380x80 400x80

Sədası dünyanı tutan “Cücələrim” - Şahanə Müşfiq

Ədəbiyyat

12.02.2018 | 10:26 Oxunub: 74

Bu vaxta qədər yazdığım hekayələrə, esselərə nəzər salanda görürəm ki, böyük əksəriyyətinin ya baş qəhrəmanı, ya da hadisələrdəki əsas hərəkətverici qüvvə uşaqlardır.

Deyəsən, məni ən çox maraqlandıran və ən çox narahat edən də məhz uşaqların taleyidir. Bəlkə buna görədir ki, həyatda da diqqətimin böyük hissəsi onların üzərindədir. Məsələn, yolda gedərkən sırayla düzülmüş mağazalar arasında yalnız kitab və uşaq əşyaları, oyuncaqları olan mağazalar diqqətimi çəkəcək. Uşaq filmləri, uşaq kitabları, uşaq mahnıları, uşaq geyimləri, bir sözlə, uşaqlara aid hər şey daha maraqlı, daha cəlbedicidir. Bəlkə də bu, onların bizdən saf, təmiz və qayğısız dünyaları ilə əlaqədardır. İnsan ancaq onlarla ünsiyyətdə, onların dünyasında dərk edir bu paklığı. Sanki onlarla bir neçə dəqiqəlik ünsiyyətdə onların pak dünyasına qəbul olaraq paklanmaq ehtiyacı duyuruq həm də.

Uşaqlıq dövrümdə isə bu, tamam başqa cür idi. Yox, mən böyüməyə can atmırdım, hər yaşımı ona uyğun yaşamağın tərəfdarı olmuşam həmişə. Amma desəniz cizgi filmi? - Baxmamışam. - Uşaq mahnıları? - Çox az. - Uşaq oyunları? - Nə qədər istəsəniz. - Uşaq filmləri? - Barmaqla sayılacaq qədər. - Uşaq ədəbiyyatı? - Kifayət qədər!

Ta kiçik yaşlarımızdan “Kukla”, “Cücələrim”, “Oynaq topum”, “Sıravi Əhməd”, “Günəş olaram mən də”, “Ala bula boz keçi”, “Can nənə”, “Səməni”, “Əziz ana, can ana”, “Ay nəğməsi”, “Gəl, gəl, a yaz günləri”, “Yolka”, “Yeni il” kimi məşhur uşaq mahnıları əzbərləyərək, oxuyaraq böyümüşük. Bu mahnılarda uşaqlara xas saflıq, zəriflik, təmizlik, sevgi, səmimiyyət var. Yazıldığı tarixdən illər keçməsinə baxmayaraq, hər dövrün uşaqları üçün maraqlı və sevimlidirlər.

Çox azərbaycanlı uşaq kimi mənim də kiçik yaşlarımda ilk eşitdiyim və əzbərlədiyim mahnılardan biri “Cücələrim” olub. Nədənsə uşaqlara aid bir çox mahnılar olsa da, “Cücələrim”in onların arasındakı yeri xüsusi və özəldir. Uşaqdan böyüyə hər kəs o mahnını sevir. “Cücələrim” Azərbaycanda notdan, musiqidən başı çıxmayan hər kəsin ilk dəfə əlinə aldığı musiqi alətində ifa etməyə cəhd etdiyi mahnıdır. Səbəb heç də musiqidəki bəsitlik, asanlıq deyil, bu musiqinin və sözlərin anamızın laylasından sonra ikinci layla kimi canımıza, qanımıza, ruhumuza hopmasıdır.

10 il gecikən məşhurluq

Hər kəsin dillər əzbəri olan bu mahnının çox qəribə taleyi olub. Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. Qəribədir, elə deyil? İndi ən məşhur mahnı belə yazıldığı, oxunduğu dövrdəcə bir dönəm məşhur olur və getdikcə ulduzu sönür, 10 il sonraya isə o mahnıdan əsər-əlamət belə qalmır. Amma “Cücələrim” özünün ulduz dövrünü yazılandan 10 il sonra yaşamağa başlayır.

Mahnının yaranma ili ilə bağlı mənbələr müxtəlif tarixləri göstərirlər. Bu, 1947, 48 və 49-cu illərdir. Güman etmək olar ki, elə mahnı bu 3 il ərzində yaranıb.

Demək, tanınmış bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirlərilə tanınan Tofiq Mütəllibov musiqiyə söz yazıb verir Qəmbər Hüseynliyə.

Beləcə, sonralar dünyanın 100-dən çox dilinə tərcümə olunacaq, ölkəsinin “vizit kartı”na çevriləcək, müəlliflərini bütün dünyada məşhurlaşdıracaq bir sənət incisi yaranır.

“Cücələrim” mahnısının yaranması bəstəkar Qəmbər Hüseynlinin Gəncə filarmoniyasında bədii rəhbər işlədiyi vaxtlara təsadüf edir. “Cücələrim” Gəncə şəhəri 20 saylı orta məktəb şagirdlərinin xor kollektivinin Bakı şəhərində keçirilən məktəblilərin olimpiadasında ifa etmələri üçün yazılıb və elə ilk ifadan da bəstəkara böyük uğur qazandırıb.

Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivində çalışan bəstəkar yay günlərinin birində həmin musiqini nota köçürərək şagirdlərinə öyrətməyə başlayıb. Elə “Cücələrim” mahnısının ilk ifaçısı da o zaman kollektivin üzvü, Qəmbər Hüseynlinin rəhbərlik etdiyi “Sazçı qızlar” ansamblının solisti Səmayə Mirzəyeva olub.

1948-ci ilin yazında şəhər pionerlər evində uşaq bədii özfəaliyyət kollektivlərinin respublika olimpiadasına ciddi hazırlıqlara başlanılıb. O vaxt Səmayə Mirzəyeva pionerlər evində xorun, həyat yoldaşı teatr və kino aktyoru, rəqqas, sonralar Azərbaycan SSR-in Xalq artisti adına layiq görülən Zülfüqar Baratzadə isə rəqs qrupunun rəhbəri imiş. Onlar Gəncə məktəblilərinin Bakıda çıxışı üçün “Cücələrim” mahnısını da öz proqramlarına daxil ediblər. Bu dəfə “Cücələrim”in ifası mahnı-rəqs şəklində düşünülüb. Gərgin məşqlərdən sonra Səmayə Mirzəyevanın xor kollektivinin Zülfüqar Baratzadənin rəqs qrupu ilə ilhamlı yaradıcılıq işi sayəsində “Cücələrim” özünün maraqlı ifa təfsirini tapıb və tezliklə böyük şöhrət qazanıb.

Himn əvəzinə “Cücələrim”

Mahnının sonrakı ifaçıları isə Arif Qazıyev (hazırda Əməkdar incəsənət xadimidir) və Münəvvər Seyfullayeva olublar. Çox keçmədən “Cücələrim” mahnısından bir çox dövlətlərdə musiqi tədrislərində istifadə edilməyə başlanılıb.

Bəs, 10 il ərzində oxunan mahnının ulduzu parlamaq üçün niyə bu qədər uzun bir müddət gözlədi və ya nəyi gözlədi? Demək ki, kəşf olunacağı zamanı, “rahatca cücərəcəyi münbit şəraiti” gözləyirmiş. Həmin münbit şərait isə Moskva dekadası idi...

Mahnının ulduzu düz 10 il sonra parlayır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Cücələrim”i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist, hazırda Azərbaycanın Əməkdar artisti olan Suğra Bağırzadə oxuyur. Mahnı “ura”yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, Sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Ötən əsrin 60-cı illərində dünyanın ən məşhur uşaq səslərindən ibarət vala “Cücələrim” mahnısı məhz onun ifasında daxil edilib. Mahnı türk, rus, ingilis, alman, yapon, bolqar, polyak, erməni, serb, xorvat və rumın dilləri də daxil olmaqla100-dən çox müxtəlif dilə çevrilir.

1955-ci ildə İsveçrəyə gedən Sovet İttifaqının nümayəndə heyətini Sürix təyyarə meydanında “Cücələrim”in melodiyası ilə qarşılayırlar. Elə o illərdə Çexoslovakiyaya dəvət alan Sovet nümayəndə heyətinin qarşılanma mərasimində SSRİ himni əvəzinə səhvən “Cücələrim” melodiyası ifa edilir.

1968-ci ildə Hindistanda qastrol səfərində olan müğənni Elmira Rəhimovanı stadionda minlərlə tamaşaçı eyni anda xorla məhz “Cücələrim” mahnısı ilə qarşılayıb.

“Cücələrim”ə Bakı Məktəblilər Sarayının gənc ifaçıları da böyük qol-qanad veriblər. Bu işdə Azərbaycanın dünya şöhrətli müğənnisi Zeynəb Xanlarovanın xüsusi xidmətləri var. Burada yaradılmış “Cücələrim” ansamblı hər qastrol səfərində öz çıxışlarını məhz bu mahnı ilə başlayıb. 1969-cu ildə Sovet İttifaqında ekranlara çıxan məşhur “Nu poqodi” çoxseriyalı cizgi filminin bölümlərindən birində “Cücələrim”in Azərbaycan dilində olan variantından istifadə edilərək səsləndirilməsi bu mahnının SSRİ-də nə qədər populyar olduğunu bir daha göstərdi.

“Cücələrim” muzeyi

Ümumiyyətlə, “Cücələrim” mahnısı ifa olunduğu ilk gündən bu vaxta qədər demək olar ki, istər Azərbaycanın, istərsə də dünyanın ən məşhur müğənnilərinin, instrumental-virtuoz ifaçıların, musiqi kollektivlərinin, müxtəlif ansamblların repertuarında yer alıb. Hər ifaçı mahnını tamaşaçılara fərqli aranjemanda və improvizələrdə təqdim edib, hər dəfə də “Cücələrim” tamaşaçılar tərəfindən böyük rəğbət və sevgi ilə qarşılanıb. Azərbaycanın böyük kaman ustadı Habil Əliyev də repertuarında “Cücələrim”ə müraciət edib və bu iş də yaradıcılıq baxımından olduqca uğurlu alınıb.

Nəhayət, dünyanı dilə gətirən xoşbəxt taleli “Cücələrim” üçün 1979-cu il sentyabrın 14-də Gəncə şəhərində ayrıca muzey yaradılıb. Bununla da “Cücələrim” adına muzey yaradılan yeganə uşaq mahnısı kimi tarixə düşüb.

Hətta “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilir. Məşhur sovet cizgi filmi “Nu, poqodi!”nin (“Düşərsən əlimə”) bir bölümünə də salınır. Özü də, mahnı cizgi filmində Azərbaycan dilində səslənir!..

“Bəxtəvər bəstəkar”

İnternetdə bu mahnıyla bağlı maraqlı bir detal var. Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edib və qonaqlara üz tutaraq deyib: “Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

“Bəxtəvər bəstəkar”sa Bakıda adidən-adi, sadədən-sadə həyatını yaşayırdı... Nə şöhrət, nə də sərvət dalınca qaçırdı. Heç elə bil o dünya şöhrətli mahnını yazmamışdı. Yenə də gözəl mahnılar bəstələyirdi. Onun “Ay işığında” mahnısı öz ölkəsində sevə-sevə oxunurdu.

Milyonların bəstəsi ilə sevinc tapdığı, dillərinə əzbər etdikləri mahnının “bəxtəvər bəstəkarı” 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi ailəsində doğulmuşdu. Ömrünü peşəkar musiqiyə həsr edən, Azərbaycanın tanınmış sənətkarları, bəstəkarları ilə bir dövrdə yaşayan, onlardan təhsil alan Qəmbər Hüseynli “Rast”ı, “Şur”u, “Zabul Segah”ı tarda məharətlə ifa etməsi ilə tanınır. Tələbəykən aşıq və el havalarını toplayıb nota alır.

Sonralar hər kəs tərəfindən çox sevilən, Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını da Bakı Musiqi Texnikumunda oxuduğu illərdə bəstələyir.

Qəmbər Hüseynli cəmi 45 yaşında - 1 avqust 1961-ci ildə dünyadan köçüb. “Cücələrim” mahnısının triumfunu - misilsiz zəfərini görəndən iki il sonra sakitcə həyata gözlərini əbədiyyən yumub. Atası kimi onu heç xatırlamağa gücü çatmayacaq kiçik oğul qoyub gedib. Amma özündən sonra elə böyük bir əsər qalıb ki, adını yüzillərcə yaşadacaq... Sağ oldu, ya olmadı, onu “bəxtəvər bəstəkar” adlandıracaqlar. Gəncəli Məşədi Muxtarın bəstəkar oğlunun adı “Cücələrim”lə bütün dünyanı gəzməyə davam edəcək.

Musiqinin yaratdığı möcüzə

“Cücələrim” dünyanın bir sıra dillərində uşaqların dilinin əzbəri olan mahnılardan biridir. İllər boyu nəinki Azərbaycanda, Azərbaycanın hüdudlarından kənarda da neçə-neçə tanınmış sənətçilər, dünya şöhrətli müğənnilər bu mahnını öz repertuarlarına daxil etmiş, onu sevə-sevə, böyük zövqlə ifa etmiş, milyonlara sevdirmişlər. Suğra Bağırzadə və Azərbaycan xoru, Elmira Rəhimova, Leyla və Dəyirman, Anastasiya Voloçkova, Pilar Montenegro, Günəş Abasova, “Kristal” qrupu, Aygün Kazımova, Ümummittifaq radio və Mərkəzi televiziyanın böyük uşaq xoru, “Akkord” vokal kvarteti, Katya Lel  və başqaları belə ifaçılardandır.

“Cücələrim” uşaq mahnısı adlansa da, sözlərindəki səmimilik, saflıq, melodiyasındakı oynaqlıq, ritmik və şən əhval-ruhiyyəsi onu azyaşlılarla bərabər, böyüklərə də sevdirib. Elə buna görə də mahnı yazıldığı tarixdən 70 illik zaman keçməsinə baxmayaraq, bu gün də sevərək dinlənilir, ifa edilir.

“Cücələrim” ayaq tutub ölkə-ölkə, qitə-qitə dünyanı dolaşan bəlkə də yeganə Azərbaycan mahnısıdır. Onu şəxslər aparmadı uzaqlara, şəxsləri o apardı. Bu, heç də asan iş deyildi. İndiki dinamik və sosial, internetin vasitəsilə bütün dünyanın və tarixin barmaqlarımızın ucuna sığışdırıldığı həyatımızdan bu sözləri demək çox asandır. Ancaq mahnının ötən əsrin 50-ci illərində, qapalı və sıx çərçivəli Sovet İttifaqının tikanlı sərhədlərini aşıb uzaq, çox uzaq məmləkətlərə gedib çıxması möcüzə kimidir. Bu möcüzənin səbəbi isə musiqidir!

Şahanə MÜŞFİQ

"525-ci qəzet"




Ədəbiyyat

21.02.2018 | 22:49

Bəsrəli kimyagərin nağılı - Əli Babazadə yazır

21.02.2018 | 11:56

Mənə niyə inanmırdınız? - Kəramət Böyükçöl

21.02.2018 | 10:54

NKVD agenti olan məşhur şairimiz - Araşdırma

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə

14.02.2018 | 22:29

Sevgisizlik - Ceylan Mumoğlu yazır

14.02.2018 | 20:56İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu
14.02.2018 | 19:45

“Sən zəriflik tanrısı, qadının ötəsisən...” - 20 ən gözəl sevgi şeiri

14.02.2018 | 18:53

“Zülmətdə bir Alatoran” - Rasim Qaracadan yeni kitab

14.02.2018 | 16:55

Cəfər Cabbarlının narahat qızı - İradə Tuncay yazır

14.02.2018 | 15:50

Çəhrayı çarx - Sərdar Amin yazır

14.02.2018 | 14:36Beynəlxalq kitab bağışlama günüdür
14.02.2018 | 11:43

Nabokovun məhəbbət məktubları - Maraqlı