380x80 400x80

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

11.11.2017 | 02:05 Oxunub: 197


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Alman şairi, yazıçı və tərcüməçisi Haynrix Teodor Böll 21 dekabr 1917-ci ildə Köln şəhərində anadan olub. Alman romantizminin önəmli simalarındandır. Ona dünya şöhrəti gətirən 1971-ci ildə qələmə aldığı "Xanımla qrup halında portret" romanında Almaniyanın XX əsr panoramasını ustalıqla yaradıb. 

Böll 1972-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 16 iyul 1985-ci ildə Langenbroyx şəhərində vəfat edən yazıçı həm də qısa hekayələrlə dövrünə tənqidi və sərt yanaşıb. 

Mənə bir yol göstərdilər, bir kart yazıb, məşğulluq idarəsinə getməyimi istədilər, mən də getdim. Orada mənə qarşı çox nəzakətli davrandılar. Kartotekadan sənədimi çıxarıb belə dedilər: 

- Hımm! 

Mən də:

- Hımm! - dedim. 

- Hansı ayaq? - məmur soruşdu.

- Sağ.

- Hımm! - dedi təkrar. Müxtəlif kartları qarışdırarkən oturmağımı istədi.  Axtardığı kağızı tapıb belə dedi:

- Düşünürəm ki, sizə uyğun bir şey var. Rahat bir iş. Oturaq halda da edə bilərsiniz. Republik meydanındakı ümumi ayaqyolunda ayaqqabı təmizləyən. Nə deyirsiniz?

- Ayaqqabı təmizləməyi bacara bilmərəm. Bu bacarıqsızlığımla hər zaman seçilmişəm.

- Öyrənə bilərsiniz, - məmur dedi, - İnsan  hər şeyi öyrənə bilər. Bir Almanın əlindən hər şey gələr. Əgər istəsəniz, pulsuz bir kursa qatıla bilərsiniz.

- Hımm!

- Razılaşdıq belə?

- Xeyr, - dedim, - Belə yox. Daha səviyyəli bir işimin olmasını istəyirəm.

Çox dostcasına və yumşaq bir səslə:

- Siz dəli olmusunuz, - deyə cavab verdi.

- Mən dəli olmamışam. Ayağımı kimsə yerinə gətirməyəcək, siqareti belə sata bilmirəm. Mənə indidən çətinlik yaradırsız.

Məmur kreslosunda arxaya söykənib bir müddət susdu. Sonra:

- Bax dostum, - deyə sözə girişdi, - ayağınız çox bahalı bir ayaqdır. İyirmi doqquz yaşında olduğunuzu görürəm, ürəyiniz sağlam, ayağınızdan savayı sap-sağlamsınız. Yetmiş yaşacan yaşayacaqsınız. Zəhmət olmasa, bir hesablayın; ildə on iki dəfə 70 mark, yəni qırx bir dəfə on iki dənə yetmiş. Zəhmət olmasa, bunu faizləri hesaba qatmadan hesablayın və sizinkinin tək ayaq olduğunu da düşünməyin. Yəqin ki, uzun yaşayacaq tək adam da siz deyilsiniz!  Vallah inciməyin, amma siz dəlisiniz!

- Cənab, - deyərək mən də arxaya söykənib bir müddət susdum, - ayağımı həddindən artıq dəyərsizləşdirdiniz. O,  çox yüksək dəyərli bir ayaqdır. Təəssüf ki, sadəcə, sağlam bir ürəyə deyil, eyni zamanda sağlam bir beynə də sahibəm. İndə məni bir dinləyin.

- Vaxtım çox azdır.

- Qulaq asın! - dedim, - Əslində, ayağım, bu gün çox da yaxşı əmək haqqı alan bir insanın həyatını qurtardı.

Hadisə belə olmuşdu: Mən tək başıma ön tərəflərdə bir yerdə uzanmışdım. Digərləri tam vaxtında qaça bilsinlər deyə, onların gəlməsinə gözətçilik edirdim. Arxamdakılar hazırlıqlı idilər və nə çox tez, nə də gec hərəkət etmək istəyirdilər. Əvvəl iki nəfər idik, amma digəri qarşı tərəfin açdığı atəş nəticəsində öldü, artıq bir funksiyası qalmamışdı. Düzdür, evliydi, lakin yoldaşı sağlam və çalışa bilən idi, qorxmayın.  Hələ dörd həftəlik əsgəriydi.  Heç olmasa, doğru-dürüst vurulub  ölən yaxşı bir əsgər idi. Artıq mən orada tək başıma yatır və qorxurdum. Çox soyuq idi, geri çəkilənlərin arasına  qatılmaq istəyirdim, bəli, mən də qaçmağa başlayacaqdım ki...

Məmur:

- Çox vaxtım yoxdur, - deyib qələmini axtarmağa başladı.

- Xeyr, məni dinləyin, - dedim, - Hekayənin maraqlı yeri  hələ indi başlayır. Elə qaçmağa hazırlaşdığım an ayağımla əlaqəli bir hadisə oldu. Bəli, mən orda yatmaq məcburiyyətində olduğum üçün “indi çəkilmə işarəsini verə bilərəm” deyə düşündüm və verdim. Hamı yaxşıca sırayla qaçmağa başladı. Öncə diviziya, sonra alay, sonra tabor; hamısı qəşəng sıraya tabe olaraq, beləcə, davam edirdilər. Bu da hekayə! Əslində, məni aparmağı unutdular, başa düşürsüz? Çox tələsirdilər. Həqiqətən, çox  cəfəng bir hekayədir! Çünki əgər mən ayağımı itirməmiş olsaydım, hamısı öləcəkdi; general, polkovnik, mayor qəşəng sırasıyla öləcəkdilər və siz onlara əmək haqqı ödəmək məcburiyyətində qalmayacaqdınız. İndi mənim ayağımın dəyərini  bir hesablayın baxaq! General əlli iki yaşında, polkovnik qırx səkkiz, mayor isə əlli, hamısının da ürəyi də, beyni də sap-sağlam və yaşadıqları hərbçi  həyat tərzi ilə, ən azı, Hindenburg kimi səksən yaşa qədər yaşayacaqlar. Zəhmət olmasa, indi bir hesablayın: yüz altmış dəfə on iki dənə otuz. Ortalama otuz deyə bilərsiniz; deyilmi? Ayağım dəhşət bahalı, düşünə biləcəyim ən bahalı ayaqlardan biri oldu, başa düşürsünüz?

- Həqiqətən, siz dəlisiniz, - məmur dedi.

- Xeyir, - dedim, - dəli deyiləm. Təəssüf ki, ürəyim qədər beynim də sağlamdır.

- İşi qəbul edirsiniz? - deyə məmur soruşdu.

- Xeyir, - dedim və getdim.

 

 

 

Vida

 

İnsanın çoxdan vidalaşmış olduğu, amma qatar hərəkət etmədiyi üçün ayrıla bilmədiyi o bərbad ruh halındaydıq. Gözləmə salonu bütün stansiyalarda olduğu kimi, çirkli idi və yel çəkirdi, isti buxar və səs-küy içindəydi; insan və vaqonların səsi.

Şarlotta uzun qatar dəhlizindəki pəncərənin başında durmuşdu: bəziləri davamlı olaraq arxadan onu kənara itələyir və lənət oxuyurdu, ancaq bu son dəqiqələrdə, birlikdə yaşamağımızın bu ən dəyərli son dəqiqələrində izdiham dolu şöbədə bir-birimizi işarə ilə anlaya bilmirdik.

- Çox zərifcəsinə, - üçüncü dəfə dedi , - mənə gəlməyiniz, həqiqətən, çox zərifcəsinədir...

- Rica edirəm, bir-birimizi tanımadığımız o qədər ildən sonra, əlbəttə, on beş il.

- Bəli, bəli, artıq otuz ildir, amma yenə də olsun...

- Önəmli deyil, rica edirəm. Bəli, artıq otuzuncu ilimizdəyik. Rus dövrünün yaşında...

- Pisliyin və aclığın yaşında!

- Savaşın....savaşın yaşındayıq!

- Hələ çox gəncik.

- Haqlısan. Dəhşət gəncik, - Şarlotta güldü.

- Nəsə dedin? - əsəbi halda soruşdu, çünki arxadan bir ağır zərbə almışdı.

- Xeyr, ayağımdır.

- Ayağına sahib olmalısan.

- Haqlısan, həddindən artıq çox danışır...

- Hələ də dura bilirsən orada?

- Bəli... - əslində, onu  sevdiyimi söyləmək istəyirdim, bu on beş ildən bəri  yenə olmadı...

- Bəli? 

- Heç nə... İsveç, demək İsveçə gedirsən?

- Bəli, bir az utanıram... əslində, artıq bunlar həyatımızın bir parçasıdır, çirkinlik, iyrənclik, cır-cındır və zibil... və bir azca utanıram. Özümü qorxunc görürəm.

- Boş-boş danışma, sənin yerin oradır. İsveçə getdiyin üçün sevin!

- Bəzən sevinirəm, bilirsən, yeməkləri çox gözəl və heç bir şey yerli-yersiz deyil. O, məktublarında hər şeydən heyranlıqla yazır...

Qatarların  hərəkət etmə cədvəlinin anonsunu elan edən səs indi bir platforma yaxınımıza gəlmişdi, qorxdum, amma hələ  bizim platforma deyildi. Səs, sadəcə, Roterdamdan Baselə gedən bir ölkələrarası qatarın anonsuydu və mən Şarlottanın kiçik, zərif üzünə baxarkən, yaxşı bir sabunun və qəhvənin qoxusu ağlıma gəldi; özümü dəhşət bədbəxt  hiss etdim. Bir an içində bu çəlimsiz qadını yanıma almaq və burda saxlamaq üçün içimdə ümidsiz bir istək duydum, o, mənə aid idi, mən onu sevirdim...

- Nə oldu ?

- Heç bir şey,- dedim, - İsveçə getdiyin üçün sevinməlisən.

- Bəli, səncə sonsuz bir enerjiyə sahib deyilmi? Üç il Rusiyada əsirlik, macəralı bir qaçış və indi Rubens üzrə oxuyur.

- Əla, həqiqətən çox əla!

- Sən də bir şeylər etməlisən, doktoraturanı oxu, heç olmasa.

- Yum ağzını!

- Nə dedin? - deyə təəccüb içində soruşdu, - Nə dedin? - üzü ağappaq olmuşdu.

- Bağışlayasan, - deyə pıçıldadım, - Ayağım... bəzən onunla söhbətləşirəm.

Şarlotta bir Rubens kimi durmurdu, daha çox Picassonu xatırladırdı və özümə insanın nəyə görə onunla evlənmək istəyəcəyini soruşurdum, gözəl də deyildi və mən onu sevirdim.

Platforma boşalmışdı, hər kəs yerindəydi, ortalıqda, sadəcə, vidalaşan bir-iki nəfər var idi. Səs hər an qatarın çıxışını elan edə bilərdi. Hər an son an ola bilərdi.

- Nəsə bir şey etməlisən, hər hansı bir şey, belə olmaz.

- Olmaz, - dedim.

Bir Rubensin tam əksinəydi: incə, uzun ayaqlı, əsəbi və Rus Dövrünün yaşındaydı, Avropadakı aclığın, pisliyin və savaşın yaşındaydı.

- Heç cür inana bilmirəm... İsveç... Bir xəyal kimi...

- Onsuz da hər şey bir xəyaldır.

- Elə deyirsən?

- Təbii. On beş il. Otuz il… və yenə otuz il. Nəyə görə doktoranturanı oxuyum? Səssiz ol, lənət olsun!

- Ayağınla danışırsan?

- Bəli.

- Nə deyir elə?

- Dinlə.

Heç səs çıxartmadan durub bir-birimizə baxdıq, gülümsədik və tək kəlmə danışmadan bir-birimizlə danışdıq.

Mənə gülümsədi:

- Nə dediyini anlayırsan indi, hər şey qaydasındadı?

- Bəli, bəli.

- Həqiqətən?

- Bəli, bəli.

- Görürsən? - deyə yavaş səslə davam etdi, - Heç də elə deyil, bütün bunlar  və bərabər olmaq. Heç də elə deyil! Düzdür?

Qatarların çıxışını elan edən səs indi tamamilə yaxınlığımdaydı, rəsmi və axıcı. Mən sanki platformanın üzərində böyük, boz rəngli bir mövqedə qamçı dəyirmiş kimi diksindim. 

- Salamat qal!

- Salamat qal!

Qatar ağır-ağır hərəkət edərək geniş və tutqun qaranlıqda uzaqlaşdı...

Haynrix BÖLL
Tərcümə: İlahə ELDARQIZI



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi