannino topu elə atdı ki, top yuxarı sıçrayaraq çox uzağa getdi. Uşaqların ikisi də çiçəklər olan yerdə gizləndi. 

Əllərində böyük sinilərlə gələn ağ gödəkçəli iki xidmətçi siniləri böyük sarı və narıncı rəngli günəş çətirinin altındakı stola qoyub getdilər. Giovannino və Serenella stola yaxınlaşdılar. Masada süd, çay və pendir var idi. Sadəcə, oturub onları yemək lazım idi. Onlar iki stəkan çay süzüb iki dilim də pendir kəsdilər. Amma rahat otura bilmədikləri üçün, stula söykəndilər. Narahat olduqlarına görə, nə yediklərinin, nə də içdikləri südlü çayın dadını çıxara bilmədilər. Bu bağda hər şey çox gözəl idi, amma heç birindən rahat həzz ala bilmirdilər. Çünki daim bir qorxu hiss edirdilər. Ani bir diqqətsizliyin ucbatından tutula bilərdilər.

Səssiz-səssiz villaya yaxınlaşdılar. Qapının arasından baxanda içəridəki gözəl və az işıqlandırılmış otağın divarından asılı olan kəpənək kolleksiyasını gördülər. Otaqda solğun üzlü bir uşaq var idi. Deyəsən, bu villanın və rəngli bağın şanslı sahibi o idi. Ağappaq və balaca əlləri vardı. Yay olmağına baxmayaraq, boğazlı bir gecəlik geymişdi. Qapıdan baxan uşaqlar indi, həqiqətən də, rahat olmuşdular. İçəridə oturub səhifələri çevirən o uşaq bizim bu iki uşaqdan daha ürkək və qayğılı baxışlarla baxırdı. O, ayaq barmaqlarının üstündə sakitcə ayağa durdu. Sanki hər an kimsə içəri girib onu tutacaqdı. Sanki bu şəkilli kitab, bu uzun divan, divardakı kəpənək kolleksiyası, bu qədər oyuncaqla dolu olan bağ və möhtəşəm günorta yeməyi, bu hovuz, çınqıllı yollar ona səhvən verilmişdi. Bunların dadını çıxarmağı isə, mümkün deyildi. Solğun üzlü uşaq ürkək addımlarıyla zəif işıqlandırılmış otağın içində gəzir, ağ barmaqlarıyla kəpənəklərlə bəzədilmiş çərçivələri oxşayır, sakitcə durub bu boşluğu dinləyirdi.

Giovannino və Serenellanın yavaşıyan ürək döyüntüləri indi daha da artmaqda idi. Onları belə əhatələyən sanki bu villanın və bağın, bütün bu rahat və gözəl şeylərin üstündə keçmişdə edilmiş hansısa haqsızlığın cəzası abu-havasının yaratdığı ovsun idi. Buludlar günəşin qarşısını kəsdi. Giovannino və Serenelıa məyus halda evdən uzaqlaşmağa başladılar. Sürətli addımlarla, amma qaçmadan gəldikləri bağ yolu ilə qayıdırdılar. Kaktusların arasından tapdıqları bir yol sahilə qədər uzanırdı. Dar və daşlı yol idi. Dəniz kənarında yosun qalıqları toplanmışdı. Onlar maraqlı bir oyun uydurdular: yosun savaşı. Axşama qədər bir-birlərinin üstünə ovuc-ovuc yosun atdılar. İşin ən gözəl tərəfi isə, Serenellanın heç ağlamamağı idi.

İtalo KALVİNO
Tərcümə: Güllü BAYRAMOVA



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi