380x80 400x80

Korlar - Arkadiy Averçenko

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

10.11.2017 | 00:41 Oxunub: 121


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

18 mart 1881-ci ildə Rusiyanın Sevastopol şəhərində doğulan Arkadiy Timofeyoviç Averçenko dövrünün ən böyük satirik yazıçısı və teatr xadimlərindəndir. 

1906-1907-ci illərdə məşhur satirik orqan “Qılınc”ın redaktoru olub. 1908-ci ildə isə gənc həmkarlar tərəfindən təsis edilən “Satirikion” jurnalı Averçenkonun satirik-yumoristik hekayələri ilə populyarlıq qazanıb. Əsasən, Canavar, Foma Opiskin, Meduza-Qorqona və Falstaf ləqəblərilə yazan Averçenkonun ən sevilən ləqəbi Avedir. 

1912-ci ildə Avropaya səfəri ədəbiyyat aləmində ciddi addım kimi qiymətləndirilən “Satirikionçuların Qərbi Avropaya ekspedisiyası” adlı kitabı ilə nəticələnib. Böyük tənqidçi 12 mart 1925-ci ildə Çexoslavakiyanın Praqa şəhərində 43 yaşında vəfat edib.

A.Y.Sadovskiyə həsr olunur.

I. Günün bir vaxtı kral bağçası açıq olanda, gənc yazıçı Ave maneəsiz ora daxil oldu. Qum cığırları ilə bir az gəzəndən sonra o, asta-asta skamyada oturdu. Həmin skamyada xoş simalı bir qoca da əyləşmişdi. Mehriban üzlü qoca cənab Aveyə tərəf çevrildi və bir az tərəddüddən sonra soruşdu: 

- Siz kimsiniz?

- Mən? Ave. Yazıçı. 

- Yaxşı sənətdi, - yad adam təqdiredərcəsinə gülümsədi, - Maraqlı və hörmətli.

- Bəs siz kimsiniz? - sadəlövh Ave soruşdu.

- Mənmi? Kralam. 

- Bu ölkənin?

- Əlbəttə. Ayrı hansının olacaq ki? 

Ave də öz növbəsində təqdiredici şəkildə dedi:

- Sizin iş də yaxşı sənətdi. Maraqlı və hörmətli.

- Hətta deməyin belə, - kral ah çəkdi, - Hörmətli olmağına elədi, amma bu işdə maraqlı heç nə yoxdu. Sizə deməliyəm ki, cavan adam, hökmranlıq etmək çoxlarının düşündüyü kimi rahat deyil.

Ave əllərini şappıldatdı və təccüblə qışqırdı: 

- Bu çox təəccüblüdü, mən öz taleyindən razı olan bircə adam da görmədim.

- Bəs siz razısınız? - kral kinayəli şəkildə gözünü qıydı.

- Çox da yox. Bəzən hansısa tənqidçi adamı elə soyür ki, lap oturub ağlamaq istəyirsən.

- Bax gördünmü? Sizin üçün on-on beş tənqidçi var, məndə isə,  onlar milyonlarladır. 

- Mən sizin yerinizdə olsaydım, heç bir tənqiddən qorxmazdım, - Ave düşüncəli tərzdə etiraz elədi və başını bulayaraq təcrübəli kralların duruşu ilə əlavə elədi, - Bütün məsələ ondadır ki, yaxşı qanunlar hazırlamaq lazımdı. 

Kral əllərini yellədi:

- Heç nə alınmayacaq. Bir köpüklük xeyri yoxdu.

- Yoxlamısınız?

- Yoxlamışam.

- Mən sizin yerinizdə olsaydım... 

- Bəsdi görək, mənim yerimdə! - qoca kral əsəblə qışqırdı, - Mən çox krallar görmüşəm ki, normal yazıçı olublar, amma bircə dənə də olsun yazıçı görməmişəm ki, heç olmasa, üçüncü dərəcəli, axırıncı səviyyədə də olsa, kral ola bilsin. Mənim yerimdə... Mən sizi öz yerimə bircə həftə qoyardım, baxardıq sizdən nə çıxacaq. 

- Hara...qoyardınız? - Ave ehtiyatla soruşdu.

- Öz yerimə.

- Aaa! Öz yerinizə... Belə şey məgər mümkündü?

- Niyə də yox?! Bunu, ən azından, biz krallara daha az paxıllıq eləsinlər deyə etmək olar... Ki daha az və bir az məntiqlə tənqid eləsinlər bizi, kralları. 

Ave təvazökarlıqla dedi:

- Nə deyirəm ki...mən bunu yoxlayım. Amma xəbərdarlıq eləməliyəm; mən birinci dəfədi belə bir şey edirəm və əgər mən təcrübəsizlikdən sizə biraz, necə deyim, gülməli görünsəm, məni ittiham eləməyin. 

- Eybi yox, - kral xeyirxahlıqla gülümsədi, - Düşünmürəm ki, bir həftəyə siz çox axmaqlıq edəsiniz. Deməli belə, istəyirsiniz?

- Cəhd edim. Yeri gəlmişkən, mənim beynimdə kiçik, amma maraqlı bir qanun var. Onu elə bu gün elan etmək olardı. Tanrı köməyiniz olsun!

Kral başı ilə təsdiqlədi.

- Saraya gedək. Yeri gəlmişkən, bu, mənim üçün də bir həftəlik istirahət olacaq. Dediyiniz necə qanundu? Sirr deyilsə əgər.

- Bu gün mən küçədən keçəndə, kor qoca bir adamı gördüm. O, əlləri və əsası ilə evlərə toxuna-toxuna gedirdi, hər an faytonların altına düşmə təhlükəsi var idi. Və bu heç kimin vecinə deyildi... Mən qanun çıxartmaq istəyərdim ki, kor piyadaların hərəkətində şəhər polisi iştirak eləsin. Yolda tək gedən korları görən polis onun əlindən tutmalı və onu hərəkət edən faytonlardan, yoldakı çuxurlardan qoruyaraq qayğıkeşliklə evə ötürməlidir. Necə qanundur? Xoşunuza gəldi? 

- Siz xeyirxah oğlansınız, - kral yorğun-yorğun gülümsədi, - Tanrı sizə kömək olsun! Mən isə, gedim yatım, - Və gedərkən də sirli-sirli əlavə elədi, - Yazıq korlar... 

 

II. Artıq üç gün idi ki, təvazökar yazıçı Ave         krallıq edirdi. Ədalətli olmaq lazımdır - o, hakimiyyətindən və gücündən öz xeyri üçün istifadə etmirdi. Onun yerində başqa kim olsaydı, bütün tənqidçiləri və yazıçıları həbsə salar, xalqı isə, yalnız öz kitablarını oxumağa vadar edərdi - səhər yeməyi əvəzinə hər adama günə, ən azı, bir kitab. Ave belə qanun çıxarmağın cazibəsinə üstün gələ bilmişdi. O, krala söz verdiyi kimi də “polislərin korları müşayət eləməsi və onları ətraf mühitin dağıdıcı amillərindən - faytonlar, atlar, çuxurlar və s.-dən qorunması” qanunu ilə işə başladı. 

Bir dəfə (bu dördüncü günün səhəri idi) Ave öz kral kabinetində dayanıb fikirli halda pəncərədən küçəyə baxırdı. Birdən onun diqqətini dəhşətli bir mənzərə çəkdi: iki polis bir piyadanın boynundan tutub sürüyür, üçüncüsü isə, arxadan təpiklə onu itələyirdi. Cavanlıq cəldliyi ilə Ave kabinetindən bayıra qaçdı, piləkənlərdən uçaraq bir dəqiqə sonra küçəyə çıxdı.

- Onu hara aparırsınız? Nəyə görə döyürsünüz? Bu adam nə edib? Neçə adam öldürüb?

- O heç nə eləməyib, - polis cavab verdi.

- Onda bəs nəyə görə onunla belə rəftar edirsiniz və onu hara aparırsınız? 

- Əlahəzrət, o, kordur. Biz də  verilmiş qanuna görə, onu bölməyə aparırıq.

- Qanuna görə? Yəni elə bir qanun var ki???

- Bəs necə! Üç gün bundan əvvəl elan olunub və qüvvəyə minib. 

Ave sarsılmış halda əlləri ilə başını tutdu və inildədi:

- Mənim qanunum?! 

Arxadan hansısa mötəbər cənab dodaqaltı söyərək dedi:

- İndi verilən qanunlara bir bax! Onlar nə haqda düşünür görəsən? Nə istəyirlər? 

- Elə onu de, - başqa bir səs dəstəklədi, - ağıllı çıxıblar guya: ”Küçədə olan korların boynundan tutub bölməyə aparmaq, yolda da şillə-təpiyə qonaq etmək”. Dahiyanə! Həddən artıq ürəyiyumşaqlıq!!!

- Valehedici qayğıkeşlik!

Ave külək kmi öz kral kabinetinə qaçdı və qışqırdı:

- Naziri bura! Onu tapın və elə inidcə kabinetimə dəvət edin!!! Bu işi mən şəxsən araşdırmalıyam.

 

III. Araşdırmada “Korların ətraf mühütin zərərli təsirlərindən qorunması” qanunu ilə bağlı müəmmalı hadisəyə aydınlıq gətirildi. Məsələ belə imiş. Hakimiyyətinin birinci günündə Ave naziri çağırıb ona deyir:

- “Polislərin piyada gedən korlara qayğıkeş münasibəti, onların evə ötürülməsi və onların ətrafın dağıdıcı təsirlərindən - faytonlardan, atlardan, çuxurlardan və s.-dən qorunması” haqqında bir qanun qəbul etmək lazımdır.

Nazir təzim edir və çıxır. O dəqiqə şəhərin rəisini çağırıb ona deyir: 

- Qanunu elan edin: korları küçələrdə tək müşayətsiz gəzməsinə icazə verilməsin, əgər onları müşayət edən yoxdursa, polislər müşayətçi vəzifəsini yerinə yetirsin, onların vəzifəsinə korları son çatma məntəqəsinə (getməli olduqları yerə)  ötürmək də aiddir. 

Nazirin qəbulundan çıxandan sonra, şəhərin rəisi polis rəisini yanına dəvət eləyir və deyir:

- Deyirlər, korlar şəhərdə müşayətsiz, tək gəzir. Daha buna yol verilməsin! Qoy sizin polislər tək gəzən korların əlindən tutub onları lazım olan yerə aparsın.

- Oldu. 

Polis rəisi elə həmin gün bölmə rəsilərin yığıb təlimat verir: 

- Deməli belə, cənablar! Bizə yeni qanun haqqında məlumat verildi ki, şəhərdə tək veyillənən korlar polis tərəfindən tutulsun və lazım olan yerə aparılsın. Aydındı?

- Bəli, cənab rəis! 

Bölmə rəsiləri öz yerlərinə qayıdandan sonra, polis çavuşların yığıb deyirlər: 

- Cənablar! Polislərə yeni qanunu izah edin: ”Küçələrdə avara-avara gəzən və bununla da, faytonların və piyadaların hərəkətinə mane olan bütün korları tutub lazım olan yerə aparsınlar”

- “Lazım olan yer” nə deməkdi? Hara yəni? - çavuşlar bir-birlərindən soruşurlar. 

- Yəqin ki, bölməyə... Ayrı hara olacaq ki?...

- Yəqin ki, elədir.

- Uşaqlar! - çavuşlar polis nəfərlərinə deyir, - Əgər sizə küçədə veyillənən korlar rast gəlsə, o avaraların boynundan tutun və bölməyə gətirin. 

- Birdən onlar bölməyə gəlmək istəməsələr? 

- Necə yəni istəməsələr? Bir-iki yaxşı qapaz, arxadan təpik, uça-uça gələcəklər. 

“Korların xarici təsirlərdən qorunması” işini aydınlaşdırandan sonra, Ave öz təmtəraqlı kral stolunda oturub ağlamağa başladı. Kimsə əlini mehribanca onun başına qoydu. 

- Nə oldu? Mən “korların qorunması” qanunu haqda birinci dəfə eşidəndə, demədim ki ”yazıq korlar”? Görürsünüz? Bütün bu əhvalatda yazıq korlar uduzdu, mən isə uddum.

- Siz nə uddunuz? - Ave şlyapasını axtararaq soruşdu.

- Necə bəyəm. Mənim tənqidçilərimdən biri azaldı. Əlvida, əziz dost! Əgər yenə hansısa islahat eləmək istəsəniz, gəlin!

“Yuxunda görərsən” deyə Ave düşündü və dəbli kral pilləkənlərinin 10 pilləsini bir dəfəyə tullanaraq qaçdı.

Arkadiy AVERÇENKO
Tərcümə: Fəxri MƏMMƏDOV



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi