380x80 400x80

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

08.11.2017 | 00:51 Oxunub: 149


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Amerika yazıçısı, şairi, ədəbi tənqidçisi və redaktor, amerikan romantizminin ən məşhur nümayəndələrindən olan Edqar Allan Po 19 yanvar 1809-cu ildə ABŞ-ın Boston şəhərində doğulub. 

Müasir detektiv formasının yaradıcısı, elmi-fantastika janrını ədəbiyyata gətirənlərdəndir. 

Ona məşhurluq gətirən “Qarğalar və başqa şeirlər” kitabı 1845-ci ildə işıq üzü görüb. 

Daxilən tənqidçi xarakterə sahib olan Po, yaşadığı cəmiyyəti hərtərəfli tənqid etməklə yaddaşlarda qalıb, hətta Bernard Şou bu barədə belə deyib; “Po Amerikada yaşamadı, o, sadəcə orada öldü”. 

Mistifikasiya və dəhşətlər ədəbiyyatı tərəfdarı olan bu görkəmli insan 7 oktyabr 1849-cu ildə Baltimorda vəfat edib. 

Mən Fortunatonun minlərcə əzabına bacardığım qədər dözmüşdüm.  Lakin onun təhqiri məni qisas almağa dair and içməyə məcbur etdi.  Mənim xarakterimə yaxşı bələd olan bir insan kimi  sənin ağlına da gəlməyəcək ki, qisas alacağımdan  ona heç bir işarə etmədim. Nəhayət, qisas alacaqdım və bu, artıq planlaşdırılmış qəti qərarım idi. Amma müşkülü həll edəcəyimi düşündüyüm bu qərar risk etməyə bir az mane olurdu. Mən, sadəcə, onu cəzalandırmaqla kifayətlənməli deyildim, etdiyim əməldən sonra mənimçün yarana biləcək təhlükədən də qorunmalı idim. Qisas almağa cəhd edən insan, etdiyi əmələ görə cəzalandırılarsa, deməli, bu hələ qisas almaq demək deyil. İnsanlardan heç vaxt düzəltməyə cəhd etmədikləri səhvlərinə görə mütləq qisas alınmalıdır. Cəza kifayət qədər sərt olmalıdır ki, günahkar bir də bu əməli təkrarlaya bilməsin. 

Mən Fortunatoya bu “yaxşı niyyətim”dən şübhələnməsi üçün heç bir ipucu verməmişdim. Mən onun üzünə gülümsəyərək davam edirdim. Təəssüf ki, o, hələ də məni dostu bilirdi.  Fortunato hörmətli və çəkiniləcək bir insan olsa da, zəif bir cəhəti vardı; o, özünün şərab tanıma məharətilə fəxr edirdi. Çox az italyanların belə istedadı olur. Əksərən onlar zaman və imkanı uyğunlaşdırmaqçün Britaniya və Avstraliyalı milyonerlərə yalan danışmağı qəbul edirdilər. Fortunato rəssamlıq və zərgərlikdə öz həmvətənləri kimi dələduz olsa da, köhnə şərablar məsələsində bacarığı var idi. Bu məsələdə özüm də ondan geri qalmırdım. Mən italyan şərablarını tanımaqda məharətli idim və bacardığım qədər də bunlardan çox alırdım. 

Karnaval mövsümündə bir axşamüstü dostuma rast gəldim. O, içkili olduğundan mənimlə həddən artıq mülayim danışırdı. Rəngarəng geyinmişdi. Onun əynində bədəninə kip oturan və karnavalçün bəzədilmiş paltar var idi, başında isə, konusvari karnaval papağı və zınqırovlar. Mən onu görməyimə elə şad idim ki,  salamlaşarkən onun əlini sıxmaqdan belə imtina etmədim. 

Ona dedim: 

- Əziz Fortunato, yaxşı ki səni gördüm. Bu gün son dərəcə yaxşı görünürsən! Mən bir şüşə Amontillado almışam, amma onun həqiqətən də Amontillado olduğuna əmin deyiləm. 

- Necə? - dedi, - Amontillado? Bir şüşə? Mümkün deyil! Həm də karnaval mövsümündə.

- Mən əmin deyiləm, - cavab verdim, - və mən bu məsələdə sənin məsləhətin olmadan bütöv bir şüşə Amontilladonun qiymətini ödəyəcək qədər axmaq olmuşam. Səni tapa bilmədim və sövdələşməni itirməkdən qorxdum.

- Amontillado.

- Mən əmin deyiləm.

- Amontillado!

- Və mən onları razı salmalı idim. Sən məşğul olduğuna görə, Lukresinin yanına gedirəm. Əgər bu məsələdə mənə kömək edə biləcək biri varsa, bu o, olacaq. O, mənə deyəcək...

- Lukresi Amontilladonu Şeridən seçə bilmir.

- Və hələ də bəziləri düşünür ki, bu sahədə Lukresi səndən daha yaxşıdır.

- Gəl gedək!

- Hara?

- Sənin malikanənə. 

- Dostum, yox! Mən sənin ürəyiaçıqlığından istifadə etməməliyəm. Başa düşürəm ki, sən məşğulsan. Lukresi...

- Mənim işim yoxdur. Gəl.

- Dostum, yox! İşin yoxdur, amma mən başa düşürəm ki, sən xəstəsən. Sərdabələr çox rütubətlidir. Divarlar selitra ilə örtülüb. 

- Hər halda, biz gedək. Soyuq önəmli deyil. Amontillado! Səni məcbur ediblər. Lukresiyə gəldikdə isə, o, Amontilladonu Şeridən ayırmağı bacarmır. 

Bu minvalla söhbət davam edirdi. O,  dizə qədər olan qara plaş geyinmişdi. Mən onu saraya çatmaqçün tələsdirdim. Evdə qulluqçular yox idi, onlar karnavalda əylənməyə getmişdilər. Mən onlara səhərə kimi evə gəlməyəcəyimi və evdən bayıra çıxmamağı əmr etmişdim. Bu əmr kifayət idi ki, onlar evdə olmasın. Onların hamısını yaxşı tanıyırdım, səhərə kimi evə gəlməyəcəyimi biləndə, karnavala gedəcələrinə əmin idim.

Mən sərdabənin divarlarından iki fənər götürüb birini Fortunatoya verdim. Biz otaqların arasından keçərək, sərdabəyə gedən keçidə tərəf əyildik. Mən uzun dolanbac pilləkəni keçib, Fortunatodan mənim arxamca gələrkən ehtiyatlı olmasını xahiş etdim. Biz, nəhayət ki, enişin sonuna gəlib çatdıq və birlikdə Monteresoların nəm torpaqdakı katakomba qəbirlərinin önündə dayandıq. Dostum səndələyə-səndələyə addımlayarkən, papağının ucundakı zınqırovlar cingildəyirdi. 

- Amontillado şüşəsi, - o, dedi.

Mən:

- Bir az uzaqdadır, - dedim, - amma sən hələ parlayan bu mağara divarlarına bax .

O, mənə tərəf çevrilib baxarkən, şərabın təsirindən gözlərinin yaşardığı aydın görünürdü.

- Selitra? -  nəhayət ki o, soruşdu.

- Selitra, - cavab verdim, - Sən nə vaxtdan bu xəstəliyə tutulmusan?

- Öhö! öhö! öhö! - öhö! öhö! öhö - öhö! öhö! öhö!

Zavallı dostum bir neçə dəqiqə mənə cavab verə bilmədi.

- Heç nə, - nəhayət o, dilləndi.

- Gəl! - mən qətiyyətlə dedim, - Biz geri qayıdırıq. Sənin sağlamlığın daha qiymətlidir. Sən varlı və hörmətlisən, səni sevirlər. Və xoşbəxtsən. Bir zamanlar mənim olduğum kimi. Səninçün darıxırlar, mənimçünsə bunun o qədər də önəmi yoxdur. Biz geri qayıdırıq, çünki sən xəstə ola bilərsən. Mən də səninçün məsuliyyət daşıya bilmərəm. Bundan əlavə Lukresi də var...

- Kifayətdir! - o, dedi, - öskürək adi bir şeydir. Məni öldürməyəcək ki. Mən öskürəkdən ölmərəm.

- Əlbəttə ki, doğrudur, - cavab verdim, - əslində, mənim səni əbəs yerə təşvişə salmaq niyyətim yox idi. Lakin biz gərək öncə buna qarşı bir tədbir görək. Bir qurtum Medoc bizi rütubətdən qoruyacaq. 

Tıxacı kiflənmiş şərab şüşəsinin ağzını açdım. 

- İç! - şərabı ona uzadaraq dedim. 

O, acıqla şərabı başına çəkdi, dayandı və papağındakı zınqırovlar cingildəyə-cingildəyə başını tərpətdi, - İçirəm, - o, dedi, - ətrafımızdakı qəbirlərdə uyuyanların sağlığına! 

- Mən də sənin uzun ömrünə.

O, yenidən mənim qolumdan tutdu və biz davam elədik. 

- Bu sərdabələr cox genişdir, - dedi. 

- Montresorlar geniş ailə olublar. 

- Sizin gerbiniz yadımdan çıxıb...

- Mavi səth üzərində qəzəbli ilanı tapdalayan qızıl ayaq və ilanın onun dabanına sancılmış zəhərli dişləri.

- Bəs şüar? 

- Heç kim məni əvəzini ödəmədən cəzalandıra bilməz.

- Lap yaxşı, - o dedi.

Həddindən artıq sərxoşluqdan onun gözləri parıldayırdı və zınqırovların səsi ətrafa yayılmışdı. Medocla mənim kefim daha da yüksəlirdi. Biz skeletlərlə örtülmüş çəlləklər və şərab küplərilə qarışıq divarların arasından keçib, katakombaların dərinliklərinə doğru irəlilədik. Mən yenidən dayandım və bu dəfə Fortunatonun dirsəkdən yuxarı qolundan tutub ona kömək etməyi özümə borc bildim. 

- Selitra, -  mən dedim, - bax o, artır. Yosun kimi sərdabənin yuxarısından sallanır. Rütubət damcıları sümüklərin arasından sızır. Biz artıq Stiks çayını keçirik. (Xristianlıqda cəhənnəmə gedən yolda Stiks çayını keçirmək, "geriyə dönüş yoxdur" deməkdir.) 

- Gəl  geri qayidiriq. Artıq çox gecdir. Sənin öskürəyin ...

- Heç nə yoxdu, - o, dedi, - gəl davam edək. Amma əvvəlcə bir qurtum da Medoc.

Mən ona bir böyük şüşə De Grave verdim. Fortunato onu bir nəfəsə boşaltdı.  Onun gözləri alışıb yanırdı. O, güldü və şüşəni mən anlamadığım bir hərəkətlə yuxarı atdı. Mən təəccüblə ona baxırdım. O, həmin gülünc hərəkəti bir də təkrar etdi. 

- Sən başa düşmürsən? - deyə o, soruşdu. 

- Yox! - cavab verdim.

- Onda biz qardaş deyilik. 

- Necə?

- Sən bənna deyilsən?

- Bənnayam.

- Sən? Mümkün deyil. Bənna?

- Bənna.

- Bir işarə? - o, soruşdu.

- Budur,- plaşımın altındakı kürəkciyi (suvaq üçün mala) göstərərk cavab verdim.

- Zarafat edirsən, -  o, bir neçə addım geri çəkilərək dedi. 

- Elədir, - aləti yenidən plaşımın altında gizlədib onun qolundan tutaraq dedim.

O, qolumdan tutaraq güclə yeriyirdi. Biz Amontilladonun axtarışı üzrə marşrutumuza davam etdik. Biz əyilərək alçaq keçidlərdən keçib dərin bir zirzəmiyə çatdıq. Havanın üfunətindən adam boğulurdu. Sərdabənin lap sonu o qədər də geniş deyildi. Onun divarları böyük Paris katakombaları kimi insan qalıqları ilə sıralanmışdı. Sərdabənin üç tərəfi  bu üsulla bəzədilmişdi. Sərdabənin digər dördüncü tərəfindən sümüklər dağınıq şəkildə torpağın üstünə səpələnmişdi. Divarların içərisində sümüklərin bu cür yerləşdirilməsilə biz başa düşdük ki, bu sərdabə 4 fut dərinliyə, 3 fut uzunluğa və 6-7 fut hündürlüyə malikdir. Görünür, sərdabə xüsusi bir qayda ilə tikilməmişdi. Fortunato əbəs yerə zəif işıq saçan fənərini qaldıraraq sərdabənin dərinliyinə baxmağa çalışırdı. Amma fənərin zəif işığı sərdabənin dibini görməyə imkan vermədi. 

- Davam edək, - mən dedim, -  Amontillado buradadır. Lukresi də ...

- O, axmaqdır! -  irəliyə addımlayaraq Fortunato sözümü kəsdi və tələsərək cəld sərdabənin sonuna çatdı. Amma qaya ona daha çox irəliləməyə imkan vermədi. Fortunato təəccübləndi. Bir qədər sonra mən onu artıq granitə zəncirləmişdim. Onun səthində üfüqi istiqamətdə bir-birindən təxmini 2 fut aralı 2 sütun var idi. Sütunların birinə balaca zəncir, digərinə isə, qıfıl bağladım. Zəncirin həlqələrini belinə dolamışdım. O, elə mat qalmışdı ki, müqavimət göstərə bilmirdi. Mən açarı qıfıldan çıxaraq oyuqdan geriyə addımladım. 

- Əlini divarın üstünə apar, - dedim, - sən selitranin iyindən qurtula bilməyəcəksən. Həqiqətən, bura çox rütubətlidir. Qoy geri qayıtmaqçün sənə bir də yalvarım. Yox? Onda mən səni məmnuniyyətlə burda qoyub getməli olacağam. Amma öncə axırıncı işimi bitirməliyəm.

- Amontillado, -  hələ də təəccüb içində olan dostum ucadan dedi.

- Doğrudur, Amontillado, - cavab verdim.

Bu sözləri deyərkən mən, öncə bəhs etdiyim sümüklərin arasında eşələnirdim. Sümükləri tez kənara atıb, əvvəlcədən gizlətdiyim bir az əhəng və daş götürdüm. Mən var gücümlə bu materiallar və kürəkciyimin köməyilə oyuğun girişini hörməyə başladım. Görəndə ki, Fortunato artıq ayılır, hörgünün birinci sırasını çətinliklə hördüm. Onun sərxoş olmadığını sübut edən ilk işarə Fortunatonun sərdabənin dərinliyindən gələn iniltisi idi. Bu, sərxoş bir insanın iniltisi deyildi. Sonra uzun və inadkar bir sükut çökdü. Mən beləcə ikinci, üçüncü və dördüncü cərgəni hördüm. Zəncirin qorxunc səslərini astadan eşidirdim. Səs bir neçə dəqiqə davam etdi. Və bu zaman mən işimi dayandırıb, məmnunluqla ona qulaq asmağa davam edərək sümüklərin üstündə oturdum. Nəhayət, zəncirlərin cingiltisi azalanda, kürəkciyimi götürüb fasilə etmədən beşinci, altıncı və yeddinci cərgəni tamamladım. Divar indi mənim sinəmdən təxminən bir az hündür idi. Mən yenidən fənərimi divarın üstünə tutdum, onun zəif şüaları tikilinin üstünü işıqlandırırdı. Fortunadonun zəncirlənmiş boğazını yarıb keçən qulaq batırıcı fəryadı sanki məni geriyə itələdi. Bir anlıq tərəddüd edərək titrədim. Kürəkciyimi yerə qoymadan sərdabəyə nəzər saldım. Lakin tələsmə fikri məni sakitləşdirirdi. Əlimi möhkəm katakombaların üstünə qoyub rahatlandım. Yenidən divara yaxınlaşaraq, onun qışqırtısına cavab verdim. Mən var gücümlə bağırarkən səsim əks-səda verirdi. Yalnız bundan sonra Fortunato sakitləşdi. 

Gecənin yarı olduğunu hiss etməyə başlayanda, mən artıq nəzərdə tutduğum işi bitirmək üzrəydim; səkkiz, doqquz və onuncu cərgəni tamamlamış, sonuncu on birinci cərgənin də bir hissəsini hörmüşdüm. İşimi tamamlamaqçün yalnız bircə daşlıq yer qalmışdı. Bütün gücümü toplayaraq, sonuncu daşı, qismən də olsa, öz yerinə tərəf itələdim. Birdən sərdabədən tüklərimi ürpədən alçaq tonda gülüş səsləri eşitdim. Bu, alicənab Fortunatonun səsini tanımaqda çətinlik çəkəcəyim qədər hüznlü bir şəkildə davam etdi. O deyirdi:

- Ha-ha-ha, çox yaxşı zarafatdır, həqiqətən, əla jestdir. Biz buna malikanədə xeyli güləcəyik. He-he-he, şərabımız qurtardı, he-he-he.

- Amontillado, - dedim.

- He-he-he, bəli Amontillado. Amma artıq gec deyil? Onlar bizi malikanədə gözləməyəcəklər? Xanım Fortunato və qalanları. Gəl gedək!

- Hə, gedək, - mən dedim. 

- Allah eşqinə, Montreso.

- Əlbəttə, Allah eşqinə, - dedim. 

Lakin mən onun bu sözlərinə yalandan cavab verməkçün qulaq asırdım. Səbrim tükənirdi. Ucadan qışqırdım:

- Fortunato!

Cavab gəlmədi. Mən bir də çağırdım:

- Fortunato!

Hələ də cavab yox idi. Mən fənəri götürüb dəlikdən içəri itələdim. Əvəzində isə, yalnız zınqırovların cingiltisi gəldi. Mənim ürəyim bulanırdı. Bu, rütubətli katakombalara görə idi. İşimi bitirməyə tələsirdim. Sonuncu daşı da yerinə qoyaraq, suvaq çəkdim. Yeni hörgünün qarşısında köhnə sümüklərdən ibarət təpə düzəltdim. Yarım əsrdir ki, heç kim bu təpəni korlamayıb. 

Ruhu şad olsun!

Edqar Allan Po
Tərcümə: Fəxriyyə QULUZADƏ



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi