380x80 400x80

Şeytanın hiyləsi - Tolstoy

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

06.11.2017 | 01:09 Oxunub: 134


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Yoxsul bir kəndli sübh tezdən tarlanı şumlamağa gedərkən, səhər yeməyini yemədiyi üçün özü ilə bir parça çörək də götürdü. Tarlaya çatanda torbasını yerə, çörəyi də onun yanına qoydu, gödəkçəni üstünə salıb tarlaya üz tutdu. Bir müddət işlədikdən sonra at yorulmuş, özü isə, acımışdı. Fasilə verməyi qərara alan kəndli atın ipini otlaqda yerə bərkidib, yemək üçün torbasının yanına getdi. Lakin gödəkçəsini qaldıranda çörəyi yerində görmədi. Axtardı... Gödəkçəni silkələdi, ətrafa göz gəzdirdi, amma çörəyi tapmadı ki, tapmadı. Təəccüb içində qaldı.

- Çox qəribədir, - dedi öz-özünə, - Bura gələndən bəri ətrafda heç kimi görməmişəm, amma çörəyi kimsə götürüb aparıb, bu, dəqiqdir, - deyə düşündü.

Bunu edən balaca bir şeytan idi. Çörəyi götürüb kol-kosun arasında oturmuş, kəndlinin əsəbləşib günah etməsini gözləyirdi. Zavallı kəndli bir az düşündükdən sonra:

- Ehh... Nə edək?... Olan olub. Aclıqdan ölən deyilik ki! Aparan hər kimdirsə, ehtiyacı olmasa, aparmazdı. Nuş olsun, - dedi. 

Sonra quyunun başına gedib su içdi. Bir az dincəldi. Dincini alandan sonra heyvanı kotana qoşub yenidən torpağı şumlamağa başladı. Balaca şeytan kəndlini günaha batıra bilmədiyi üçün çox təəccüblənmişdi. Bütün olanları böyük şeytana nəql etməyə getdi. Kəndlinin çörəyini necə oğurladığını, adamın deyinib günah edəcəyini gözlədiyi halda “nuş olsun” deməsini ona danışdı. Böyük şeytan buna çox qəzəbləndi.

- Kəndli sənin hiylənə uymadısa, günah sənindir! Demək ki, işi bacarmamısan! Kəndlilərin hamısı belə olarsa, biz nə edərik?! Yooox... Bu işi belə qoymaq olmaz! Bu dəqiqə o kəndlinin yanına gedib səhvini düzəlt! Əgər üç il ərzində o kəndlini yolundan azdıra bilməsən, səni tilsimli suya salacağam, xəbərin olsun, - dedi.

Balaca şeytan qorxusundan çaparaq yer üzünə endi. Səhvini necə düzəldəcəyi barədə düşündü. Bir xeyli fikirləşəndən sonra, belə bir çarə tapdı; xeyirxah insan cildinə girib yoxsul kəndlinin yanında işçi kimi işləməyə müvəffəq oldu. Kəndliyə quraq keçən yazda buğdanı bataqlıqda əkməyi məsləhət gördü. Kəndli də işçinin dediyini nəzərə alıb, buğdanı bataqlıqda əkdi. Həmin yaz bütün kəndlilərin əkini günəşin istisindən yandığı halda, onunku sıx, gur zəmiyə çevrildi. Kəndli növbəti əkin vaxtına qədər bu buğdanı bol-bol yedi, dolandı. Növbəti yazda işçi kəndliyə buğdanı dağa əkməyi məsləhət gördü. Kəndli bu dəfə də onun dediyini etdi. O ildə olan yaz yağmurlu keçdi. Bütün kənd camaatının əkini məhv oldu, məhsul vermədi. Bizim kəndli isə, bol məhsul əldə etdi.

Əldə etdiyi buğda bir xeyli artıq idi. Kəndli artıq qalan bu qədər buğdanı nə edəcəyini düşündü. İşçi kəndliyə buğdadan şərab düzəltməsini təklif etdi. Kəndli də buğdadan şərab düzəldib həm özü içdi, həm də başqalarına içirtdi. Bunu görən balaca şeytan böyüyünün yanına gedib:

- Çörəyin heyfini aldım, - dedi.

Buna əmin olmaq üçün böyük şeytan özü kəndlinin yaşadığı yerə getdi. Kəndlinin evinə çatanda belə bir mənzərəylə rastlaşdı: Adam bəzi zənginlərə şərab qonaqlığı vermək üçün evinə dəvət etmişdi. Zövcəsi şərabı badələrə töküb, qonaqlara paylamaq üçün gətirirdi ki, qadının ayağı masaya toxunub şərabı yerə tökdü. Kəndli də bunu görüb əsəbləşdi və qadına deyinməyə başladı:

- Kor şeytan, bu tökdüyün çirkli su deyil. Belə bir dəyərli şeyi necə yerə tökərsən, fərsiz qadın?! 

Balaca şeytan böyüyünü dümsükləyərək:

- Gördünmü? Artıq günah dolu sözlər işlətməkdən çəkinmir, - dedi.

Sonra kəndli özü şərab paylamağa başladı. Bu an yoxsul bir kəndli işdən evə qayıdırdı. Yoldan keçərkən ora baş çəkdi. Hər kəsi salamlayıb bir qıraqda oturdu. Oturanların şərab içdiyini görüb, onun da nəfsi çəkdi. Uzun bir muddət oturub, udqunduqca udqundu, amma ev sahibi ona şərab vermədi. Ev sahibi:

- Mən sizin hansınıza şərab çatdırım? - deyə öz-özünə mızıldandı.

Bu da böyük şeytanın çox xoşuna gəldi. Balaca şeytan isə:

- Hələ tamaşa et, gör nələr olacaq, - deyə qürrələnirdi.

Ev sahibi ilə varlı kəndlilər bir az da içdikdən sonra bir-birilərini tərifləyir, hiyləgərcəsinə yağlı sözlər yağdırırdılar. Böyük şeytan onları uzun müddət dinlədi. Bu vəziyyətdən çox razı qalmışdı:

- Bir-birilərini belə aldadaraq davam edərlərsə, tezliklə torumuza düşəcəklər, - dedi.

Balaca şeytan:

- Tələsmə, hələ bir qədəh də içsinlər, gör ondan sonra nələr olacaq! İndi tülkülük edirlər, bir azdan canavara dönəcəklər, - dedi.

Kəndlilər bir az da içib tam sərxoş olandan sonra, bir-birinə qarşı kobud danışmağa başladılar. 

Təhqirlər...

Yüksək səslər...

Bayaqkı xoş sözlərdən əsər-əlamət qalmamışdı. Hətta, bu söz çəkişmələri davaya gətirib çıxartdı. Ev sahibi davanı səngitmək istəyəndə, onu da davaya qatıb üz-gözünü əzişdirdilər. Böyük şeytan bu hallarına sevinib:

- Əla! - dedi.

Balaca şeytan isə:

- Hələ sonrasına bax, indi canavar kimi bir-birinin ətini didirlərsə, bir azdan donuza dönəcəklər, - dedi.

Kəndlilər yenə də içib təmiz insanlıqdan çıxdılar. Nə danışdıqlarının fərqinə varır, nə də hərəkətlərini bilirdilər. Bağırır, çığırır, eybəcər səslər çıxarırdılar. Sonra bir-bir, iki-iki bayıra çıxıb evə getmək istəyirdilər ki, sərxoşluqdan yerə yıxılıb palçığa bulaşdılar; özlərindən, hallarından belə xəbərləri yox idi. Ev sahibi qonaqların arxasınca çıxıb evə ötürmək istəyərkən sərxoşluqdan o da müvazinətini itirib palçığa yıxıldı. Bütün üst-başı donuz kimi palçığa bulaşdı. Donuz təki palçıqda eşələnirdilər.

Bu hal şeytanın daha çox xoşuna gəlmişdi. 

- Həəə, işini çox yaxşı yerinə yetirmisən, afərin sənə! Çörəyin heyfini yaxşı aldın. Amma danış görüm, bunu necə etdin? Şərabı necə düzəltdin? Yəqin ki, əvvəlcə içinə tülkü qanı qatdın. Ona görə kəndlilər onu içən kimi bir-birlərinə hiyləgərlik etdilər, sonra qurd qanı tökdün, qurd kimi didişdilər. Daha sonra donuz qanı tökmüsən ki, sonda donuz kimi palçıqda sürünürdülər.

- Xeyr, - dedi, - Heç də elə etmədim. Mən yalnız artıq buğda yetişdirməsinə vəsilə oldum. Bu heyvanların qanı onsuz da insanlarda vardır. Lakin ehtiyacını ödəyəcək qədər çörək qazananda bu, meydana çıxmır. Bu kəndli əvvəldən ən xırda çörək parçasını belə atmazdı, lakin çörək çoxaldıqca “Necə əylənim” deyə düşünməyə başladı. Mən də ona şərab içərək əylənməsini söylədim. Kəndli Allahın nemətindən əylənmək üçün şərab düzəltməyə başladıqda damarlarındakı tülkü, qurd, donuz qanı özünü büruzə verməyə başladı. Bundan sonra bir qədəh şərab içsə, hər dəfə beləcə heyvanlaşacaq.

Böyük şeytan balaca şeytana təriflər yağdırdı və çörəklə bağlı səhvini bağışladı. Onu özünün köməkçisi təyin etdi. 

Lev TOLSTOY
Tərcümə: Gülnar QULİYEVA



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi