380x80 400x80

ADR-İran münasibətlərinə dair kitabın müzakirəsi oldu

Multikulturalizm

02.02.2018 | 14:50 Oxunub: 32

Fevralın 1-dəBakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının müzakirəsi keçirilib. 

Kitabın ideya və önsöz müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Tədbiri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktor əvəzi Rəvan Həsənov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Müasir Azərbaycan Respublikasının müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cumhuriyyətinin varisi olduğunu nəzərə alsaq, sözügedən sərəncamın tarixi vərəsəlik prinsipinin qorunub saxlanılması, onun gələcək nəsillərə ötürülməsi baxımından böyük siyasi əhəmiyyət daşıdığını aydın görə bilərik. Prezidentin bu qərarı müvafiq dövlət strukturları qarşısında bir sıra vəzifələr qoymaqla yanaşı, həm də bütün Azərbaycan ictimaiyyətinin diqqətini  tariximizin bu şanlı hadisəsinə, onunmahiyyətinə yönəltmiş oldu. Bu gün bizim burada hörmətli ziyalılarımızın, tarixçilərimizin iştirakı ilə müzakirəsinə toplaşdığımız tədbir də məhz bu missiyaya xidmət məqsədi daşıyır.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsininin böyük məsləhətçisi Ceyhun Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il may ayının 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələrək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanmış və icrasına başlanılmışdır. Natiq eyni zamanda qeyd etmişdir ki,Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bu il ölkə daxilində və xaricində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.  
 
O, son illər Cümhuriyyət dövrünün araşdırılması məqsədilə əhəmiyyətli işlər görülsə də Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin tam dolğunluğu ilə araşdırılması və öyrənilməsi ilə bağlı həyata keçiriləcək işlərin hələ çox olduğunu bildirmişdir. Bu baxımdan oxuculara təqdim olunan akademik Ramiz Mehdiyevin ideya və ön sözünün müəllifi və elmi redaktoru olduğu “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabı həmin zəngin irsin öyrənilməsinə və araşdırılmasına sanballı və dəyərli töhfədir. Kitab həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edir. Eyni zamanda, Azərbaycan mənbəşünaslığı və tarixşünaslığı baxımından da bu kitab xüsusi əhəmiyyət kəsb edir, Azərbaycan tədqiqatçılarının ilkin mənbələrlə birbaşa təmasını asanlaşdırır,kitabın digər bir üstünlüyü isə fars dilində orijinal mətnlərin kitabın sonunda əksini tapmasıdır.   

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlıbildirib ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunsa da, indiyədək arxiv sənədlərinə sovet ideologiyasından qalmış təsir altında bir qədər ehtiyatla qiymət verilib. Akademik Ramiz Mehdiyev ilk dəfədir ki, bu kitabda Cümhuriyyətin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan rəsmi sənədlərə istinadla danışır. Onun doğru olaraq bəyan etdiyi kimi, əgər Cümhuriyyət qalib gəlməsəydi, həmin sənədlər olmasaydı, Azərbaycan SSRİ tərkibində öz sərhədlərini, dilini, atributlarını qoruyub saxlamaqla təsbit oluna bilməzdi.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, burada toplanılan sənədlər həm də erməni məsələsinə aydınlıq gətirir. 

Ermənilərin İran dövlətində mövqeyi, dövlət sərhədlərində və gömrük məntəqələrində tutduqları vəzifələrdə onlara yaradılan üstün şərait, azərbaycanlılara maneə real sənədlərlə, konkret faktlarla göstərilir. Kitabdakı sənədlər ermənilərin Azərbaycan-İran münasibətlərinə vurduqları zərbələri, onların Qafqaz regionunda mənfur siyasətini də açıqlayır. Bu kitab Cümhuriyyət tarixinin elmi əsaslarla yanaşı, müasirlik, dövlətçilik işığında öyrənilməsi uçun bələdçi rolunu oynayır.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib ki, kitabdakı mühüm məsələlərdən biri də Cümhuriyyətin digər rəhbərlərinin fəaliyyətinin yeni səhifələrinin bu yazışmalar çərçivəsində öyrənilməsi və üzə çıxarılmasıdır. Nəşrdə Məmməd Əmin Rəsulzadənin maraqlı məqalələrinin şərhləri, habelə Fətəli xan Xoyskinin, Adil xan Ziyadxanovun, Mehdi bəy Hacınskinin, Həsən bəy Ağayevin tərcümeyi-halı, fəaliyyəti, mübarizəsi ilə bağlı yeni faktlar təqdim olunur. Bütün bunlar yeni yanaşmaya, yenidən dəyərləndirməyə kömək edə bilər. İranın o dövrdə siyasəti və Təbatabainin fəaliyyəti bu kitabda ilk dəfədir sanballı şəkildə verilir. Bu, İran-Azərbaycan münasibətlərində qarşı tərəfin mövqeyini öyrənmək baxımından bizə zəngin faktlar verir.

Daha sonra AMEA- İctimai elmlər bölməsinin akademik katibi Teymur Kərimli, BBMM-in müşaviri, professor Aytən Qəhrəman,AMEA-Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, AR Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi Həcər Verdiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Prezident kitabxanasının şöbə müdiri Nazim Mustafayev, BDU Tarix fakültəsinin kafedra müdiri, professor Anar İsgəndərov və BDU tarix fakültəsinin dekanıAzad Rzayevçıxış edərək qeyd ediblər ki, “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabıCümhuriyyət tarixinin daha dərindən öyrənilməsinə, bununla bağlı bir çox məsələlərin araşdırılmasına ehtiyac olduğunu göstərir. 

Kitaba yazılmış “Ön söz” həm də Azərbaycanda mənbəşünaslığa, gənc tədqiqatçılara istiqamət verir. Kitab Azərbaycan Xalq Cümhuriyyəti – İran münasibətlərinin tarixinə dair fars dilindən tərcümə olunmuş ilk sənədlər toplusu və İranın diplomatiya üslubu saxlanılmaqla tərcüməsi ən mükəmməl diplomatiya dili olan nəşrdir. Nəşr təkcə Azərbaycan Xalq Cümhuriyyəti - İran münasibətlərinin deyil, o dövrdə Qafqaz regionunda cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da mühüm əhəmiyyətə malikdir. Sənədlərin böyük əksəriyyətinin uzun müddət məxfi xarakter daşıması səbəbindən geniş ictimaiyyət onlardan xəbərsiz olub. Odur ki, kitabda toplanmış sənədlər Cümhuriyyətin siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salır.

Oxuculara təqdim olunan kitabda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər öz əksini tapıb. Ümumiyyətlə 98 sənədin cəmləşdiyi toplu yalnız ADR – İran münasibətlərinin deyil, o dövrdə Qafqaz bölğəsində cərayan edən siyasi proseslərin tədqiqi baxımından ciddi əhəmiyyətə malikdir.Kitab siyasətçilər, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




Multikulturalizm

18.02.2018 | 21:28VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi bitdi
10.02.2018 | 17:49VI Beynəlxalq multikulturalizm qış məktəbi başlayacaq
07.02.2018 | 15:49Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı
02.02.2018 | 14:50ADR-İran münasibətlərinə dair kitabın müzakirəsi oldu
25.12.2017 | 13:27Multikulturalizm Mərkəzi yekun hesabat verdi
19.12.2017 | 18:50“Multikulturalizm” jurnalının yeni sayı
28.11.2017 | 09:40Ədəbiyyatda multikulturalizm müzakirə edildi
16.11.2017 | 22:55Azərbaycanda multikulturalizm modeli
01.11.2017 | 18:35Ədəbiyyatda və incəsənətdə multikulturalizm müzakirə edildi
27.10.2017 | 13:32Azərbaycan multikulturalizmi İsveçdə
24.10.2017 | 14:33Azərbaycan multikulturalizmi amerikalı politoloqun təqdimatında
19.10.2017 | 16:08Yaponiyada Azərbaycan multikulturalizmi dərsləri
26.09.2017 | 12:54Azərbaycan multikulturalizmi Malmö və Hokkaydo universitetlərində
05.09.2017 | 15:40“Multikulturalizm jurnalının daha bir sayı”
02.08.2017 | 21:13Fransa Yəhudi İcması nümayəndələri Multikulturalizm Mərkəzində