380x80 400x80

Əsl xoşbəxtlik - Tolstoy

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

07.11.2017 | 01:02 Oxunub: 190


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Bir vaxtlar Urfa bölgəsində İlyas adlı başqırd yaşayırdı. Atası dəyərli miras qoymadan, onu evləndirdikdən bir il sonra ölmüşdü. İlyas o ərəfələrdə yeddi madyan, iki inək və iyirmi baş qoyuna sahib idi. Bu işlərdə təcrübəli biri olduğu üçün yavaş-yavaş sərvətini də artıra bilmişdi.

İlyas arvadı ilə birlikdə səhərdən axşama qədər işləyər, hər kəsdən tez oyanıb, gec yatardı. Bu səbəbdən hər il var-dövləti bir az da artardı. O, otuz beş il bu şəkildə çalışaraq böyük bir sərvət sahibi oldu.

Bu müddət ərzində İlyasın iki yüz atı, yüz əlli beş iri buynuzlu mal-qarası, min iki yüz qoyunu olmuşdu. Çobanlar sürülərini otlağa aparar, xidmətçi qadınlar madyan və qoyunlarını sağar, qımız, yağ, pendir hazırlayardılar. Ev bolluq içində üzərdi. Hər kəs ona həsədlə baxıb:

- Bu İlyas nə bəxtəvər adamdır! Hər şeyi var. Ölüm belə onu qorxutmaz, - deyərdilər.

İlyasın bir çox rütbəli adamlarla tanışlığı var idi. Evinə dünyanın dörd bir yanından qonaqlar gələrdi. İlyas hamını qəbul edər, yedirib-içirərdi. Qonaqlar gələr-gəlməz bir-iki qoyun, əgər gələnlər çoxdursa, bir madyan kəsdirər, süfrəyə qımız, çay, şərbət, qoyun əti qoyulardı.

İlyasın iki oğlu, bir qızı var idi. Hər üç övladını evləndirmişdi. Kasıb olduğu vaxtlar oğulları İlyasla birgə çalışar, qoyunları otarardılar. Ancaq varlandıqdan sonra həyatları əyləncədən ibarət olmuşdu. Hətta oğullarından biri içkiyə başlamışdı. Bir müddət sonra böyük oğlu vəfat etdi. Kiçik oğlunun isə, özbaşına bir arvadı var idi. İlyas ailədə sözü dinlənmədiyi üçün onlara ayrıca bir ev almışdı. Beləcə, sərvəti bir qədər azalmışdı. Çox keçmədən, qoyunları arasında bir xəstəlik baş qaldırdı, nəticədə bir çoxu tələf oldu. Bir sonrakı il quraqlıq oldu. Ot yetişmədi. Məhsulun böyük bir qismini qırğızlar oğurlayıb apardılar. Beləliklə, İlyasın sərvəti azaldıqca azaldı. Vəziyyət hər gün daha da çətinləşirdi. İlyas gücdən düşmüş, tamamilə çökmüşdü. O, qoca yaşında kürklərini, xalçalarını, maşınlarını, sonuncu baş heyvanına qədər nəyi varsa, hamısını satmalı oldu. Tamamilə yoxsul bir adama çevrilmişdi. Hər şey o qədər tez əldən çıxmışdı ki, özü də necə olduğunu anlamamışdı. Artıq əynindəki paltar, şlyapa, ayaqqabı və bir də arvadı Şam Şemagidən başqa heç nəyi qalmamışdı. Kiçik oğlu uzaq bir diyara getmiş, qızı da vəfat etmişdi. Kömək istəyəcək kimsələri qalmamışdı. Arvadı ilə birgə qulluqçuluq etməkdən başqa çarələri yox idi.

Qonşuları Məhəmməd Şah bu vəziyyətdən çox məyus olmuşdu. O, nə varlı, nə də kasıb, namusu ilə yaşayan yaxşı bir insan idi. İlyasın qonaqpərvərliyini xatırlayıb ona kömək əlini uzatdı. Ona: 

- İlyas, arvadınla birgə bizə gəlin, yazda bacardığın qədər bağçaya qulluq edər, qışda da heyvanlara baxarsan. Şam Şemagi də madyanları sağar, südündən qımız hazırlayar. Mən sizi yedirib-içirərəm, başqa bir ehtiyacınız da olsa mənə bildirməyiniz kifayətdir, - dedi.

İlyas qonşusuna təşəkkür edərək, işi qəbul etdi. Bu, əvvəl vaxtlar hər ikisinə çətin görünsə də, zamanla öyrəşdilər. Əllərindən gəldiyi qədər çalışıb-çabalayaraq, həyatlarına davam etdilər.

Məhəmməd Şah onları evinə gətirməklə düzgün qərar vermişdi. Çünki İlyas və arvadı vaxtilə bu çətinliklərdən keçdikləri üçün işin bütün incəliklərini və üsulunu bilirdilər, tənbəllik etmir, var-gücləri ilə çalışırdılar. Məhəmməd Şah ailənin bu hala düşməsinə çox üzülürdü.

Bir gün Məhəmməd Şahın evinə uzaq bir yerdə yaşayan qohumları qonaq oldular. Qonaqların arasında kəndin imamı da var idi. Ev sahibi İlyasa bir qoyun kəsməyi tapşırdı. İlyas deyiləni yerinə yetirib qoyunun dərisini üzdü, bişirib süfrəyə gətirdi. Qonaqlar yemək yedilər, çay içdilər, sonra da növbə qımıza gəldi. Qonaqlar və ev sahibi yumşaq döşəkçələr və xalılar üzərində oturub, qımız içərək söhbət etdikləri vaxtda İlyas qapının önündən keçdi. Məhəmməd Şah onu görən kimi dərhal işarə edib qonaqlara göstərərək:

- Qapının önündən keçən o qocanı gördünüzmü? - dedi.

Qonaqlardan biri:

- Gördüm, fəqət burda diqqəti cəlb edən nə var? - deyə cavab verdi.

- Məsələ bundadır ki, gördüyünüz həmin adam bu yerlərin ən zəngini idi. Adı İlyasdır, bəlkə də eşitmisiniz.

- Eşitmişəm, bəs necə? Özünü görməmişdim, amma şöhrəti çox-çox uzaqlara yayılıb. 

- İndi sərvətindən heç nəyi qalmayıb. Burada xidmətçidir, arvadı da tövlədə madyanları sağır.

Qonaqlar xeyli təəccübləndilər:

- Belə de... Həqiqətən də səadət bir çarx kimi dövr edər. Yuvarlanarkən kimini yuxarı çıxarar, kimini aşağı endirər. Qoca, yəqin ki, çox əzab çəkir. 

- Bilmirəm. Gördüyüm qədərilə rahat, səssizcə öz işi ilə məşğuldur.

Qonaqlardan biri soruşdu:

- Onunla danışa bilərik? Bizə bir az öz həyatından danışsın.

Ev sahibi “əlbəttə” deyərək, çadırın arxa tərəfinə doğru səsləndi:

- İlyas! Bura gəl, arvadınla birlikdə qımıza qonaq olun.

İlyas arvadı ilə birgə içəri girdi. Ev sahibini və qonaqları salamladı. Dua edib, qapının yanında diz çökdü. Arvadı da pərdənin arxasına keçib, sahibin xanımı ilə yanaşı oturdu. İlyasa bir qab qımız verdilər. O, bir daha qonaqları salamlayıb, bir qədər qımız içdikdən sonra qabı yerə qoydu. 

Qonaqlardan biri dilləndi:

- Necədir baba, bizə baxıb köhnə həyat tərzin üçün darıxırsanmı? Əvvəllər xoşbəxt idin, indi isə əziyyət çəkirsən.

İlyas gülümsəyərək cavab verdi:

- Sənə səadətin və sıxıntının əslində nə olduğunu desəm, heyrətə gələrsən. Bunu arvadımdan soruş, qoy o desin! O ki qadındır, qəlbində nə varsa, dilində də odur. Bu məsələ haqqında bütün həqiqəti o sənə deyər.

Qonaq pərdəyə tərəf çevrildi:

- Nənə, köhnə zamanlardakı səadətin və indiki sıxıntıların barəsində bizə nə deyə bilərsən?

Şam Şemagi pərdənin arxasından cavab verdi:

- Bunu deyə bilərəm ki, ərimlə xoşbəxtliyi əlli il axtardıq, amma tapa bilmədik. Son iki ildir ki, xidmətçilik edirik, əlimizdə-ovcumuzda heç nə yoxdur. Sən demə, əsl səadət bu imiş. Artıq heç nə istəmirik. 

Qonaqlar qoca qadının dediklərinə heyrət etdilər. Hətta ev sahibi də məəttəl qaldı. Yaşlı qadının üz ifadəsini görə bilmək üçün qalxıb pərdəni açdı. 

Qadının əlləri sinəsinin üstündə idi. Gülümsəyərək ərinə baxdı, o da, təbəssümlə cavab verdi. Sonra bir az əvvəl dediklərini təkrarladı:

- Ciddi sözlərimdir, zarafat etmirəm. Yarım əsr xoşbəxtlik axtarışında olduq, varlı ikən onu tapa bilmədik. İndi heç nəyimiz qalmayıb, qulluqçu olmuşuq, lakin elə bir səadətə çatmışıq ki, bundan yaxşısını istəmirik.

- Bəs indiki xoşbəxtliyiniz nə cür bir xoşbəxtlikdir?

- Nə cür? İzah edim: Varlı olduğumuz vaxtlarda bir saat belə rahatlığımız yox idi. Nə oturub söhbət edə, nə o biri dünyamızı düşünə, nə də dua edə bilirdik. İşimiz başımızdan aşırdı. Qonaqlar gələndə işlər daha da artar, onlara necə qulluq edəcəyimizi bilməzdik. Süfrəyə nələr düzməli olduğumuz haqda xeyli düşünərdik. Qonaqlar gedəndən sonra isə, xidmətçi dərdi başlardı. Onlar daha çox yemək, daha az işləmək istəyirdilər. Biz də öz növbəmizdə mal-mülkümüzün azalmamağını istəyirdik. Beləcə, günah işləmiş olurduq. Digər bir tərəfdən də, qurdlar sürüyə zərər verməsin, əkin sahələrinə oğru girməsin deyə, dayanmadan nəzarət etməli olurduq. Qoyunlar quzuları əzəcək, tələf olacaqlar deyə, gözümüzə yuxu getməzdi. Bir az rahatlığa çıxan kimi isə, qışlıq yem dərdinə düşərdik. Bütün bunlar bəs deyilmiş kimi, aramızda mübahisələr də yaranırdı. O, “elə olacaq”, mən “belə olacaq” deyirdim. Buyurun, daha bir günah. Beləcə, boş işlərlə vaxtımızı itirdik. Günahdan günaha girdik, xoşbəxtlik üzü görmədik.

- Bəs indi?

- İndi isə, hər gün dostca söhbətlər edirik, mübahisə edəcək səbəbimiz, qayğısını çəkəcək heç nəyimiz yoxdur. Bütün işimiz ev sahibinə xidmət etməkdir. Əlimizdən gəldiyi qədər çalışır, ev sahibimiz zərər çəkməsin deyə, səy göstəririk. Bunları istəyərək edirik. İşimiz bitəndə yeməyimiz hazırlanmış olur. Nahar və şam yeməyi var, qımız var, kürk var; danışmaq üçün, axirətimizi düşünmək üçün, dua etmək üçün bol vaxtımız var. Başqa nə olsun? Əlli ildir xoşbəxtlik axtarırdıq, ancaq indi tapdıq. 

Qonaqlar güldülər.

İlyas əlavə etdi:

- Gülməyin, dostlar! Bunlar boşuna deyilmiş sözlər deyil, zarafat deyil, insan həyatıdır. Əvvəllər mən də, arvadım da axmaq olmuşuq. Sərvətimizi itirdik deyə, ah-vay edirdik. İndi Allah bizə həqiqətin nə olduğunu göstərdi. Biz bunları sizə gülüb-əylənmək üçün yox, ibrət üçün danışırıq.

Bu vaxt imam sözə qarışdı və:

- İlyasın sözlərində  böyük həqiqət var. O, haqlıdır, - dedi.

Bunu eşidən qonaqlar gülməyi saxlayıb dərin düşüncələrə daldılar. 

Lev TOLSTOY
Tərcümə: Xəyalə RƏSULOVA



"Kitabsevərlər" hərəkatı

25.02.2018 | 13:51

Tanrısını axtaran yazıçının Tanrıdan qaçan qəhrəmanı - Fariz Bayramov

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko